Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Xocalı soyqırımı

XOCALI SOYQIRIMI - XX ƏSRİN FACİƏSİ 

Bütövlükdə Azərbaycan xalqına qarşı yönəldilmiş Xocalı soyqırımı öz ağlasığmaz gəddarlığı və qeyri-insani cəza üsulları ilə bəşər tarixində bir vəhşilik aktıdır. Bu soyqırım, eyni zamanda, bütün bəşəriyyətə qarşı tarixi bir cinayətdir."Heydər Əliyev

Xocalı soyqırımı Azərbaycan tarixinə ən dəhşətli və faciəli səhifələrdən biri kimi daxil olmuşdur. Azərbaycanın ümummilli lideri Heydər Əliyev Xocalı soyqırmının on illiyi münasibətilə Azərbaycan xalqına müraciətində qeyd etmişdir: "Bu amansız və qəddar soyqırım aktı insanlıq tarixinə ən qorxulu kütləvi terror aktlarından biri kimi daxil oldu".

Qeyd etmək lazımdır ki, Azərbaycan xalqı 200 il ərzində erməni millətçi-şovinistlərinin davamlı olaraq etnik təmizləmə, soyqırım siyasətinə məruz qalmışdır. Azərbaycan xalqı tarixi torpaqlarından qovulmuş, qaçqına, məcburi köçkünə çevrilmiş və bütün bunlar ermənilər tərəfindən kütləvi qırğınlarla müşayət olunmuşdur. Azərbaycanlıların öz tarixi-etnik torpaqlarından qovulması sovet dövründə də davam etmişdir.1948-1953-cü illərdə Ermənistandan 150 min azərbaycanlı deportasiya olunmuş, Azərbaycanın Kür-Araz düzənliyində yerləşdirilmişdir. 1988-ci ildə isə öz tarixi torpaqlarında yaşayan 250 min azərbaycanlı bu ərazidən qovulmuş, bununla da Ermənistan monoetnik dövlətə çevrilmişdir. 1988-ci ildən Dağlıq Qarabağ ətrafında başlayan hadisələr erməni ideloloqlarının "dənizdən dənizə Ermənistan" adlı sərsəm bir ideyasını reallaşdırmaq cəhdi kəndlərin, şəhərlərin dağılması, on minlərə günahsız insanın ölümü, yüz minlərlə azərbaycanlının öz tarixi torpaqlarından didərgin düşməsi ilə nəticələndi.

Bütün beynəlxalq hüquq normalarına zidd olaraq Ermənistan dövləti Dağlıq Qarabağı özünə birləşdirmək istəyir, bu yolda bütün cinayət və vəhşiliyə hazır olduqlarını nümayiş etdirirlər. XX əsrin faciəsi olan Xocalı soyqırımı bu aqressiv və cinayətkar erməni siyasətinin nəticəsidir. XX əsrin sonunda baş vermiş bu faciə təkcə Azərbaycan xalqına deyil, bütün insanlığa, bəşəriyyətə qarşı yönəlmiş ən ağır cinayətlərdən biridir. Xocalı soyqırımı əsrin Xatın, Xirosima, Naqasaki və Sonqmi kimi dəhşətli faciələri ilə bir sırada dayanır.

Ermənilərin Xocalı şəhərini hədəfə almaqda məqsədi nə idi? Bu bir tərəfdən Qarabağın dağlıq hissəsində azərbaycanlılardan ibarət olan, strateji əhəmiyyətli maneəni aradan qaldırmaq idisə, digər tərəfdən ümumiyyətlə Xocalını yer üzündən birdəfəlik silmək məqsədi idi. Çünki Xocalı elə bir yaşayış məskəni idi ki, o, Azərbaycan tarixinin qədim dövrlərindən müasir dövrə qədər tarix və mədəniyyət ənənələrini özündə əks etdirirdi. Bu xüsusi mədəniyyət tarixə Xocalı-Gədəbəy mədəniyyəti kimi düşmüşdür. Xocalının kromlexləri, dolmenləri, siklopları, kurqanları və digər abidələri, həmçinin müxtəlif növ məişət əşyaları insan cəmiyyətinin inkişaf dinamikasını özündə əks etdirən maddi mədəniyyət nümunələridir. Erməni işğalından sonra bütün bu maddi mədəniyyət abidələrinin məhv ediliməsi və dünyanın ən qədim məzarlıqlarından sayılan Xocalı qəbiristanlığının texnika vasitəsiylə darmadağın edilməsi erməni vandalizminin bariz nümunəsi olmaqla yanaşı dünya mədəniyyətinə qarşı zorakılıq aktıdır.

1992-ci il fevralın 26-da Ermənistan hərbi birləşmələri 7 min əhalisi olan Xocalı şəhərində genosid aktı həyata keçirdi. Ermənistan hərbi birləşmələrinin şəhərə hücumu zamanı burada yalnız 3 minə yaxın insan qalmışdı. Çünki, mühasirədə qaldığı 4 aydan artıq zaman ərzində blokadada olduğu üçün əhalinin xeyli hissəsi şəhərdən çıxmaq məcburiyyətində qalmışdı. Xocalı soyqırımı zamanı 613 nəfər ödürüldü, 1000 nəfər müxtəlif yaşlı dinc sakin aldığı güllə yarasından əlil oldu. 106 nəfər qadın, 63 azyaşlı uşaq, 70 qoca öldürüldü. 8 ailə tamamilə məhv edildi, 25 uşaq hər iki valideynini, 130 nəfər valideyinlərindən birini itirdi. Faciə baş verən gecə 1275 nəfər dinc sakin girov götürüldü, onların 150-sinin taleyi indi də məlum deyil.

Bütün bunlar erməni hərbçiləri tərəfindən xüsusi amansızlıqla və ağlasığmaz vəhşiliklə həyata keçirilmişdir. Hücumda həmçinin mayor Oqanyan Seyran Muşeqoviçin (Seyran Oqanyan hazırda Dağlıq Qarabağda ermənilərin qeyri-qanuni rejiminin "müdafiə naziri"dir) komandanlığı altında 366-cı alayın 2-ci batalyonu, Yevgeni Nabokixinin komandası altında 3-cü batalyonun, 1 saylı batalyonun qərargah rəisi Çitçyan Valeriy İsayeviç və alayda xidmət edən 50-dən artıq erməni zabit və praporşik iştirak etmişdir. ("Xocalının işğalına dair istintaq materiallarından").

Şəhər əhalisinin bir hissəsi zorakılıqdan qaçıb qurtarmaq istəyərkən əvvəlcədən düzəldilmiş pusqularda qətlə yetirilmişdir. Rusiyanın "Memorial" hüquq-müdafiə mərkəzinin məlumatına əsasən, dörd gün ərzində Ağdama Xocalıda qətlə yetirilmiş 200 azərbaycanlının meyiti gətirilmiş, onlarla meyitin təhqirə məruz qalması faktı aşkar edilmişdir. Ağdamda 181 meyit (130 kişi və 51 qadın, o cümlədən 13 uşaq) məhkəmə-tibbi ekspertizasından keçirilmişdir. Ekspertiza zamanı müəyyən edilmişdir ki, 151 nəfərin ölümünə güllə yaraları, 20 nəfərin ölümünə qəlpə yaraları səbəb olmuş,10 nəfər küt alətlə vurularaq öldürülmüşdür. Hüquq-müdafiə mərkəzi diri adamın baş dərisinin soyulması faktını da qeydə almışdır.

Xocalı soyqırımının epizodları insanı dəhşətə gətirir. Xocalı sakini Əntiqə erməni hərbçilərinin tələb etdiyi "bu yerlər böyük Ermənistanın bir hissəsidir" sözlərini dilinə gətirmədiyinə görə ermənilər tərəfindən diri-diri yandırıldı. Digər Xocalı sakini Səriyyə Talıbova danışırdı ki, "4 mesxeti türkü və 3 azərbaycanlının erməni qəbirinin üzərində başını kəsdilər. Sonra daha 2 azərbaycanlının gözlərini çıxartdılar".

Ermənilər sağ qalmış insanlar üzərində tamamilə təhqiredici hərəkətlər həyata keçirmişdilər. Onlarıın başının dərisini soymuş, başlarını və bədəninin digər orqanlarını kəsmiş, uşaqların gözlərini çıxarmış, hamilə qadınların qarnını yarmışdılar. Hücum zamanı Xocalıda istifadəsi qadağan olunmuş 5,45 kalibrli patronlardan və kimyəvi silahlardan istifadə edilmişdir. Bütün bunlar Ermənistanın Cenevrə konvesiyasının protokollarını pozaraq, müharibə qaydalarına zidd olaraq dinc sakinlərə qarşı həyata keçirilən soyqırım olduğunu təsdiqləyir.

Xocalı soyqırımının xüsusi amansızlıqla törədilməsi rus, gürcü, ingilis, fransız, alman, amerikalı və digər ölkələrin vətəndaşı olan jurnalist və publisistləri dəhşətə gətirmişdir.

Xocalı qaçqınlarının BMT, Avropa İttifaqı və Avropa Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatına müraciətində deyilir: Artıq 10 ildən artıqdır ki, biz, qaçqın vəziyyətinə düşmüş xocalılar, ürək ağrısı və eyni zamanda böyük ümidlə bütün dünyanın sülhsevər xalqlarına, beynəlxalq təşkilatlara müraciət edirik. Sizdən xahiş edirik, erməni hərbi təcavüzü nəticəsində bizim başımıza gələn bəlaya laqeyd qalmayasınız. Biz inanırıq ki, dünyanın BMT, Aİ və ATƏT kimi kifayət qədər nüfuzlu beynəlxalq təşkilatları, sülhsevər ölkələri Ermənistan kimi dövlətin belə təcavüzkarlığına və özbaşınalığına qarşı tədbir görəcəklər.

