Məlik Məhərrəmov-100
Sovet İttifaqı Qəhrəmanı Məlik Məhərrəmovun 100 illik yubileyi münasibəti ilə Azərbaycan Ordusunun birlik, birləşmə, hərbi hissə, ideoloji və mədəniyyət mərkəzlərində silsilə tədbirlər həyata keçirilir.
Nəzərə çatdıraq ki, Məlik Məhərrəmov 1920-ci il avqusutun 29-da Zərdab rayonunun Bıçaqçı kəndində anadan olub. O, 1936-cı ildə orada natamam orta təhsilini başa vuraraq, Bakıda Xalq Təsərrüfatı Texnikumunda oxuyub. 1939-cu ildə oranı bitirdikdən sonra isə keçmiş sovet ordusu sıralarına çağırılıb. 1942-ci ildə Rusiyanın Vladimir şəhərində hərbi məktəbi bitirib.
Məlik Məhərrəmov 1941-1945-ci illər müharibəsində Berlinədək şərəfli döyüş yolu keçib. Belarusiya, Ukrayna uğrundakı döyüşlərdə xüsusilə fərqlənib. Onun komandir olduğu bölük 1943-cü ilin payızında Dneprin keçilməsində böyük məharət göstərib. Həmin döyüş əməliyyatına görə Məlik Məhərrəmova və onun bölüyündən 17 nəfərə Sovet İttifaqı Qəhrəmanı adı verilib.
M.Məhərrəmov müharibədən sonra atıcı divizayada tabor komandiri kimi xidmət edib. O, 1954-cü ildə Frunze adına Hərbi Akademiyanı bitirib, alayın qərargah rəisi vəzifəsində çalışıb.
M.Məhərrəmov 1966-cı ilə qədər Azərbaycan Respublikasının hərbi komissarlıq sistemində məsul vəzifələrdə xidmət edib, 1966-1973-cü illərdə isə indiki Bakı Dövlət Universitetində hərbi kafedranın rəisi olub. 1973-cü ildə ehtiyata buraxılsa da, universitetdə fəaliyyətini davam etdirib.
Məlik Məhərrəmov müharibə illərində göstərdiyi hərbi məharətə, komandirlik bacarığına və igidliyinə görə o dövrdə ən yüksək qəhrəmanlıq adına - Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb. SSRİ-nin bir sıra orden və medalları ilə təltif edilib. 1995-ci ildə yubileyi təntənəli surətdə qeyd edilib və müstəqil respublikamızın “Şöhrət” ordeni ilə təltif olunub.
Hələ ötən əsrin yetmişinci illərində istefada olan polkovnik Məlik Məhərrəmov Ulu Öndərimizin yaratdığı o vaxtlar analoqu olmayan ixtisaslaşdırılmış xüsusi orta məktəbin bir müddət rəisi olub və bu gün də haqqında xoş xatirələr söylənilir. İstər xalqımızın ümummilli lideri Heydər Əliyev, istərsə də dövlətimizin başçısı, Ali Baş Komandan İlham Əliyev tərəfindən onun xatirəsinin həmişə əziz tutulub.
Müharibə, Əmək və Silahlı Qüvvəllər Veteranları Təşkilatının sədri general-polkovnik Tofiq Ağahüseynov ölkəmizin hərb tarixinə, sərkərdələrimizin, qəhrəmanlarımızın, şanlı döyüş ənənələrimizin təbliğinə xüsusi önəm verildiyini, Müdafiə Nazirliyinin şəxsi heyətin bu istiqamətdə tərbiyə olunmasında məqsədyönlü fəaliyyətini yüksək qiymətləndirərək, göstərilən diqqət və qayğıya görə Azərbaycan Prezidenti İlham Əliyevə və Müdafiə Nazirliyinin rəhbərliyinə şəxsən öz adından, həmçinin çoxsaylı veteranlar adından minnətdarlığını bildirir.
Hamısını oxu