Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Millət vəkilləri Sumqayıtın ekoloji təhlükəsizliyi səbəbi ilə bir araya gəldi

 

Dünən Sumqayıt şəhərindən Milli Məclisə seçilən deputatlar - Müşfiq Məmmədli, Tahir Mirkişili, Hicran Hüseynova və Emin Hacıyev ilə Ekologiya və Təbii Sərvətlər naziri Muxtar Babayev və "Təmiz şəhər" ASC-nin sədri Etibar Abbasov arasında Balaxanıda Bakı bərk məişət tullantılarının yandırılması zavovunda görüş keçirilib.

 

Görüş zamanı Sumqayıt şəhərində tullantı materiallarının utilizasiyası və emalı ilə bağlı şəhər ictimaiyyətini narahat edən məsələlər, Sumqayıt şəhərində ekoloji vəziyyətin tənzimlənməsi ilə bağlı lazım olan tədbirlərin həyata keçirilməsi üçün zəruri texnologiyaların tətbiqi yönündə fikir mübadiləsi aparılıb. Deputatlar Sumqayıtın hazırkı ekoloji durumu ilə bağlı narahatlıqlarını ifadə ediblər.

 

Müzakirələrdən sonra deputatlar "Təmiz Şəhər" ASC-nin tərkibində olan Bakı Bərk Məişət Tullantıları Zavodunun, Balaxanı şəhər Tullantılarının zərərsizləşdirilməsi poliqonunun iş prinsipləri ilə əyani şəkildə tanış olublar. Görüşdə həmçinin, deputatlar analoji müəssisələrin Sumqayıt şəhərində də qurulması və tətbiqi ilə bağlı müzakirələr aparmışlar.

Daha sonra Balaxanı Sənaye parkında fəaliyyət göstərən rezidentlərlə tanış olub və onların fəaliyyətlərin müşahidə ediblər.

 

Növbəti görüşün Sumqayıt şəhərində müvafiq icra orqanları ilə keçirilməsi nəzərdə tutulub.

 

2021-09-01 14:09:00
368 baxış

Digər xəbərlər

Mehriban Əliyeva koronavirusa yoluxmuş Cavid Paşayevin müalicəsini nəzarətə götürdü

“Azərbaycan Tibb Universitetinin koronavirusa yoluxmuş Tədris Cərrahiyyə Klinikasının reanimasiya şöbəsinin müdiri Cavid Paşayevin səhhəti Birinci vitse-prezident Mehriban Əliyevanın tapşırığı ilə xüsusi nəzarətə götürülüb”. Bu barədə TƏBİB-in şöbə müdiri Şükür Eyvazov REAL TV-yə müsahibəsində məlumat verib.   O qeyd edib ki, hazırda C.Paşayevin səhhəti stabildir: “Hörmətli Birinci vitse-prezidentimiz onun səhhətini və müalicəsini xüsusi nəzarətə götürüb. Prezidentin köməkçisi Anar Ələkbərov da Mehriban xanımın tapşırığı ilə gündə bir neçə dəfə onun səhhəti ilə maraqlanır. Mən bir saat əvvəl Cavid Paşayevin yanında idim. O, sərbəst nəfəs alır. Vəziyyəti də gündən-günə yaxşılaşır. Hazırda heç bir cihaza qoşulu deyil”.