Dünyada qəbul olunmuş beynəlxalq konvensiyalar, ümumbəşəri qanunlar Xocalı faciəsi kimi soyqırımları pisləyir, yolverilməz olduğunu bildirirlər. Azərbaycan xalqı 1948-ci il 9 dekabr "Soyqırım cinayətinin xəbərdarlıq edilməsi və cəzalandırılması" konvensiyasını rəhbər tutaraq, Ermənistan Respublikasına qarşı BMT-nin Beynəlxalq məhkəməsində iddia qaldırmaq üçün bütün hüquqi əsaslara malikdir. Dünya bilməlidir ki, bu cinayət, təkcə Azərbaycan xalqına qarşı deyil, həm də bütün sivilizasiyalı dünyaya, bəşəriyyətə qarşı yönəldilmişdir. Bu gün Ermənistanda mühüm dövlət postları tutanlar, Seyran Ohanyan, Serj Sarkisyan eləcə də Robert Köçəryan və digərləri baş vermiş soyqırımın günahkarları kimi beynəlxalq məhkəmə qarşısında cavab verməlidir.

Cinayət cəzasız qalmamalıdır. Ermənistanın hərbi-siyasi təcavüzü dünya ictimaiyyəti tərəfindən ittiham edilməlidir. Beynəlxalq təşkilatlar, dünya dövlətlərinin parlamentləri Ermənistan Respublikasının Azərbaycan torpaqlarında törətdiyi hərbi cinayətə - Xocalı soyqırımına, əsl soyqırım hadisəsi kimi beynəlxalq siyasi-hüquqi qiymət verməlidirlər.

AMEA-nın A.Bakıxanov adına Tarix İnstitutu

 

I. XOCALI SOYQIRIMI BEYNƏLXALQ CİNAYƏT KİMİ

"Soyqırım" anlayışının hüquqi mənası BMT Baş Assambleyasının 9 dekabr 1948-ci il tarixli 260 A (III) saylı qətnamə ilə qəbul etdiyi "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar haqqında" Konvensiya ilə müəyyən edilmişdir və hər hansı milli, etnik, irqi və ya dini qrupların tam və ya qismən məhv edilməsi niyyəti ilə aşağıdakı hərəkətləri bildirir:

- belə bir qrupun üzvlərinin qətlə yetirilməsi;

- belə bir qrupun üzvlərinə ciddi bədən xəsarətləri və əqli pozğunluq yetirilməsi;

- hər hansı belə bir qrup üçün qəsdən onun tam və ya qismən məhvinə hesablanmış həyat şəraitinin yaradılması;

- belə bir qrup arasında uşaq doğumunun qarşısının alınmasına hesablanmış tədbirlər;

- uşaqların zorakılıqla bir insan qrupundan digərinə verilməsi.

Soyqırım cinayəti üçün xüsusi niyyətin olması zəruri element sayılır.

Bu obyektiv cizgi soyqırım cinayətinin digər analoji beynəlxalq cinayətlərdən fərqləndirir. Soyqırım cinayətini təşkil edən əməllərdən hər biri şüurlu və əvvəlcədən düşünülmüş olur. Bu əməllər heç bir halda təsadüf və ya ehtiyatsızlıq nəticəsində törədilə bilməz. Eyni zamanda, belə bir hərəkətin törədilmə niyyətinin vaxtı və onların mümkün nəticələrinin ümumi dərki onların soyqırım kimi tövsif olunması üçün kifayət deyil. Burada hərəkətin mənfi nəticələri ilə bağlı cinayətkar qərəzin və ya konkret niyyətin xüsusi istiqamətini üzə çıxarmaq tələb olunur. Xilas olmağa can atan Azərbaycan mülki əhalisinin əvvəlcədən xüsusi olaraq hazırlanmış pusqu yerlərindən avtomatlardan, pulemyotlardan və digər silah növlərindən atəşə tutulması soyqırım niyyətini sübut edir. Bu cinayətin məhz azərbaycanlı milli qrupuna qarşı yönəlmiş olduğu göz önündədir.

Soyqırım cinayətinin təhlili zamanı onun 3 əsas hissəsi üzə çıxarılır:

- məlum, milli, etnik, irqi və ya dini qrupun varlığı;

- belə bir qrupun tamamilə və ya qismən məhv edilmsi niyyətinin olması (mens rea);

- məlum qrupa münasibətdə soyqırım kimi təfsir olunan hərəkətlərdən hansısa birinin törədilməsi (actus reus).

Deməli, soyqırım aktı mütləq milli, etnik, irqi və ya dini qrupa qarşı yönəlmiş olmalıdır. Digər qrupa qarşı, məsələn siyasi və sosial qrupa qarşı yönəlmiş belə hərəkətlər soyqırım kimi tövsif oluna bilməz.

Soyqırım anlayışı qadağan olunmuş hərəkətin ümumi nəticələri üzrə konkret niyyətin olmasını tələb edir. Soyqırım cinayətinin tövsif olunmuş əlaməti olaraq niyyət özündə bir neçə fərqli tərkib hissələrini birləşdirir:

- niyyət bu və ya digər konkret qrupa mənsub şəxslərin təsadüfi olaraq bir nəfərinin və ya bir neçə nəfərinin məhv edilməsindən ibarət olmamalı, bütövlükdə qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırım qurbanlarının müəyyən edilməsinin həlledici əlaməti onların fərdiliyi deyil, məhz onların qrupa mənsubluğudur;

- niyyət qrupun məhv edilməsindən ibarət olmalıdır. Soyqırım bütöv bir insan qrupunun mövcudluğa hüququnu tanımaqdan imtina etməkdir. Ayrıca bir insanın qətlə yetirilməsi (soyqırım) ayrıca bir fərdin yaşamağa hüququnu tanımaqdan imtina kimi xarkterizə olunur. Müvafiq olaraq, actus reus (qadağan edilmiş hərəkat) bir adamla məhdudlaşa bilər, lakin mens rea (niyyət) qrupun mövcudluğuna qarşı yönəlmiş olmalıdır;

- niyyət qrupun məhz tamamilə və ya qismən məhvindən ibarət olmalıdır;

- niyyət məhz milli, etnik, irqi və ya dini qruplardan birinin məhv edilməsindən ibarət olmalıdır.

Soyqırım cinayətinə görə, məsuliyyətin tövsif olunması üçün bütöv qrupun məhv edilməsi kimi son nəticəyə nail olunma tələb edilmir.

Bunun üçün etnik qrupun tamamilə və ya qismən məhv edilməsi niyyəti ilə cinayətin obyektiv tərəfini təşkil edən hərəkətlərdən birini törətmək yetərlidir.

Soyqırımın obyektiv tərəfi olan "məhv etmək" anlayışı fiziki və ya bioloji təsir yolu ilə həyatdan məhrum etmək mənasına gəlir.

BMT-nin beynəlxalq məhkəməsi "Barselona Traction" işi üzrə qərarında soyqırım aktının qadağan edilməsi üzrə öhdəliyi erga omnes öhdəlikləri adlandırmışdır.

Beynəlxalq məhkəmə "Soyqırım cinayətlərinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyasının əsasında duran prinsipləri bütün dövlətlər üçün məcburi xarakterli normalar kimi tanımışdır.

II. XOCALI HADİSƏLƏRİNİN BEYNƏLXALQ HÜQUQ TƏRƏFİNDƏN SOYQIRIM CİNAYƏTİ AKTI KİMİ TANINMASININ HÜQUQİ ƏSASLARI

Aşağıdakı sənədlər Xocalı hadisələrini beynəlxalq hüquq əsasında soyqırım cinayəti aktı kimi tövsif etməyə imkan verir:

1. BMT Baş Assambleyası tərəfindən 260 A (III) saylı qətnamə ilə qəbul edilmiş 9 dekabr 1948-ci il tarixli "Soyqırım cinayətinin qarşısının alınması və ona görə cəzalar" Konvensiyası.

2. Nürnberq Hərbi Tribunalının Nizamnaməsi (hərçənd Nizamnamədə soyqırım cinayətinə birbaşa isnad edilməsə də, soyqırımı təşkil edən hərəkətlər onda bəşəriyyətə qarşı cinayətlər və hərbi cinayətlər kimi tövsif olunur).

3. Beynəlxalq Cinayət Tribunalının Yuqoslaviya üzrə Nizamnaməsi (maddə 4).

4. Beynəlxalq Cinayət Tribunalının Ruanda üzrə Nizamnaməsi (maddə 1).

5. Beynəlxalq Cinayət Məhkəməsinin statusu (maddə 6).

6. Azərbaycan Respublikasının Cinayət Məcəlləsi (maddə 103).

7. Azərbaycan Respublikası Prezidentinin "Azərbaycanlıların soyqırımı haqqında" 26 mart 1998-ci il tarixli Fərmanı.

III. XOCALI HADİSƏLƏRİNİN BEYNƏLXALQ HÜQUQ TƏRƏFİNDƏN "SOYQIRIM" HÜQUQİ NORMASININ ALTINA DÜŞƏN CİNAYƏT KİMİ TANINMASININ HÜQUQİ NƏTİCƏLƏRİ

Beynəlxalq hüquq soyqırım cinayəti ilə bağlı bunları müəyyən etmişdir:

1. Soyqırım cinayəti törətmiş şəxslərin cinayət təqibi və cəzalandırılması qaçılmazdır.

2. Cinayət tərkibi təkcə soyqırım aktının törədilməsi deyil, həm də soyqırım törədilməsi məqsədi ilə sui-qəsd, soyqırımın törədilməsinə birbaşa və açıq şəkildə təhrikçilik, soyqırım törədilməsinə qəsd və soyqırımda iştirakdır.

