Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

“Mart soyqırımı qurbanlarının xatirəsinə ilk abidə Balakən rayonunda ucaldılıb”

Nəsib Məhəməliyev: “İndi həmin yer “Soyqırım bağı” adlanır”

“1918-ci ilin mart soyqırımından 105 il ötür. Bakıda, Şamaxıda, Qubada, Xaçmazda, Lənkəranda, Qarabağda, Naxçıvanda və Azərbaycanın digər bölgələrində erməni silahlı dəstələri tərəfindən yerli əhaliyə qarşı dəhşətli cinayətlər törədilmişdir. Mart qırğınlarına bilavasitə rəhbərliyi üzdə bolşevik, əslində isə, qatı daşnak, Bakı kommunasının sədri Stepan Şaumyan həyata keçirmişdir. Rəsmi məlumatlara görə mart ayının 30-dan, aprel ayının 4-ə qədər 12 mindən artıq azərbaycanlı qətlə yetirilmiş, 10 minlərlə insan itkin düşmüşdür.

Tarixdən düzgün nəticələr çıxarılmadıqda daha ağır fəsadların baş verməsi labüddür. Xalqımızın unutqanlığı, sülhsevərliyi, tarixin növbəti mərhələlərində də repressiyalarla, qətliamlarla, deportasiyalarla, torpaq itkiləri ilə nəticələndi”.

Bunu Veteran.gov.az-a açıqlamasında millət vəkili Nəsib Məhəməliyev bildirib. Millət vəkili qeyd edib ki, Mart soyqırımı qurbanlarının xatirəsinə ilk abidə Balakən rayonunda ucaldılıb:

 “Ümummilli Lider Heydər Əliyevin 26 mart 1998-ci il tarixli sərəncamı ilə, hər il 31 mart Azərbaycanlıların Soyqırımı Günü kimi qeyd olunur. Məhz, bu sərəncamdan sonra mart hadisələri, ümumiyyətlə erməni terroru ilə bağlı müxtəlif dillərdə kitablar, arxiv materialları, rəsmi sənədlər nəşr olundu. Əhali arasında maariflənmə işləri aparıldı. Ermənistanın terror dövləti olması, ASALA və digər çoxsaylı erməni terror təşkilatlarına dəstəyi, Azərbaycanda və dünyanın müxtəlif coğrafiyalarında törətdikləri cinayətlər barədə geniş təbliğat kompaniyası aparıldı. Beynəlxalq birlik, erməni terror təşkilatlatlarının insanlıq əleyhinə törətdikləri cinayətlərlə məhz, Azərbaycan dövlətinin apardığı sistemli siyasət sayəsində məlumatlandı.

Yeri gəlmişkən bir məsələni də qeyd etmək istərdim. 2001-ci ildə Balakən rayon icra hakimiyyətinin başçısı vəzifəsində çalışırdım. Qərara aldıq ki, mart soyqırımı qurbanlarının xatirəsinin əbədiləşdirilməsi üçün rayon mərkəzində, bir zamanlar bolşeviklərin lideri Leninin adını daşıyan bağda abidə ucaldaq. O zamanlar, Respublikanın heç bir bölgəsində Soyqırım abidəsi yox idi və mart hadisələri ilə bağlı cəmiyyətdə tək-tək insanları çıxmaq şərti ilə məlumat yox dərəcəsində idi. Abidənin üzərində yazılan qeydlər, qısa müddət ərzində mart hadisələrinin mahiyyəti ilə bağlı təbliğatda əhəmiyyətli rol oynadı. İndi həmin yer, “Soyqırım bağı” adlanır”.

Millət vəkili vurğulayıb ki, 44 günlük Vətən müharibəsində əldə etdiyimiz tarizə zəfərə rəğmən keçmişimizi unutmamalı, sayıqlığımızı itirməməliyik:

“Zaman dəyişib. Azərbaycan dövləti tarixinin ən şərəfli, güclü, inkişaf etmiş dövrünü yaşayır. Qəhrəman Ordumuz, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə, 44 günlük müharibədə tarixi Qələbə qazandı. Erməni terroruna, dünya ernəniliyinə sarsılmaz zərbə vurdu. ,,Böyük Ermənistan,, xülyasını məhv etdi. Şəhidlərin, soyqırım qurbanlarının intiqamını aldı. Bu gün onların ruhu şaddır.

