Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Abşeron rayonunda şəhid ailələri və qaziləri üçün Novruz şənliyi keçirildi

Veteran.gov.az xəbər verir, Abşeron rayonunda Novruz bayramı ilə əlaqədar olaraq ümumrayon bayram şənliyi keçirilmişdir. Abşeron Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə Xırdalandakı Mədəniyyət Evində baş tutan şənlikdə Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev, hüquq-mühafizə orqanlarının və xidmət təşkilatlarının rəhbərləri, YAP Abşeron Rayon Təşkilatının sədri, şəhid ailələri, qazilər və rayon ictimaiyyəti iştirak etmişdir.

Dədə Qorqud və Bahar qızının iştirtakçıları salamlaması, xeyir-duası, yazın gəlişini müjdə verməsi abşeronluların əhvali-ruhiyyəsinə bayram ovqatı qatmışdır.

Sonra şəhid Elşad Həsənovun oğlu Səid Həsənlinin, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayevin və qazi Vasif Allahverdiyevin iştirakı ilə bayram tonqalı qalanmışdır. Meydanda alovlanan tonqal qədim Oğuz yurdunun bir parçası olan Abşeronda Novruz şənliyinin ən maraqlı məqamlarından biri olmuşdur. Kosa ilə Keçəlin müşayəti ilə müxtəlif mahnılar oxunmuş, xalqımızın birliyinin rəmzi olaraq Yallı rəqsi oynanılmışdır.

Bundan sonra Abşeronun müəllim kollektivlərinin hazırladıqları bayram guşələrinə baxış keçirilmişdir.

Xalqımızın milli–mənəvi dəyərlərini özündə ehtiva edən müxtəlif oyunlar, zarafatlar, ümumtəhsil məktəblərinin novruzun və xalqımızın qədim milli ənənələri ilə bağlı hazırladıqları ədəbi-bədii kompozisiyaları, şerləri, folklor kollektivlərinin maraqlı çıxışları, xalçalar, şagirdlərin əl işlərindən ibarət rəsm sərgiləri, milli mətbəximizin ləziz təamları bayram tədbirinin iştirakçıları tərəfindən rəğbətlə qarşılanmışdır. Milli geyimli qızlar bayram xörəklərini nümayiş etdirmiş, şənlik iştirakçılarını şirniyyata qonaq etmişlər.

Tədbirin rəsmi hissəsində çıxış edən Abşeron Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev şəhid ailələrini və qaziləri Novruz bayramı münasibəti ilə təbrik edərək bildirilmişdir ki, ölkəmizdə Novruz bayramı artıq daha coşqu, daha möhtəşəm qeyd olunur. Azərbaycan Respublikasının Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə Vətən Müharibəsində qazandığımız zəfər xalqımızın başını uca etmiş, 30 il işğal altında olan dədə-baba yurdlarımızda bayram tonqalları qalamaqla nəticələnmişdir. Şəhidlərimizin, qazilərimizin və ümumilikdə ordumuzun sayəsində vətənimizin ərazi bütövlüyü təmin olunmuşdur.

Respublikamızın bütün ərazilərində olduğu kimi Abşeron rayonunda da şəhid ailələrinə və qazilərə böyük diqqət və qayğının göstərildiyini qeyd edən başçı bunun dövlət siyasəti olduğunu vurğulamışdır. Şəhid ailələri və qazilər həyatlarının hər bir anında Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin və Birinci Vitse-prezident Mehriban xanım Əliyevanın qayğısını hiss etməkdədirlər.

Daha sonra Abşeron Ağsaqqallar Şurasının sədri Nadir Ağayev, Vətən Müharibəsi Qəhrəmanı şəhid Veysəl Musibovun anası Səməngül Musibova, şəhid Nurlan Mustafayevin həyat yoldaşı Günay Mustafayeva, YAP Abşeron Rayon Təşkilatının sədri Abbas Əliyev, Vətən Müharibəsi Qəhrəmanı Qəzənfər Ağayev və qazi Vasif Allahverdiyev çıxış edərək Azərbaycan xalqını təbrik etmiş, şəhid ailələrinə və qaziləırə göstərilən diqqət və qayğıya görə cənab Prezident İlham Əliyevə və Birinci Vitse-prezident Mehriban xanım Əliyevaya minnətdarlıqları ifadə etmişlər.

Sonda tanınmış incəsənət xadimləri və Abşeron Mədəniyyət Evinin kollektivi tərəfindən konsert proqramı təqdim edilmişdir.