Hamısını oxu
Qalib komandanın qələbə diplomatiyası

lqar RÜSTƏMOV, jurnalist-politoloq Müharibə şəraitində olan dövlətin rəhbəri dərin zəkaya, dəmir iradəyə, qətiyyətə sahib olmalı və hərb sənətinin incəliklərini yüksək səviyyədə bilməlidir ki, qarşıya qoyduğu məqsədə çata bilsin. Böyük Britaniyanın məşhur dövlət xadimi Uinston Çörçil dövlət xadimləri ilə siyasətçilər haqqında danışarkən yazırdı: “Dövlət xadimi ilə siyasətçi arasındakı fərq ondadır ki, siyasətçi növbəti seçkini, dövlət xadimi isə gələcək nəsilləri düşünür”. Bu rakursdan yanaşdıqda aydın görürük ki, Azərbaycan Prezidenti İlham Əliyev dövlət rəhbəri və həqiqi lider kimi hakimiyyətdə olduğu 17 ildə bütün fenomenal keyfiyyətlərini parlaq şəkildə nümayiş etdirmişdi. İkinci Qarabağ savaşı, Vətən müharibəsi başlayandan isə O Ali Baş Komandan olaraq hərb sənətində də yüksək sərkərdəlik məharətini Ordumuzun və dövlətimizin hərb meydanındakı parlaq qələbəsi ilə təsdiqlədi. 28 il işğal damğası daşıyaraq mənən əzilən Azərbaycan cəmi 44 gündə, hələ illər sonra öz ədalətli və real qiymətini alacaq möhtəşəm və fövqəladə bir qələbəyə imza atdı. Bu qələbəni qazanan Qalib sərkərdənin, Vətən üçün Şəhid olmağı şərəf bilən minlərlə cəsur, mərd və mübariz Azərbaycan əsgərinin, zabitinin ağlasığmaz qəhrəmanlığı sayəsində xalqımızın məğlub ruhu dirçələrək qalib kimi bütün dünyaya hayqırdı. İllərlə həsrətində olduğumuz bu qələbənin ölkə üçün siyasi və hərbi əhəmiyyətini dərk etməmək, ya da dərk edərək gözdən salmağa çalışmaq ən azından siyasi nadanlıq və əxlaqsızlıqdır. Anlaşılan və görünən odur ki, siyasi yöndən yanaşanda bu siyasi əxlaqsızlar, sadəcə 30 il işğal faktına dözən Azərbaycan üçün bu, möhtəşəm, fövqəladə hadisəni cılız təkəbbürlərinə sığışdıra bilmir və bunudan siyasi dividend qazanacaqlarına, miskin vəziyyətdə olan siyasi təşkilatlarının ətrafına müəyyən qüvvələr toplamağa ümid bəsləyirlər. Narazılıqlar və nadanlıqlar nədən irəli gəlir və nə üçündür? Əslində sualı bu şəkildə qoymaq da düzgün deyil və məsələyə yanaşmada cavab axtarılası sual bu narazılıqlar təsadüfdürmü, yoxsa düşünülmüş və məqsədli xarakter daşıyırmı? Son iki ayda baş verənləri siyasi yöndən araşdırmağa və dəyərləndirməyə çalışdıq. Ordumuzun müzəffər yürüşü ilə ağlasığmaz döyüş qələbələrinə imza atılandan 44 gün sonra, noyabrın 10-da Azərbaycan Prezidenti İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistanın baş naziri Nikol Paşinyanın imzaladıqları məlum bəyanatla, Azərbaycan 30 il əvvəl, hərb meydanında məğlub olmuş ölkə kimi diktə olunan tərəfdən, indiki halda hökmünü diktə edən tərəfə çevrilərək, sözün həqiqi mənasında Ermənistanın qondarma “Dağlıq Qarabağ Respublikası”ndakı ermənilərin öz müqəddəratını təyinetmə arzusunun üstündən birdəfəlik xətt çəkdi. Bu saziş müəyyən mənada Ermənistanla Azərbaycan arasında üçüncü tərəfin- Rusiya Federasiyasının iştirakı ilə imzalanmış bir sülh sazişi kimi qiymətləndirilsə də, əslində Azərbaycan Prezidentinin qeyd etdiyi kimi Ermənistanın təslim