Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Çətin sınaqlardan keçən veteran ömrü : Mustafa Yusif oğlu Mustafayev – 100!

Beynimə hopmuş, hafizəmdə daşlaşmış atamla bağlı ötən illərin o üzündən gələn həzin xatirələr indiyədək köksümü qürurla qabartmaqdadır. 1922-ci ildə Şəkinin Baş Göynük kəndində dünyaya göz açan atam Mustafa Yusif oğlu Mustafayev şərəfli, eyni zamanda keşməkeşli bir ömür sürüb. Onun öz atası haqqında, yəni babam barədə söylədikləri də yaddaşıma həkk olub. Ötən əsrin 20-ci illərin sonunda bolşevik-kommunist rejimi tərəfindən fərdi torpaq sahələrinin hesabına kollektiv təsərrüfatlar yaratmaq haqqında qəbul edilən qərar kəndlilərin torpaqla bağlı ümidlərinin üstündən xətt kəçdi. Bu az imiş ki, kənd əhli pasportdan məhrum olunaraq az qala təhkimçilik dövrünü xatırladan həyat tərzi yaşamağa məhkum edildi. Buna cavab olaraq 1930-cu ilin baharında Baş Göynük kəndində üsyan başlanır. Az sonra üsyan bütövlükdə Şəki rayonunu, eləcə də Azərbaycanın 7 bölgəsini əhatə edir. Üsyan iştirakçılarından biri də babam Yusif olub. Həmin kəndli hərəkatı amansızlıqla yatırıldı. Üsyan iştirakçılarının bir qismi dərhal güllələndi, əhəmiyyətli hissəsi həbs edilərək Stalinin Sibirdə və Rusiyanın ucqar şimal bölgələrində yaratdığı düşərgələrə, gedər-gəlməz sürgünlərə göndərildi. Belə həbs düşərgələrində həbs cəzası çəkməyə məhkum edilən insanlardan biri də babam Yusif idi. Beləcə atam 8 yaşında yetim qaldı. O , bütün şüurlu həyatı boyu nə istədisə özündən arzuladı. Alnının təri, əlinin qabarı onun həyatının cıqırdaşı oldu… Yəqin ki, babam Vətən həsrəti ilə, doğmalararının vüsalına qovuşmaq arzusu ilə qürbətdə həyata göz yumub. 1941-ci ilin martında atamı Sovet ordusu sıralarına hərbi xidmət etməyə çağırıblar. Üç aydan sonra faşist Almaniyası Sovet ittifaqına hücum etdi. Beləliklə tarixə Böyük Vətən Müharibəsi adı ilə düşmüş savaş başlanır. Atam Gürcüstanda 3 ay davam edən qısa müddətli hərbi hazırlıq kursunu başa vurduqdan sonra cəbhəyə göndərilir. Bütün müharibə ərzində atıcı alayın tərkibində çoxsaylı döyüşlərin iştirakçısı olub. Sərgilədiyi igidlik, şücaət örnəklərinə görə dəfələrlə müxtəlif medallarla təltif olunub. O qanlı-qadalı illərdə, müxtəlif vəziyyətlərdə ölümlə üz-üzə gəlsə də Allahın verdiyi qismət sayəsində sağ qalıb.Yəqin ki, odun-alovun içində olarkən atası və məşəqqətli uşaqlıq illəri ilə bağlı hüzünlü xatirələri qəlbinin bir guşəsində saxlayıb, tez-tez o xatirələrə dalıb. Bunsuz onu təsəvvür edə bilmərəm. Müharibə bitdikdən sonra da atam Mustafa Yusif oğlunun ordu sıralarında saxlayıblar. O, əsgəri xidmətini 54 saylı Süvari diviziyasının tərkibində davam etdirib. Nəhayət, onu 1946-cı ilin sentyabr ayında ordu sıralarından tərxis ediblər. Atam 1949-cu ildə ailə həyatı qurub. Ailədə bacı-qardaş 9 uşaq olmuşuq: 6 bacı, 3 qardaş. Bizim qayğı yükümüzü daşımaq atamla anamın həyat tərzinə çevrilmişdi. Atam adi kolxozçu kimi ömrü boyu “Qafqaz” kolxozunda çalışıb. Ancaq öz zəhmətinə güvənib. Doqquz övladı boya-başa çatdırmaq, onlara təhsil vermək, hər birini ev-eşik sahibi etmək, özü də heç bir hökumət idarəsinin qapısını döymədən, kiməsə ağız açmadan. Bunun hansı məşəqqətlər və çətinliklər bahasına başa gəldiyini dərk etmək o qədər də çətin deyil. Özü də hansı şəraitdə, xəbis niyyət arxasınca sürünən bəzi adamların çoxdan bağlanmış qapıları döyərək “üsyançı oğlu” tənəsi altında… Xalqımızın mənəvi zənginliyini təcəssüm etdirən adət-ənənələrə dayanıqlı sədaqət ruhu Baş Göynük kəndində də qorunub saxlanılır. Dürüst və ləyaqətli ömür yaşamış ağsaqqalların xətir-hörmətini saxlamaq, onların qədir-qiymətini bilmək belə adət-ənənələrdəndir. Bu ənənə xalqımızın ləyaqətinin ölçü vahidi olmaqla fəlsəfi məna kəsb edir. Belə ehtirama layiq görülən kişilərdən biri də atam olub. Neçə illərdir ki, dünyasını dəyişsə də kənd əhli onunla bağlı xatirələrini indi də danışır, onu xoş sözlərlə yad edir, zəhməti, dürüstlüyü həyat meyarına çevirən bir insan kimi xatırlayır, mərdliyin, əyilməzliyin mücəssəməsi kimi xarakterizə edirlər. Xoşbəxt o adamdılr ki, bu dünyada nə üçün, nədən ötrü yaşadığını bilir. 91 illik bir ömür sürmüş atam Mustafa Yusif oğlu da belə xoşbəxt insanlardan biri idi. Allahdan ona qəni-qəni rəhmət və ruhu şad olsun deyirəm. Sonda atamın timsalında onu qeyd etmək istərdim ki, insaniyyətlik deyilən mənəvi dəyər sahibi olmuş insanlar unudulmamalıdırlar. Cənnətdəki 100 yaşın mübark olsun əziz atam! Qocaman dağlarla durub yanaşı Tərbiyəli övladları ilə ucalıb başı! Hörməti böyükdür xalqın içində Daim yaşayacaq ürəyimizdə ! İnsanlar bənzədir onu bir nərə. Adını yazırlar Qoca tarixə. Yüz ildən sonra da yad eyləsinlər. Mustafa tək mərd kişi vardı desinlər! İsmayıl Mustafaoğlu