3. Soyqırım törətmiş şəxslərə universal yurisdiksiyanın prinsipləri tətbiq edilməlidir.

4. Soyqırım cinayəti törədilərkən əmrin icrasına istinad etmək məsuliyyətdən azad etmir.

5. Rəhbərlər soyqırım cinayətinin qarşısının alınması üzrə hərəkətləri həyata keçirmədiklərinə görə məsuliyyət daşıyırlar.

6. Soyqırım cinayətlərinə cinayət məsuliyyətinin tətbiqinə cəlbetmə müddəti tətbiq edilmir.

7. Soyqırım cinayətinə münasibətdə qanunun retroaktiv tətbiqinə yol verilir.

8. Soyqırım cinayəti törətmiş şəxslər cinayət məsuliyyətinə cəlb edilmələri üçün tələb edən ölkəyə verilməlidirlər.

Beləliklə, Xocalı şəhərində əhaliyə - ermənilər tərəfindən etnik azərbaycanlılara qarşı törədilmiş hərəkətlər beynəlxalq hüquqi sənədlərə uyğun olaraq soyqırım kimi tövsif olunur və beynəlxalq hüququn prinsiplərinə uyğun olaraq bəşəriyyətə qarşı cinayətdir.

IV. XOCALI HADİSƏLƏRİNİN ERMƏNİSTAN RESPUBLİKASININ AZƏRBAYCAN XALQINA QARŞI MƏQSƏDYÖNLÜ SOYQIRIM SİYASƏTİNİN BİR HİSSƏSİ KİMİ BEYNƏLXALQ CİNAYƏT OLMASI HAQQINDA FAKTIN DÜNYA BİRLİYİNƏ ÇATDIRILMASI

"Xocalı faciəsi beynəlxalq cinayət olaraq - Ermənistan Respublikasının Azərbaycan xalqına qarşı məqsədyönlü siyasətinin tərkib hissəsidir" başlıqlı və Azərbaycan MEA İnsan Haqları İnstitutunun Ekspert Şurası tərəfindən qəbul edilmiş bu sənəd Azərbaycan Respublikasının Milli Məclisinə, Türkiyə, Gürcüstan, Rusiya və digər dövlətlərin parlamentlərinə, BMT İnsan Haqları üzrə Ali Komissarlığı, Avropa Şurasının Parlament Assambleyası, Avropa Şurasının İnsan Haqları üzrə Baş Direktoratı, ATƏT-in Parlament Assambleyası, ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosu kimi beynəlxalq təşkilatlara, eləcə də insan haqları üzrə milli və beyəlxalq təşkilatlara, xarici ölkələrdəki Azərbaycan diasporu mərkəzlərinə göndərilmişdir.

* * *

Ermənistanın işğalçı siyasətinə məruz qalan bir milyondan çox insan ağır şəraitdə yaşayır - onlar çadır şəhərciklərində, yığma evlərdə, yük vaqonlarında və yaşayış üçün uyğun olmayan digər yerlərdə sığınacaq tapmışlar.

BMT Təhlükəsizlik Şurasının Azərbaycan Respubilkası ərazilərinin Ermənistan ordusu tərəfindən işğalı ilə bağlı 1993-ci ilin aprelində qəbul etdiyi 822 saylı, iyulda qəbul etdiyi 853 saylı, oktyabrda qəbul etdiyi 874 saylı və noyabrda qəbul etdiyi 884 saylı qətnamələrə Ermənistan dövləti tam etinasızlıq göstərmiş və bununla da beynəlxalq birliyin sözünə məhəl qoymamışdır.

Qarabağ probleminin ədalətli həlli uğrunda Azərbaycan dövlətinin həyata keçirdiyi ardıcıl, prinsipial və qətiyyətli siyasi xətt, Azərbaycan Respublikasının konstruktiv mövqeyi dünya dövlətlərinə yaxşı bəllidir. Problemin sülh və danışıqlar yolu ilə həllinin əsas istiqamətləri 1996-cı ilin dekabrında ATƏT-in Lissabon Sammitində dünyanın 53 dövləti tərəfindən bəyənilmiş və dəstəklənmişdir.

Biz hamımız bir planetin sakinləriyik və bizim ümumi evimizi ölüm və qanla hədələyən kəslərə qarşı qətiyyətli və birlikdə mübarizə aparmalıyıq. Biz dərindən inanırıq ki, XXI yüzilə qədəm qoymuş xalqların xoşbəxt yaşamaları naminə, ədalət naminə, yüksək insani dəyərlərin təntənəsi naminə dünya dövlətləri, parlamentləri, beynəlxalq təşkilatlar ədalətin bərpasını dəstəkləyəcəklər. Qarabağ probleminin sülh və danışıqlar yolu ilə həllinin tərəfdarı olmaqla, biz bir daha inandığımızı bildiririk ki, dünya dövlətlərinin, parlamentlərinin, beynəlxalq təşkilatların birgə səyləri nəticəsində Azərbaycan Respublikasının ərazi bütövlüyü təmin olunacaq və qaçqınlar və məcburi köçkünlər doğma yurd-yuvalarına qayıdacaqlar.

İnsan Hüquqları üzrə Elmi-Tədqiqat İnstitutu

 

XOCALI SAKİNLƏRİ İLƏ GÖRÜŞƏN JURNALİSTLƏR

Vaşinqton Post, 28 Fevral 1992

AZƏRBAYCAN ŞƏHƏRLƏRİNDƏ DƏFN OLUNMUŞ DAĞLIQ QARABAĞ ŞƏHİDLƏRİ - QAÇQINLAR ERMƏNİ HÜCUMLARI ZAMANI YÜZLƏRLƏ İNSANIN ÖLDÜRÜLDÜYÜNÜ DEYİR

Tomas QOLTS, Ağdam, Azərbaycan, 27 Fevral

Döyüş vəziyyətində olan Dağlıq Qarabağ anklavının şərqində yerləşən bu şəhərin baş məscidinin xidmətçiiləri dedilər ki, bu gün onlar ermənilərin çərşənbə günü işğal etdiyi anklavda yerləşən Azərbaycan şəhərindən gətirilmiş 17 nəfəri dəfn ediblər.

Anklavın paytaxtı Stepanakertin şimal-qərbində yerləşən və 6.000 nəfər əhalisi olan Xocalı şəhərindən olan qaçqınlar hücum zamanı qadın və uşaqlar daxil olmaqla 500 nəfərin öldürüldüyünü dedilər. Ağdam məscidinin direktoru Səid Sadıqov bildirdi ki, Xocalı şəhərindən olan qaçqınlar çərşənbə günündən bəri onun məscidinə 477 meyit gətiriblər.

Bakı rəsmiləri Xocalıda 100 nəfərin öldürüldüyünü iddia edir, erməni rəsmiləri isə öz paytaxtları İrəvandan bildirirlər ki, cəmi 2 azərbaycanlı qətlə yetirilib. Bakı rəsmisi bildirdi ki, onun hökuməti ölülərin dəqiq sayını bilən zaman azərbaycanlıların qəzəblənəcəyindən narahatdır.

Bugün burada gördüyümüz 7 cənazədən ikisi uşaq, üçü qadın idi. Ağdam xəstəxanasında müalicə olunan digər 120 qaçqın ağır yaralardan əziyyət çəkir.

Raziyə Aslanova Ağdama çərşənbə günü gecə çatıb. O, dedi ki, çərşənbə axşamı gecə Xocalıya hücuma keçən ermənilər dayanmadan atırdılar. Onun əri və kürəkəni öldürülmüş, qızı itkin düşmüşdür.

Dağlıq Qarabağdan bura qaçıb gələn qaçqınlar arasında keçmiş Sovet Daxili Qoşunlarında xidmət edən iki türkmən əsgəri var idi. Onlar ötən cümə hərbi hissələrini tərk etmiş və Xocalıda sığınacaq tapmışlar. Əsgərlər dedi ki, erməni çavuşları onları "müsəlman olduqları üçün" döyürdülər.

Fərarilər bildirdi ki, onların keçmiş hərbi hissəsi 366-cı alay Xocalını işğal edən erməni hərbçilərini dəstəkləyirdi. Onlar bildirdi ki, qadın və uşaqlara qaçmağa kömək edirdilər. Əsgərlərdən biri Ağaməhmət Mütif dedi: "Biz dağlardan keçərək bir qrup gətirirdik. Bu zaman ermənilər bizi gördü və atəş açmağa başladılar. On iki nəfər öldürüldü".

İndependent, 29 Fevral 1992

Elen Vomak

Ağdamdakı RÖYTER müxbiri Elif Kaban məlumat vermişdir ki, çərşənbə qırğınından sonra azərilər onlarla insan dəfn edirdilər, hansılar ki, bu bölgənin ikinci böyük yaşayış mərkəzi olan Xocalı şəhərinin ermənilər tərəfindən işğalı zamanı öldürülmüşdü. Dəfndə iştirak edənlərdən biri jurnalistlərin üstünə qışqıraraq demişdir: "Dünya burada baş verənlərə göz yumur. Biz ölürük, siz isə baxırsız".

Sandey Tayms, 1 Mart 1992

ERMƏNİ ƏSGƏRLƏRİ YÜZLƏRLƏ QAÇQIN AİLƏNİ QIRIR

Tomas QOLTS, Ağdam, Azərbaycan

Sağ qalanların sözlərinə görə, erməni əsgərləri 450-dən çox azərbaycanlıya atəş açmış və süngüdən keçirmişlər. Onların çoxu uşaq və qadınlar idi. Yüzlərlə, bəlkə də minlərlə insan itkin düşmüş və ölmüşdür.

İşğalçılar qadın və uşaqları müdafiə edən əsgərləri və könüllüləri öldürmüşlər. Sonra onlar qorxudan əsən qaçqınlara atəş açmağa başlayıblar. Sağ qalanlardan bir neçəsi baş verənləri belə təsvir etdi: "Elə əsl qırğın belə başladı. Ermənilər dayanmadan atırdılar. Sonra onlar içəri daxil oldu, bıçaq və süngü ilə adamları dorğamağa başladılar". Bu, sağ qalan üç əsgərdən biri olan Azər Hacıyevin dedikləri idi.