olması aktı idi. Bu sazişdə Azərbaycandakı bəzi siyasi qüvvələri qane etməyən Dağlıq Qarabağ bölgəsinin, Xankəndi də daxil olmaqla, çox az bir hissəsində ermənilər yaşayan ərazilərdə əmin-amanlığı təmin edəcək, xüsusilə Xankəndinin Ermənistanla nəqliyyat əlaqələrini tənzimləyəcək Laçın dəhlizində 5 kilometrlik təhlükəsizlik zolağını mühafizəyə götürəcək Rusiya sülhməramlıları kontingentinin yerləşdirilməsi faktıdır. Özlərini milli mənafeyin “ultra cəfakeşləri” kimi göstərən Azərbaycanın daimi və bəlkə də əbədi müxalifəti bunu ölkəmizin məğlubiyyəti kimi gündəmə gətirir və dövlət müstəqilliyimiz üçün ciddi təhlükə hesab edirlər. Adama deyən lazım, 30 ilə yaxın bir vaxtda bu ərazilərdə erməni silahlı qüvvələr at oynadıb meydan sulayanda, “yallı gedib milli heysiyyatımızı təhqir edəndə”, bizim bu ərazilərə addım atmağa imkanımız olmayanda, görəsən bu müstəqilliyimiz üçün təhlükə deyildimi?! Elə bu aspektdən yanaşaraq, Azərbaycanın həm siyasi, həm də hərbi cəhbədə qazandığı zəfəri indiki reallıqlardan çıxış edərək pessimist mövqedən qiymətləndirən beşinci kolonun nümayəndələrinə 44 gün əvvəlki gerçəkləri və Şimal qonşularımızın, eləcə də bizim “ultra cəfakeşlərin” demokratik dəyərlərindən ilham aldıqları Qərb dövlətlərinin rəsmi mövqeyini ifadə edən bəzi məqamları xatırlatmaq istəyirəm. Qarabağda azadlıq müharibəsinibaşlamaq belə asan idimi? Bu sualı təsadüfən vermədim. Çünki cəmi iki ay əvvələ qədər istər müxalifət düşərgəsində, istərsə də ictimaiyyət arasında, Prezident İlham Əliyev başda olmaqla dövləti Azərbaycanın işğal altında olan torpaqlarının azad edilməsi üçün niyə Ermənistanla müharibəyə başlamamaqda qınayanlar kifayət qədər idi. Bəzən siyasi ambisiyalar naminə bu arqumentə istinad edərək, hakimiyyəti acizlikdə, bəzən də Azərbaycan Silahlı Qüvvələrinin azadlıq müharibəsinə lazımi səviyyədə hazır olmamaqda ittiham edir və siyasi dividend qazanmağa çalışırdılar. İnsafən cəmiyyətdə də torpaqlarımızın azad edilməsi ilə bağlı daxili bir narahatlıq var idi və xalq səbr nümayiş etdirsə də, hakimiyyətə mesajlar verilirdi. Amma heç kim müharibəyə necə başlamaq və necə hərəkət etmək, hansı addımı atmaq haqqında ağlabatan bir təklif irəli sürmürdü. Çünki münaqişənin, ümumiyyətlə namərd qonşularımızla 200 ildən artıq sürən ziddiyyətli tarixini az çox bilənlər, başa düşürdülər ki, hakimiyyətin səbrlə dözüm nümayiş etdirməsinə, beynəlxalq birliyin ikili standartlardan yanaşması ilə yanaşı daha ciddi amil Rusiyadır. Nədən bu amil hər dönəmdə ortaya çıxır və Azərbaycan öz işğal altında olan torpaqlarını almaq üçün niyə müharibə aparmağa tələsmirdi? Təbii ki, bunun səbəblərini anlamadan bugünki Qələbəmizə həm siyasi, həm də müharibə anlamında qiymət vermək olmayacaq. Azərbaycan siyasi isteblişmentinə, xüsusilə jurnalist, politoloq, konfliktoloq və ekspertlərinə yəqin ki, rus siyasi elitasının velikorus şovunizmi ilə süslənmiş filosofu, politoloqu və ideoloqu Aleksandr Duginin Şimal qonşumuzun dövlət siyasətində hansı mənsəbə