Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının tarixi

İkinci Dünya Müharibəsinin faşizm üzərində Qələbə ilə başa çatmasından sonra keçmiş SSRİ-nin bütün respublikalarında olduğu kimi Azərbaycan Respublikasında da veteran hərəkatı başlanmışdır. Bu hərəkatın ilk nəticəsi kimi 1960-cı il iyun ayının 10-da Bakı Veteran Komitəsi yaradılmışdır. Ancaq Azərbaycanın ilk veteran təşkilatının fəaliyyəti yalnız Bakı şəhəri ilə məhdudlaşmış və bu vəziyyət 1970-ci illərin əvvəllərinədək davam etmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə, xüsusilə 1970-80-ci illərdə respublikada bütün sahələrdə olduğu kimi veteran hərəkatında da canlanma yaranmış, bu hərəkat tədricən bütün ölkəni əhatə etmişdir. Dövlət dəstəyi sayəsində Azərbaycanın əksər rayonlarında veteran təşkilatlarının yaradılması 1987-ci il sentyabr ayının 21-də Respublika Veteranlar Təşkilatının təsis olunması ilə nəticələnmişdir. Ancaq 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində ölkədə yaşanan xaos, hərc-mərclik Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərmişdir. Əsassız mülahizələr, o cümlədən alman faşizmi üzərində Qələbə günü olan 9 mayın bayram günü kimi qeyd edilməsinin məqsədəuyğun sayılmaması və s. ilə hərəkata ciddi zərbə vurulmuşdur. Respublika Veteranlar Təşkilatının 1992-ci il may ayının 10-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qərarı əsasında rəsmi dövlət qeydiyyatına alınmasına baxmayaraq, veteran hərəkatına və veteranlara münasibət o qədər də dəyişməmişdir. Həmçinin Ermənistanla müharibə şəraitində ölkədə yaşanan gərginliklə əlaqədar Respublika Veteranlar Təşkilatının fəaliyyəti əsasən formal xarakter daşımışdır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunmuş, veteranlara münasibət kardinal şəkildə dəyişmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Ulu Öndərin imzaladığı ilk qanunlardan biri veteranların hüquqlarının bərpası ilə bağlı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu (1994-cü il 28 iyun) olmuşdur. Bununla da veteranlara dövlət qayğısı tamamilə bərpa edilmiş, onlara münasibət yüksək səviyyəyə qaldırılmışdır. 1994-cü il 28 iyundan etibarən Azərbaycanda veteranlarla bağlı ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin əsası qoyulmuşdur. Bu siyasət sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılmışdır. Bunun son təzahürləri kimi Respublika Veteranlar Təşkilatına ayrılan müasir standartlara tam cavab verən inzibati binanı, 1941-1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə münasibətilə ayrılan birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırılmasını, veteranların mənzil və şəxsi avtomobillə təmin edilməsini, pulsuz müalicə olunmalarını və nəhayət veteranlara dövlət qayğısının artırılması üçün Respublika Veteranlar Təşkilatına 2016-cı il may ayının 9-da imzalanmış Sərəncamla 500 min manat pul vəsaiti ayrılmasını qeyd etmək olar.