Raziyə Aslanova Ağdama başqa qadınlar və uşaqlarla erməni meşələrindən keçərək gəlmişdir. O, ermənilərin dayanmadan atdığını bildirdi, əri və kürəkəninin gözləri qarşısında öldürüldüyünü dedi. Qızı isə hələ də tapılmayıb.

Ağdama gələn oğlanlardan biri qulağını itirmişdi.

Sağ qalanların dediyinə görə daha 2000 adam, hansılar ki, ayrı qaçmışdı, hələ də tapılmayıb: bəlkə də onların çoxu soyuqdan yaxud da aldıqları yaralardan ölüblər.

Dünən gecə Ağdam meyitxanasına 479 meyit gətirildi və qəbiristanlıqda 29 nəfər dəfn olundu. Mənim gördüyüm və hələ dəfn olunmamış 7 cənazənin 2-si uşaq, 3-ü isə qadın idi. Onlardan birinin sinəsi aldığı güllə yarasından tamamilə dağılmışdı.

Ağdam xəstəxanası qan və terror səhnəsinə çevrilmişdi. Həkimlər bildirdi ki, soyqırımdan qaçan 140 xəstə dərin güllə yaralarından əziyyət çəkir.

Ancaq onlar Ağdamda da təhlükəsiz deyildilər. Cümə günü gecə 150 min əhalisi olan şəhərin üzərinə raketlərdən zərbələr endirildi. Bir neçə bina dağıdıldı və bir nəfər öldü.

Tayms, 2 Mart 1992

 

QARABAĞDA CƏNAZƏ TƏPƏLƏRİ

Anatol Liven erməni qoşunları tərəfindən həyata keçirilən kütləvi insan qırğını barədə məlumat toplayan zaman atəşə tutulub.

Biz Dağlıq Qarabağın qarla örtülmüş dağlarından aşağı düşərkən səpələnmiş meyitləri gördük. Görünür, qaçqınlar qaçarkən onlara atəş açmışdılar. Bu hadisədən sonra jurnalistlər azərbaycanlı operator tərəfindən çəkilmiş kadrlara baxdılar. Kadrlarda bizim keçdiyimiz həmin dağların müxtəlif hissələrində onlarla insan cənazələri əks etdirilirdi.

Azərbaycanlılar iddia edir ki, keçən həftə ermənilər tərəfindən işğal olunan Xocalı şəhərindən qaçan azərbaycanlıların kütləvi qırğını zamanı ən azı 1000 nəfər öldürülüb. Daha 4000-nəfər yaralanmış, donub ölmüş, yaxud itgin düşmüşdür.

Mülki vertolyot dağlara enməli və kütləvi qırğınların törədildiyi yerlərdən meyitləri yığmalı idi. Mülki vertolyot 4 meyit yığdı. Həmin vaxt azərbaycanlı operatorun çəkdiyi filmdə isə həmin təpələrdə onlarla meyit göstərilirdi.

Ağdama qayıdan zaman mülki vertolyotun yığdığı cənazələrə baxdıq. İki nəfər yaşlı kişi və kiçik bir qız qanına qəltan edilmiş, onların əlləri və ayaqları donmuşdu.

Vaşinqton Post, 2 Mart 1992

ERMƏNİ BASQINLARI AZƏRİLƏRİN ÖLÜMÜ VƏ QAÇQIN DÜŞMƏSİ İLƏ NƏTİCƏLƏNİR

Xocalının 10.000 əhalisindən təxminən 1000 nəfəri erməni ordusunun çərşənbə axşamı həyata keçirdiyi hücum zamanı qətlə yetirilmişdir. Azərbaycan televiziyası Xocalı ərazisindən cənazələrin yük maşınları ilə evakuasiyasını göstərmişdir.

Nyu-York Tayms, 3 Mart 1992

 

ERMƏNİLƏRİN TÖRƏTDİYİ QIRĞIN

Ağdam, Azərbaycan, 2 Mart (Röyters) - Azərbaycanın ermənilərin üstünlük təşkil etdiyi Dağlıq Qarabağ bölgəsində erməni hərbçilərinin mülkü vətəndaşlara qarşı törətdiyi soyqırım haqqında bu gün yeni bir sübut əldə olunmuşdur.

Vertolyotla bölgəyə gedən Azərbaycan jurnalistləri və rəsmiləri qayıdan zaman özləri ilə üç uşaq meyiti gətirmişlər. Onların başlarının arxa hissəsi tamamilə dağıdılmışdı. Onlar dedi ki, ermənilərin atəş açması onlara meyitləri yığmağa imkan vermədi.

İnsanların başlarının dərisi soyulmuşdur

Dağlıq Qarabağın azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəcov dedi: "Qadınların və uşaqların başlarının dərisi soyulmuşdu. Biz meyitləri yığmağa başlayanda onlar bizi gülləbarana tutdular".

Meyitlərin yük maşınları ilə daşınması

Röyterin fotoqrafı Frederik Lenqan dedi ki o, Ağdam yaxınlığında azərbaycanlıların meyitlərinin iki yük maşınına doldurulduğunu görüb: "Birinci dəfə 35 meyit saydım və məncə ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi".

Tayms, 3 Mart 1992

 

İŞIQLANDIRILMAMIŞ SOYQIRIM

Anatol LİVEN

Dağlıq Qarabağın təpələrində qadın və uşaqlar daxil olmaqla 60-dan çox meyit səpələnmişdi və bunlar erməni qoşunlarının Azəri qaçqınlarına qarşı törətdiyi qırğını təsdiq edir. Yüzlərlə adam itgin düşüb, təpə və dərələr erməni qüvvələrinin azərbaycanlı qaçqınlara qarşı ötən çərşənbə axşamı törətdiyi soyqırım nəticəsində öldürülmüş insanların meyitləri ilə dolu idi.

Burada 31 meyit var idi. Ən azı daha 31 cənazə ötən 5 gün ərzində Ağdama aparılmışdı. Bu rəqəmlərə çərşənbə axşamı gecəsi ermənilərin Azərbaycan şəhəri Xocalını darma-dağın etdikləri zaman qətlə yetirilən dinc əhali aid deyil. Həmçinin tapılmamış meyitlər də istisna olunur.

Soyqırım zamanı sağ qalan Zahid Cabbarov dedi: "Biz olduğumuz yerdə 200 nəfər öldürüldü". Müxtəlif istiqamətlərdən gəlmiş qaçqınlar da gülləbarana tutulduqlarını və yol boyu çoxlu sayda insanın qətlə yetirildiyini dedilər. Meyitlərin ətrafında əşyalar, paltar və şəxsi sənədlər var idi. Cənazələr kəskin şaxtadan donmuşdular, həmçinin qırğından sonra təpə və meşələrdə gizlənmiş insanlar da soyuqdan ölmüşdü. Onların hamısı kasıb geyinmiş adi adamların cənazələri idi.

Bizim gördüyümüz 31 nəfərdən yalnız 3 nəfər formada idi, hansılar ki, biri polis, ikisi isə milli könüllülər idi. Qalanları mülki şəxslər idi (8 qadın və 3 uşaq). İki ailə birlikdə öldürülmüşdü və burada qadınlar əliuşaqlı idi.

Onlardan bir neçəsi başından dəhşətli yaralar almışdı: balaca bir qızın isə yalnız üzü salamat qalmışdı. Sağ qalanlar dedi ki, onlar yerə uzananda ermənilər dayanmadan onlara atəş açırdılar.

BBS Morninq Nyus, saat 07.37, Çərşənbə Axşamı, 3 Mart 1992

Canlı yayımda olan BBS müxbiri xəbər vermişdir ki, o, 100-dən çox azərbaycanlı kişi, qadın, uşaq, hətta körpənin çox qısa məsafədən başlarından güllə ilə vurulduğunu görüb.

BBS1 Morninq Nyus, saat 08. 12, Çərşənbə Axşamı, 3 Mart 1992

Hadisə yerində çəkilmiş şəkil dağlardan çoxlu sayda insan meyitlərinin yığılmasını təsdiq edir. Müxbir xəbər verir ki, operator və Qərbdən olan jurnalistlər ermənilərin qırdığı yüzdən çox kişi, qadın və uşaq meyitlərini görüblər. Onlar 1 metrdən də az məsafədən başlarından vurulmuşdu. Şəkildə həmçinin təxminən 10 nəfərin, bunlar əsasən qadınlar və uşaqlar idi, başından güllə ilə öldürüldüyü göstərilir. Azərbaycan iddia edir ki, erməni qüvvələri mindən çox mülki insanı qətlə yetiriblər.

Vaşinqton Tayms, 3 Mart 1992

 

VƏHŞİLİKLƏR AZƏRBAYCANI DƏHŞƏTƏ GƏTİRİR

Brayn KİLLEN, Ağdam, Azərbaycan

Dağlıq Qarabağda onlarla insan meyitləri səpələnmişdir və bu, bu mübahisəli ərazi uğrunda 4 ildən bəri döyüşlərdə törədilmiş ən dəhşətli soyqırımın sübutudur.

Bu şəhərdən yenicə qayıdan Azərbaycan rəsmiləri özləri ilə 3 uşaq meyiti gətiriblər və onların başlarının arxa hissəsi tamamilə dağıdılıb.

Yerli məsciddə daha 6 meyit var idi və onların əlləri və ayaqları donmuş, üzləri isə soyuqdan qaralmışdı.

Qadınlardan biri öldürülmüş atasının sinəsinə qəzəblə vuraraq "Telman!" deyə qışqırırdı. Cənazə arxası üstə uzanmış və sağ əli havada donmuşdu.