sahib olduğu yaxşı məlumdur. Rəsmi Kremlin siyasi ideologiyasını formalaşdıran bu qatı velikorus ideoloqun elə bu ilin iyul hadisələri zamanı “ru.1in.am” internet nəşrinə müsahibəsində pafosla səsləndirdiyi bəzi məqamları diqqətinizə çatdırmaq istərdim. Aleksandr Dugin erməni jurnalistin Azərbaycanın Dağlıq Qarabağda müharibəyə hazırlaşması ilə bağlı sualına belə cavab verirdi: “Əgər Azərbaycan Qarabağda müharibəyə başlasa, heç vaxt heç nə əldə etməyəcək. Qarabağın hərbi yolla ələ keçirilməsi mümkün deyil. Bu təkcə Ermənistanla yox, həm də Rusiya ilə münaqişədir. Həm də ermənilər çox yaxşı döyüşürlər və azərbaycanlılar bunu bilir. Azərbaycanlılara, hətta onların ordusunun istehkamları belə kömək etməyəcək...” Rus ideoloqunun belə düşünməsinə və bunu əminliklə dilə gətirməsinə əsas verən, heç şübhəsiz, ilk növbədə onun Kremlin münaqişə ilə bağlı illərlə formalaşan mövqeyindən yetərincə məlumatlı olması idi. Belə olmasa, Dugin müsahibəsində, azərbaycanlı kimi bizi qəzəbləndirən daha kəskin mövqe sərgiləməzdi. Rusiyalı ideoloq böyük əminliklə deyir: “Qarabağın Azərbaycanın ərazisi olmasını Rusiya da, beynəlxalq birlik də tanıyır. Saakaşvilinin nümunəsi onun (İlham Əliyevin -İ.R.) gözləri qarşısındadır. Rusiya Federasiyası da daxil olmaqla, beynəlxalq birlik Cənubi Osetiya və Abxaziyanı da Gürcüstanın bir hissəsi kimi tanıdı, əgər Saakaşvili və Tbilisi Rusiya ilə razılaşdırılmış şəkildə hərəkət etsəydi, Abxaziya və Cənubi Osetiya indiyə qədər də Gürcüstanın tərkibində ola bilərdi. Lakin Rusiyayla hesablaşmadan, Rusiyanı hesaba almadan, amerikalılara güvənərək problemi həll etmək istəyi, Saakaşvili kimi, hərəkətə keçərək birtərəfli qaydada ələ keçirmək istədiyi bu ərazilər, Rusiyasız problemi çözməyə cəhd etməyə başlayana qədər, yalnız hüquqi cəhətdən Gürcüstana məxsus olur. Əliyev bunu görməyə bilməz. Ona görə də, mən qəti əminəm ki, bu vəziyyətdə uduza biləcəyi səbəbindən Əliyev Qarabağ münaqişəsinin kəskinləşməsində maraqlı deyil”. Dugin hələ Ermənistanın Tovuz təxribatı zamanı Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinin ümumiyyətlə, heç XXI əsrin üfüqündə görünmədiyini də gizlətmirdi. Təbii ki, bu təkcə, onun öz düşüncəsinin məhsulu deyildi və Rusiyanın Cənubi Qafqaz siyasətinin dəyişməyəcək ana xəttinin konturlarını nümayiş etdirirdi: “Elə münaqişələr var ki, onların həlli yoxdur. Dağlıq Qarabağ münaqişəsi bunlardan biridir. Nə qədər ki, orada super güclərin maraqları toqquşur Qarabağ probleminin həlli yoxdur. Yalnız Ermənistan və Azərbaycan Avrasiya strukturuna daha fəal inteqrasiya etməyə başlayacaqları halda (Ermənistan artıq bu istiqamətdə addımlar atır), biz uzaq gələcəkdə, xüsusi vurğulayıram, bu gün deyil, sabah da, birisi gün də deyil, uzaq gələcəkdə bəzi hüquqi həllər təklif edə bilərik”. Dugin hələ o zaman açıq bəyan edirdi ki, Rusiyasız Qarabağ münaqişəsinin həlli, ümumiyyətlə bu bölgədə sülh, zatən mümkün olmayacaq. Dugin heç də sıradan bir sadə politoloq yox, Rusiya Federasiyasının sözçüsü