Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Yolun davamı

151 baxış

Digər xəbərlər

Şuşa – hər daşında bir tarix yatan müqəddəs şəhər

Novruzda Cıdır düzündə 3 tonqal qalayaq! Hər bir xalqın ən gözəl bayramları onun milli kimliyi və cəng, hərb meydanında qazandığı qələbələrlə bağlıdır. Bu baxımdan Azərbaycan xalqının Novruz bayramı kimi, Vətən Müharibəsində qazandığı qələbə ilə tariximizə yazılan Zəfər Günü də bizim qürur duyacaq, fəxrlə nümayiş etdirəcək və coşqu ilə qeyd edəcək bayramlarımızdandır.  Qalib, müharibədən üzü ağ çıxmış xalqın nümayəndəsi kimi 30 il işğal altında olan torpaqlara ayaq basmaq, onu salamlayıb, qoxusunu-ətrini ciyərlərimizə doğru var gücümüzlə çəkmək tamam başqa bir hiss, başqa bir duyğudur. İndi üzərində müzəffər duruşumuzu görən vətən də sanki başqa bir şadlıq, başqa bir sevinclə qarşılayır öz oğlunu, öz sahibini.  Şuşa Azərbaycan xalqı üçün o qədər müqəddəs şəhərdir ki, hətta orda doğulmayanlar, onu bir dəfə də olsun görməyənlər belə ona aşiq olur, içində, duyğularında ona bağlanır. Bu baxımdan müqəddəs şəhərə getməyi, onun tarix qoxuyan hər daşına əlləri ilə toxunmağı, Cıdır düzünün yamyaşıl çəmənliyində ayaqyalın gəzməyə, məscidində dua etməyə, şairlər, bəstəkarlar, xanəndələr yetişdirən havasından udmağa, İsa bulağında ovcuna doldurduğun suyundan içməyə, tarix yağan əyri-üyrü küçələrini gəzməyə hər bir Azərbaycanlı balası tələsir, istəyir və buna can atır. Bu baxımdan mənim də belə bir arzumun getdikcə alovlanması başa düşüləndir. 2022-ci il girər-girməz bu istəyimin reallaşması üçün addımlar atmağa başladım. Şuşaya səfərlər təşkil edən yetkililərə hətta “feysbuk” (facebook.com) sosial şəbəkəsi vasitəsi ilə səslənməkdən, belə bir arzumu açıq-aşkar ifadə etməkdən belə çəkinmədim.  Və çox keçmədi ki, ağlım kəsəndən özünü mənə sevdirən, valeh edən Şuşaya  edəcək səfərim reallaşdı. Sevincimin həddi-hüdudu yox idi. Biləndə ki yanvarın 8-i Şuşaya gedəcəm, şadlığımdan səhərə qədər yata bilmədim. Şuşaya yaxınlaşanda dan yeri yenicə sökülürdü. Şəhərin üstünü almış xəfif bulud aram–aram çəkilirdi. Bulud çəkildikcə dağların başı görünürdü. Qəribədir, adama elə gəlir ki, Şuşa ona yaxınlaşan hər azərbaycanlını görəndə üzü gülür, buludlardan yaranan qaşqabağını yığışdırırdı.Bizi müqəddəs şəhərin qayaları qarşıladı. Daşaltıdan buludlara doğru ucalan sıldırım qayalar məğrur, müzəffər igidin şişirtmiş olduğu sinəsini xatırladırdı. Necə də şişirtməsin sinəsini, necə də qürurlanmasın?! Tam da haqqı var. Çünki təkcə ona görə yox ki, 30 ildən sonra işğaldan azad olunub, həm də ona görə ki, azadlığına gedən yol bu qayalardan keçdi. Azərbaycanın mərd, məğrur, qəhrəman oğlanları insan ağlına, insan fantaziyasına qalib gələrək yüngül silahlarla, yəni sadəcə bıçaq və tapancalarla keçilməz olan bu sıldırım qayaları aşıb şəhərə daxil olmağı bacarmışdılar. Düşmən gözləmədiyi yerdən, gözləmədiyi anda qorxmaz igidlərimizi görəndə təəccübünü və çaşqınlığını gizlədə bilməmişdi. Yüngül silahlarla düşmənin arxasına keçən, əlbəyaxa döyüşüb onun silahını ələ keçirən igidlərimiz öz döyüş əzmi, döyüş ruhu ilə qarşı