Əldə olunan uğurlara baxmayaraq, daim ayıq-sayıq olmalıyıq. Tarixin acı nəticələrini unutmamalıyıq. Nə qədər ki, düşmən öz iddialarından əl çəkmək istəmir, sayıqlığımızı itirməyə haqqımız yoxdur.

Allah cəmi Şəhidlərə rəhmət eləsin!”

Seymur ƏLİYEV

2023-04-07 11:28:19
189 baxış

Digər xəbərlər

Hərbi-siyasi gərginlik mənbəyi: tərksilah mütləqdir!

Hamısını oxu
Suraxanı rayonunda Azərbaycan Respublikasının Milli Qəhrəmanı Albert Aqarunovun doğum günü qeyd olunub

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı  şöbəsinin işçiləri, şöbə müdiri e/o polkovnik Adil Haqverdiyev,  baş  mütəxəssis Nəbi Hacıyev 26 aprel Bakı şəhəri Suraxanı rayonunda yerləşən Albert Aqarunov adına 154 saylı tam orta məktəbdə tədbirdə iştirak ediblər.   Tədbir Azərbaycan Respublikasının Milli Qəhrəmanı Albert Aqarunovun doğum gününə həsr edilib. Tədbirdə Suraxanı rayon İcra Hakimiyyətinin müavini Günel Axundova, YAP-ınm Suraxanı rayon təşkilatının sədri Vüqar Seyidov, Milli Qəhrəmanın qardaşı Rantik Aqarunov, rayon VT-nın sədri Eldar Rüstəmov, Qarabağ müharibəsi veteranları Ağa Məmmədov, Elmar Hüseynov, məktəbin direktoru Əli Əliyev, şagird və müəllim kollektivi iştirak ediblər.   Tədbir Dövlət Himninin səslənməsi ilə başlayıb, daha sonra şəhidlərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Şagirdlərin hazırladıqları  kompozisyalara  baxılıb, şeirlər dinlənilib. Şagirdlərin çıxışından sonra səhnəyə qonaqlar dəvət olunub. Tədbirdə Suraxanı Rayon İcra Hakimiyyətinin müavini Günel Axundova çıxış edib. O, bildirib ki, torpaqlarımızın toxunulmazlığı uğrunda şəhidlik zivəsinə ucalanlar əbədiyyətə qovuşsalar da, hər zaman xalqımızın qəlbində qalacaqdır. Qazilərimizin, veteranlarımızın həyat yolu gənc nəslə hər zaman örnək olacaq.   Daha sonra söz Adil Haqverdiyevə verilib. O,ilk öncə  Təşkilatın sədri Fatma Səttarovanın və sədr müavini, polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb.A.Haqverdiyev Əfqanıstan və Qarabağ müharibələrinin  iştirakçısı kimi bildirib ki,həmin illərdə vətənpərvər oğullarımız könülü olaraq vətənin müdafiəsinə qalxıb: “Dilindən, dinindən aslı olmayaraq hər kəsin bir amalı vardı - mənfur düşməndən torpaqlarımızı qorumaq. Belə oğullardan biri də Albert Aqarumov idi. O vaxt silah-sursatın az olması, işğalçıya bəzi qüvvələrin havadarlıq etməsi və s. kimi amillər səbəbi ilə torpaqlarımızın bir hissəsi işğal altına düşdü. Lakin indi biz Şəhidlər Xiyabanı önündən qürurla keçib deyirik: “Ruhunuz şad olsun şəhidlərimiz, Ali Baş Komandan İlham Əiyevin rəhbərliyi altında müzəffər ordumuz torpaqlarımızı azad etdi”. Mən çıxışımın sonunda bir daha şəhidlərimizə Allahdan rəhmət, yaxınlarına səbr,qazilərimizə cansağlığı diləyirəm”.   Tədbirin sonunda Suraxanı VT-nın sədri Eldar Rüstəmov şagirdlərlə suallar ünvanlayıb. Sualları düzgün cavablandıran şagirdlərə Fəxri Fərman və kitab hədiyyə olunub.  

