Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“27 sentyabr böyük zəfərə yolçuluğun başlanğıcı, xalqın özünütəsdiq günüdür”

Səmyar Abdullayev: “Bu zəfər sadəcə ordumuzun deyil, ruhumuzun, mənəviyyatmızın, həmrəyliyimizin zəfəridir”

 

Bu gün 27 sentyabr – Anım Günüdür.

 

Veteran.gov.az olaraq Azərbaycan Gözdən Əlillər Cəmiyyətinin sədri Səmyar Abdullayevlə söhbətimizdə bu tarixi günlə bağlı bəzi məqamları şərh etməyə çalışdıq.

 

-Səmyar bəy, bu gün 27 sentyabr Anım Günü, habelə Vətən müharibəsinin başlanmasının birinci ildönümüdür. Bu günü və onun xalqımızın taleyi baxımından əhəmiyyətini necə dəyərləndirərsiniz?

 

-27 sentyabr 30 illik erməni işğalına son qoyan Vətən mühribəsinin başlandığı gündür. Məhz bu gün şanlı Azrbaycan ordusu Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında əks-hücuma keçərək işğaldakı torpaqlarımızın azadlığı uğrunda hərbi əməliyyatlara başlayıb.

 

27 sentyabr həm də xalqımızın mənəvi birlik günüdür. Çünki bu gün bütün xalq Azərbaycan ordusu, Azərbaycan prezidenti ətrafında bir nəfər kimi birləşərək erməni faşizminə qarşı mübarizəyə qalxıb, işğaldakı torpaqlarımızın azadlığı üçün ruhi-mənəvi, maddi-fiziki baxımdan fədakarlıq sərgiləyib. Məhz bu gündən etibarən 44 gün ərzində 3 minə qədər vətən övladı öz həyatını ərazi bütövlüyümüz uğrunda qurban verib, öz qanı hesabına Azərbaycan tarixinin ən böyük zəfər salnaməsinə imza atıb. Elə buna görə də Prezident İlham Əliyev 2020-ci il 2 dekabr sərəncamı ilə 27 sentyabr tarixini şəhidlərin müqəddəs xatirəsinə ehtiram əlaməti olaraq Anım Günü elan edib.

 

27 sentyabr tarixi müəqddəs gündür. Azərbaycan xalqı hər zaman bu günü dərin ehtiram hissi ilə qeyd edəcək, bizə bu böyük qələbəni bəxş edən qəhrəmanlar daim sevgi hissi ilə yad olunacaq.

 

-Vətən müharibəsi Azərbycan ordusunun gücü, qüdrəti ilə yanaşı, daha hansı həqiqətləri ortaya çıxardı?

 

-Vətən müharibəsi və ölkəmizin bu müharibədəki qalibiyyəti Azərbaycan ordusunun qüdrəti ilə yanaşı, daha bir neçə gerçəkliyi əyani surətdə sübut etdi. Bu müharibə hər şeydən öncə Azərbaycan xalqının öz prezidentinə, ordusuna olan dərin inamını ortaya qoydu. Ölkə başçısının çağırışı ilə bütün xalq bir nəfər kimi ayağa qalxdı. Hər kəs öz sahəsində qələbəmizə töhfə vermək, ordumuzun uğuruna kömək etmək üçün əlindən gələni etdi ki, bu da tarixi zəfərimizi sürətləndirdi.

 

Bu müharibə həm də Azərbaycanın iqtisadi gücünün nümayişi oldu. Çoxlu sayda qlobal və regional layihələr həyata keçirən, neft sektoru ilə yanaşı, həm də qeyri-neft sektorunun inkişafı istiqamətində ciddi addımlar atan, çoxşaxəli iqtisadiyyatın formalaşmasına nail olan Azərbaycan, iqtisadi potensialından hərbi hədəflərinə çatmaq üçün də uğula istifadə etdi. Təsəvvür edin ki, nə müharibə, nə də post-müharibə dönəmində Azərbaycanda heç bir sosial layihə təxirə salınmadı. Əksinə, müharibədən dərhal sonra işğaldan azad edilən ərazilərdə böyük qurucluluq işlərinə start verən dövlətimiz, bununla həqiqi iqtisadi gücə malik olduğunu isbatladı.

 

Müharibə həm də Azərbaycan xalqının humanist, nəcib xarakterini, bəşəri dəyərlərə olan həssas münasibətini də bütün dünyaya bir kəs daha nümayiş etdirdi. Müharibə dönəmində bir dəfə də olsun düşmənin mülki obyektlərinə zərbə endirməyən, mülki vətəndaşlarına xəsarət yetirməyən Azərbaycan ordusu, sırf hərbi hədəfləri məhv etməklə sadəcə işğlçılara, hərbi təcavüzkarlara qarşı mübarizə apardığının mesajını verdi. Halbuki, 44 günlük Vətən müharibəsində erməni faşizmi Azərbaycanın bütün iri şəhərlərini raket zərbələrinə məruz qoymaqla, onlarla mülki insanın qətlinə imza atdı. Ölkəmizə qarşı ağır hərbi cinayətlər törədən Ermənistanın vəhşiliyi fonunda Azərbaycan əsgərinin humanizmi xalqımızın necə böyük, dərin və ülvi dəyərlərə sahib olduğunu gözlər önünə sərdi. Başqa sözlə desək, Azərbaycan xalqı öz humanizmi ilə də erməni faşizmini məğlub etdi, onun bütün dünyada ifşasını həyata keçirdi.