Ötən həftə ermənilərin işğal etdiyi Xocalıya vertolyotla qısa səfərdən qayıdanlar dedi ki, onlar da oxşar mənzərənin şahidi olublar, ancaq həcmcə bundan daha böyük. Bir rus jurnalistinin dediyinə görə o, 50 metrlik sahədə 30 meyit saymışdır.

Dağlıq Qarabağın ikinci böyük Azərbaycan şəhəri olan Xocalının təpədən dırnağadək silahlanmış erməni hərbçiləri tərəfindən ötən çərşənbə axşamı işğal olunmasından sonra ermənilər azərbaycanlıların soyqırımını inkar etdilər. Azərbaycan 1000 nəfərin öldürüldüyünü deyir.

Dağlıq Qarabağın azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəcov dedi ki, qadın və uşaqların başlarının dərisi soyulmuşdu.

Cənab Fərəcov bildirdi ki, Beynəlxalq Qırmızı Xaç Komitəsinin nişanladığı yerə enən və Mİ-24 vertolyotlarının müşaiyət etdiyi vertolyot erməni hərbçiləri gülləborana başlamazdan əvvəl yalnız 3 uşaq meyitini yığa bilib. O bildirdi ki, biz meyitləri yığmağa başlayanda onlar bizi atəşə tutdular.

Cənab Fərəcov bildirdi ki, onlar cəmi 15 dəqiqə orada qalıblar. O, pencəyinin cibində olan qumbaraya işarə edərək dedi: "Hərbi vertolyotlar qırmızı fişənglər buraxaraq ermənilərin yaxınlaşdığını xəbər verdilər. Biz artıq çıxmalı idik. Əsir götürələcəyimiz təqdirdə mən özümü partlatmağa hazır idim".

Röyters-in fotoqrafı Frederik Lenqan Ağdam yaxınlığında azərbaycanlıların meyitləri ilə dolu iki yük maşını görmüşdür. "Birinci dəfə 35 meyit saydım və məncə ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi".

Ağdam məscidi insan meyitlərilə dolu idi. İnsanlar Azərbaycan prezidenti Ayaz Mütəllibova ünvanlanmış təhqirlər səsləndirir və bildirirdilər ki, o, Qarabağın azərbaycanlı əhalisini qorumaq üçün kifayət qədər çalışmamışdır.

Çöldə isə yüzlərlə insan islam duaları oxuyurdular. Onların bəziləri huşlarını itirərək öldürülmüş qohumlarının (hansılar ki, bir neçə dəqiqə bundan əvvəl gətirilmişdi) yanına yıxılırdılar.

Qarlı təpələrə səpələnmiş onlarla insan meyitini əks etdirən dəhşətli film sağ qalmış qaçqınların, qadın və uşaqlara qarşı törədilmiş soyqırım haqqında söylədiklərini təsdiq edir.

Azərbaycan televiziyası Azərbaycan şəhəri olan Ağdama bir yük maşını ilə meyit gətirildiyini göstərmişdir. Onların çoxlarının üzləri bıçaqla doğranmış, gözləri çıxarılmışdı. Balaca bir qızın qolları havaya açılı vəziyyətdə qalmışdır. O, sanki kömək diləyirdi.

Ağdam hərbi komandiri Rəşid Məmmədov İkinci Dünya Müharibəsi zamanı Nasistlərin əməllərini xatırlayaraq dedi: "Meyitlər qoyun sürüsü kimi yığılmışdır. Heç faşistlər də bunu etməmişdir"

Qarabağ rəhbəri Musa Məmmədov Azərbaycanın ikinci böyük şəhəri olan Gəncədəki Sovet hərbi bazasına zəng edərək kömək diləyirdi: "Meyitləri gətirmək və insanlara nə baş verdiyini göstərmək üçün bizə kömək edin".

Operator və Qərbli jurnalistləri ərazidən götürən vertolyotun pilotu dedi ki, o Xocalıda və Əsgəran dərəsində onlarla meyit görüb.

Nyu York Tayms, 3 Mart 1992

 

ERMƏNİLƏR TƏRƏFİNDƏN TÖRƏDİLƏN SOYQIRIM

Ağdam, Azərbaycan, 2 Mart (Röyters)

Bu gün sonuncu sovet qoşunları Dağlıq Qarabağı tərk edir.

İtar-Tass İnformasiya Agentliyi xəbər verir ki, 366-cı Motoatıcı Alayı ərazidən çıxmağa, əslində isə müharibə edən iki etnik qrup - ermənilər və azərbəycanlılar arasındakı buferi aradan götürməyə başlamışdır.

Hər iki tərəf müdaxilə etmək üçün heç bir cəhd etməyib.

Dağlıq Qarabağ Azərbaycan Respublikasının tərkibindədir, onun əhalisinin çox hissəsini isə ermənilər təşkil edir.

Şəhərin bombardman edilməsi

Azərbaycanın informasiya agentliyi AZERİNFORM xəbər vermişdir ki, Bazar günü gecə Dağlıq Qarabağın azərbaycanlılar məskunlaşan Şuşa şəhəri ermənilər tərəfindən raket atəşinə tutulub. Vəncəli qəsəbəsinə edilmiş digər bir hücum zamanı isə bir neçə adam yaralanmışdır.

Ermənistan Respublikası keçən həftə azərbaycanlıların yaşadığı Xocalı şəhərində 1000 nəfərin onun hərbçiləri tərəfindən öldürülməsini və qırğından xilas olmaq üçün qarla örtülmüş dağlardan qaçan kişi, qadın və uşaqların soyqırımını inkar edir.

Lakin bu ərazidə onlarla insan meyiti Azərbaycana bu soyqırımın törədilməsini iddia etməyə əsas verir.

Rayona vertolyotla qısa səfər edən azərbaycanlı rəsmilər və jurnalistlər qayıdarkən özlərilə başlarının arxa hissəsi tamamilə dağıdılmış 3 uşaq meyiti gətirmişlər. Onlar bildirdi ki, ermənilərin gülləbaranı meyitlərin hamısını yığmağa onlara mane olub.

Dağlıq Qarabağın azərbaycanlı rəhbərinin köməkçisi Əsəd Fərəcov dedi ki, qadın və uşaqların başlarının dərisi soyulmuşdu, biz meyitləri yığmağa başlayanda onlar bizi atəşə tutdular.

Azərbaycanlı hərbi komandir Rəşid Məmmədov dedi: "Meyitlər qoyun sürüsü kimi yığılmışdır. Heç faşistlər də bunu etməmişdir".

İki yük maşını meyitlə dolduruldu

Röyters-in fotoqrafı Frederik Lenqan Ağdam yaxınlığında azərbaycanlıların meyitləri ilə dolu iki yük maşını görmüşdür. "Birinci dəfə 35 meyit saydım və məncə ikinci maşında da bir o qədər meyit var idi. Onların bəzilərinin başı kəsilmiş, çoxları yandırılmışdı. Onların hamısı kişi idi və bir neçəsi hərbi rəngdə forma geymişdi".

Etnik zorakılıq və iqtisadi böhran dekabrda 11 keçmiş Sovet Respublikası tərəfindən yaradılmış Müstəqil Dövlətlər Birliyinin parçalanmasına səbəb ola bilər. Birlik üzv dövlətlər olan xristian ermənilərlə müsəlman azərbəycanlılar arasında uzun illərdən bəri mövcud olan etnik nifrətin qarşısında aciz qaldı.

Dağlıq Qarabağdakı 4 illik müharibə 1500-2000 adamın ölümünə səbəb oldu. Keçən həftə baş verən döyüş xüsusilə dəhşətli idi.

Dağlıq Qarabağın mərkəzi Stepanakert şəhərində yerləşən 366-cı alay döyüşlərin mərkəzində idi və bu döyüş nəticəsində onun 3 əsgəri həlak olmuşdur. Ermənistanın paytaxtı Yerevanda parlamentdə çıxış edən prezident Levon Ter-Petrosyan Birliyin axırıncı qoşunlarının anklavdan çıxarılmasını pislədi. O, bu alayın hərbi əməliyyatlarda iştirak etməydiyini, onun yalnız vəziyyəti stabilləşdirdiyini bildirmişdir.

Boston Qlob, 3 Mart 1992

Pol Kuin - Cac, Bakı, Azərbaycan

Dünən Azərbaycan erməni hərbçlərini keçən həftə kişi, qadın və uşaqları Dağlıq Qarabağdakı bir şəhərdən çıxarmaqda və onları qətlə yetirməkdə ittiham etdi.

Azərbaycan rəsmiləri Xocalı şəhərində 1000 nəfər azərbaycanlı öldürüldüyünü və qarla örtülmüş dağlardan qaçan kişi, qadın və uşaqların erməni hərbçiləri tərəfindən öldürüldüyünü deyir.

Erməni rəsmiləri bunları inkar edir.

Hadisə yerində olan jurnalistlər qətlə yetirilmiş insanların dəqiq sayını söyləməkdə çətinlik çəkir. Ancaq Röytersin fotoqrafı iki yük maşının azərbaycanlıların meyitləri ilə doldurulduğunu dedi. Bir rus jurnalisti isə rayonun hər yerində qırğınlar törəldiyi barədə xəbər verir.

Röyters xəbər verir ki, vertolyotla bölgəyə səfər edən azərbaycanlı rəsmilər və jurnalistlər başlarından vurulmuş 3 uşaq meyiti tapıblar. Ermənilərin atəş açmağı isə onlara digər meyitləri yığmağa mane olub.

İşğal zamanı Xocalıda çoxlu sayda dinc əhalinin öldürülməsini təsdiq edən faktlar get-gedə artır.