 

309 baxış

Digər xəbərlər

“Anım Gününün müxtəlif dini icmalar tərəfindən qeyd edilməsi ölkəmizdəki milli birliyin təzahürüdür”

  Azər Badamov: “Fərqli dinlərin və etnik qrupların nümayəndələri Vətən müharibəsində  qəhrəmanlıq salnaməsi yazıb”   “Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti təqdir edilməli, alqışlanmalıdır”.   27 sentyabr Anım Günü respublikamızın hər yerində böyük ehtiram hissi ilə yad edilib.   Anım Günü ilə bağlı diqqət çəkən məqamlardan biri də bu günün qeyri-islam inancına sahib vətəndaşlarımız, dini icmalar tərəfindən də yüksək səviyyədə qeyd edilməsidir.   Xatırladaq ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) və Quba rayonu Qırmızı qəsəbə Dağ Yəhudiləri dini icmasının birgə təşkilatçılığı ilə "Giləki" sinaqoqunda 27 sentyabr - Anım Gününə həsr olunmuş tədbir keçirilib, tədbirdə qəsəbə sakinləri, dövlət qurumlarının nümayəndələri iştirak ediblər.   Bundan başqa, Alban-Udi xristian dini icmasının üzvləri Laçın rayonunda yerləşən "Ağoğlan" məbədində şəhidlərimizin Anım Günü münasibətilə dini ayinlər icra ediblər. Hansı ki, bu tədbir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin nəzdində fəaliyyət göstərən Mənəvi Dəyərlərin Təbliği Fondu nun təşkilatçılığı və maliyyə dəstəyi ilə həyata keçirilib.   Şəhidlərimizin xatirəsinin ölkəmizdəki qeyri-müsəlman dini icmaları tərəfindən də ehtiramla yad edilməsi ölkəmizdə tolerantlıq və multikulturalizmin yüksək səviyyədə öz əksini tapmasının, dinindən asılı olmayaraq ölkəmizdəki bütün vətəndaşların doğma Azərbaycana bağlılığının isbatı sayıla bilərmi? Bütün dini icmalara eyni dərəcədə qayğı və həssaslıqla yanaşan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin bu yöndəki fəaliyyətini necə dəyərləndirilə bilər?   Moderator.az-a açıqlama verən millət vəkili Azər Badamov Anım Gününün müxtəlif dini icmalar tərəfindən qeyd edilməsini ölkəmizdəki milli bilik və həmrəyliklə əlaqələndirib:   “27 sentyabr Anım Gününü dini və etnik mənsubiyyətindən asıllı olmayaraq hamı qeyd etdi, şəhidlərin anaraq xatərəsinə ehtiramını bildirdilər. Anım Günündə müxtəlif dini icmaların ibadət yerlərində şəhidlərin ruhuna dualar oxundu. Ölkəni, vətənini sevən elə bir şəxs olmadı ki, şəhidlərin xatirəsini yad etməsin. Biz mərd oğullarımızn igidliklərini hər zaman xatırlayacağıq, yaddaşlarımızda əbədi yaşadacağıq.   Cənab Prezidentin rəhbərliyi altında ölkəmizdə yüksək milli birlik və həmrəylik formalaşmışdır. 44 günlük Vətən müharibəsində də son dərəcə sarsılmaz və möhkəm olan bu birliyi, bu həmrəyliyi bütün dünya gördü. Müxtəlif dinlərin və etnik qrupların nümayəndələrinin hamısı müharibədə bir nəfər kimi çiyin-çiyinə dayanaraq sinəsini gülləyə verib qəhrəmanlıq səlnaməsini yazıblar. Azərbaycanda yaşayan hər bir kəs, onun etnik və dini mənsubiyyətindən asıllı olmayaraq, öz vətəni ilə fəxr edir, düşmənlərə qarşı amansız mübarizəyə hər zaman hazırdırlar. Dövlətin yürütdyü tolerant və multukural siyasəti sayəsində hər bir kəs özünü qüdrətli ölkənin xoşbəxt vətəndaşı olduğunu hiss edir, Ali Baş Komandanın hər bir tapşırığının can-başla icra etməyinə hər zaman hazırdırlar. Bu baxımdan Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin fəaliyyəti də təqdir edilməli, alqışlanmalıdır”.   Seymur ƏLİYEV

Hamısını oxu
AR Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya Müharibəsi veteranlarının görüşü