tərəfi tamamilə - həm ruhən, həm də fiziki olaraq məhv etməyi bacarmışdı. Bunu da yalnız və yalnız içində vətən həsrəti olan qəhrəmanlar edə bilərdi. Şəhərə daxil olanda qəhrəman oğullarımızın divarlara yazdıqları yazıları oxumaq zövq verirdi insana. Hər tinində bir igidin imzası, qeydi olan Şuşanın üzünün güldüyü görünürdü. Küçələr təmizlənmiş, böyük quruculuq işlərinin getdiyi hiss olunurdu. Yuxarı Gövhər Ağa məscidinin qarşısında dayanırıq. Müqəddəs şəhərin müqəddəs məkanında tanrıya əl açaraq dövlətimizə, xalqımıza, şəhidlərimizə, qazilərimizə və ümumilikdə vətənizimizin keşiyinə qalxmış bütün igid oğullarımız üçün dualar oxuyuruq. Şuşa, ümumilikdə Qarabağ azərbaycanlılar üçün ona görə müqəddəs torpağa çevrildi ki, onu qorumaq üçün biz minlərlə şəhid verdik. İgidlərimiz, qəhrəmanlarımız öz şirin canlarını vətəninə fəda edərək ölkəmizin bütövlüyünü qorudular. Qoy allah da şəhidlərin, qazilərin, ümumilikdə qəhrəmanlarımızın övladlarına, ailə üzvlərində bu torpaqlarda gözəl günlər keçirməyi nəsib etdin. AMİN.Sonra dadı və ətri ilə məşhur Şuşa çörəyinin bişirildiyi yerə gedirik. Burda bir qeyri-adiliyin olduğunu dərhal hiss edirsən. Sanki şəhər bizi duz-çörəklə qarşılayır. Şəhərə birinci gəlişimi nəzərə alib onunla duz-çörək kəsirik. Buradan birbaşa Bülbülün ev muzeyinə gedirik. Həyətə daxil olan kimi Bülbülün I Qarabağ müharibəsi zamanı Ermənilər tərəfindən üz-ağız nahiyyəsini dağıdılan və Vətən Müharibəsindən sonra yeni qoyulan heykəlləri ilə qarşılaşırıq. Hər iki heykəl yan-yana dayanmışdı. Biri ermənilərin barbarlığını, ikincisi isə Azərbaycanlıların dönməzliyini, vətənindən vaz keçməzliyini simvolizə edirdi. Hər kəsə gün kimi aydındır ki, Şuşa özünün avazı, səsi, xanəndələri ilə tanınıb. Ermənilər Bülbülün heykəlinin ağız nahiyyəsini dağıtmaqla sanki Azərbaycan xalqının səsini boğmaq istəmişlər. İkinci heykəli onun yanında ucaltmaqla bacarmayacaqlarına işarə edildiyi hiss olunur. Qoy düşmənlərimiz, eləcə də hər kəs bilsin. BACARMAYACAQSINIZ!!! Bu xalqı kimsə susdura bilməyəcək. Xalqımızın uca səsi bundan sonra da daimi olaraq Şuşa səmasına bərqərar olacaq. Sonra Vaqifin məqbərəsinə doğru yön alırıq. Məqbərəyə çatanda ümummilli lider Heydər Əliyev tərəfindən bu abidənin açılışı zamanı yağan qarı xatırlayıram. İstər istəməz adamın gözü qar axtarır. Həm günəşi, həm də qarı ilə qonaqlarını qarşılayan məqbərə qələbəmizin rəmzi kimi özünü simvolizə edir. Daha sonra Cıdır düzünə qalxırıq. O məşhur düzə. İgidlərin at minib, bilək tutub güləşdiyi, hünər göstərib ad qazandığı düzə. Cıdır düzünə qalxar-qalxmaz əsən mehin sərinliyini hiss edirsən. Burnuna dəyən vətən qoxusu 30 illik həsrəti sona çatdırır. Barmaqlarını cütləşdirib, əlini alnına söykəyib üzü aşağı tərəf, xanın kəndinə - Xankəndinə doğru boylanırsan. Baxdıqca ürəyində arzular, demək istədiyin sözlər yaranır. Arzum budur bu Novruzda Cıdır düzündə 3 tonqal qalansın. Tüstü dumanı havaya qalxdıqca ətrafa qələbə müjdəsini bir daha çatdırsın. Qoy düşmən görsün ki, Oğuz elinin ocağı gur yanır. Səninlə Novruzda görüşənədək, əziz və müqəddəs şəhər. Seymur Qasımbəyli 