Azərbaycan televizisiyası bazar günü Ağdam meyitxanasından qadın və uşaqlar da daxil olmaqla 10 meyit göstərmişdir. Bakının əsas televiziya stansiyasının redaktoru bildirmişdir ki, indiyə qədər 180 meyit aşkar olunub. Bölgənin ətrafında uçan vertolyot çoxlu sayda meyitlər görmüşdür. BBS xəbər vermişdir ki, Fransız fotoqraf 31 cənazə saymışdır. O bildirmişdir ki, içərisində qadın və uşaqlar olan meyitlərin çoxu yaxın məsafədən başlarından güllə ilə vurulmuşdur.

Bu arada Xocalı icra hakimi Elman Məmmədov Bakıda mətbuat konfransında bildirmişdir ki, hücum zamanı 1000 adam öldürülmüş, 200-dən artıq itkin düşmüş, 300 əsir götürülmüş, 200 nəfər yaralanmışdır. Məmmədov 366-cı alayı hücuma başçılıq etməkdə və erməni quldurlarına yol açmaqda ittiham edir.

Eyc, Melburn, 6 Mart 1992

Elen VOMAK, Ağdam, Azərbaycan, Çərşənbə axşamı

Şəhidlərin dəqiq sayı hələ də məlum olmasa da ötən həftə Ermənistan ordusunun Dağlıq Qarabağın qarlı dağlarında dinc azərbaycanlılara qarşı soyqırım törətdiyi ehtimal olunur.

Anklavın Azərbaycan şəhəri Ağdamla sərhəddə yerləşən Xocalı şəhərindən olan qaçqınlar fevralın 25-i gecə ermənilər tərfindən onların evlərinə edilən hücumu təsdiq edən küllü miqdarda faktlar söyləyir. Onlar bildirir ki, ermənilər onları qaçmağa məcbur etmiş və ətrafdakı meşələrdə güllələmişdir. Dünən mən qəbiristanlıqların birində təzə qazılmış 75 qəbir gördüm. Ondan bir gün əvvəl isə Ağdam məscidində deşik-deşik olunmuş 4 meyit görmüşdük. Biz həmçinin vaqonlardan ibarət olan müvəqqəti xəstəxanalarda güllə yaraları almış qadın və uşaqları gördük.

Əhalisinin əksəriyyətini azərbaycanlılar təşkil edən Azərbaycan qəsəbəsi Xocalının əhalisi təxminən 6000 nəfərdir. Ağdamın polis komandiri Rəşid Məmmədov Ağdama yalnız 500 nəfərin qaçdığını dedi. "Bəs qalanları hanı?" deyən C-b Məmmədov onların əsir götürüldüyünü yaxud qaçdıqlarını dedi. Çoxları hələ də dağlardadır, çünki vertolyot yoxdur. O, onların bəzilərinin mənfi 10 dərəcə soyuqdan donduğunu bildirdi.

Azərilər silahlanmış erməniləri gördükdə başa düşdülər ki, özlərini müdafiə edə bilməyəcəklər və meşələrə qaçdılar. Bir neçə saatdan sonra soyqırım başlandı.

Cənab Nasir arvadının və iki uşağının əsir götürüldüyünü güman edir. Digər qaçqınlar kimi, o, da keçmiş sovet ordusunun Xocalıya hücum etməkdə ermənilərə kömək etdiyini dedi: "Bu mənim fikrim deyil, gözlərimlə gördüklərimdir".

Nyu York Tayms, 6 Mart 1992

 

AZƏRBAYCANDA VİDA MƏRASİMİ

"Azərbaycanın Ağdam şəhərindəki qəbiristanlıqda ermənilərin Dağlıq Qarabağda törətdiyi soyqırım qurbanları dəfn olunan zaman onların ailə üzvləri və dostları matəm içindədir.

Çingiz İsgəndərov qardaşının cənazəsi olan tabutu qucaqlamışdı. Cənazənin üstündə isə Quranın surəti var idi.

Vaşinqton Post, 6 Mart 1992

 

SON VİDALAŞMA

"Dünən azərbaycavnlıların qəbirstanlığında Dağlıq Qarabağda ermənilər tərəfindən öldürülmüş qurbanlar dəfn olunarkən onların qohumları kədər içində idi. Çingiz İsgəndərov qardaşının cənazəsi olan tabutu qucaqlayıb ağlayırdı".

Sandey Tayms, 8 Mart 1992

Tomas Qolts erməni əsgərlərinin törətdiyi soyqırım haqqında Ağdamdan ilk olaraq xəbər verir.

Xocalı qeyri-məhsuldar bir Azəri şəhəri idi. Burada mağazalar bomboş, yollar çirkli idi. Heç bir yaşıllıq isə yox idi. Bu o zaman idi ki, burada minlərlə azərbaycanlı öz xoşbəxt həyatını yaşayırdı. Ötən həftə o, xəritədən silindi. Ağdam meyitxanaları meyitlərlə dolan zaman Xocalı və onun ətrafında Sovet İttifaqı dağılandan bəri ən dəhşətli soyqırımın baş verdiyi güman olunur.

Mən Xocalıya səfər edən sonuncu qərbli idim. Bu yanvarda baş vermişdi. Dörd uşaq anası Zümrüd bizi şəhərə gətirən vertolyotda idi. O dedi ki, camaat oturub öz ölümunü gözləyir. O və ailə üzvləri fevralın 26-da ermənilərin törətdiyi qırğının qurbanları arasında idilər.

Beş övlad atası 55 yaşlı Balakişi Sadıqov dedi: "Ermənilər uzaq kəndlərin hamısını bir-bir işğal etdilər, hökumət isə heç nə etmədi". Onun həyat yoldaşı Dilbər isə dedi ki, indi onlar bizi buradan çıxaracaq yaxud da öldürəcəklər. Onların üç oğlu və iki qızı qırğın zamanı öldürülmüşdü.

"Biz ermənilərin mövqelərinə çox yaxın idik, amma oranı keçməli idik. Güllələr hər tərəfdən yağış kimi yağdırılırdı. Biz sadəcə tələyə düşmüşdük". Azərbaycanlılar bir-bir qətlə yetirilirdi. Sağ qalanların söylədiklərinə görə görmədikləri halda ermənilər tərpənən hər bir şeyə atəş açırdılar. Bir azəri operatoru ağlaya-ağlaya hər bir meyiti lentə almışdı. Onun çəkdiyi kadrlardan birində azərbaycanlıların ermənilərdən qaçaraq sığnacaq tapdığı ağaclıq göstərilmişdi. Burada insan meyitləri təpə əmələ gətirmişdi. Ağdam xəstəxanasına gətirilmiş Ömər Veysəlov dedi: "Ermənilər dayanmadan atırdılar. Mənim arvadım və qızım düz yanımda öldürüldülər".

Hospitalın dəhlizlərində gəzən adamlar öz yaxınlarından bir xəbər axtarırdılar. Bəziləri öz qəzəbini əcnəbilərin üstünə tökürdü. Bir ana bağırırdı: "Hanı mənim qızım, hanı mənim oğlum? Zorlanıb. Öldürülüb. İtib".

Mond, Paris, 14 Mart 1992

Ağdamda olan əcnəbi jurnalist öldürülmüş adamlar arasında başlarının dərisi soyulmuş qadın və uşaqları görüb. Onların dırnaqları çıxarılmışdı. O, bunun "Azərbaycan təbliğatı" deyil, reallıq olduğunu yazır.

Nyusuik, 16 Mart 1992

SOYQIRIMIN ÜZÜ

Paskal Priva və Stiv Lö Vən, Moskva

Ötən həftə Azərbaycan yenidən qəbirstanlığa dönmüşdü: matəm içində olan qaçqınlar və onlarla insan meyiti məscidin arxasında müvəqqəti meyitxana yaratmışdı. Onlar fevralın 25-i və 26-sı ermənilər tərəfindən darma-dağın edilmiş Xocalıdan olan sadə Azəri kişi, qadın və uşaqları idi. Onların çoxu qaçan zaman yaxın məsafədən vurulmuşdu, bəzilərinin üzləri dağıdılmış, başlarının dərisi soyulmuşdu.

Taym, 16 Mart 1992

XOCALIDA QIRĞIN

Cil SMOLOU

Yuri ZARAXOVİÇ, Moskva

Mübahisələrə baxmayaraq aydın olan bir şey var: iki həftə öncə Azərbaycan şəhəri Xocalıda qəddar və vicdansız bir hadisə törədilib. İndiyədək 200 azərbaycanlı öldürülüb, çoxları iyrənc hala salınıb, ermənilərin üstünlük təşkil etdiyi Dağlıq Qarabağdan dəfn olunmaq üçün qonşu rayona gətirilib. Azərbaycanlılar iddia edir ki, 1324 mülki vətəndaş qətlə yetirilib. Onların çoxu - qadınlar və uşaqlar barədə heç bir məlumat yoxdur…

Svoboda, 12 İyun 1992

FACİƏNİ TÖRƏDƏNLƏR CƏZALANDIRILMALIDIR

Moskvada yerləşən Memorial insan hüquqları qrupunun 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalının erməni silahlı birləşmələri tərəfindən işğalı zamanı insan hüquqlarının kütləvi şəkildə pozulması haqqında hesabatı

Hesabatda dinc əhalinin şəhərdən qaçması haqqında yazılır: "Qaçqınlar ermənilər tərəfindən qurulmuş pusquya düşərək atəşə tutuldular. Onların bəziləri Ağdama çata bildilər: digərləri, əsasən qadınlar və uşaqlar (dəqiq sayı məlum deyil) dağlarda azmış və donub ölmüşlər. Ağdama çatanların dediklərinə görə, onların bəziləri Pircamal və Naxçıvanik kəndləri yaxınlığında əsir götürülüblər. Artıq dəyişdirilmiş Xocalı əsirlərinin dediyinə görə, əsirlərin bəziləri öldürülmüşdür… 4 gün ərzində Ağdama təxminən 200 meyit gətirilmişdir. Ağdam qatar-xəstəxanasının həkimləri bildirdi ki, 4 meyitin başlarının dərisi soyulmuş, birinin isə başı kəsilmişdi. Ağdamda 181 cənazə (130 kişi, 51 qadın, 13 uşaq) üzərində yoxlama aparılmışdır və aşkar olunmuşdur ki, 151 nəfər güllə, 20 nəfər qəlpə yarasından və 10 nəfər küt alətlərdən aldıqları yaralardan ölmüşdür. Xocalıdan olan bütün yaralıların gətirildiyi Ağdam qatar-xəstəxanasının sənədlərində göstərilir ki, 597 nəfər yaralanmış, yaxud donmuş, bir nəfərin diri-diri başının dərisi soyulmuşdur.