kimi təmsil etdiyi dövlətin açıq mesajını verirdi: “Təsəvvür edin mavi dəbilqəli BMT sülhməramlıları əvvəlcə nə edəcəklər - onlar azərbaycanlıları öz ərazilərinə qaytaracaqlar və dərhal yeni zorakılıq dalğası başlayacaq. Yalnız münaqişəni çox yaxşı təsəvvür edən ruslar, rus qoşunları qan tökülməsinin qarşısını ala bilərlər. Biz nəyin necə olduğunu çox yaxşı bilirik. Elə problemlər var ki, Rusiyaya sülh faydalıdır, digər hallarda isə, etiraf edilməlidir ki, biz münaqişədə maraqlıyıq. Dağlıq Qarabağ məsələsində sülh bizim üçün həyati vacibdir. Qarabağda sülh - əgər açıq bilmək istəyirsinizsə, milli eqoizm maraqlarımızdır”. Rusiyanın Qarabağ münaqişəsi ilə bağlı mövqeyinin mənzərəsini canlandıran Lavrov, Dugin, Jirininoski, Tolstoy, Solovyov və sair kimi diplomatların, Duma üzvlərinin, politoloq və jurnalistlərin ifadə etdikləri rəsmi və qeyri-rəsmi fikirləri böyük və irticaçı bir tarixə söykənir. Bütün bunları adlamaq və bu hegemon dövlətin təzyiqlərinə, müdrikliklə, Şimal qonşumuzu qəzəbləndirmədən, çox müdrik diplomatik gedişlərlə neytrallaşdıraraq, müharibəni Qələbəyə çatdırmaq, istinasız olaraq Prezident İlham Əliyevin xidmətidir. Dövlət başçısının bu xidməti, bu diplomatik qələbəsi nəinki etiraf edilməli, dəyərləndirilməli, eləcə də dövlətçilik tariximizin, diplomatiya tariximizin ən parlaq səhifəsi kimi gələcək nəsillərə tanıdılması üçün geniş araşdırılmalı və ali məktəb dərsliklərində yer almalıdır. Lakin özünü siyasətçi adlandıran qismlər dövlət başçısının bu müstəsna xidmətlərinə münasibətlərini açıqlayarkən ifadə etdikləri fikirləri xalqın fikri ilə eyniləşdirməyə çalışır və öz iddialarından doğan niyyətlərini xalqın adına yazırlar. Bu yüz illərlə sınaqdan çıxmış bir üsuldur və müasir dünyada belə üsulu yalnız siyasi cəhətdən avam olan kütləyə sırımaq olar. Azərbaycan xalqı bu avamlıqdan çoxdan xilas olub və müasir dünyagörüşə malik bir xalq kimi ən azından regionda özünü təsdiq etmişdir. Əslində, qalib Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə xalqın Vətən müharibəsində əldə etdiyi Qələbəyə kölgə salmaq istəyənlər uzun illərdir ki, Azərbaycanda siyasət hesabına yaşayan müxalifət liderləridir və siyasət onların dövlətə fayda verməsinə deyil, cəmiyyətdə üzdə qalmasına, yaxşı yaşamalarına və müəyyən imtiyazlar əldə etməsinə xidmət etməkdən başqa bir şey deyil. Onların qərəzli mövqeyi və Ali Baş Komandan başda olmaqla Azərbaycan Silahlı Qüvvələrinin yenilməz əsgər və zabitlərinin Qələbəsinə kölgə salmaq cəhdləri ilə tanış olduqda ortaya belə bir sual çıxır: Azərbaycan doğurdanmı noyabrın 10-da müharibənin dayandırılması haqqında razılaşma imzalamaqla uduzubmu? Uduzubsa, demək ki, o zaman Ermənistan qalib gəlib, deyilmi? Buna ən obyektiv cavabı Azərbaycan ictimai fikrində yer alan rəylər və şərhlərdə deyil, beynəlxalq aləmdə, ilk növbədə ermənilərin siyasi elitasının mövqeyini göstərən Ermənistan mətbuatında axtarmağa qərar verdim. Ermənistanın “Armenian report” nəşrinin müxbiri Qalust Qriqoryan hadisələrdən