Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Dövlətçiliyin keşiyində əzmkar xidmət nümunəsi

Artıq 31 ildir ki, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Daxili Qoşunları üzərinə düşən vəzifələri uğurla yerinə yetirir. Bu gün Daxili Qoşunlar, sözün əsl mənasında, xalqımızın əmin-amanlığı, dövlət və dövlətçiliyin daha da gücləndirilməsi naminə fədakar xidmətini davam etdirməkdədir.

Ötən illərdə Daxili Qoşunlar qarşısına qoyulmuş tapşırıqların yerinə yetirilməsinə hər zaman böyük məsuliyyətlə yanaşıb və ona göstərilən bu yüksək etimadı doğrultmağa çalışıb. Yarandığı gündən daim dövlətin və dövlətçiliyin keşiyində yenilməz əzmkarlıqla dayanan Daxili Qoşunların inkişaf və yüksəliş yolu xalqımızın Ümummilli Lideri Heydər Əliyevin adı ilə bağlıdır. Daxili Qoşunlar Ulu Öndərin xüsusi diqqət və qayğısı nəticəsində formalaşıb, inkişaf edib, yüksək döyüş hazırlığına malik hərbi quruma çevrilib.

Daxili Qoşunlar yarandığı gündən ölkə daxilində ictimai təhlükəsizliyin təmin olunması ilə yanaşı, Vətənin müdafiəsində də iştirak edib. Birinci Qarabağ müharibəsi dövründə hərbi qulluqçularımızın döyüşlərdə göstərdikləri şücaət və fədakarlıq nümunələri xalqımızın yaddaşında silinməz iz qoyub.

Ümummilli Lider Heydər Əliyev tərəfindən 1995-ci il martın 9-da imzalanmış Fərmana uyğun olaraq, 12 mart tarixi Daxili Qoşunlar Günü elan olunub. Bu da təsadüfi deyildi. Məhz müstəqil Azərbaycanın Daxili Qoşunlarının şəxsi heyəti ölkəmizin ərazi bütövlüyü uğrunda erməni işğalçılarına qarşı döyüş əməliyyatlarına ilk dəfə olaraq 1992-ci il mart ayının 12-də başlayıb.

Birinci Qarabağ müharibəsi başa çatdıqdan sonra, uzunmüddətli atəşkəs dövründə qoşunların xidməti fəaliyyəti yeni mərhələyə qədəm qoyub, onun təyinatından irəli gələn vəzifələrin icrasında zəngin təcrübə qazanılıb, geniş quruculuq işləri aparılıb, maddi-texniki baza yenilənib, beynəlxalq hərbi əməkdaşlıq əlaqələri qurulub, Daxili Qoşunlar döyüş hazırlığına, hərtərəfli təchizatına, müasir silah-sursatına, texnikasına görə Avropanın qabaqcıl ölkələrinin müvafiq qurumları ilə müqayisə edilə bilən səviyyəyə yüksəlib.

2020-ci il sentyabrın 27-dən noyabrın 9-dək davam edən Vətən müharibəsi zamanı Daxili Qoşunların hərbi qulluqçuları şərəfli döyüş ənənələrinə sadiq qalaraq, erməni işğalçıları üzərində möhtəşəm qələbənin qazanılmasına öz layiqli töhfələrini veriblər. Ön cəbhənin müxtəlif istiqamətlərində Daxili Qoşunların şəxsi heyəti düşmənə qarşı igidliklə vuruşaraq, torpaqlarımızın azad olunması üzrə döyüş tapşırıqlarını öz canı və qanı bahasına yerinə yetirib. 