 

-Səmyar bəy, heç kimə sirr deyil ki, müharibə dönəmində Azərbaycan bəzi dövlətlərin ədalətsiz münasibəti ilə qarşılaşdı, ciddi təzyiqlərlə üz-üzə gəldi. Lakin buna baxmayaraq, xalqımız və dövlətimiz öz məqsədinə doğru əminliklə irəliləməyi bacardı. Sizcə ölkə başçısının bu təzyiqlər, ədalətsizliklər fonunda sərgilədiyi davranış necə xarakterizə oluna bilər?

 

-Təbii ki, Azərbaycanın işğaldakı torpaqlaırnı azad etmək üçün ayağa qalxması, öz hərbi gücündən istifadə edərək məlum problemi həllinə çalışması sadəcə Ermənistanı deyil, ona dəstək olan, havadarlıq edən dövlətləri, bəzi mərkəzləri də ciddi narahat edirdi. Buna görə də onlar ölkəmizin ünvanına həqiqətə uyğun olmayan fikirlər səsləndirir, böhtanlar yağdırırdı. 30 illik erməni işğalına görə bir dəfə də olsun səsini çıxarmayan, erməni faşizminin törətdiyi vəhşiliklərə etiraz etməyən qüvvələr, Azərbayanı müharibə tərəfdarı olan dövlət kimi təqdim edir, Vətən müharibəsinin mahiyyəti ilə bağlı yalan və əsassız fikirlər sədləndirirdi. Məhz belə bir çətin və mürəkkəb situasiyada Prezident İlham Əliyev böyük siyasi qətiyyət və cəsarət sərgilədi. Müharibə ərzində dünyanın qabaqcıl media orqanları və televiziyalarına müsahibələr verən Ali Baş Komandan  öz məntiqli çıxışları, dəmir arqumentləri ilə ölkəmizə yönəlik bütün məkirli niyyətləri ifşa etdi. Prezident İlham Əliyev təkzibolunmaz faktlar əsasında göstərdi ki, bu qarşıdurmanın memarı Ermənistandır və problemin müharibə yolu ilə həllinə görə də bütün məsuliyyət məhz işğalçı dövlətin üzərinə düşür.

 

Rayonlarımız, yaşayış məntəqlərimiz işğaldan azad olunduqca həmin ərazilərdə çəkilən görüntülər, videomateriallar erməni vandallarının bu ərzilərdə necə böyük vəhşiliklər törətdiyini bir kəs daha ortaya qoydu. Bu görüntüləri beynəlxalq media platformasında təqdim edən Azərbaycan sübut etdi ki, işğal etdiyi torpaqların onlara məxsusluğunu iddia edən Ermənistan nəinki 30 il ərzində bu torpaqlarda heç nə tikib-yaratmayıb, əksinə, hər şeyi dağıdıb, məhv edib. Azərbaycan bütün dünyaya sübut etdi ki, erməni faşizmi sadəcə insanlığa deyil, həm də təbiətə, daşa, torpağa, ağaca – hər şeyə və hər kəsə düşməndir. Məhz Prezident İlham Əliyevin qətiyyəti, media və diplomatik müstəvidə ortaya qoyduğu inamlı mübarizə, xalqımızın səsini bütün dünyaya parlaq şəkildə çatdırmaq bacarığı Ermənistan və onun himayədarlarını böyük ölçüdə tərk-silah etdi. Erməni yalanları, dezinformasiya xarakterli məlumatlar ifşa olundu.

 

Əminəm ki, illər, əsrlər bundan sonra da Ali Baş Komandanın sadəcə hərbi müstəvidə deyil, həm də diplomatik və media müstəvisində sərgilədiyi əzm və prinsipiallıq, mübarizə ruhu qürur hissi ilə xatırlanacaq, böyük sevgi, ehtiram hissi ilə yad ediləcək, tarixin yaddaşında əbədi yaşayacaqdır.

 

Seymur ƏLİYEV

2021-09-27 08:00:00
388 baxış

Digər xəbərlər

“Gənclərimiz milli, mənəvi dəyərlərimizə sadiq olmalıdırlar”