dərhal sonra yazır: “...baş verənlərin hesabını yalnız bir adamdan soruşmaq lazımdır – Rusiya prezidenti Vladimir Putindən. Ancaq o, Ermənistanı və Artsaxı (Dağlıq Qarabağı-red.) satıb, Türkiyə -Azərbaycan təxribatının reallaşmasına o razılıq verib, bizim qəhrəmanlarımızın ölümündə o, günahkardır”. Eyni nəşrin digər bir müxbiri Nils Arutunyan isə daha hiddətli və qəzəblə yazır: “Mahiyyətcə Artsax artıq yoxdur – biz üç tərəfin sevincinin şahidiyik – Azərbaycan, Rusiya və Türkiyə...Ermənistanın rəhbərliyi bizim hamımızı satdı, göstərdi ki, asanlıqla hər bir erməninin qəlbinə tüpürə bilər. Biz hamımız düşünürdük ki, elə xətt var Nikol Paşinyan onu adlaya bilməz. Heç demə elə bir şey yox imiş. Biz biləvasitə özümüz, şadyanalıqla və özümüzün hazırki rüsvayçılığımızla, hakimiyyəti satqının, qorxağın və əclafın əlinə verdik. O, təkcə öz adını deyil, həm də yeddi arxasını rüsvay etdi. O, bizim hamımızı alçaltdı. Azərbaycan tərəfi toy-bayram edir. Bakının buna səbəbi var. Onlar iki ay əvvəl heç ağıllarına belə gətirə bilmədiklərini əldə ediblər... ... İlham Əliyev özünün çoxsaylı müsahibələrində bizim ordumuzu bizim torpaqlardan çıxartmaqla bağlı Paşinyandan qrafik tələb edirdi və nəticədə bunu aldı! Döyüşsüz, bir güllə atılmadan belə Ağdam rayonu və Azərbaycan Respublikasının Qazax ryonunun bizim nəzarətimizdə olan əraziləri təhvil verilir...” Nils Arutunyan Azərbaycanın işğal altında olan qalan rayonların boşaldılmasının da qrafikinin verildiyini qeyd edərək sual edir: “Ermənistanın Artsaxdan qalan ərazi ilə əlaqəsi Laçın dəhlizi vasitəsi ilə olacaq və bu, artıq hüquqi cəhətdən də itirdiyimiz Şuşaya aid olmayacaq!” Ürəyindən qara qanlar axan erməni müxbiri daha sonra yazır: “Qalır Stepanakert (Xankəndi-rued.). Axı yeni şəraitdə, qələbə dadı damağında qalan və onların yeni bir hərbi təxribat törətməkdən açıq-aşkar çəkinmədiyi halda, orada yaşamağa kim cəsarət edər?! Rusiyanın belə açıq bir xəyanətdən və Türkiyənin güclənməsindən sonra kim orada yaşamağa cürət edə bilər?” Erməni müəllif bildirir ki, əgər Paşinyan Kremlin təzyiqlərinə daha tez, bizim xalqa qarşı hərbi təxribat başlamamışdan tabe olsaydı, ən azından bu qədər itgilər olmazdı, Şuşa və daha iki rayon bizdə qalardı. “Ancaq nəticədə biz nə qazandıq – minlərlə həlak olanlar və rüsvayçı təslim aktı”. Ermənistanın keçmiş müdafiə naziri Seyran Ohanyan isə “168.am” saytına müsahibəsində özünü keçmiş günahlardan sığortalamq üçün də olsa, silahlı qüvvələr rəhbərliyinin təklifi ilə müharibəyə son qoymaq qərarının düzgün olduğunu etiraf edib. “Bununla belə, ordunun deyil, dövlətin məğlub olması birmənalıdır, həmçinin, bunun erməni xalqı üçün çox pis bir sənəd olması da birmənalıdır,”- deyə Ohanyan vurğulayıb. Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin 44 gün böyük qəhrəmanlıqla, heç bir dövlətdən, hətta Rusiyadan belə çəkinmədən ordusuna qətiyyətlə rəhbərlik etməsinin səbəblərindən biri də Cənubi Qafqazda sülhün açarının Azərbaycanda olmasıdır. (ardı var)