Daxili Qoşunların xidməti-döyüş fəaliyyəti Azərbaycan Respublikasının Daxili işlər naziri general-polkovnik Vilayət Eyvazovun və Daxili Qoşunların komandanlığının daim nəzarətindədir. İstər cinayətkarlığa qarşı mübarizədə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində, istərsə də mühüm dövlət obyektlərinin mühafizəsində şəxsi heyət müsbət nəticələr əldə edib. Əlbəttə ki, bu uğurlar bilikli və bacarıqlı komandir heyətinin rəhbərliyi altında idarəçiliyin, yüksək döyüş hazırlığının və təlimlərin hesabına ərsəyə gəlib.

Daxili Qoşunlarda bu gün ciddi nizam-intizam hökm sürür, şəxsi heyətin mənəvi-psixoloji durumu qənaətbəxşdir. Şəxsi heyət Prezidentə, dövlətə, xalqa məhəbbət və sədaqət ruhunda tərbiyə olunur. Hərbi hissələrin döyüş qabiliyyəti və döyüş ruhu kifayət qədər yüksəkdir.

Daxili Qoşunların keçdiyi yol bir daha sübut edir ki, şəxsi heyət həmişə xalqın əmin-amanlığının, ölkədaxili sabitliyin sadiq keşikçisi olaraq, respublikamızın ərazi bütövlüyünün bərpasında layiqincə iştirak edib. Hərbi qulluqçularımız işğalına son qoyulan torpaqlarımızın müdafiəsində qətiyyətlə dayanaraq, həmin bölgələrdə polis əməkdaşları ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsində yüksək peşəkarlıq göstərərək, dövlət əhəmiyyətli, mürəkkəb xidməti-döyüş tapşırıqlarının öhdəsindən cəsarətlə gəlirlər. Bu da Daxili Qoşunların cəmiyyətdə nüfuzunu artırır və vətəndaşlarımız tərəfindən rəğbətlə qarşılanır.

 

Mayor Anar Əhmədov

DİN-in Daxili Qoşunlarının

“Əsgər” qəzetinin redaktoru

 