Mənəvi Dəyərlərin Təbliği Fondu yarandığı gündən etibarən gənclərlə bağlı bir sısa mühüm layihələrə imza atıb ki, bunlardan da biri yay məktəblərinin təşkil edilməsi, tələbə gənclərin bu layihələr əsasında regionlara səfərinin təşkil olunması, onların həmin ərazidəki maddi-mədəniyyət nümunələri, qəhrəmanlıq abidələri ilə tanış edilməsi, şəhdilərimiz, onların döyüş yolu haqqında məlumatlandırılması, qəhrəmanlarımızın təbliğ edilməsidir. Təsadüfi deyil ki, Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi bu layihə ölkəmizin ictimai-siyasi xadimləri, ziyalıları, veteranlar təərfindən də təbliğ edilməkdə, alqışlanmaqdadır. Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Mənəvi Dəyərlərin Təbliği Fondunun həyata keçirdiyi bu layihəni yüksək qiymətləndirdiyini vurğuladı: “Hesab edirəm ki, gənclərimizlə bağlı bu cür layihələrin həyata keçirilməsi, onların dünyagörüşünün, tariximizlə bağlı məlumat və biliklərinin artırılması, xüsusilə də şəhidlərimizin, Milli Qəhrəmanlarımızın gənclər arasında təbliği olduqca faydalı və müsbət bir addımdır. Biz qəhrəmanlarımızı - şəhidlərimizi tanımalı, onlara, eləcə də şəhid ailələrinə daim hörmət və ehtiram göstərməli, şəhdilərimizin qəhrəmanlıqlarından örnək almalıyıq. Qarabağ uğrunda həyatını itirən, şəhid olan insanlar, onların ailələri həm Azərbaycan Respublikasının prezidenti İlham Əliyevin, həm əlaqədar dövlət qurumlarının, həm də ictimaiyyətin diqqət və qayğı ilə əhatə olunublar. Bu baxımdan gənclərimizin də milli ruhda, mənəvi dəyərlərimizə sədaqət ruhunda tərbiyyə edilməsini təqdirə layiq hesab edirik. Şəhidlərimizin gənclər arasında təbliğatının həyata keçirilməsi olduqca vacibdir. Onların qəhrəmanlığı gənclərimizin yaddaşına həkk olunmalı, gənclərimiz atalarının, babalarının qəhrəmanlıqlarını təkrarlamağa hazır olmalıdırlar. Mübariz kimi, Fərid kimi qəhrəmanlar buna nümunədir. Bu baxımdan gənclərimizin bu cür layihələrə cəlb edilməsi, onların tarixi qəhrəmanlıq abidədələri ilə tanış edilməsi, şəhidlərimiz və onların döyüş yolu, etdikləri qəhrəmanqlıqlar haqqında məlumatlandırılması, şəhid məzarlarının ziyarət edilməsi olduqca önəmlidir. Mən bunu faydalı və sözün həqiqi mənasında gərəkli bir iş hesab edir, bu layihənin təşkilatçılarına uğurlar arzulayıram. Respublika Veteranlar Təşkilatı bu vətənpərvərlik missiyasını dəstəkləyir, hər zaman bu və bunun kimi layihələrə köməkliyini göstərməyə hazırdır.”   Seymur ƏLİYEV