Hamısını oxu
Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatında Ahıllar Günü ilə bağlı tədbir keçirilib

Sentyabrın 30-da Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının  Həmkarlar Komitəsinin təşkilatçılığı ilə Ahıllar Günü ilə bağlı tədbir keçirilib.   Veteran.gov.az xəbər verir ki, tədbirdə çıxış edən təşkilatın sədri Fatma Səttarova dövlətimizin hər bir vətəndaşa, o cümlədən yaşlı nəslin nümayəndələrinə böyük diqqət və qayğı göstərdiyini bidlirib.   Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ahılların dünyagörüşününün, bilik və təcrübəsinin gənclərin həyatında mühüm rol oynadığını vurğulayıb. Sədr müavini qeyd edib ki, gənclər hər zaman yaşlı nəslin nümayəndələrinin təcrübəsindən faydalanmalı, onlara hörmət və ehtiramla yanaşmalıdır.   Çay süfrəsi arxasında keçən tədbir xoş ovqatla davam edib.  

Hamısını oxu
AZMİU-da yaddaqalan TƏDBİR: Poladlaşan Azərbaycan qadınlarına “8 Mart” təbriki...

Dünən – 4 mart 2022-ci il tarixində Azərbaycan Memarlıq və İnşaat Universitetində 8Mart Beynəlxalq Qadınlar Günü münasibətilə olduqca maraqlı tədbir keçirilib.    Tədbir Universitetin Əcnəbi Dillər Kafedrasının müdiri, dosent Aygün xanım Məmmədovanın təşəbbüsü və Universitetin rektoru, memarlıq doktoru, professor Gülçöhrə xanım Məmmədovanın nəcib dəstəyi ilə təşkil olunub. Görüşdə professor, müəllim heyəti və tələbələr işirak ediblər. Tədbiri yaddaqalan, eləcə də əyləncəli və rəngarəng edən çoxsaylı komponentlər olub.    Görüş öncəsi zalın qarşısındakı dəhlizdə tələbələrin hazırladıqları gözoxşayan rəsm əsərləri nümayiş olunub.    Sərgiyə qatılanlar əsərlərlə yaxından tanış olublar. Əlbəttə, görüşdən öncə belə bir sərginin reallaşması sözün yaxşı mənasında bütün iştirakçıların ürəyini riqqətə gətirdi. Kimi əsərlərlə xatirə fotosu çəkdirir, kimi onları hazırlayan tələblərlə söhbətlər, müzakirələr aparır, kimi də əsərlərin fəlsəfəsini çözməyə çalışırdı.    Bir sözlə, həmin an hər kəsin çöhrəsinə xəfif və həlim təbəssüm qonmuşdu. Xoş ovqat, pozitiv aura yaranmışdı.    Biz də işimiz gərəyi əsərləri kameramızın yaddaşına köçürüb tarixiləşdirdik. Kənardan müşahidələrimizi davam etdirirdik ki, elə bu məqamda professor Gülçöhrə xanım Məmmədova fotosərgiyə təşrif  buyurdu və əsərlərə baxış keçirdi. Hər biri ilə ayrı-ayrılıqda maraqlandı, görülən işləri, tələbələrin bu bacarıqlarını yüksək qiymətləndirdi. Ardınca hər kəs zala daxil oldu və tədbir başladı...   Öncə aparıcılar hər kəsi salamlayıb xoş əyləncə arzuladılar.    Tədbir universitetin tələbəsi Səbuhinin ifası ilə start götürdü. İfa qonaqların ruhunu oxşadı və iştirakçılar tələbəni alqışlarla yola saldılar.    Bundan sonra digər tələbəmiz Mina milli rəqsimiz olan “Tərəkəmə” rəqsini ifa etdi ki, bu da öz növbəsində qonaqları tarixi və mədəni keçmişimizə apararaq onlara nostalji duyğu aşıladı.    Ardınca Azərbaycan xanımlarının ölkə tarixində tutduğu yer və oynadığı rolu əks etdirmək üçün tələbələr: İlkarə, Əli, Ayna, Həsənəli, Rəhim, Nihad və Şövqünün hazırladığı “Tomris xatun” səhnələşdirildi. Böyük zəhmət və yüksək peşəkarlıqla hazırlanmış tamaşa qonaqları yaxşı mənada mütəssir etdi. “Tomris xatun”da Azərbaycan qadının həqiqət və cəsarət üzərində köklənmiş dəyanəti qonaqlara nümayiş olundu.    