2023-03-11 10:03:00
211 baxış

Digər xəbərlər

Prezidentin göstərişləri yerinə yetirilməlidir

“Bilirsiniz ki, bir neçə keçmiş icra başçısı cinayət məsuliyyətinə cəlb edilmişdir, bəzilərinin hökmü verilmişdir, bəzilərinin işləri məhkəmədədir. Bu, onu göstərir ki, heç kim qanundan üstün ola bilməz. Mən bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya, rüşvətxorluğa qarşı biz amansız mübarizə aparmalıyıq və icra başçıları burada nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu, hər bir dövlət məmuru üçün dərs olmalıdır”. Prezidenti İlham Əliyevin Araz Əhmədovu Masallı Rayon İcra Hakimiyyətinin, Əkbər Abbasovu Lerik Rayon İcra Hakimiyyətinin və Elvin Paşayevi Göygöl Rayon İcra Hakimiyyətinin başçısı vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbul edərkən söylədiyi həmin fikirləri “Sağlamlığın Qorunması” İctimai Birliyinin sədri, tibb üzrə fəlsəfə doktoru Yazgül Abdıyeva bizimlə söhbətində diqqətə çatdırdı. Həmsöhbətim dövlət başçımızın “Siz daim insanlarla təmasda olmalısınız. Bütün kəndlərdə olmalısınız, kənd camaatının qayğıları ilə yaşamalısınız, onları narahat edən problemləri onların dilindən eşitməlisiniz və imkan daxilində bu problemləri həll etməlisiniz.” – fikirlərinə istinad edərək söylədi ki, yeni vəzifəyə təyin olu­nanlara bundan artıq hansı tövsiyələr, göstərişlər verilməlidir ki, onlar qanunu şah bilsinlər və ədaləti unutmasınlar? Prezident vurğuladı ki, gücünüz çatan problemləri rayon daxilində özünüz, bəzi məsələlər isə dövlət orqanları tərəfindən həll olunmalıdır. Əgər hər bir kəndin problemi həll olu­narsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq. Bunun üçün aidiyyəti dövlət orqanlarına – Prezident Administrasiyasına, Nazirlər Kabinetinə müraciət etməlisiniz ki, mövcud problemlər öz həllini tapsın. Sosial ədalətin, bütövlükdə ədalət prinsiplərini cəmiyyətin əsas prinsiplərindən biri hesab edən dövlət başçımız dedi ki, sağlam cəmiyyətdə ədalət hökm sürür. Biz isə sağlam cəmiyyət qururuq və demək olar ki, bu işdə müvəffəqiyyətlər qazanmışıq. Bizim siyasətimiz nəticəsində Azərbaycan hərbi və ondan sonra siyasi yollarla Ermənistanın işğalçılıq siyasətinə son qoyub, əzəli torpaqlarımızı azad edib, tarixi ədaləti və milli qüruru bərpa edib. Yazgül Abdıyeva vurğuladı ki, Qələbə sevin­cini xalqımıza qazandıran şəhidlərimiz və onların ailələri, qazilərimiz unudulmamlıdır. Prezident nitqində məhz bu məsələyə daha ciddi diqqət göstərilməsini tövsiyə etdi: “Şəhid ailələrinə xüsusi diqqət göstərilməlidir. Dövlət tərəfindən bu diqqət daim göstərilir. İkinci Qarabağ müharibəsindən əvvəl və İkinci Qarabağ müharibəsindən sonra şəhid ailələri daim diqqət mərkəzindədir. Bilirsiniz ki, mənim şəhid ailələri, müharibə əlilləri ilə çoxsaylı görüşlərim olub. Onların məişət problemləri dövlət xətti ilə həll olunur, 12 min 500-dən çox şəhid ailəsinə dövlət