Hamısını oxu
Soltan Hümmət oğlu Əzizov-100

Vətənə layiqli xidmətin nümunəsi   Doğrudur, vəzifə insanların potensial imkanlarının, ağıl və qabiliyyətinin üzə çıxmasında, tanınmasında, xətir-hörmət, nüfuz sahibi olmasında mühüm faktora, münbit zəminə çevrilə bilər. Elə adamlar var ki, uzun illər yüksək vəzifə, səlahiyyət sahibi olsalar da, həyatdan köçəndən sonra unudulur, adları çəkiləndə kimsə bir şey xatırlamır, ad bir şey demir. Adlar da var ki, üstündən on illər keçsə də, xalqın yaddaşından silinmir, haqqında danışmağa kifayət qədər söz tapılır. Ötən yüzillikdə yaşamış Əzizov Soltan Hümmət oğlu, adı ehtiramla çəkilən, rəhmətlə anılan, özündən sonra silinməz iz qoyub gedən insanlardandır.   II Dünya müharibəsində iştirak edən yüz minlərlə azərbaycanlı oğullarından biri də döyüşlərdə qəhrəmanlıq zirvəsinə yüksələn həmyerlimiz, odlu- alovlu döyüşlərdən keçib sağ-salamat doğma yurduna -  qədim mədəniyyət, həmçinin sənətkarlıq mərkəzi olan Şəki rayonuna alnı açıq, başı uca qayıdanlardan biri də diviziya komandirinin müavini Soltan Hümmət oğlu Əzizovdur. Onun II Dünya müharibəsi döyüşlərinin canlı əfsanəsi olduğunu desək heç də yanılmarıq.     1920-ci ilin 18 dekabr tarixində Şəki şəhərində anadan olan Əzizov Soltan Hümmət oğlu orta məktəbi müvəffəqiyyətlə bitirdikdən sonra kənd təsərrüfatı texnikumunu oxuyub başa vurmuş və Şəki rayon Böyük Dənhə kəndi kolxozunda sahə aqronomu kimi ilk əmək fəaliyyətinə başlamışdır.   1939-cu ildə hərbi xidmətə getmiş, İkinci dünya müharibəsi başlanan ilk aylardan diviziya komandirinin müavini kimi döyüşlərə atılmışdır. S.Əzizov Belarusiya Respublikasının Brest, Kursk, Oryol və digər şəhərlərdə tabeçiliyində olan əsgər və zabitlərlə birlikdə böyük döyüş şücaəti göstərmişdir.   İgidliyi dillər əzbəri olan Soltan Əzizov komandanlıq tərəfindən dəfələrlə mükafatlandırılmış, SSRİ-nin orden medalları ilə, yəni “Qırmızı ulduz” ordeni, 1-ci və 2–ci dərəcəli Böyük Vətən Müharibəsində xidmətlərinə görə medalları ilə təltif edilmişdir. Kenşperqin, Berlin və başqa şəhərlərin alınmasında əvəzsiz qəhrəmanlıqlar nümayiş etdirən azərbaycanlı zabit, qızğın döyüşlərdə ayrı-ayrı vaxtlarda bir neçə dəfə yaralanmış və müalicə aldıqdan sonra yenidən döyüşə girmişdir.   S.Əzizov rəhbərlik etdiyi diviziyanın çoxmillətli döyüşçüləri ilə birlikdə almanlara deyil, faşistlərə, işğalçılara, düşmənlərə nifrət bəsləyən, onları öz döyüş meydanlarında və nasistlərin yuvasında məhv edərək, Azərbaycan oğlu olaraq xalqımızı qürurlandırmışdır.   Qəhrəmanımız öz əsgərlərini təlimatlandıraraq göstərişlər verir və deyərdi ki, sabah dava başlasa, döyüş əmrini alsanız, gərək ona bu gündən tam hazır olasınız.   S.Əzizov 1946-cı ildə ordudan təxris olunmuşdur. Müharibədən sonrakı illərdə həyatını Azərbaycanın inkişafına, çiçəklənməsinə həsr edən Soltan müəllim, gözəl ailə başçısı olmaqla bərabər, eyni zamanda böyük bir nəslin ağsaqqalı kimi də yaddaşlara həkk olunub.   1946-cı ildən 1953-cü il tarixinədək respublikamızın şimal-qərb ərazisində yerləşən, öz mədəniyyəti, sənətkarlığı, ziyalılığı ilə sayılıb seçilən ölkəmizin yüngül sənaye və kənd təsərrüfatı məhsulları ilə təchiz olunmasında xeyli rolu olan Şəki rayonunun Partiya Komitəsində birinci katib vəzifəsində çalışmışdır.   Nümunəvi rəhbərliyi və çalışqanlığı, həmçinin yaradıcı və mübarizliyi ilə o vaxtkı respublika rəhbəri Mircəfər Bağırovun diqqətini çəkmiş və Soltan Hümmət oğlu Əzizovun daha irəli çəkilməsi məqsədi ilə o, Mərkəzi Komitənin təşəbbüsü ilə Moskva Ali Partiya Məktəbinə təhsilini davam etdirməyə göndərilmişdir.   