
Digər xəbərlər

Veteran.gov.az xəbər verir ki, şəhər və rayon Ağsaqqallar Şuralarında təşkilatların son birillik fəaliyyətləri ilə bağlı hesabat konfranslarının keçirilməsi davam edir. Növbəti tədbirlər Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovun iştirakı ilə iyun ayının 21-də və 22-də Şəmkir, Qazax və Tovuz rayonlarında təşkil olunub. Bu konfranslarda Şəmkir Rayon İcra Hakimiyyətinin başçısı Rəşad Tağıyev, Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Balaşov, Tovuz Rayon İcra Hakimiyyətinin başçısı Məmməd Məmmədov, həmçinin Azərbaycan Ağsaqqallar Şurasının mətbuat katibi Rafiq Rzayev, rayon ağsaqqalları, şəhid ailələrinin üzvləri, qazilər, idarə, müəssisə və təşkilat rəhbərləri, təhsil işçiləri və gənclər iştirak ediblər. Tədbir iştirakçıları əvvəlcə ümummilli lider Heydər Əliyevin abidəsi önünə gül dəstələri qoyaraq xatirəsini ehtiramla anıblar. Konfranslarda şəhidlərimizin və hesabat dövründə dünyasını dəyişmiş ağsaqqalların xatirəsi bir dəqiqəlik sükutla yad edildikdən sonra çıxış edən rayon İcra Hakimiyyətlərinin rəhbərləri Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifovu və tədbir iştirakçılarını salamlayaraq toplantının əhəmiyyətindən söz açıblar. Milli-mənəvi dəyərlərimizin formalaşmasında, yaşadılmasında və gənclərə aşılanmasında ağsaqqal sözünün daşıdığı önəmi vurğulayan natiqlər yaşlı nəslin nümayəndələrinin rayonun ictimai-mədəni həyatında yaxından iştirak etdiklərini bildiriblər. Rəhbər vəzifəyə təyin olunduqları ilk günlərdən etibarən mütəmadi olaraq ağsaqqallarla görüşdüklərini, onların məsləhət və tövsiyələrinə əməl etdiklərini söyləyən icra başçıları gənclərin vətənpərvərlik ruhunda, sağlam təməllər üzərində tərbiyəsi işində ağsaqqallara həmişə böyük ehtiyacın duyulduğunu tədbir iştirakçılarının diqqətinə çatdırıblar. Sonra Şəmkir Rayon Ağsaqqallar Şurasının sədri Bilal Məmmədovun, Qazax Rayon Ağsaqqallar Şurasının sədri Ramiz Mansurovun və Tovuz Rayon Ağsaqqallar Şurasının sədr müavini Bəhram Pənahovun yerli təşkilatlar tərəfindən son birillik hesabat dövrü ərzində aparılan işlər və qarşıya qoyulan vəzifələr barəsində məruzələri dinlənilib. Natiqlər Rayon Ağsaqqallar Şurasının üzvlərinin təhsil müəssisələrində keçirilən görüşlərdə və digər tədbirlərdə cəmiyyət üzvləri, xüsusilə də gənclərimizlə maarifləndirici, o cümlədən ordumuzun qəhrəmanlıq tarixi mövzusunda söhbətlər aparıldığını, onların milli-mənəvi dəyərlərə, Vətənə, xalqa, dövlətə hörmət ruhunda tərbiyəsi işinə böyük önəm verildiyini qeyd ediblər. Vurğulayıblar ki, həm pandemiya dövründə, həm də müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında başlayan 44 günlük Vətən müharibəsi zamanı rayon ağsaqqalları öz fəaliyyətlərini davam etdirərək xalqımızın həmrəy olmasında, daxili və xarici düşmənlərimizə, o cümlədən xəstəliklərə qarşı mübarizə aparılmasında yaxından iştirak ediblər. Çıxışçılar gələcəkdə öz fəaliyyətlərini daha səmərəli və əhatəli qurmaq üçün əllərindən gələni əsirgəməyəcəklərini bildiriblər. Konfranslarda çıxış edən Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov Şuranın sədri, Milli Məclisin deputatı, professor Eldar Quliyevin və İdarə Heyətinin üzvlərinin salamlarını tədbir iştirakçılarına çatdırıb və hesabat dövrü ərzində görülən işləri qənaətbəxş qiymətləndirib. Lakin ağsaqqallarımızın daha