tərəfindən mənzillər, fərdi evlər veril­mişdir, minlərlə minik maşınları verilmişdir”. Bu proses davam etdirilir. Bakı, Sumqayıt və Abşeron rayonlarında şəhid ailələrinin evlə təminatı məsələləri artıq yekunlaşmaq üzrədir. Digər rayon­larda da dövlət öz üzərinə düşən vəzifəni icra edir. O cümlədən, şəhid ailələrini, müharibə əlillərini işlə təmin etmək üçün çoxsaylı tədbirlər həyata keçirilir. Əsas odur ki, yerlərdə də bu kateqoriyadan olan insanlara diqqət göstərilsin. Rayon icra orqanlarının nümayəndələri onlara biganə qalmasınlar, əksinə, daim onların yaşayışı və məşğulluğu ilə maraqlan­sınlar. Yazgül Abdıyeva daha sonra dedi ki, dövlət başçımız “Biz bu Qələbəni onlara – şəhidlərimizə, müharibə əlillərinə, müharibə iştirakçılarına borcluyuq. Əlbəttə, dövlət qətiyyət göstərdi, biz öz iradəmizi ortaya qoyduq, heç nəyə baxma­dan, heç kimdən çəkinmədən, “öldü var, döndü yoxdur” deyərək torpaqlarımızı azad etdik.” – deyirsə, məmurlar daha diqqətli, daha ədalətli və mərhəmətli olmalı, onların qayğılarını daim diqqətdə saxlamalıdırlar. Biz də QHT olaraq daim qazilərin problemlərinə diqqətlə və həssaslıqla yanaşırıq. Çalışırıq ki, azad edilmiş torpaqlarımıza bayrağımızı sancan qəhrəman əsgər və zabitlərimizə ilk növbədə yardım edək. Çünki, dövlət başçımızın dediyi kimi, onlar öz canlarını fəda edib, sağlamlı­ğını itirib, heç nəyə baxmadan, qorxmadan ölümə gedərək Vətənimizi işğalçılardan xilas ediblər: “Ona görə hər bir dövlət məmurunun, nəinki dövlət məmurunun, hər bir insanın borcudur ki, onlara arxa, dayaq olsun. Yenə də deyirəm, dövlət və mən Prezident kimi daim onların problemləri ilə maraq­lanıram, bu problemləri həll edirəm, daim onlarla bir yerdəyəm. Hər bir dövlət məmuru da, bax, eyni hərəkətlər etməlidir”. Həqiqətən də ölkəmizdə şəhid ailələrinin, qazilərin istər mənzillə təminatı, istərsə, məşğulluqla bağlı problemləri yüksək səviyyədə həll edilir. “Qəhrəmanlarımızın məşğulluğuna dəstək olaq” – devizi ilə aparılan “Məşğulluq marafonu”na müraciətlər gündən-günə artır. İşəgötürənlər bu məqsədlə mövcud və ya yeni yaradılmış vakansi­yalar barədə məlumatları davamlı olaraq təqdim edirlər. İşsiz və iş axtaran kimi “Məşğulluq” altsistemində qeydiyyatda olan şəhid ailəsi üzvləri və Vətən müharibəsində yaralanmış qazilər vakansi­yalar üzrə işlə təmin olunurlar. Prezident rayonlara yeni təyin olunan icra hakimiyyəti başçılarına göstərişlərinin, tövsiyələrinin bundan ibarət olduğunu dedi və vurğuladı ki, mən sizdən fəal iş gözləyirəm, nəticə gözləyirəm. Əminəm ki, siz bu yüksək etimadı dərk edərək, dediyim kimi işləyəcəksiniz. Yazgül Abdıyeva da dövlət başçısının bu fikirlərinə istinad edərək, söhbətin sonunda dedi: “Biz də əminik ki, gənc kadrlar öz işlərində qanunun aliliyinə hörmətlə yanaşacaq, ədalət prinsipinə söykənib fəaliyyət göstərəcəklər”.  Söhbətləşdi: Zərifə BƏŞİRQIZI, “Xalq qəzeti”  