Daha sonra tələbənin ifasında sazda “Qarabağ şikəstəsi” ifa olundu ki, bu da iştirakçılarda sentimental hisslər yaratdı, bəzi məqamlarda onları kövrək notlara köklədi.    30 illik Qarabağ həsrətini və bu nisgilə, Qarabağsızlığa son qoyan 44 Günlük Vətən Savaşını, bu müharibədə döyüşən qəhrəman bacı və qardaşlarımızı, Poladlaşan analarımızı, gəlinsiz qalan evləri, övladının şəhid xəbərini eşidincə bir gecədə saçları dümağ olan analarımızı yada saldı.  Əslində  8 Martla bağlı gerçəkləşən bu tədbir həm də qəhrəman Şəhid analarımıza bir ərmağan idi. Tədbir sanki riyazi və ya  məntiqi ardıcıllıqla davam edirdi.    Saz ifasından dərhal sonra böyük və dahi Nizami Gəncəvinin "Xəmsə" toplusuna daxil olan “İsgəndərnamə” poemasından İsgəndərin Bərdəyə gəlməsi və Nüşabə ilə görüşməsi səhnəsi canlandırıldı.    Tələbələr Əli, Nailə, Nihad, Şövqü, Elturan, Zümrüd və Ayna bu səhnənin də öhdəsindən layiqincə gəldilər.    Heç kimə sirr deyil ki, bu səhnədə də Azərbaycan qadının şücayəti, daim haqq və həqiqət uğrunda mübarizəsi, bioloji olaraq zərif olan xanımların mənəvi və mərdlik cəhətdən heç də zəif olmamasını ortaya qoyur. Tamaşanın sonunda tələbələr gurultulu alqışlarla uğurlandılar.    Bundan əlavə, görkəmli drammaturq Cəfər Cabbarlının “Sevil” pyesi səhnələşdirildi.   Tələbələr: Fərəməz, Gülnar, Nigar və Rəbiyyə öz rollarını mükəmməl şəkildə oynadılar.    “Sevil” tamaşasında Azərbaycan qadınının saf və pak iç dünyası, əyilməz qaməti, hadisələr önündə dik duruşu, çətinliklərə sinə gərməsi inikas olundu.    “Tulla çadranı” şeiri səsləndirildi.    Daha sonra Elturan, Nigar və Nəcəfin ifasında “Sarı Gəlin” mahnısı təqdim olundu. Həm müsiqi, həm ifa qonaqların könül və zövqünü oxşadı.    Ardınca rus ədəbiyyatından estetik klassik misra və görüntülər nümayiş olundu.  Bundan başqa, aparıcılar 1998-ci ildə Azərbaycanda Qadın Problemləri üzrə Dövlət Komitəsinin yaradılması, ölkəmizdə qadın hüquqlarının qorunması və müdafiəsi istiqamətində görülən işlərdən söz açdılar.    Ardınca isə rus, alman, ingilis, italyan və yapon dillərində “8 Mart”la bağlı şeirlər səsləndirildi.    Sonra Elturan, Hüseyn və Turalın ifasında “Bayatılar”ı dinlədik.    Azərbaycan ədəbiyyatının incilərindən olan Nəbi Xəzrinin yaradıcılığına müraciət edildi və şairin “Dəniz, göy, məhəbbət” şeiri tələbələrin ifasında səsləndirildi.    Mina və Vüqarın “Vals” rəqsi təqdim olundu ki, bu da qonaqlarda yüksək əhval-ruhiyyə yaratdı.   Səbinə xanımın ifasında “Ana” şeiri təqdim olundu. Əlbəttə, bu şeir qonaqlarımızı təsirləndirməyə  bilməzdi. Şeirdəki  Yükün ağırını seçir analar, Torpağın qoynuna köçür analar  kimi misralar insanın ürəyinə sanki çalın-çarpaz dağ çəkirdi. Eyni zamanda Azərbaycan qadınının öz övladı və ailəsi üçün nə qədər cəfakeş, təəssübkeş olduğunu aydın təzahür etdirir.    Şeirlərin  davamı olaraq Abbasın ifasında “Əziz anam” mahnısı ifa olunur.    Bunun ardınca isə ta qədimdən günümüzə qədər ölkəmizin ictimai, siyasi, tarixi, mədəni, sosial və iqtisadi həyatında mühüm izlər buraxan Azərbaycan qadınları barədə məlumat verildi.  