yüksək potensiala malik olduqlarını bildirərək koronovirus pandemiyasının, demək olar ki, aradan qalxdığı bu dövrdə onların fəaliyyətində daha böyük canlanmanın olacağına əminliyini ifadə edib. Öz çıxışında ağsaqqallıq institutunun qədim tarixə malik olduğunu söyləyən Bayram Yusifov xüsusilə türk tayfalarında və bu gün onların davamçıları olan türk dövlətlərində böyük nüfuz sahibi olan ağsaqqallara yüksək dəyər verildiyini qeyd edib. Hazırda Türk Dövlətləri Təşkilatında (TDT) üzv ölkələrin ağsaqqallarının təmsil olunduğu Ağsaqqallar Şurasının səmərəli fəaliyyət göstərdiyini vurğulayıb. Natiq qeyd edib ki, Azərbaycan Ağsaqqallar Şurası da Eldar Quliyevin rəhbərliyi ilə TDT-nin Ağsaqqallar Şurasının işində yaxından iştirak edir, təşkilata üzv olan türk dövlətlərinə işgüzar və səmərəli səfərlər həyata keçirilir, bir sıra sahələr üzrə əməkdaşlıqlar genişləndirilir. Bayram müəllim, həmçinin, ulu öndər Heydər Əliyevin ağsaqqalları “milli-mənəvi dəyərlərimizin qızıl fondu” adlandıraraq onlara verdiyi yüksək dəyərdən və bu gün həmin qayğının Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev və Birinci vitse-prezident Mehriban xanım Əliyeva tərəfindən böyük həssaslıqla davam etdirilməsindən də bəhs edib. O, öz çıxışında ümummilli lider Heydər Əliyevin hakimiyyətdə olmadığı, sözün əsl mənasında ağsaqqalsız qaldığımız dövrlərdə Azərbaycanın yaşadığı böyük problemləri tədbir iştirakçılarına xatırladaraq Ümummilli Liderin xilaskarlıq missiyasından, dövlət başçısı, müzəffər Ali Baş Komandan İlham Əliyev rəhbərliyi ilə ölkəmizdə gedən inkişaf prosesindən, Vətən müharibəsində qazanılan möhtəşəm Zəfərdən və işğaldan azad olunmuş torpaqlarımızda gedən genişmiqyaslı abadlıq və quruculuq işlərindən söz açıb, ölkə əhalisinə, xüsusilə şəhid ailələrinə və qazilərə göstərilən diqqət və qayğıdan danışıb. Hazırda Azərbaycan Ağsaqqallar Şurasında, onun yerli təşkilatlarında canlanmanın müşahidə edildiyini vurğulayan natiq bildirib ki, biz ağsaqqallar daha da fəal olmalıyıq, dövlətimizin, ulu öndər Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz cənab İlham Əliyevin ətrafında sıx birləşərək Vətənimizi sevməyən daxili və xarici qüvvələrə, cəmiyyətimizdəki neqativ hallara qarşı ciddi mübarizə aparmalıyıq, gənclərlə maarifləndirici işlərimizi daha da artırmalıyıq. Konfranslarda rayonların Ağsaqqallar Şuralarının üzvləri, həmçinin yerli təşkilatların nümayəndələri, ziyalılar və digər natiqlər çıxış edərək ölkəmizin ictimai-mədəni həyatında ağsaqqalların göstərdiyi dəyərli fəaliyyətdən bəhs ediblər. Vurğulayıblar ki, xalqımizi daha da qüvvətləndirən ağsaqqal sözüdür və ağsaqqallara hörmət millətə, dövlətə hörmətdir. Azərbaycanın hər bir bölgəsində belə yüksək səviyyəli tədbirlərin keçirilməsinə, habelə ağsaqqallara ayrılan diqqət və qayğıya görə öz minnətdarlıqlarını bildiriblər. Tovuzda keçirilən konfransda Rayon Ağsaqqallar Şurasının sədri Tofiq Zeynalova yeni vəsiqə təqdim edilib və ona gələcək fəaliyyətində uğurlar arzulanıb. Səfər çərçivəsində ənənəvi olaraq Azərbaycan Ağsaqqallar Şurasının sədr müavini Bayram Yusifov yerli təşkilatların iş otaqları, onlara yaradılan şəraitlə və göstərdikləri fəaliyyətlə yaxından tanış olub, öz tövsiyələrini verib, həmçinin mövcud çatışmazlıqların aradan qaldırılması üçün müvafiq qurumlarla məsləhətləşmələr aparılıb.