Hamısını oxu
Millət vəkili və icra başçısı şəhdilərin xatirəsinə inşa olunan bulağın açılışında iştirak edib

Veteran.gov.az xəbər verir ki, Şamaxı Texniki, Humanitar və Təbiət fənləri təmayüllü internat tipli lisey tərəfindən üç şəhid məzunu ( Orxan Nəbiyev Rza oğlu, Yusif Əliyev Asif oğlu, İsaxan Qəniyev İsaman oğlu ) adına inşa edilən bulağın açılışında Şamaxı rayonundan millət vəkili Tamam Cəfərova və Şamaxı Rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, o cümlədən ictimaiyyət nümayəndələri iştirak ediblər.   Orxan Nəbiyev 1995-ci il yanvarın 20-də Şamaxı rayonunun Qurdtəpə kəndində anadan olub. 2001-2012-ci illərdə Qurdtəpə kənd tam orta məktəbində təhsil alıb. 2012-2016-cı illərdə isə Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Şamaxı filialının "Azərbaycan dili və ədəbiyyat müəllimliyi" üzrə ali təhsil alıb. Subay idi.   Orxan Nəbiyev ali təhsilini başa vurduqdan sonra 2016-2017-ci illərdə Azərbaycan Silahlı Qüvvələrinin Cəlilabad rayonunda yerləşən "N" saylı hərbi hissəsində "Kəşfiyyatçı" olaraq müddətli həqiqi hərbi xidmətdə olub. Həqiqi hərbi xidmətini başa vurduqdan sonra isə Silahlı Qüvvələrdə üç aylıq təlimlərdə olub. Təlimləri bitirəndən sonra Azərbaycan Silahlı Qüvvələrinin Mingəçevir şəhərində yerləşən "N" saylı hərbi hissəsində "leytenant" hərbi rütbəsində xidmətə başladı.   Azərbaycan Ordusunun leytenantı olan Orxan Nəbiyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi və Azərbaycanın ərazi bütövlüyünün bərpa olunması üçün başlanan Vətən müharibəsi zamanı Tərtər rayonunun Suqovuşan qəsəbəsinin azadlığı uğrunda gedən döyüşlərdə savaşıb. Orxan Nəbiyev tabeçiliyində olan dörd əsgəri ilə birgə "Teleqüllə" adlandırılan ərazini işğaldan azad edib, silah yoldaşları tərəfindən "Qorxmaz Leytenant" ləqəbini qazanıb. Orxan Nəbiyev oktyabrın 14-də Suqovuşan döyüşləri zamanı snayper gülləsi nəticəsində şəhid olub.Noyabrın 3-də Şamaxı rayonunda dəfn olunub. Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Nəbiyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycan ərazilərinin işğaldan azad olunması zamanı döyüş tapşırıqlarını yerinə yetirən zaman cəsarət göstərdiyinə, habelə qətiyyətli addımlar nümayiş etdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 18.12.2020-ci il tarixli Sərəncamına əsasən Orxan Nəbiyev ölümündən sonra "Döyüşdə fərqlənməyə görə" medalı ilə təltif edildi.   Yusif Əliyev 2001-ci il fevralın 11-də Şamaxı şəhərində anadan olub. Orta təhsilini 2007-2018-ci illərdə Şamaxı şəhərində alıb. Subay idi.   Yusif Əliyev 2019-cu ildə müddətli həqiqi hərbi xidmətə çağırılıb. Vətən müharibəsinə qədər Azərbaycan Silahlı Qüvvələrinin Cəbrayıl rayonunda yerləşən “N” saylı hərbi hissəsində xidmət edirdi.   Azərbaycan Silahlı Qüvvələrinin əsgəri olan Yusif Əliyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsi zamanı Füzulinin azadlığı uğrunda gedən döyüşlərdə iştirak edib. Yusif Əliyev oktyabrın 5-də Füzuli döyüşləri zamanı şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında torpağa tapşırılıb.   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Əliyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Füzuli rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 25.12.2020-ci il tarixli Sərəncamına əsasən Yusif Əliyev ölümündən sonra "Füzulinin azad olunmasına görə" medalı ilə təltif edildi.   İsaxan Qəniyev 1985-ci il noyabrın 11-də Şamaxı şəhərində anadan olub. Ailəli idi. Üç oğlu, bir qızı yadigar qaldı.   Azərbaycan Ordusunun giziri olan İsaxan Qəniyev 2020-ci il sentyabrın 27-də Azərbaycan Silahlı Qüvvələri tərəfindən Ermənistan işğalı altında olan ərazilərin azad edilməsi üçün başlanan Vətən müharibəsində savaşıb. İsaxan Qəniyev sentyabrın 27-də Tərtər istiqamətində gedən döyüşlərdə şəhid olub. Şamaxı Şəhidlər Xiyabanında dəfn olunub.   Azərbaycanın ərazi bütövlüyünün təmin edilməsi uğrunda döyüş əməliyyatlarına qatılan və hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirdiyi üçün Azərbaycan Prezidenti İlham Əliyevin 15.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra "Vətən uğrunda" medalı ilə təltif edildi. Azərbaycanın Laçın rayonunun işğaldan azad edilməsi uğrunda aparılan döyüş əməliyyatlarına qatılaraq şəxsi igidliyi və şücaəti nümayiş etdirdiyinə görə Azərbaycan Prezidenti İlham Əliyevin 29.12.2020-ci il tarixli Sərəncamına əsasən İsaxan Qəniyev ölümündən sonra "Laçının azad olunmasına görə" medalı ilə təltif edildi.   Tədbirin sonunda liseyin şagirdləri şəhidlərə həsr olunmuş kompozisiya ilə çıxış etdilər. Uca Allah bütün şəhidlərimizə rəhmət eləsin!  