1953-1956-cl illərdə SSRİ-nin paytaxtı Moskva şəhərində Ali Partiya Məktəbində təhsilini fərqlənmə ilə bitirdikdən sonra Soltan Hümmət oğlu Əzizov Azərbaycan Komunist Partiyası Mərkəzi Komitəsində məsul vəzifəyə - birinci katibin köməkçisi vəzifəsinə təyin edilməklə MK-nin inzibati orqanlar, plan-maliyyə və ticarət şöbəsinə rəhbərllik etmişdir.   Azərbaycan dövlətinin diqqət və qayğısı əhatəsində müvəfəqiyyətlə üzərinə düşən vəzifəni layiqincə icra edən Soltan Əzizov, 1962-1966-cı illərdə respublikamızın Ağdam və Sabirabad rayonlarında  məsul vəzifələrdə - Partiya Komitələrinin birinci katibi vəzifəsində çalışmış və həmin rayonların aqrar sahədə inkişaf etməsində və zəhmətkeşlərin rifahı və yaşayış tərzinin inkişafında böyük əhəmiyyətli işlər həyata keçirərək xalqın rəğbətini qazanmışdır.   Xalqımızın böyük bacarığa, zəkaya malik, hətta II Dünya müharibəsində diviziya komandirinin müavini olaraq döyüşlərdə şücaət göstərərək düşməni Berlinə kimi qovub, öz yuvasında məhv edərək, rəşadət göstərməklə Azərbaycan dövlətinin və millətimizin başını uca edən Soltan Hümmət oğlu Əzizov, 1966-cı ildə bacarıqlı, təşkilatçı və tələbkar, həmçinin, yüksək ixtisaslı kənd təsərrüfatı mütəxəssisi, xalqını sevən ləyaqətli, işgüzar kadr kimi respublika əhəmiyyətli işə irəli çəkilmişdir. 1982-ci ilədək demək olar ki, 16 ildən çox müddətə, əvvəl Azərbaycan Respublikası Meyvə-tərəvəz, çay subtropik bitkilər üzrə Dövlət Komitəsinin sədri, sonra sovxozlar naziri və respublika tədarük naziri vəzifələrində çalışmışdır. Qeyd olunan komitə və nazirliklərin inkişaf etdirilməsində, respublikamızın iqtisadiyyatının və kənd təsərrüfatının yüksəldilməsində, həmçinin, daha da irəli getməsinə böyük əmək sərf etmiş, durmadan çalışmışdır.   S.Əzizovun xidmətləri Azərbaycan dövlətinin diqqət və qayğısı əhatəsində yüksək qiymətləndirilmiş, Lenin ordeni, üç dəfə Qırmızı Əmək Bayrağı ordeni, Şərəf Nişanı ordeni və bir çox medallarla təltif edilmiş, eyni zamanda, Azərbaycan Respublikası Ali Sovetinin deputatı və Azərbaycan KP.MK-nin üzvü seçilmişdir.   Keçən əsrin 1941-1945-ci illəri, həmçinin II Dünya müharibəsindən sonrakı illəri Azərbaycan xalqının tarixinin parlaq səhifələridir. İndiki nəsillər bu illəri hörmət və ehtiramla yaxşı xatırlayırlar. O dövrün insanlarını -  həm ön cəbhədə əlində silahla vuruşan, həm də arxa cəbhədə misilsiz əməyi ilə çalışan insanları daima yada salmaqla, gənc nəsillər vətənpərvərlik ruhunda tərbiyə edilir, onlarda ülvi hislər və dəyərlər formalaşdırılır.   Soltan Hümmət oğlu Əzizov 1946-1953-cü illərdə məsul vəzifələrdə çalışdığı dövürlərdə belə, Mircəfər Bağırovun ən hirsli-hikkəli vaxtlarında sözünü eşidib məsləhətini dinlədiyi, hər zaman dəyər verdiyi tək-tük adamlardan idi, onun məhkəməsində də haqsız yerə üzünə durmayanlardan biri olub. Moskvanın bir çox antiazərbaycan planlarına qarşı dayanıb. Reallaşmasına qol qoymayıb.   Onun xatirələr toplusunu vərəqlədikdə nəcib insan, dəyərli vətəndaş, bacarıqlı təşkilatçının obrazı gözlərimiz önündə canlanır. Soltan Əzizovun mübarizlik, professionallıq, təvəzokarlıq onun xarakteri idi.   Soltan Əzizov rəhbər vəzifələrdə işlədiyi müddətdə, öz xalqına diqqətlə yanaşan, ədalətsizlikdən uzaq, xeyirxah, gözü, könlü tox, təmiz insan olub. Xeyirxahlıq onun ömür kredosu  idi.   Aqillərin söylədikləri kimi, həyatdan kam alan, həyatı dərk edən insanları sevənlər kamil sayırlar, yalnız belə adamlar sadəliyin təbəssümüdürlər. Belə insanlara etibar etmək, bel bağlamaq olar. Məhz onlar hər kəsə yararlı və səmimi insanlardır.   Həqiqətən də, II Dünya müharibəsi iştirakçısı, diviziya komandirinin müavini, rəşadətli, cəsur və qorxmaz zabit görkəmli dövlər xadimi, ictimai xadim S.Əzizov həmin insanlardandır.   