İdarə heyəti

Fatma Səttarova

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədri

Müharibə və əmək veteranı Fatma Hüseyn qızı Səttarova Bakı şəhərində anadan olmuşdur. 1941-ci ildə İkinci Dünya müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanmışdır. Alman faşizminə qarşı döyüşlərdə şücaətlər göstərən Fatma Səttarova yüksək təhsili, dünyagörüşü ilə fərqlənir, uzun illər dövlət qurumlarında çalışdığı dövrlərdə o, səmərəli fəaliyyəti ilə bunu dəfələrlə sübuta yetirib. Müharibədən sonra səhiyyə sistemində işləməyib. Bakı Dövlət Universitetində İqtisadiyyat fakültəsində təhsil alıb. İkinci Dünya müharibəsi veteranının 4 övladı, 11 nəvəsi, 25 nəticəsi var. Uzun illər rəhbər vəzifələr tutub. Fatma Səttarova müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının uzun illər Rəyasət heyətinin üzvi olmuş, Təşkilatın fəaliyyətinin səmərəli təşkil olunmasında, əsl Azərbaycan qadını, ana kimi gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində təcrübəsini və biliyini əsirgəməmişdir. Respublika Veteranlar Təşkilatının Rəyasət heyətinin 16 yanvar 2021-ci ildə keçirilən iclasında Təşkilatın sədri vəzifəsi Fatma Səttarovaya həvalə edilmişdir. Fatma Səttarova Prezident İlham Əliyevin 24 yanvar 2022-ci il tarixli Sərəncamı ilə “İstiqlal” ordeni ilə təltif edilib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Fatma Səttarovanın 100 illiyi münasibəti ilə Təşkilat sədrinə ünvanladığı təbrik məktubunda Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının 44 günlük Vətən müharibəsi zamanı dövlətin, ordunun yanında olduğunu, qazilərə, şəhid ailələrinə dəstək verdiyini qeyd edib, Təşkilatın fəaliyyyətini yüksək qiymətləndirib.

Cəlil Xəlilov

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini

Xəlilov Cəlil Malik oğlu 09 avqust 1958-ci ildə Azərbaycan Respublikası Masallı rayonu, Köçəkli kəndində anadan olmuşdur. Ehtiyatda olan polkovnik Cəlil Xəlilov 1982-ci ildə Simferopol Ali Hərbi Siyasi Məktəbini bitirmiş, həmin ildən SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd dəstəsində zastava rəisinin müavini vəzifəsində hərbi xidmətə başlamışdır. 1985-87-ci illərdə Pamir sərhəd dəstəsində siyasi şöbədə təlimatçı vəzifəsində xidmət etmişdir. 1990-cı ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakültəsini (qiyabi) bitirmişdir. Ehtiyatda olan polkovnik Cəlil Xəlilov 1987-2012-ci illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir. Ehtiyatda olan polkovnik C.Xəlilov 28 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini seçilmişdir. O, bu gün ölkə rəhbərliyinin veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunmasında yaxından iştirak edir. Onun Respublika Veteranlar Təşkilatının dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqələrinin qurulması, veterenların ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına nail olunmasında böyük əməyi vardır. O, ölkənin təhsil ocaqları, müxtəlif idarə və müəssisələri, xüsusilə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə veterenlarla gənclərin müntəzəm görüşlərini təşkil edir. C.Xəlilov Respublika Veteranlar Təşkilatının sədr müavini kimi Azərbaycanı xarici ölkələr, o cümlədən MDB məkanında layiqincə təmsil edir, onların müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin təbliği və müdafiəsində bilik və bacarığını əsirgəmir. O, MDB veteranlarının Beynəlxalq Təşkilatının Əlaqələndirmə Şurasının, Ehtiyatda olan zabitlərin Beynəlxalq Məsləhətləşmə Komitəsi Rəyasət Heyətinin üzvüdür. C.Xəlilov həmçinin siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, ölkənin hərbi və xüsusi təhsil məktəblərində tədris olunan “Milli təhlükəsizlik strategiyası” dərsliyi və proqramının, eyni zamanda 6 kitabın və 60-dan çox elmi məqalənin müəllifidir. Ehtiyatda olan polkovnik Cəlil Xəlilov Əfqanıstan və Qarabağ müharibəsi veteranıdır. C.Xəlilov Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət etdiyinə, yüksək peşəkarlığına və hərbi vəzifələrin öhdəsindən bacarıqla gəldiyinə görə, dəfələrlə orden və medallarla təltif olunmuşdur. Gənclərin orduda xidmətə və gənc zabitlərin peşəkarlıq hazırlığında onun mühüm xidmətləri vardır. Ailəlidir, iki övladı var.