Hamısını oxu
Sülhə maneə əsassız iddialardır

2020-ci ildə 44 günlük Vətən müharibəsi başa çatandan sonra Azərbaycan regionda sülh gündəliyinin təşəbbüskarı olaraq Ermənistanla sülh müqaviləsinin imzalanması təklifi ilə çıxış edib. Amma Ermənistan tərəfindən buna adekvat reaksiya verilmədi. Ona görə də Azərbaycan sülh müqaviləsinin əsaslarını təşkil edən beynəlxalq hüququn norma və prinsiplərinə uyğun olaraq 5 prinsip irəli sürüb ki, bunun əsasında da sülh müqaviləsi üzrə danışıqlar prosesinin təşəbbüskarı Azərbaycan olub. Vətən müharibəsi başa çatandan sonra üçtərəfli Bəyanat çərçivəsində Ermənistanın üzərinə düşən bir sıra öhdəliklər yerinə yetirilmirdi. Son 3 il ərzində rəsmi İrəvan Azərbaycanın Qarabağ bölgəsində separatizmi maliyyə, hərbi və digər vasitələrlə dəstəkləməyə davam edirdi. Məhz bu səbəblərdən antiterror tədbirləri qaçılmaz idi. Ötən il sentyabrın 2-də Ermənistan rəhbərliyinin qondarma “Dağlıq Qarabağ respublikası”nın “müstəqilliyi” münasibətilə göndərdiyi təbrik, həmçinin sentyabrın 9-da keçirilmiş dırnaqarası “prezident seçkiləri” sülh prosesinə ciddi zərbə vurmuşdu. Azərbaycan ilə Ermənistan arasında artıq de-fakto sülh mövcuddur. İki ölkənin sərhədində bir neçə aydır sülh şəraiti hökm sürür. Amma bu prosesin məntiqi sonluğa çatdırılması üçün sülh müqaviləsi imzalanmalı və Ermənistanın Azərbaycana qarşı ərazi iddialarına son qoyulmalıdır. Ermənistanın baş naziri Nikol Paşinyan fevralın 1-də ölkəsinin ictimai radiosuna müsahibə verib. Müsahibədə bizim üçün maraq kəsb edən əsas məsələ onun Azərbaycanla münasibətlərin gələcəyi barədə səsləndirdiyi fikirlər, sülh müqaviləsi ilə bağlı aparılan danışıqlara dair baxışları, sərhədlərin delimitasiya və demarkasiya prosesi, o cümlədən Ermənistan konstitusiyası və müstəqillik bəyannaməsi barədə dedikləridir. Paşinyan Qarabağın adı keçən müstəqillik bəyannaməsini sülhə əsas maneə adlandırıb. Bildirib ki, Ermənistanın dövlət siyasəti müstəqillik bəyannaməsinə, Qarabağın və Ermənistanın birləşdirilməsinə əsaslanarsa, bizdə müharibə olacaq və heç vaxt sülh olmayacaq. Ermənistan Konstitusiyasında və digər normativ-hüquqi sənədlərində dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addımdır. Rəsmi Bakını gələcəkdə təhdid yarada biləcək amillər narahat edir. Ermənistanın müstəqillik haqqında Bəyannaməsində Azərbaycanın Qarabağ bölgəsinin Ermənistanla birləşdirilməsinə və Azərbaycanın ərazi bütövlüyünün pozulmasına birbaşa çağırışlar var və bu sənədə istinadlar da Ermənistanın Konstitusiyasında öz əksini tapıb. Həmçinin Ermənistanın digər normativ-hüquqi sənədlərində Azərbaycana qarşı ərazi iddiaları, Ermənistanın qoşulduğu bir çox konvensiyalarda və digər sənədlərdə Azərbaycanın Qarabağ üzərində suverenliyini tanımayan çoxsaylı qeyd-şərtlər mövcuddur. Ermənistanın beynəlxalq məhkəmələrdə Azərbaycana qarşı irəli sürdüyü iddiaların əsasını da Ermənistan tərəfindən Azərbaycanın suverenliyinin və ərazi bütövlüyünün tanınmaması, Qarabağın Azərbaycandan ayrılması kimi məsələlər təşkil edir. Qısa xatırlatma edim ki, Ermənistanın müstəqillik bəyannaməsi 1990-cı il avqustun 23-də qəbul edilib. Bəyannamədə Ermənistan SSR və keçmiş Dağlıq Qarabağ Muxtar Vilayəti ali sovetlərinin 1989-cu il 1 dekabr tarixli “Ermənistan SSR-nin və Dağlıq Qa­rabağın birləşdirilməsi haqqında” birgə qərarına istinad olunur. Sənədin mətnində 1915-ci ildə Osmanlı imperiyasında ermənilərin, guya, soyqırımına məruz qalmasından da bəhs olunur. Həmçinin, 1915-ci il hadisələrinin beynəlxalq aləmdə “soyqırımı” kimi tanınmasına çağırış edilir. Birsözlə, bəyannamədə Azərbaycana və Türkiyəyə birbaşa ərazi iddiası öz əksini tapıb. Ermənilərin 1995-ci il iyulun 5-də referendum yolu ilə qəbul olunmuş konstitusiyasının preambulasında isə müstəqillik bəyannaməsinə istinad olunur. Yola saldığımız həftə Prezident İlham Əliyev Parlamentlərarası İttifaqın Baş katibi Martin Çunqonqu qəbul edərkən bir daha vurğuladı ki, yalnız əsassız iddialara son qoyulduğu, Ermənistan Konstitusiyasında və digər normativ hüquqi sənədlərdə dəyişikliklər edildiyi halda sülhə nail oluna bilər. Ermənistanda bunun tez bir vaxtda həyata keçirilməsinin vacibliyini bildirən Prezident İlham Əliyev vurğuladı ki, hazırda Ermənistanda bu mövzuda ölkədaxili müzakirələrin başlanması müsbət addım kimi qiymətləndirilir və bu, sülh prosesinin tezliklə yekunlaşdırılması üçün yaxşı imkan yarada bilər. Rəsmi İrəvan gerçəkdən sülh müqaviləsinin imzalanmasını istəyirsə, bu addımları atmalıdır.  Ermənistan qonşularla süh, əmin-amanlıq şəraitində yaşamaq istəyirsə,  Azərbaycana qarşı ərazi iddialarını hüquqi müstəvidən yığışdırmalı, sülh müqaviləsini imzalamalı, iqtisadiyyatının inkişafı üçün regionda nəqliyyat kommunikasiyalarının açılmasının verəcəyi faydalardan yararlanmalıdır.  Məşhur Məmmədov Milli Məclisin deputatı  