İndependent, London, 12 İyun 1992

Frederik LENQAN, Röyter

Arif Sadıqov Bakıda Xəzər dənizinin sahilindəki bir kafenin kölgəliyində sakitcə oturdu və düz 3 ay bundan qabaq, Xocalı şəhərindən qaçan zaman erməni gülləsinin cırdığı şalvarını göstərdi.

51 yaşlı xarrat dedi: "Mən hələ də bu paltarları geyinirəm, çünki başqası yoxumdur. Mən 5 dəfə yaralandım, amma bəxtim gətirdi və sağ qaldım".

Cənab Sadıqov və arvadı bir aydan çox ac və işıqsız qalıblar.

Cənab Sadıqov dedi: "Təxminən axşam saat 11-də bombardman başlandı. Biz hələ heç vaxt beləsini eşitməmişdik. 8 yaxud 9 növ silah, artilleriya, ağır pulyemotlardan istifadə olunurdu".

Tezliklə qonşular küçələrə tökülüşdü. Bəziləri gizləndi, digərləri isə qarın içi ilə meşələrə doğru qaçmağa başladı.

Xilas olmaq üçün şəhər camaatı təxminən 15 mil məsafədə yerləşən Azərbaycan şəhəri Ağdama çatmalı idi. Sübh çağı iki Azərbaycan kəndi Naxçıvanik və Sədərək arasındakı yerə çatanadək onlar düşünürdülər ki, bunu edə biləcəklər.

Cənab Sadıqov dedi: "Buna qədər mənlə gələn qrupun heç birinə heç nə olmamışdı… sonra yolda bizi bir maşın gördü və ermənilər bizə atəş açmağa başladılar. Bizimlə olan 80 nəfərdən yalnız on nəfəri sağ qaldı. 67 yaşlı böyük qardaşım da daxil olmaqla 7 yaxın qohumum qətlə yetirildi. Mən ancaq qardaşımın papağı ilə onun gözlərini bağlamağa imkan tapdım və biz heç vaxt o meyitlərdən heç birini qaytara bilmədik".

Cənab Sadıqov dedi ki, birinci qrupdakı qaçqınların bəzilərinin bəxti gətirdi. Evakuasiyanın qəhrəmanlarından biri Arif Hacıyev üçüncü qrupun qaçmasına kömək etmək üçün silahın darağını dəyişərkən başından aldığı güllə yarasından öldü.

Digər bir qəhrəman, Xocalının meri Elman Məmmədov bildirdi ki, o, bir neçə nəfər ilə birlikdə fevralın 26-nı meyitlərlə əhatə olunmuş kollu təpələrdə keçirib.

Cənab Sadıqov dedi: "Biz şəhərə çatandan bir gün sonra ermənilər geniş raket hücumu həyata keçirdilər. Mən müalicə olunmaq üçün xəstəxanaya getməli idim, çox pis vəziyyətdə idim. Hətta mənim ayaqqabımın içində də güllə tapdılar".

Qırğının qurbanları: Bir azəri qadın fevral ayında törədilmiş Xocalı qırğınında qətlə yetirilmiş oğlunu ağlayır. Qatar-xəstəxanada tibb bacıları primitiv üsullarla yaralı bir kişini xilas etməyə çalışırlar. Ağdamda insanlar qətlə yetirilmiş qohumlarının tabutu üstündə ağlayırdılar. Ölənlərin sayını müəyyən etmək mümkün deyil. Çünki müsəlmanlar ölünü 24 saat ərzində dəfn edirlər.

İndependent, London, 12 İyun 1992  

AĞRILI AXTARIŞ

Azərbaycanlıların Xocalı şəhərində törədilmiş fevral soyqırımı nəticəsində təxminən 600 kişi, qadın və uşaq öldürülmüşdür.

Dövlət ittihamçısı Aydın Rəsulov 15 nəfərdən ibarət olan istintaq qrupunun rəhbəridir. Bu qrup azərbaycanlıların "Xocalı Qırğını" adlandırdıqları hadisəni araşdırmaqla məşğuldur. Cənab Rəsulov bildirdi ki, 600 nəfər ilkin axtarışlar zamanı tapılmış meyitlərdir. Xocalı meri Elmar Məmmədov da oxşar rəqəm söylədi. May ayında isə Bakıda nəşr olunan Ordu qəzeti bu rəqəmin daha böyük olduğunu yazırdı - ölənlərdən 479 nəfərin şəxsiyyəti müəyyən olunmuş, 200-dən çoxu isə naməlumdur. Azərbaycan müdafiə nazirliyinin mətbuat xidmətinin rəhbəri Leyla Yunisova ölənlərin sayının 700 olduğunu dedi.

Beynəlxalq Qırmızı Xaç Komitəsinin Bakıdakı nümayəndə heyətinin rəhbəri Fransua Zen Rufinin bildirdi ki, Ağdam şəhərinin müsəlman imamının ona dediyinə görə onun məscidinə Xocalıdan 580 meyit gətirilmişdi və onların çoxu dinc əhali idi. Cənab Zen Rufinin dedi ki, biz meyitləri saymadıq, ancaq bu rəqəm inandırıcıdır. Çünki biz meyitləri yumaq üçün ləvazimat verdik.

43 yaşlı hüquqşünas Cənab Rəsulov son rəqəmin söylənilməsi üçün bir neçə ay vaxt lazım olduğunu söylədi.

Cənab Rəsulov bu işləri yaxşı bilir. Uzun illər araşdırdıqdan sonra, o, 1990-cı ilin yanvarında Bakıda sovet qoşunları tərəfindən törədilmiş qırğın zamanı 131 nəfərin öldürüldüyü və 714 nəfərin yaralandığı barədə qəti rəqəm söyləmişdir. Ədliyyə işçisi Rafiq Yusifov dedi ki, indiyə qədər 184 nəfər Respublikanın Ədliyə Departamenti tərəfindən tibbi müayinədən keçirilmiş və ölü kimi qeydə alınmışdır. Cənab Yusifov bu rəqəmin ölənlərin çox az hissəsinə şamil oldunduğunu bildirdi. Bizə yalnız meyitlər gətirilmişdi. Gəlin o zamanki özbaşınalığı və bizim müsəlman olduğumuzu unutmayaq. Ölü 24 saat ərzində yuyulmalı və basdırılmalıdır.

Professor Yusifov bildirdi ki, bu 184 nəfərin 51-i qadın, 13-ü isə 14 yaşından aşağı olan uşaqlar idi. 151 nəfər güllə yarasından, 20 nəfər qəlpə yarasından, 10 nəfər isə küt alətlərdən aldığı yaralardan ölmüşdür. Son üç nəfər isə qar uçqununa düşüb. 33 nəfərin qulağı, burnu, döşləri, cinsiyyət orqanları kəsilmiş və gözləri çıxarılmışdır. Cənab Rəsulov dedi ki, müayinədən keçmiş 184 meyit ölənlərin üçdə bir hissəsindən də azdır.

Vertolyotun pilotunun təsdiq etdiyi sənəddə bildirirdi ki, yerdə çoxlu sayda ölü və yaralı olduğu üçün onları dəqiq saymaq mümkün olmadı. Onların sayı Xocalıda 470-500, yollarda 650-700, Naxçıvanik kəndi ətrafında 85-100 idi.

"İnsanlar əllərini yuxarı qaldırıb bizdən kömək istəyirdilər. Biz üç uşaq meyiti və sağ qalmış iki yaşlı uşaq gördük. Onun anası isə ölmüşdü. Uşaq anasının qolundan tutaraq onu durğuzmağa çalışırdı. Biz enməyə çalışdıq, amma ermənilərin bombardmana başlaması bizi qayıtmağa məcbur etdi".

Kommersant, Moskva, 27 Fevral 2002

1992-ci il fevralın 25-dən 26-na keçən gecə Dağlıq Qarabağın azərbaycanlılar məskunlaşan Xocalı şəhəri ermənilər tərəfindən kütləvi hücuma məruz qaldı. Rusların 366-cı motoatıcı alayı hücumda iştirak etdi. Nəticədə 613 nəfər öldürüldü, 487-i nəfər yaralandı, 1275 nəfər əsir götürüldü, 150 nəfər itgin düşdü. Xocalı hadisələri münaqişənin xarakterini kökündən dəyişdi.

Human Rights Watch

Helsinki, Dekabr 1994

DAĞLIQ QARABAĞ MÜNAQİŞƏSİNİN YEDDİ İLİ

Human Rights Watch təşkilatının Helsinki ofisinin hesabatında deyilir: "Etnik ermənilərin rus ordusunun 366-cı alayının dəstəyilə Xocalıda yüzlərlə dinc azərbaycanlıya qarşı törətdiyi soyqırım 1992-ci ildə müharibəni şərtləndirən ən əsas hadisələrdən biri oldu.

1992-ci ilin fevralında Qarabağdakı erməni qüvvələri Rusiyanın 366-cı motatıcı alayının dəstəyi ilə azərbaycanlıların məskunlaşdığı Xocalı şəhərini işğal etdi. İşğal zamanı 200-dən çox mülki vətəndaş öldürüldü.