2023-03-10 09:03:00
245 baxış

Digər xəbərlər

Türkan qəsəbəsində veteranlar və gənclər ağacəkmə aksiyasında iştirak edib

Respublika Veteranlar Təşkilatının əməkdaşları Cabir Kazımov və  Nəbi Hacıyev 7 may 2021-ci il tarixində Xəzər rayonu Türkan qəsəbəsində  ağacəkmə aksiyasında iştirak edib. Tədbirdə Xəzər rayonunun Veteranlar Təşkilatının sədri Məcnunov Səxavət ,”Ölməz alay”ın veteranları, Türkan qəsəbəsinin icra nümayəndəsi və gənclər iştirak etdilər.    “Xatirə bağı”nda keçirilən aksiyada Böyük Vətən Müharibəsində və 44 günlük Vətən Müharibəsində həlak olanların xatirəsinə ağaclar əkilib, yeni yaşıllıq zolağı salınıb.   Respublika Veteranlar Təşkilatının mətbuat xidməti

Hamısını oxu
Zərdabda “Lələtəpə əməliyyatı bizim qəhrəmanlıq rəmzimizdir” devizi altında hərbi vətənpərvərlik tədbiri keçirilib

Hamısını oxu
“Bu çörəyi mənə Heydər Əliyev verib, halal çörəkdir!”