Hamısını oxu
Vüsal Quliyev: “QHT-lər Ermənistanın terror aktları ilə bağlı beynəlxalq təşkilatlara müraciət edəcək”

“Ermənistanın raket zərbələri nəticəsində Gəncədə, Bərdədə və digər şəhər və kəndlərimizdə törətdiyi terror aktlarına, faciəyə hələ də hüquqi qiymət verilməyib”. Veteran.gov.az APA-ya istinadən xəbər verir ki, bunu jurnalistlərə açıqlamasında bunu Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin Müşahidə Şurasının sədr müavini, Prezident Administrasiyasının məsul əməkdaşı Vüsal Quliyev bildirib.   V. Quliyev deyib ki, vətəndaş cəmiyyəti institutları bu istiqamətdə fəal olmalıdırlar: "Bu gün QHT nümayəndələrinin Gəncəyə səfərində də məqsəd budur ki, bu terror aktını, faciəni bir daha gözləri ilə görməklə əlaqədə olduqları xarici QHT-lərə, beynəlxalq təşkilatlara müraciət etsinlər. Bu gün bu səfərdə 100-ə yaxın QHT nümayəndəsi iştirak edir. Onların əksəriyyəti insan hüquqları, qadın və uşaq hüquqları sahəsində fəaliyyət göstərən QHT-lərdir. Bu QHT-lər adından müraciət də qəbul olunacaq. Müraciətdə Azərbaycan QHT-ləri beynəlxalq ictimaiyyətin diqqətini Ermənistanın siyasi və hərbi rəhbərliyinin 1 il öncə insanlıq əleyhinə törətdiyi cinayətlərə cəlb edəcək və beynəlxalq humanitar hüququn, xüsusilə 1949-cu ildə qəbul edilmiş Cenevrə konvensiyasının Ermənistan tərəfindən kobud şəkildə pozulduğunu bildirəcək. Azərbaycanda fəaliyyət göstərən QHT-lər adından dünyada fəaliyyət göstərən hüquq müdafiə təşkilatlarına, QHT-lərə, media təmsilçilərinə, parlament üzvlərinə və hökumətlərə müraciət ediləcək, onlar Ermənistanın Azərbaycanın mülki əhalisinə qarşı törədiyi hərbi cinayətlərə etiraz etməyə və bu cinayət əməllərini qəti şəkildə pisləməyə çağırılacaq”.      

Hamısını oxu
Respublika Veteranlar Təşkilatında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Mənfur erməni qəsbkarları tərəfindən törədilən və bəşər tarixinin ən dəhşətli qırğınlarından sayılan Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilmiş məkrli soyqırımı siyasətinin bir hissəsidir. Xocalı faciəsi tarixin yaddaşından heç vaxt silinməyən, dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda, Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qətlə yetirib, soyqırımının ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atıb, Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıdıblar. Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib. AZƏRTAC xəbər verir ki, bu fikirlər Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 18-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında veteranların, ziyalıların, gənclərin iştirakı ilə keçirilən anım tədbirində səsləndirilib. Təşkilatın inzibati binasında keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qeyd edib ki, Xocalı soyqırımının dünyada tanıdılması, bu faciəyə lazımi qiymətin verilməsi üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində aparılan genişmiqyaslı fəaliyyət uğurlu nəticələrini verir. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər xüsusi vurğulanıb. Qeyd olunub ki, məhz bu kampaniya nəticəsində hazırda dünyanın bir sıra ölkələri, həmçinin bəzi beynəlxalq təşkilatlar Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qərarlar qəbul edib. Ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı ilə bağlı abidələr ucaldılıb. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər nümayiş etdirilir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl iş aparılır. Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb. “2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu torpaqlarımızın bir hissəsini işğaldan azad edib, uğurlu Naxçıvan əməliyyatı ilə 11 min hektar ərazi nəzarətimizə keçib. Ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz var. Mövcud status-kvo qəbuledilməzdir və Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbi daim gündəmdədir. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq”, - deyə Cəlil Xəlilov vurğulayıb. Mərasimdə Xocalı haqqında sənədli film nümayiş olunub. Çıxış edənlər Xocalı soyqırımı barədə həqiqətlərin müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində qaldırılmasının əhəmiyyətindən, müxtəlif qurumların, xüsusilə Respublika Veteranlar Təşkilatının bu istiqamətdəki fəaliyyətindən danışıb, bu istiqamətdə səylərin gücləndirilməsinin zəruriliyini bildiriblər. Natiqlər işğal altındakı torpaqlarımızın azad olunacağına qəti inam ifadə ediblər.  

Hamısını oxu