Öldürülmüş dinc azərbaycanlıların dəqiq sayı məlum deyil. Çünki, Qarabağdakı erməni qüvvələri soyqırımdan sonra ərazini öz nəzarətləri altına alıblar. Amma 200 azərbaycanlının öldürüldüyünün qəbul olunduğu zaman, ehtimal olunur ki, 500-1000 nəfər qətlə yetirilmişdir.

"MEMORİAL" İNSAN HÜQUQLARINA NƏZARƏT MƏRKƏZİNİN HESABATINDAN

"Xocalı"

1991-ci ilin payızından Xocalı erməni silahlı qüvvələri tərəfindən blokadaya alınmışdı və daxili qoşunların Dağlıq Qarabağdan çıxarılmasından sonra Xocalı tam blokada vəziyyətinə düşdü. 1992-ci ilin yanvarından başlayaraq Xocalıya verilən elektrik enerjisi kəsildi. Sakinlərin bir hissəsi təcrid olunmuş şəhəri tərk etdi. Xocalı şəhər icra hakimiyyətinin başçısı E.Məmmədovun israrlı xahişlərinə baxmayaraq, dinc əhalinin tam evakuasiyası təşkil olunmadı. Fevralın 25-də erməni silahlı qüvvələri Xocalıya hücuma başladılar.

Hücumun iştirakçıları

Artsax Milli Azadlıq Ordusunun birləşmələri zirehli texnikadan - zirehli maşınlar və tanklardan istifadə edərək hücumda iştirak etdi.

Hücumun gedişatı

Fevralın 25-i gecə saat 11-də Xocalı artilleriya atəşinə tutulmağa başladı. Əvvəlcə evlərdə və postlarda qurulmuş barrikadalar dağıdıldı. Fevralın 26-sı səhər saat 1-dən 4-ə kimi quru qoşun birləşmələri şəhərə daxil oldular.

Son müqavimət səhər saat 7-də qırıldı.

Hücum zamanı Xocalıda qeyri-müəyyən sayda dinc sakin şəhərin bombardmanı zamanı qətlə yetirildi.

Əhalinin çıxması üçün "azad dəhliz"

İşğal zamanı Xocalıdan qaçmış 60 nəfər arasında "Memorial" müşahidəçiləri tərəfindən Bakıda və Ağdamda sorğu keçirmişdir. Onlardan yalnız bir nəfər "azad dəhliz"in mövcudluğu barədə xəbərdar olduğunu demişdir.

Azərbaycanın Ağdam rayonu ilə qonşuluqda olan ərazidə yerləşən "azad dəhliz" boyunca qaçan qaçqınlara atəş açılmış və nəticədə çoxlu insan öldürülmüşdür.

Şəhərdə qalan sakinlərin taleyi

Şəhərin erməni hərbi birləşmələri tərəfindən işğalından sonra təxminən 300 dinc sakin (86 məshəti türkü) şəhərdə qalmışdı.

Hər iki tərəfdən alınmış məlumata əsasən, Xocalı şəhərində və Ağdama gedən yolda əsir götürülmüş 700-dən çox sakin 1992-ci il martın 23-nə kimi Azərbaycan tərəfinə qaytarılmışdır. Onların əksəriyyəti qadın və uşaqlardır.

Xocalı sakinlərinin mülkiyyətinin taleyi

Xocalıdan qaça bilən sakinlərin öz mülkiyyətlərinin hətta ən vacib hissələrini belə götürməyə imkanları olmamışdı. Erməni silahlı qüvvələri tərəfindən əsir götürülən sakinlər də əmlaklarından heç nə götürə bilməmişdilər.

"Memorial" İnsan Hüquqlarına Nəzarət Mərkəzinin müşahidəçiləri işğal olunmuş şəhərdə böyük talanın şahidi olmuşlar. Xocalı sakinlərinin əmlakları Xankəndi (Stepanakert) və qonşu yaşayış məntəqələrinin sakinləri tərəfindən şəhərdən aparılmışdı. Evlərin əksəriyyətinin qapılarının üzərində onların yeni sakinlərinin adları yazılmışdı.

Faktların qiymətləndirilməsi

Xocalı şəhərinin dinc sakinlərinə qarşı kütləvi zorakılıq şəhərin işğalına yönəlmiş hərbi əməliyyatların həyata keçirilməsi zamanı baş vermişdi.

Xocalı sakinlərinin çoxu "azad dəhliz"dən xəbərsiz idilər.

Dinc sakinlərin "azad dəhliz" zonasında və ona qonşu ərazidə kütləvi qırğınına heç nə ilə bəraət qazandırmaq olmaz.

Müstəqil Dövlətlər Birliyinin qoşunlarının tərkibində olan 366-cı motoatıcı alay Xocalı hücumunda iştirak etmişdir.

"Memorial" İnsan Hüquqlarına Nəzarət Mərkəzi bildirir ki, Dağlıq Qarabağın erməni silahlı qüvvələrinin Xocalı şəhərinə hücum zamanı dinc sakinlərə qarşı etdikləri hərəkətlər Cenevrə konvensiyalarını, həmçinin 1948-ci il dekabrın 10-da BMT-nin Baş Məclisinin qəbul etdiyi İnsan Hüquqları Bəyannaməsinin aşağıdakı maddələrini kobud şəkildə pozur:

Maddə 2. Hər bir şəxs dilindən, dinindən, milli mənsubiyyətindən, yaxud digər mövqeyindən asılı olmayaraq bu Bəyannamə ilə təsbit olunmuş bütün hüquqlara malikdir;

Maddə 3. Hər bir şəxs yaşamaq, azadlıq və şəxsi toxunulmazlıq hüquqlarına malikdir;

Maddə 5. İnsana qarşı kobud, qeyri-insani və ya təhqiredici rəftar qadağandır;

Maddə 9. Əsassız həbs, saxlama, yaxud ekspatriasiya qadağandır;

Maddə 17. Hər bir şəxs mülkiyyət hüququna malikdir və heç bir şəxs mülkiyyət hüququndan əsassız olaraq məhrum oluna bilməz.

Silahlı birləşmələrin hərəkətləri qadın və uşaqların silahlı münaqişələr və hərbi vəziyyət zamanı müdafiəsi haqqında BMT-nin Baş Məclisi tərəfindən qəbul olunmuş Bəyannaməni kobud şəkildə pozmuşdur.

366-CI ALAY

Qeyd etmək lazımdır ki, Xocalı faciəsində iştirak edən 366-cı alay Xankəndidə yerləşirdi.

Bu alay dəfələrlə Azərbaycan kəndlərinin, Şuşa və Xocalı şəhərlərinin atəşə tutulmasında iştirak edib. Alaydan qaçan əsgərlərin ifadələri bu faktları təsdiq edir. 366-cı alayın Xankəndidən tələsik çıxması onun Xocalı hadisələrində iştirakını açıq aydın sübut edir. Bununla alay, həm də faciənin izlərini silmək istəyirdi.

366-cı alayın zabitlərinin mənəvi tənəzzülü elə bir həddə çatmışdı ki, onlar qoşunlarının çıxarılmasını həyata keçirə bilmədilər.

Gəncədə yerləşən desant qüvvələri bu əməliyyatın həyata keçirilməsinə cəlb olunmuşdu. Desantlar gəlməmişdən əvvəl isə alayın 103 əsgəri, hansılar ki, əsasən zor işlədilməsində günahlarını etiraf edən ermənilər idi, əmrə tabe olmaqdan imtina etmiş və Qarabağda qalmışdı. Alayın ali komandanlığının razılığı və qoşunların çıxarılmasına məsulliyyət daşıyan digər ali komandirlərin hərəkətsizliyi nəticəsində zirehli texnika da daxil olmaqla alayın silahlarının bir hissəsi növbəti cinayətləri törətmək, Azərbaycana qarşı seperatizmi davam etdirmək üçün ermənilərə verildi. Bu, 366-cı alayın Xocalı faciəsinin həyata keçirilməsində iştirakını sübut edən aydın bir faktdır!

TARİX UNUTMAYACAQ

Azərbaycan parlamenti Milli Məclis fevralın 26-nı "Xocalı soyqırımı günü" elan etdi. Hər il fevralın 26-sı axşam saat 5-də Azərbaycan Xocalı qurbanlarının xatirəsini bir dəqiqəlik sükutla yad edir.

Qaçqına çevrilmiş və Azərbaycanın 48 rayonunda müvəqqəti sığınacaq tapmış Xocalı sakinləri Dağlıq Qarabağ münaqişəsinin ədalətli həllini, Ermənistanın Azərbaycana qarşı təcavüzünə son qoyulmasını, respublikamızın ərazi bütövlüyünün bərpa olunmasını gözləyirlər. Onlar bütün dünyadakı insanları, dövlətləri və beynəlxalq təşkilatları haqq və ədaləti qorumağa, Xocalıda həyata keçirilən terrorizm və etnik təmizləmə aktlarını pisləməyə çağırırlar.

Xocalı faciəsinin təşkilatçıları və icraçıları layiq olduqları cəzanı almalıdırlar. Heç bir cinayət cəzasız qalmamalıdır. XX əsr soyqırım və etnik təmizləmənin tarixini yazmış çoxlu sayda qanlı səhifələrin şahidi olmuşdur. Xocalı faciəsi bunların ən dəhşətlilərindən biridir. Bu dəhşətli cinayətdə əli olan hər bir kəs hər şeydən əvvəl öz vicdanı qarşısında məsuliyyət daşıyır. Lakin gün gələcək və onlar tarix məhkəməsi qarşısında cavab verəcəklər.

Tarix heç nəyi unutmur.

Bu material Azərbaycan-Böyük Britaniya Gənclər Şurasının buraxdığı "Xocalı Faciəsi" nəşri əsasında hazırlanmışdır.