“Bizim bu günkü gəncliyimiz sağlam düşüncəli gənclikdir, vətənpərvər gənclikdir, xalqını, millətini sevən gənclikdir… Gənclərimiz mükəmməl təhsil almalı, həyatı dərindən öyrənməli, dünyada gedən prosesləri bilməlidir. Lazımi fəaliyyət göstərib öz xalqına, dövlətinə xidmət etməlidir.”                                                                                                                          HEYDƏR ƏLİYEV  Azərbaycan xalqının yarım əsrlik tarixinə baxdıqda müdrikliyi, xeyirxahlığı,xalqının keçmişinə, çağdaş və gələcəyinə dərin sevgi, sayğı və inamla yaşamış Ulu öndər Heydər Əliyev dühasının Azərbaycan dövlətçiliyinin gələcəyini parlaq günəş tək işıqlandırdığının şahidi oluruq. Müstəqil Azərbaycanın qurucusu olan bu dahi şəxsiyyətin varlığı öncə onu yetişdirən xalqın xoşbəxtliyi və xalqa əta edilən ilahi bəxşişdir. Təkcə Azərbaycan xalqının deyil, geniş coğrafi məkanda minilliklər boyu məskunlaşmış böyük türk dünyasının fəxri və qürur yeri olan bu böyük insanın həyat fəaliyyəti, müdrik fikirləri barədə hələ yazılacaq çox əsərlər, deyiləcək çox sözlər var. Hər bir Azərbaycan sevdalısının qəlbində Heydər Əliyevin özünəməxsus yeri, hər bir vətəndaşın taleyində öz izi vardır. Onun dolğun şəxsiyyəti bizim üçün əbədi olaraq mükəmməl örnəkdir. İctimai-siyasi, mədəni həyatımızın müxtəlif sahələrində sistemli islahatlar aparan böyük öndərimiz ölkədə baş verən bütün proseslərdə gənclərin roluna xüsusi diqqət yetirirdi. O, müxtəlif qurumlarda, dövlət idarələrində, siyasi və iqtisadi arenalarda gənclərin fəal iştirakını təmin edirdi.Ümummilli lider Heydər Əliyevin həyata keçirdiyi siyasət gənc nəslin mənəvi-əxlaqi tərbiyəsinin gücləndirilməsinə, sosial rifahının yaxşılaşdırılmasına və zəngin elmi potensialın yaradılmasına xidmət edirdi. “Hər bir Azərbaycan gənci hər şeydən çox, hər şeydən artıq müstəqil Azərbaycanın bu günü, gələcəyi haqqında düşünməlidir”– deyən ümummilli lider Heydər Əliyev Azərbaycanın tərəqqisində, onun iqtisadi, siyasi və mədəni həyatında, demokratik dövlət və cəmiyyətin qurulmasında gənclərin rolunun danılmaz hesab edirdi. Ümummilli lider Heydər Əliyev gənclər siyasətinin uğurla həyata keçirilməsi məqsədi ilə bu sahədə zəruri qanunvericilik bazasının formalaşdırılmasını təmin etdi. Gənclərin sosial, iqtisadi və s. problemlərinin həllinə yönəldilən, onların öz qabiliyyətlərinin inkişaf etdirmələrinə kömək edən fərman və sərəncamlar, dövlət proqramları bu qəbildəndir. Qanunlar, fərman, sərəncam və dövlət proqramları gənc nəslin mütəşəkkil qüvvə kimi formalaşmasına, onların mənəvi-ideoloji cəhətdən tam yetkinləşməsinə, gənclərin sosial problemlərinin həllinə, faydalı məşğulluğunun təmin olunmasına son dərəcə müsbət təsir göstərdi. Ulu öndər Heydər Əliyevin 1969-1982-ci illərdə respublikaya rəhbərlik etdiyi dövrlərdə yüzlərlə yeni tədris ocaqları, gənclik mərkəzləri, minlərlə azərbaycanlı gənc keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərində təhsil almış, müasir ixtisaslara yiyələnmiş və.savadlı kadr kimi vətənə qayıdaraq fəaliyyət göstərməyə başlamışdılar. Həmin gənclərin böyük bir qismi bu gün müstəqil Azərbaycan Respublikasının dövlət quruculuğunda yaxından iştirak edir, hüquq-mühafizə orqanlarında rəhbər vəzifələrdə çalışır, elmimizin, səhiyyəmizin, mədəniyyətimizin inkişafında əvəzsiz xidmət göstərirlər.  Ulu öndərimiz savadı, qabiliyyəti, istedadı ilə seçilən gənclərə qayğı və diqqət göstərməyi bacarırdı. Şübhəsiz ki, bu gənclərin bir çoxunu özü seçir, onların qabiliyyətini və biliyini sınaqdan çıxarandan sonra Moskvaya, Leninqrada (Peterburqa) oxumağa göndərirdi. Bu gənclər maddi cəhətdən təmin edilir, yüksək, mükəmməl təhsil almalarına hər cür şərait yaradılırdı. Heydər Əliyev gənclərə arxalandığı kimi, gənclərdə onu böyük bir lider, əvəzolunmaz tarixi şəxsiyyət, milli dövlət quruculuğumuzun banisi kimi qəbul edirdilər. Sovet dövründə gələcəyə uzaqgörənliklə baxan Ulu öndər milli zabit kadrların yetişdirilməsinə çalışırdı. Azərbaycanlılar arasında peşəkar hərbçilərin yetişdirilməsinə imkan verməmək məqsədilə respublikadan orduya çağırılan gənclər döyüş üçün nəzərdə tutulmuş hərbi hissələrdə deyil, əsasən tikinti batalyonlarında xidmət edirdilər. Bu şovinist siyasətin mahiyyətini yaxşı dərk edən Heydər Əliyevin qətiyyəti sayəsində 1971-ci ildə Cəmşid Naxçıvanski adına ixtisaslaşdırılmış hərbi məktəb yaradıldı. Ulu öndər, həmçinin azərbaycanlı gənclərin Bakı Ali Birləşmiş Komandanlıq və Bakı Ali Hərbi Dənizçilik məktəblərinə, eləcə də SSRİ-nin digər hərbi məktəblərinə güzəştli şərtlərlə qəbul edilməsinə də nail oldu. Bu məktəblərdə yetişən Azərbaycan hərbçiləri Birinci Qarabağ müharibəsində, Aprel döyüşlərində, Vətən müharibəsində yüksək peşəkarlıq və misilsiz igidliklər göstərdilər. SSRİ-nin Ali Hərbi Məktəblərindən birində təhsil alıb Azərbaycan Ordusunda zabit olaraq xidmət etmiş atam Ulu öndərin bu sahədə uzaqgörən siyasətindən bəhrələnən ilk qaranquşlardan idi. O, uzun illər orduda göstərdiyi qüsursuz xidmətinə görə orden və medallarla təltif olundu. Ulu öndərin məhz uzaqgörən siyasəti nəticəsində müxtəlif beynəlxalq qurumlarda Azərbaycan Silahlı Qüvvələrini uzun illər şərəflə təmsil etdi.Hazırda Azərbaycan Respublikası Silahlı Qüvvələr Veteranı, ehtiyatda olan zabit kimi aldığı təqaüdü ailəsinə gətirdikdə fəxr hissilə: “Bu çörəyi mənə Heydər Əliyev verib. Halal çörəkdir!” – deyir. Mən də Ulu öndərin ailəmizə verdiyi çörəyi xüsusi qürur hissilə yeyir və azərbaycanlı olduğum üçün fəxr edirəm. Ulu Öndərin gəncliyə və gənclərə etimadı artıq öz təsdiqini tapmaqdadır. Bu gün ölkəmizdə gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində görülən işlər, gənclər təşkilatlarının formalaşması və inkişafı üçün yaradılan şərait və imkan bu sahəyə böyük diqqətin nəticəsidir. Artıq Azərbaycanda yüksək intellektual səviyyəyə, vətənpərvərlik hissinə, milli düşüncəyə malik gənc nəsil formalaşıb.Əminliklə demək olar ki, məhz Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin Ulu Öndərin gənclər siyasətinə sadiqliyi nəticəsində ölkəmizdə gənc nəslin problemlərinin həlli, onların cəmiyyətdə layiqli təbəqə kimi iştirakının təmin olunması üçün həyata keçirilən bütün zəruri tədbirlər Azərbaycan gəncliyini daha işıqlı sabahlara aparacaq. Biz gənclər də öz növbəsində, müzəffər ölkənin qalib gəncləri kimi indi daha inamla və daha həvəslə dövlətimizin inkişafı və bayrağımızın əbədi ucalığı naminə yorulmadan çalışacağıq. Qərbi-Kaspi Universitetinin tələbəsi, Nigar Musazadə Sherg.az