Hamısını oxu
Aprelin 8-i əmək veteranı, tanınmış ictimai xadim, elm adamı, uzun illər müxtəlif dövlət orqanlarında aparıcı vəzifələr tutan Surxay Tağızadənin 90 yaşı tamam olur. Surxay İmran oğlu Tağızadə 8 aprel 1932-ci ildə Gəncə şəhərində müəllim ailəsində anadan olmuşdur. 1949-cu ildə Gəncədəki Sabir adına 5 saylı orta məktəbi, 1954-cü ildə Azərbaycan Kənd Təsərrüfatı İnstitututnun baytarlıq fakültəsini, 1962-ci ildə Azərbaycan Elmi-Tədqiqat Baytarlıq İnstitutunun aspiranturasını bitirmişdir. Baytarlıq elmləri namizədi elmi dərəcəsi və baş elmi işçi rütbəsi vardır. Respublikanın əməkdar kənd təsərrüfatı işçisidir. Əmək fəaliyyətinə AKTİ-də komsomol təşkilatına rəhbərlikdən və müəllimlikdən başlamış, Azərbaycan Elmi-tədqiqat heyvandarlıq institutunda elmi işçi, "Kirovabad kommunisti" qəzetində kənd təsərrüfatı şöbəsinin müdiri, Özbəkistan Elmi-Tədqiqat Baytarlıq institutunda laboratoriya müdiri, Səmərqənd kooperativ institutunda dosent, Azərbaycan Elmi-Tədqiqat baytarlıq institutunda şöbə mudiri vəzifələrində çalışmışdır. 1967-ci ildən başlayaraq Kənd Təsərrüfatı Nazirliyində təbliğat idarəsinin rəisi, Azərbaycan KP MK kənd təsərrüfatı şöbəsi müdirinin müavini, Kənd Təsərrüfatı nazirinin müavini, Kənd Təsərrüfatı İşçiləri Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri, Azərbaycan Həmkarlar İttifaqları Şurasının katibi, Azərbaycan KP MK kənd təsərrüfatı və emal sənayesi şöbəsinin müdiri, Dövlət Plan komitəsi sədrinin müavini vəzifələrində işləmişdir. Göstərilən illərdə Respublikada kənd təsərrüfatı iqtisadiyyatının yüksəldilməsi, təsərrüfatların ixtisaslaşdırılması və təmərküzləşdirilməsi, mütərəqqi iş üsullarının və qabaqcıl təcrübınin öyrənilməsi, geniş yayılması və tətbiq edilməsi, yeni texnologiyaların, istehsal və sosial sahələrinin yaradılması, inkişaf etdirilməsi, onların maddi bazasının gücləndirilməsi, ixtisaslı kadrların hazırlanması, kəndlilərin sosial məsələlərinin həll edilməsi və kənd təsərrüfatı üçün vacib olan başqa mühüm tədbirlərdə bilavasitə iştirak etmiş, onların bir çoxunun təşəbbüskarı olmuşdur. Surxay Tağızadə Azərbaycan istiqlaliyyətini bərpa etdikdən sonra 1993-cü ildə Azərbaycan Fermerlər İttifaqının yaradıcılarından biri olmuş, 1996-cı ildə isə Azərbaycan "Farmprogress" (fermerin tərəqqisi) Beynəlxalq Elmi-Texniki Əlaqələr Mərkəzini və "Azərbaycan Fermeri" jurnalını təsis etmişdir. Onun rəhbərliyi altında fəaliyyət göstərən bu qurumlar Respublikada fermer təsərrüfatlarının bərqərar olması və inkişaf etdirilməsi, bu sahədə dünya ölkələrində əldə edilmiş çoxillik və ilkin yerli təcrübənin təbliği ilə məşğul olmuş, fermerlərin elmi idarələr, bank və sığorta təşkilatları, aqroxidmət, emal, marketinq müəssisləri ilə işgüzar əlaqələrinin yaradılması üçün geniş maarifçilik işi aparmışlar. S. Tağızadə 2009-cu ilin aprel ayından 2014-cü ilin sentyabr ayınadək Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Respublika Şurası sədrinin 1-ci müavini vəzifəsində işləmişdir. Bu dövrdə o, Respublikada veteran işinin daha da canlanmasına və inkişaf etdirilməsinə, veteran təşkilatının nazirliklər, idarələr, ictimai təşkilatlar və beynəlxalq təşkilatlarla əlaqələrinin genişlənməsinə, gənclərin vətənpərvərlik tərbiyəsində veteran