Massaget hökmdarı Tomris Xatun, İlk məşhur şairə, şahmatçı qadın Məshəti Gəncəvi, Şərqdə ilk qadın diplomat Sara Xatun, şairə, xeyriyyəçi Xurşidbanu Natəvan,  ilk şəfqət bacısı, Nigar Şıxlinskaya, Şərqdə ilk azərbaycanlı heykəltaraş qadın Zivər Məmmədova, ilk professional qadın müğənni, Şövkət Ələkbərova, ilk qadın kinorejissor, ssenarist Qəmər Salamzadə, ilk balet rəqqası Qəmər Almaszadə, ilk qadın təyyarəçi Züleyxa Seyidməmmədova, ilk azərbaycanlı qadın gəmi kapitanı Şövkət Səlimova, ilk peşəkar qadın rəssam Vacihə Səmədova, Şərqin ilk qadın bəstəkarı Şəfiqə Axundova və  Azərbaycanın Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti,  Birinci xanımı Mehriban xanım Əliyevanın fəaliyyətlərinə güzgü tutuldu, olduqca səhih məlumatlar verildi.    Nəcəf və Elturanın ifasında “Bir könül sındırmışm” ifa olundu.  İfadan sonra Fərəməz Stalin repressiyasının qurbanı olmuş, dissident şair Mikayıl Müşfiqin qadınlara həsr etdiyi “Rəssam sevgilimin rəsmini çək” şeirini səsləndirdi.    Şeirdən dərhal sonra isə Elturan, Tural və Mədəniyyət və İncəsənət Universitetinin tələbəsi Hüseyn Vəliyev “Sən Müşfiqin yanında qal” mahnısı ifa etdilər və zal bu ifanı, bu şeiri ayaqda, anşlaqla alqışladı. Sözsüz ki, ifa da gözəl idi, şeir də.  Amma müşahidələrimdən gəldiyim qənaətə görə bu həm də Mikayıl Müşfiqin nakam həyatına, kəm-kəsir ömrünə bir sayğı duruşu idi. Onun “Oxu tar, səni kim unudar” misraları ilə apardığı haqq savaşına, Vətən eşqinə bir VƏFA BORCU idi.    Ardınca aparıcılar bu tədbirin düzənlənməsində əməyi olan müəllim və tələbələri səhnəyə dəvət etdilər.  Görüşün təşəbbüskarı Aygün xanım Məmmədova dəvəti qəbul etdikləri üçün bütün qonaqlara təşəkkürlərini izhar etdi:   “Professor və müəllim heyətinə kafedramız adından ürəkdən minnətdarlığımızı bildiririk. Bu tədbirin ərsəyə gəlməsində hörmətli professor Gülçöhrə xanımın çox böyük dəstəyi olub. Gülçöhrə xanıma ayrıca tətəşəkkür edirəm. Hər zaman onun dəstək, diqqət və qayğısını hiss etmişik, edirik. Bu mənada düşünürəm ki, universitetimizin professor və müəllim heyəti, eləcə də  tələbələrimiz  çox şanslıdırlar.    Daha sonra söz tədbirin təşkilati işlərində aktiv fəaliyyət göstərən müəllimlərə söz verildi: “Mən də Aygün xanımın fikirlərinə qoşuluram. Bayramınızı təbik edirəm. Düşünürəm ki, tədbirimizi bəyəndiniz. Kollektivin adından tələbələrimizin valideynlərinə təşəkkür edirəm ki,  belə savadlı, ağıllı, intellektual övladlar böyüdüblər. Bir daha bayramınız mübarək!”.  Aygün xanım Məmmədova onu da əlavə edib ki, tədbirdə çıxış edən tələbələr üçün sertifikatlar hazırlanıb:   “Onlar universitetimizin elm və ictimai həyatında fəal iştiraklarına görə təltif olunacaqlar. Bu sertifikatların təqdimatına da ayrıca görüş hazırlanb ki, o da martın 9-da baş tutacaq. Hər bir tələbəyə həmin sertifikat təqdim olunacaq.    Aygün xanım Məmmədova diqqətə çatdırıb ki, tədbirdə universitetin bütün fakültələri üzrə tələbələr çıxış ediblər:   “Tələbələrimizə təşəkkür edirik. Bütün tədbir iştirakçılarına, eyni zamanda xalqımıza sağlam həyat, xoş, firavan günlər, dünyamıza isə sülh və əmin-amanlıq arzu edirəm”.     Sonda professor Gülçöhrə xanım Məmmədova ilə birgə xatirə fotosu çəkildi. Bu bayram tədbirini və görülən işləri yüksək qiymətləndirən xanım rektor razılığını ifadə etdi.   Sherg.az  