Ahıl yaşlı olmasına və 1-ci qrup müharibə əlili olmasına baxmayaraq, Soltan Hümmət oğlu Əzizov təqaüdə çıxdıqdan sonra da respublikasımızın ictimai-siyasi həyatından kənarda qalmayıb. Azərbaycan Respublikası Ağsaqqallar Şurasının üzvü, “Qayğı” cəmiyyəti sədrinin birinci müavini və Respublika Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının Rəyasət Heyətinin üzvü olmuşdur. Qeyd olunan ictimai təşkilatların keçirdiyi tədbirlərdə yorulmadan və fəal iştirak etmişdir.   Soltan Əzizov vətəni Azərbaycana, o cümlədən doğulduğu Şəki şəhərinə,  xalqına, yaxınlarına bağlı bir insan idi. O, yay vaxtı əksər aylarda istirahətini anadan olduğu Şəki şəhərində, yaxınlarının, cəbhə yoldaşlarının yanında keçirir, rayonun inkişafı baxımından müxtəlif beynəlxalq-mədəni tədbirlərinin keçirilməsinə sevinir, hər kəsə fəaliyyətində yeni-yeni uğurlar əldə etməsini arzulayırdı.   II Dünya müharibəsi iştirakçısı, respublikamızın kənd təsərrüfatının qocaman təşkilatçılarından biri, görkəmli dövlət xadimi, ictimaiyətçi, üzündən xeyrxahlıq və təbəssüm əksik olmayan sadə və qayğıkeş insan,  dostlarının xeyr-şərindən qalmayan Soltan Hümmət oğlu Əzizov uzun sürən ağır xəstəlikdən sonra 2009-cu ildə 89 yaşında vəfat etmişdir.   Soltan Əzizov özündən sonra təmiz, ləkəsiz ad-san qoyub gedib, vəzifəsinin, nüfuzunun imkanı daxilində xalq, dövlət üçün yaxşı nə mümkün olubsa edib, cəmiyyətə dəyərli övladlar bəxş edib, təqaüdə çıxandan sonra da yaşadığı ömrə və XX əsrin əvəllərində Dağlıq Qarabağda  baş verən hadisələrə, tarixi həqiqətlərə güzgü tutan, Ağdam , Xankəndi, Xocalı, Tuğ, Malıbəyli, Kərcicahan, Kosalar, Gülablı kəndlərində  və ətraf kənd və rayonlarda erməni daşnaqlarının onlara qucaq açan, torpaq və çörək verən Azərbaycan xalqına, xüsusilə Dağlıq Qarabağda yaşayan soydaşlarımıza qarşı törətdikləri naqislik və düşmənçilik, həmçinin vəhşiliklər barədə öz xatirələrini yazıb. S.Əzizovun ən böyük arzusu torpaqlarımızın geri qayıtması ölkəmizin ərazi bütövlüyünün təmin olması idi.   Şəki rayon Müharibə, Əmək, Hüquq-mühafizə və Silahlı Qüvvələr Veteranlar Təşkilatının təşəbbüsü ilə 2015-ci ildə Soltan Əzizovun anadan olmasının 95-ci il dönümü münasibətilə qədirbilən dövlətimiz, xüsusilə Şəki Rayon İcra Hakimiyyətinin rəhbərliyi tərəfindən görkəmli dövlət xadimi, daima xalqına bağlı olan II Dünya müharibəsi veteranı Soltan Hümmət oğlu Əzizovun xatirəsini əbədiləşdimək məqsədilə onun doğulduğu və yaşadığı evə xüsusi  lövhə asılmış, həmçinin Şəki şəhərində yerləşən əsas küçələrdən birinin onun adına verilməsi rayon rəhbərliyi tərəfində rəsmiləşdirilmişdir.   Artıq Qəhrəmanımızın anadan olmasının 100 ili tamam olur. Bugün də Şəki rayonu ərazisində pandemiyanın qanunları çəçivəsində Soltan Hümmət oğlu Əzizovun xatirəsi yad edilməklə, ictimaiyətin nümayəndələrinin daima diqqətində saxlanılmaqdadır.   Soltan Əzizovun anadan olmasının 100 illiyi münasibətilə yazdığım bu kiçik yazını şair Məmməd Rahimin iki misrası ilə bitirmək istəyirəm. Bu iki misra gözəl əməllər yadigar qoyub dünyadan köçənlərə aiddir. O cümlədən, Soltan Əzizova...   Yarat, sən köçəndə ellər söyləsin: Dünyadan nə gözəl bir insan gedir.   Soltan müəllim Əzizov bir dövlət xadimi, həmçinin xalqımızın, nəslin ağsaqqalı olmaqla yaddaşlara həkk olunub. Həmişə hörmətlə xatırlanır. Şəki xalqı onunla həmyerli olaraq fəxr edir. Ruhu şad olsun, qəbri nurla dolsun.   Şəki rayon Veteranlar Təşkilatının çoxsaylı üzvüləri adından və şəxsən öz adımdan görkəmli dövlət xadimi, xalqın sevimlisi, II Dünya müharibəsi veteranı Soltan Hümmət oğlu Əzizova layiq  olduğu qiyməti vaxtında verən, onun xatirəsini əbədiləşdirən ölkə başçısına və Şəki Rayon İcra Hakimiyyətinin rəhbərliyinə, zəhməti keçən bütün əməkdaşlara dərin hörmət və ehtiramımızı bildiririk.   Şəki rayon Müharibə Əmək, Hüquq-Mühafizə və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədr müavini, istefada olan zabit Vaqif Əhmədov  