Hamısını oxu
General-mayor İsgəndər Allahverdiyev – 75!

Sabah  Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının ilk komandanı, Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasının sabiq rəis müavini, Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyətinin üzvü general-mayor İsgəndər Allahverdiyevin 75 illik yubileyidir. Məlumat üçün qeyd edək ki, İsgəndər Allahverdiyev 1947-ci il fevralın 11-də Bakıda anadan olub. 1991-ci ilin dekabrın 16-da yaradılan Dövlət Sərhədlərinin Mühafizə Komitəsinin sədri olub. Müstəqil Azərbaycanın Sərhəd Qoşunlarının ilk komandanı olan İsgəndər Allahverdiyev Dövlət Təhlükəsizliyi Xidmətinin Heydər Əliyev adına Akademiyasında çalışıb, peşəkar kadrların hazırlanması prosesində yaxından iştirak edib. İsgəndər Allahverdiyev Sərhəd Qoşunlarının ilk komandanı kimi müstəqil və demokratik dövlətimizin bərpa edildiyi mürəkkəb tarixi şəraitdə bu qoşunların yaradılması üçün böyük əmək sərf etmiş, dövlət sərhədlərinin etibarlı mühafizəsini və təhlükəsizliyini tam təmin edilməsində yüksək peşəkarlıq göstərmişdir. Dövlət və xalq qarşısındakı tarixi xidmətlərinə görə İsgəndər Allahverdiyev Ulu öndər Heydər Əliyev və Prezident Prezident İlham Əliyev tərəfindən müxtəlif orden və medallarla təltif olunmuşdur. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti bu əlamətdar gün münasibəti ilə general İsgəndər Allahverdiyevi təbrik edir, ona uzun ömür, möhkəm cansağlığı arzulayır.  

Hamısını oxu