Hamısını oxu
Suraxanı rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü qeyd olunub

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri, şöbə müdiri e/o polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 26 aprel Bakı şəhəri Suraxanı rayonunda yerləşən Albert Aqarunov adına 154 saylı tam orta məktəbdə tədbirdə iştirak ediblər.   Tədbir Azərbaycan Respublikasının Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününə həsr edilib. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin müavini Günel Axundova, YAP-ınm Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov, rayon VT-nın sədri Eldar Rüstəmov, Qarabağ müharibəsi veteranları Ağa Məmmədov, Elmar Hüseynov, məktəbin direktoru Əli Əliyev, şagird və müəllim kollektivi iştirak ediblər.   Tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin hazırladıqları  kompozisyalara  baxılıb, şeirlər dinlənilib. Şagirdlərin çıxışından sonra səhnəyə qonaqlar dəvət olunub. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin müavini Günel Axundova çıxış edib. O, bildirib ki, torpaqlarımızın toxunulmazlığı uğrunda şəhidlik zivəsinə ucalanlar əbədiyyətə qovuşsalar da, hər zaman xalqımızın qəlbində qalacaqdır. Qazilərimizin, veteranlarımızın həyat yolu gənc nəslə hər zaman örnək olacaq.   Daha sonra söz Adil Haqverdiyevə verilib. O,ilk öncə  Təşkilatın sədri Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb.A.Haqverdiyev Əfqanıstan və Qarabağ müharibələrinin  iştirakçısı kimi bildirib ki,həmin illərdə vətənpərvər oğullarımız könülü olaraq vətənin müdafiəsinə qalxıb: “Dilindən, dinindən aslı olmayaraq hər kəsin bir amalı vardı - mənfur düşməndən torpaqlarımızı qorumaq. Belə oğullardan biri də Albert Aqarumov idi. O vaxt silah-sursatın az olması, işğalçıya bəzi qüvvələrin havadarlıq etməsi və s. kimi amillər səbəbi ilə torpaqlarımızın bir hissəsi işğal altına düşdü. Lakin indi biz Şəhidlər Xiyabanı önündən qürurla keçib deyirik: “Ruhunuz şad olsun şəhidlərimiz, Ali Baş Komandan İlham Əiyevin rəhbərliyi altında müzəffər ordumuz torpaqlarımızı azad etdi”. Mən çıxışımın sonunda bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr,qazilərimizə cansağlığı diləyirəm”.   Tədbirin sonunda Suraxanı VT-nın sədri Eldar Rüstəmov şagirdlərlə suallar ünvanlayıb. Sualları düzgün cavablandıran şagirdlərə Fəxri Fərman və kitab hədiyyə olunub.  

Hamısını oxu