Hamısını oxu
Sülh sazişindən imtina siyasəti Ermənistanı yeni fəlakətlərlə üz-üzə qoyacaq

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, bu fəlakətin bütün əlamətləri göz önündədir: “44 günlük Vətən müharibəsində darmadağın edilən Ermənistan artıq iki ildən çoxdur ki, müxtəlif bəhanələrlə sülh sazişi imzalamaqdan, Azərbaycanın tələblərini yerinə yetirməkdən boyun qaçırır. Ölkəmizə qarşı mina terrorunu davam etdirən, dövlətimiz haqqında beynəlxalq platformalarda yalan və böhtan səsləndirən Ermənistan, bununla postmüharibə dövrünün reallıqlarını dəyişəcəyinə, nələrəsə nail olacağına ümid edir. Halbuki Ermənistanın rifahı və təhlükəsizliyi üçün yalnız bir optimal variant var. Bu variantı Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə Ermənistan rəhbərliyinin diqqətinə çatdırıb. Bu yol Azərbaycanın tələbləri ilə razılaşmaq, təxribatlardan və mina terrorundan imtina etmək, ölkəmizin sülh sazişi ilə bağlı şərtlərini dəstəkləməkdir. Ermənistanın nicatı üçün ikinci bir yol yoxdur və heç vaxt da olmayacaq”. Hərbi-siyasi ekspert vurğulayıb ki, rəsmi İrəvan bu aydın həqiqəti nə qədər tez dərk edərsə, bu, Ermənistanın özü üçün bir o qədər faydalı olacaq.

Hamısını oxu
Birinci vitse-prezident Mehriban Əliyeva Şağan qəsəbəsində 212 saylı uşaq bağçasının yeni binasının istifadəyə verilməsi tədbirində iştirak edib

Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva sentyabrın 22-də Bakının Xəzər rayonunun Şağan qəsəbəsində yerləşən 212 saylı uşaq bağçasının yeni binasının açılışında iştirak edib. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, Birinci vitse-prezident Mehriban Əliyevaya yeni tikilən bina barədə məlumat verildi. Bildirildi ki, 212 saylı uşaq bağçasının yerləşdiyi bina 1940-cı ildən fəaliyyət göstərib. 2019-cu ilin sonlarından 2020-ci ilin avqustunadək Heydər Əliyev Fondu tərəfindən ərazidə uşaq bağçası üçün yeni binanın inşası həyata keçirilib. Qeyd olundu ki, iki mərtəbədən ibarət bağça 100 yerlikdir, burada 4 qrup fəaliyyət göstərir. Bağçada körpələr, orta, böyük və məktəbə hazırlıq qrupları üçün yataq otaqları, uşaqların asudə vaxtlarını keçirmələri üçün oyun otaqları, bufet, yemək otağı var. Bağçada akt və idman zalları, uşaqların istirahəti və əyləncəsi üçün yaşıl terras, futbol, basketbol sahəsi, balacaların fiziki hazırlığı üçün skaladrom sahəsi, təbiət ilə ünsiyyət üçün əkin sahəsi, uşaqların inkişafının təmin olunması üçün yaradıcılıq otağı da mövcuddur. Binada, həmçinin müəllimlər üçün iş və metodiki otaqlar da yaradılıb. Qeyd edək ki, Azərbaycanda bütün sahələrdə olduğu kimi, uşaqların sosial müdafiəsinin gücləndirilməsinə, onların sağlam və xoşbəxt böyümələrinə diqqət və qayğı göstərilir. Ölkəmizdə müasir körpələr evi-uşaq bağçalarının istifadəyə verilməsi bunun əyani təsdiqidir. Yeni uşaq tərbiyə müəssisələrinin inşasına, eləcə də mövcud olanların ən müasir tələblər səviyyəsində yenidən qurulmasına Heydər Əliyev Fondu xüsusi töhfələr verir. Heydər Əliyev Fondunun "Məktəbəqədər təhsil müəssisələrinin inkişafı" proqramı bir daha sübut edir ki, uşaqların təlim-tərbiyəsi Fondun fəaliyyətinin əsas istiqamətlərindən birini təşkil edir. video Milli.Az   

Hamısını oxu