təşkilatının rolunun artırılmasına çalışmış, təşkilatın mətbu orqanı "Azərbaycan Veteranı" qəzetinin yaranmasının təşəbbüskarı olmuşdur. S. Tağızadə Ermənistan-Azərbaycan münaqişəsi ilə əlaqədar Azərbaycan Veteranlarının haqq səsinin dünya ictimayyətinə çatdırılması istiqamətində də geniş fəaliyyət göstərmiş və bunlar 1941 – 1945 ci illər Böyük Vətən müharibəsi veteranlarının 2011-ci ildə keçirilmiş ümumrespublika toplantısında, ATƏT-in rəhbərlərinə və Minsk qrupu həmsədr ölkələrinin prezidentlərinə göndərilən Müraciətlərdə, MDB ölkələri Veteranları Əlaqələndirmə Şurasının iclaslarında və başqa sənədlərdə öz əksini tapmışdır. Surxay Tağızadə 2010-cu ilin 24-26 noyabrında UNESKO-nun mənzil qərargahında Dünya Veteranlar Federasiyasının veteranlar və müharibə qurbanları ilə bağlı qanunvericilik üzrə 90-dan artıq ölkənin 200-ə yaxın nümayəndəsinin iştirak etdiyi yeddinci beynəlxalq konfransında Prezident Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun rəhbərlik etdiyi nümayəndə heyəti ilə Azərbaycanı beynəlxalq tədbirdə təmsil etmişdir. Burada Ermənistan Azərbaycan Dağlıq Qarabağ münaqişəsi barədə Azərbaycan veteranlarının Bəyanatını yaymış və çıxış etmişdir. Surxay Tağızadə bu gün də elm adamı, ictimai xadim kimi aktiv fəaliyyət göstərməkdə, dövlətə və xalqa xidmət etməkdədir. Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı 90 illik yubileyi münasibəti ilə Surxay Tağızadəni təbrik edir, ona uzun ömür, cansağlığı arzulayır!
Hamısını oxu
Dekabrın 22-də Prezident İlham Əliyev Azərbaycan Respublikası vətəndaşlarının 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılması və müddətli həqiqi hərbi xidmət hərbi qulluqçularının ehtiyata buraxılması haqqında sərəncam imzalayıb. Milli.Az AZƏRTAC-a istinadən bildirir ki, sərəncama əsasən, 2003-cü ildə doğulmuş və çağırış gününədək (həmin gün də daxil olmaqla) 18 yaşı tamam olmuş, habelə 1986-2002-ci illərdə doğulmuş, yaşı 35-dək olan, Azərbaycan Respublikasının Silahlı Qüvvələrində müddətli həqiqi hərbi xidmət keçməmiş, müddətli həqiqi hərbi xidmətə çağırışdan möhlət hüququ olmayan və ya müddətli həqiqi hərbi xidmətə çağırışdan azad edilməmiş Azərbaycan Respublikası vətəndaşları 2021-ci il yanvarın 1-dən 30-dək müddətli həqiqi hərbi xidmətə çağırılacaqlar. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamın icrası üçün qanunvericilikdə nəzərdə tutulmuş tədbirlər görəcək. Milli.Az
Hamısını oxu
Tədbir Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi ilə təşkil olunub Veteran.gov.az xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi tabeliyində Mənəvi Dəyərlərin Təbliği Fondunun maliyyə dəstəyi, bir sıra dini icmaların, həmçinin "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin təşkilatçılığı ilə Cəlilabad, Masallı və Lənkəran rayonlarında 8 mart-Beynəlxalq Qadınlar Günü münasibətilə şəhid ailələrinin qadın üzvləri üçün bayram tədbirləri təşkil olunub. Keçirilən tədbirlərdə Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, "Zəfər" Şəhid Ailələrinə Dəstək İctimai Birliyinin sədri Sevinc Alızadə, həmin rayonların icra hakimiyyətlərinin məsul şəxsləri, dini icma sədrləri və şəhid anaları çıxış ediblər. Sonda şəhidlərimizin əziz xatirəsi yad edilib, onların ruhuna dualar oxunub.
Hamısını oxu