07 may 2018-cı il tarixində RVT-nin inzibati binasında Azərbaycan Respublikası Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyevlə İkinci Dünya müharibəsi veteranlarının görüşü keçirilmişdir. Tədbir İkinci Dünya müharibəsi zamanı həlak olanların, Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlanmışdır. Görüşdə, RVT-nin sədri general-polkovnik Tofiq Ağahüseynov, Müdafiə Nazirliyinin və Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar iştirak edirdilər. Tədbiri giriş sözü ilə Respublika Veteranlar Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov açaraq, Müdafiə Nazirliyi rəhbərliyinə hər il veteranları yada saldıqlarına görə təşəkkürünü bildrmiş, İkinci Dünya müharibəsi veteranlarının belə görüşləri yüksək qiymətləndirdiklərini qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara xüsusi qayğı və diqqətindən danışmış, bu münasibətdən bir sıra dövlət təşkilatlarının da nümunə götürdüyünü vurğulamışdır. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev Müdafiə Naziri general-polkovnik Zakir Həsənovun veteranlara salamlarını və təbriklərini çatdıraraq, İkinci Dünya müharibəsinin tarixdə ən qanlı müharibə hesab edildiyini və 1945-ci ilin 9 may gününün tarixə qızıl hərflərlə yazıldığını vurğulamışdır. Qələbə gününün bütün tərəqqipərvər bəşəriyyətin, sülhsevər insanların bayranı olduğunu qeyd edən nazir müavini bu qələbənin əldə edilməsinə Azərbaycanın verdiyi böyük töhfələrdən danışmış, əvəzsiz xidmətlərinə görə veteranlara dərin minnətdarlığını bildirmişdir. K.Vəliyev 9 may qələbə gününün ildən-ilə daha böyük təmtərahla qeyd edildiyini, bunun Ümummilli lider Heydər Əliyevin veteranlara verdiyi böyük dəyərin və diqqətin göstəricisi və nəticəsi olduğunu vurğulamış, hazırda Ali Baş Komandan İlham Əliyev tərəfindən bu siyasətin uğurla davam etdirildiyini bildirmişdir. O, İkinci Dünya veteranlarının, ümumən Respublika Veteranlar Təşkilatının gənclərin hərbi-vətənpərvərlik ruhunda tərbiyə olunmasında xidmətlərindən danışmış, gənclərin torpağına, xalqına sədaqətli insanlar kimi yetişməsi, hərbi xidmətə hazırlanmaları istiqamətində aparılan fəaliyyəti yüksək qiymətləndirmişdir. O, Şuşanın işğalı gününə təsadüf edən bu görüşün növbəti illərdə Şuşada keçiriləcəyinə əminlik ifadə etmişdir. Daha sonra Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun 9 may Qələbə günü münasibətilə imzaladığı əmr veteranların diqqətinə çatdırılmış və həmin əmrə müvafiq olaraq bir qrup İkinci Dünya müharibəsi veteranına pul mükafatı və qiymətli hədiyyələr təqdim edilmişdir. Müdafiə Nazirinin müavini, general-leytenant Kərim Vəliyev hədiyyələri təqdim edərək, bayram münasibətilə veteranları bir daha təbrik etmiş, onlara ən xoş arzularını çatdırmışdır. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov Azərbaycan Respublikasının veteranlara qayğı, problemlərinin daim diqqət mərkəzində saxlanması baxımından MDB məkanında fərqləndiyini qeyd etmişdir. O, Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin veteranlara yüksək münasibətindən onlara qayğıkeşliklə yanaşdıqlarını bildirmişdir. Cəlil Xəlilov alman faşizmi üzərində qələbənin 73-cü ildönünümü ərəfəsində general-leytenant Kərim Vəliyevlə bugünki görüşün baş tutmasının bu qayğının əyani sübut olduğunu bildimişdir. Son günlər İkinci Dünya müharibəsi veteranları ilə ölkənin bir sıra dövlət orqanlarında silsilə görüşlərin keçirilməsinin doğrudan da sevindirici olduğunu qeyd edən Cəlil Xəlilov hazırkı görüşün ənənəvi xarakter daşıdığını və xüsusi əhəmiyyət kəsb etdiyini vurğulamışdır. Hər il alman faşizmi üzərində qələbə günü ərəfəsinə təsadüf edən Müdafiə Nazirliyi rəhbərliyinin İkinci Dünya veteranları ilə görüşləri olduqca səmimi və yaddaqalan olur. Cəlil Xəlilov qeyd etmişdir ki, Azərbaycan ordusunun son dövrlərdəki uğurları ilə qürur duyan veteranlar belə görüşlər zamanı işğal altındakı torpaqlarımızın düşməndən tezliklə azad edilməsi üçün ordumuzun daha da güclənməsi, qələbə əzminin artması istiqamətində təcrübələrini bölüşür, hərbçilərimizə öz fikir və tövsiyələrini çatdırırlar. O, İkinci Dünya veteranlarının xüsusi diqqətlə əhatə olunmalarının zəruriliyini qeyd etmiş, həmçinin, veteranların hər zaman Azərbaycan ordusunun yanında olduğunu, gənc əsgər və zabitlərdə vətənpərvərlik hissinin artırılmasında əvəzsiz xidmət göstərdiklərini vurğulamışdır. Sonda İkinci Dünya müharibəsi veteranları adından Fatma Səttarova və İsmayıl Fərəcov Müdafiə Nazirliyinin rəhbərliyinə və kollektivinə onlara göstərilən diqqət və qayğıya görə minnətdarlıqlarını bildirmiş, işğal altında olan torpaqlarımızın tezliklə azad ediləcəyinə və Azərbaycan Ordusunun parlaq qələbəsinə inamlarını ifadə etmişlər. General-leytenant Kərim Vəliyev veteranlarla xatirə şəkli çəkdirmişdir.