Hamısını oxu
ŞƏRƏFLİ YOLUN YOLÇUSU, GENERAL POLKOVNİK TOFİQ AĞAHÜSEYNOV

Dünya bir pəncərədir hər gələn baxar keçər. Bu dünya pəncərəsindən hər kəs baxıb keçir, amma bu illəri kim necə yaşayır bax bu hər zaman sual doğurur. Görəsən hər kəs yaşadığı ömür yoluna baxarkən özünə hesabat verə bilirmi? Yaşadığı sürəcə nələr etdi, həyatdan köç edərkən necə xatırlanacaq sualını özünə verə bilənlər varmı? Görəsən işinin profesionalı, vətənsevər, dövlətə sədaqətli, imanlı və s. müsbət xüsusiyyətləri özündə cəm edən insanlar tanıyırıqmı? Bu gün oxucularıma söz açacağım insan məhz saydığım bir çox müsbət xüsusiyyətləri özündə cəm edən, Azərbaycanın canlı əfsanələrindən biridir. Uzun illər şərəfli bir yolun yolçusu olan hər zaman sədaqətlə dövlətçiliyə xidmət edən, əməlləri və addımları ilə gənc nəslə örnək olan ali bir insandan söz açacağam. Bu şərəfli yolun yolçusu kimdir? Canlı bir əfsanə, Ümummilli Lider Heydər Əliyevlə çiyin-çiyinə çalışan, 7 il şəxsi müşaviri vəzifəsini daşıyan, şanlı əfsanənin şahidi olan Respublika Veteranlar Təşkilatının sədri General-polkovnik Tofiq Ağahüseynovdur. Onunla görüşümüz zamanı müsahibəmiz çox səmimi keçdi. Mövzumuz gənclər üzərində yeraldı, təməli Ümummilli Liderin onlara olan qayğısıyla başlamışdır. Bu günkü gəncliyi keçmiş sovetlər dönəmində olan gənclərlə müqaisəyə başladır. General polkovnik T. Ağahüseynov yüksək itelektə malik olan gəncliyimizdən söz açaraq dedi: Azərbaycan əhalisinin təqribən üçdəbirini gənclər təşkil edir. O gənclərin xalqına, dövlətçiliyə sədaqətli, vətənpərvər, yüksək mənəvi və əxlaqi keyfiyyətlərə malik olan olduğuna əminəm. Onlar Azərbaycanın ictimai-siyasi həyatında, müxtəlif sahələrdə uğurlar qazanırlar. Azərbaycanda müasir gənclər siyasətinin əsasını Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulub. Ulu Öndər Heydər Əliyev gənclərin potensialının üzə çıxarılması, onların təhsili, geniş dünyagörüşünə malik vətənpərvər insanlar kimi yetişməsinə mühüm əhəmiyyət verirdi. Ümummilli Lider ölkənin inkişafında gənclərin iştirakını zəruri sayır, onları mühüm vəzifələrə irəli çəkirdi. Gənclər Günü MDB məkanında və Şərqi Avropa ölkələri arasında ilk dəfə Azərbaycanda qeyd olunmağa başlanıb. Ulu Öndər Heydər Əliyev gəncliyə göstərdiyi qayğının təzahürü olaraq, 1997-ci 2-fevral respublikamızda Azərbaycan Gənclər Günü elan olunub. Məhz H. Əliyev gənclərin təşkilatlanmasına, hərtərəfli formalaşmasına şərait yaradıb. Artıq uzun illərdi ki,daim Azərbaycan gənclərinin yanında olan Prezident İlham Əliyev və I Vitseprezident Mehriban xanım Əliyeva gənclərin fəaliyyətinə yüksək diqqət və qayğıyla yanaşması sayəsində fədakarlıq göstərən gənclər müxtəlif mükafatlarla təltif olunurlar. Prezidentin gənclərə göstərdiyi diqqət gənc nəslin bütün mümayəndələrini daha böyük nailiyyətlər əldə etməyə həvəsləndirərək yeni stimul verir. Respublika Veteranlar Təşkilatının, müharibə Vetetanlarının gənc nəsil arasında hərbi vətənpərvərlik tərbiyyəsinin güclənməsində əvəzsiz rolu var. İlk onu qeyd edim ki, Azərbaycan xalqı faşizm üzərində tarixi qələbəyə öz canlarını qurban verərək töhfələr verib. İkinci Dünya müharibəsində keçmiş SSRİ-nin qazandığı tarixi Qələbədə çox böyük rolu olan Azərbaycan xalqı özünün 700 min cəsarətli oğul və qızlarını cəbhəyə yola salıb. Onlardan 300 mindən çoxu döyüşlərdə həlak olub. Böyük Vətən Müharibəsi zamanı göstərdikləri igidliyə görə 123 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək qələbə əldə ermək üçün şanlı yol keçib, yüzlərlə həmyerlilərimiz isə portizan dəstələrinin tərkibində vuruşub. Azərbaycan xalqı hər zaman yenilməzliyini göstərdiyi kimi Alman faşizmi üzərində yüz minlərlə azərbaycanlı canlarından keçdi, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədəkarlıq göstərdikləri də bir tarix olaraq tarixin vərəqlərinə yazıldı. Respublika Veteranlar Təşkilatı mütəmadi olaraq Azərbaycan Təhsil Nazirliyilə birgə tədbirlər keçirir. Məqsəd gənclər arasında vətənpərvərlik tərbiyyəsinin gücləndirilməsi,  Azərbaycanın ərazi bütövlüyünün qorunması yolunda canından keçmiş vətən, xalq qarşısında əvəzsiz xidmətləri olan şəhidlərimizin,  qazilərimizin  tanıdılması,  gənc nəslə onların həyat və fəaliyyətinin örnək olaraq təbliğ olunmasıdır. PS. Genaral-polkovnik Tofiq Ağahüseynov Ulu Öndər Heydər Əliyev irsinə sadiq fəaliyyət göstərən Təşkilatın, Prezident İlham Əliyev tərəfindən hər zaman diqqət və qayğı ilə əhatə olunduğundan söz açdı. General-polivnik gənclərimizə dövlət səviyyəsində göstərilən diqqət və qayğıdan, Azərbaycanın həqiqətlərinin dünyada təbliğində gənclərin rolundan, ölkədə gənclərin təşkilatlanmasından, Azərbaycan gənclərinin ölkə həyatındakı rolundan, onların vətənpərvərliyindən, rəşadət və mərdliyindən danışdı. Gənclərin müxtəlif sahələrdə qazandıqları uğurlardan və qarşıda duran vəzifələrindən söhbət açan Genaral-polkovnik gənclərini vətən sevgisindən, onun müdafiəsindən, işğalçılardan azad etməyə hər zaman hazır olduqlarını da bildirdi. Qarabağ torpaqlarını işğaldan azad etmək üçün canlarını qurban verərək qazi adını qazanan, ali şəhidlik zirvəsinə ucalan minlərlə gənclərin hər biri Azərbaycan gənclərinin bariz nümunəsi olmasıdır. Budur Azərbaycan gəncliyi 74 il bundan öncə Alman faşiminin üzərindəki qələbə kimi, mövzu vətəni qorumaqsa, ölümün gözünə dik baxmağı bacaracaqdır. Almaz İlahə