Hamısını oxu
31 mart Azərbaycanlıların Soyqırımı Günü ilə bağlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki, 31 mart  2022-cu il tarixdə    Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin   baş  mütəxəssisi Nəbi Hacıyev Sabunçu rayonunda  keçirilən tədbirdə iştirak edib.  Azərbaycanlıların Soyqırımı Gününə həsr edilən tədbirdə Birinci Qarabağ müharibəsi veteranları, 44 günlük Vətən müharibəsinin  iştirakçıları, əmək veteranları iştirak edib.   Tədbiri Sabunçu rayon VT-nın sədri Sabir Allahverdiyev açıb. O qonaqları tədbir iştirakçılarına təqdim edib və daha sonra torpaqlarımızın  toxunulmazlığı uğrunda canlarından keçən şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədsbirdə çıxış edən Şükür Həsənov, veteranlar Kamil Ağazadə, Süleyman Bədəlov, Nizami Abbasov,  Zülfüqar Cəfərov  ermənilərin    xalqımıza qarşı  törətdikləri cinayətlərdən danışıblar.   Tədbirdə çıxış edən Müharibə, Əmək və Silahlı Qüvvələr Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin baş  mütəxəssisi Nəbi Hacıyev Təşkilatın sədri Fatma Səttarova və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarna çatdırıb, Mart soyqırımından, bu soyqırımının miqyas və mahiyyətindən ətraflı bəhs edib.   Tədbirin sonunda xatirə şəkli çəkilib.    

Hamısını oxu