Hamısını oxu
19 yaşlı qazimiz: “Təəssüf edirəm ki, yaralandım, sona qədər döyüşə bilmədim”

Torpaq uğrunda ölən varsa, Vətəndir. Uğrunda ölməyə hazır olduğumuz torpağı düşmən tapdağından vuruşa-vuruşa, qanımız axıdaraq azad etdik. 19 yaşlı Misir Axundov Füzuli-Cəbrayıl istiqamətində gedən döyüşlərdə müharibənin beşinci günündə yaralanıb və ağır şəkildə xəstəxanaya çatdırılıb. Torpaqları işğaldan azad edən müzəffər ordunun hər bir fərdi kimi o da bu döyüşlərdə iştirak etməyindən qürur və fərəhlə danışır. Tək təəssüf etdiyi məqam isə bu şanlı mübarizədə axırıncı günə kimi iştirak edə bilməməsi, əsgər yoldaşlarının yanında olmamasıdır.  Elcan Vahabzadə də torpaqlarımızın azadlığı uğrunda canından keçməyə hazır olan gənclərdəndir. Döyüşlər başlayan vaxt o, Gölgöldəki hərbi hissədə 3 ay idi ki, xidmət edirdi. Sentyabrın 27-dən başlayan Murovdağ silsiləsi uğrunda gedən döyüşlərdə iştirak edən əsgərimiz Kəlbəcər istiqamətində yaralanıb.    Azərbaycan Televiziyası hər iki qazimiz haqqında süjet hazırlayıb.  Həmin süjeti təqdim edirik:  

Hamısını oxu
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Respublika Veteranlar Təşkilatının veteranlara təbriki Əziz və hörmətli veteranlar! Sizi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm. 1991-ci ilin 16 dekabr tarixində Ulu öndər Heydər Əliyev tərəfindən elan edilən Dünya  Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviy-yədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma olan bayram dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin təcəssümüdür. 2019-cu il biz veteranlar üçün yaddaqalan oldu. Həyata keçirdiyimiz tədbirlər, gənclərlə görüşlər, yubileylər xalqımız tərəfindən rəğbətlə qarşılandı. Bu baxımdan yeni ildə Qələbənin 75 illiyinin yüksək səviyyədə qeyd olunması daha uğurlu olacaqdır. Azərbaycan bu gün Ümummilli Liderimizin layiqli davamçısı, möhtərəm Prezident-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müstəqillik və inkişaf yolunda inamla irəliləyir. Bu istiqamətdə bizim əsas vəzifəmiz müstəqilliyimizi qorumaq, ərazi bütövlüyümüzü tez bir zamanda bərpa etmək, respublikamızın hərtərəfli inkişafına töhfələr verməkdir. Bunun üçün biz veteranlar bütün var qüvvəmizi səfərbər etməli, gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, onlara vətən, xalq sevgisini aşılamaq kimi ən ümdə vəzifəmizin öhdəsindən gəlməliyik. Əminliklə deyə bilərik ki, biz veteranlar möhtərəm Prezidentimizin ətrafında daha da sıx birləşərək qarşıdan gələn ildə də fəaliyyətimizi davam etdirəcək, respublikanın inkişafı naminə əlimizdən gələni əsirgəməyəcək, üzərimizə düşən işin öhdəsindən layiqincə gələrək, Vətənimiz Azərbaycanı etibarlı əllərdə saxlayan gəncliyi yetişdirməyə davam edəcəyik. Yeni iliniz mübarək! Hər birinizə və ailənizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxt həyat, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.   Tofiq Ağahüseynov general-polkovnik, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

Hamısını oxu