Hamısını oxu
Cəlil Xəlilov: “Hərbi sirrin qorunması kimliyindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq və vicdan borcudur”

Hərbi sirrin qorunması kimliyindən asılı olmayaraq, hər kəsin vətəndaşlıq və vicdan borcudur. Bunu saytımıza müsahibəsində Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov deyib. Polkovnik bildirib ki, hər bir Azərbaycan vətəndaşı bu həqiqəti daim yadda saxlamalı və öz fəaliyyətində rəhbər tutmalıdır: “Hərbi sirrin qorunması, yayılması qanunla qadağan edilən informasiyaların məxfi saxlanılması Azərbaycan Respublikasının müvafiq qanunlarında ehtiva edilən, aydın və izahlı şəkildə əksini tapan məsələlərdir. Bu, o deməkdir ki, hər hansı hərbi məlumatın yayılması ilk öncə qanunun pozulması, onun tələbinin nəzərə alınmamasıdır. Bu isə heç şübhəsiz qanuni pozan şəxsin müvafiq qaydada məsuliyyətə cəlb edilməsini şərtləndirir. Lakin bu məsələdə qanun faktoru məsələnin sadəcə bir tərəfidir. İşin həm də mənəvi-vicdani tərəfi var ki, bu da qanunu amildən heç də az əhəmiyyət kəsb etmir. Hər bir Azərbaycan vətəndaşı bilməlidir ki, onun yayılması qanunla qadağan edilən informasiyanı yayması adi qanun pozuntusu deyil. Bu, dövlətin təhlükəsizliyinə zərbə vurmaq, insanların həyatını təhlükəyə atmaq deməkdir. Çünki bu cür informasiyalardan Azərbaycana düşmən olan qüvvələr də bəhrələnir ki, bu da təhlükəsizliyimiz üçün ciddi risk və təhdidlər yaradır. Məncə, heç bir azərbaycanlı istəməz ki, onun ehtiyatsızlığı və ya məsuliyyətsizliyi səbəbi ilə dövlətimizə, xalqımıza zərrə qədər də ziyan dəysin. Buna görə də, hər bir vətəndaş həm mediada, həm də sosial mediada bu məsələlərə son dərəcə ehtiyatlı yanaşmalı, hərbi sirrin yayılmasına yol verməməlidir”. Polkovnik Cəlil Xəlilov qeyd edib ki, bəzən kimlərsə özünü başqalarından daha məlumatlı şəxs kimi təqdim etməyə çalışır, məhz bu səbəbdən də sahib olduqları informasiyanın mahiyyətini, önəmini dərk etmədən bunu sosial mediada tirajlayırlar: “Bu günədək təcrübə sübut edir ki, media və xüsusilə də sosial mediada yayılması qadağan edilən informasiyaların yer alması bir çox hallarda müəyyən şəxslərin özlərini ətrafdakı adamlara daha informasiyalı şəxs kimi göstərmək istəyi ilə bağlıdır. Yəni bəzi şəxslər belə informasiyaları yaymaqla göstərmək istəyirlər ki, onlar baş verən proseslərdən, onun təfərrüatlarından hər kəsdən daha çox məlumatlıdır və ya onların ciddi mənbələrə çıxışı var. Təəssüflər olsun ki, məhz bu cür yanaşma bəzi hallarda dövlətimizin təhlükəsizliyinə təhdid yaradan informasiyaların yayılmasına səbəb olur. Tövsiyəm ondan ibarətdir ki, hər bir şəxs hansısa məlumatı tirajlamaq istəyərkən öncə atacağı addımın nə dərəcədə qanuni olub-olmadığını, bu addımın dövlətimizin, xalqımızın təhlükəsizliyinə təhdid yaradıb-yaratmayacağını müəyyənləşdirsin. Heç kim unutmasın ki, onun yayacağı hər hansı məlumat dövlətimizin təhlükəsizliyi üçün ciddi təhlükəyə çevrilə, düşmən qüvvələr üçün qiymətli kəşfiyyat məlumatına çevrilə bilər”. “Bu məsələdə hərbi yönümlü qeyri-hökumət təşkilatları (QHT) da maarifləndirmə baxımından ciddi iş aparmalı, dövlətə dəstək olmalıdır: “Təbii ki, bu məsələdə QHT-lər, xüsusilə də hərbi yönümlü vətəndaş cəmiyyəti institutlarının üzərinə də böyük məsuliyyət düşür. QHT-lərimiz cəmiyyət, xüsusilə də gənclər arasında hüquqi maarifləndirmə haqqında geniş iş aparmalı, yayılması qadağan edilən informasiyaların işıqlandırılmasının hansı fəsadlara səbəb ola biləcəyini ətraflı şəkildə izah etməlidir. Hər kəs anlamalıdır ki, bu dövlət, bu xalq hər birimizin dövləti, hər birimizin xalqıdır və onun təhlükəsizliyinə də hər birimiz cavabdehik”, - deyə sədr müavini vurğulayıb.  

Hamısını oxu