Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Avropa İttifaqının Azərbaycana yönəlik ittihamları yersiz və əsassızdır

Bakı. Trend:

Avropa İttifaqının Azərbaycana yönəlik ittihamları yersiz və əsassızdır.

Bunu Trend-ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, hərbi-siyasi ekspert, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik qeyd edib ki, sözügedən təşkilatın birtərəfli şəkildə Ermənistanın müdafiəsində dayanması, Azərbaycanın ünvanına böhtanlar səsləndirməsi Qərbin ənənəvi ikili standartlar siyasətindən xəbər verir:

“Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Cozep Borrellin ölkəmizin ünvanına səsləndirdiyi ittihamlar, xüsusilə də Azərbaycanla xəbərdarlıq dilində danışmaq cəhdi təəsssüf və gülüş doğurur.

Hər şeydən öncə cənab Borrell başa düşməlidir ki, Azərbaycanla xəbərdarlıq dilində danışmaq olmaz və ölkəmizin hər danışıq və davranışa uyğun ortaya qoyacaq adekvat mövqeyi hökmən vardır. İkincisi, Azərbaycanın hansısa ölkənin sərhədlərini pozmaq, onun suverenliyinə təhlükə yaratmaq, bölgədə hərbi müstəvidə hansısa addımlar atmaq planı yoxdur.

Azərbaycan 44 günlük Vətən müharibəsi nəticəsində torpaqlarını işğaldan azad edib və cari ilin lokal antiterror tədbirləri nəticəsində suverenliyinin tam şəkildə bərpasına nail olub. Bu, Azərbaycanın beynəlxalq hüquqla təsbit edilən haqqıdır və bizə bunun xaricində heç nə lazım deyil.

Əksinə, Fransanın aktiv dəstəyi ilə Ermənistanın sürətlə silahlanması, müxtəlif ölkələrdən silah-sursat almağa səy göstərməsi onu göstərir ki, bölgənin gələcəyi üçün təhdid təşkil edən ölkə Ermənistandır. Yaxşı olardı ki, Avropa İttifaqı Azərbaycanın ünvanına məsuliyyətsiz açıqlamalar səsləndirmək əvəzinə, ikili standartlardan imtina etsin.

Ermənistanı silahlandırmaq, onu hərbi, siyasi və psixoloji baxımdan yeni qarşıdurmaya hazırlamaq səylərindən əl çəksin. Avropa İttifaqının Cənubi Qafqaz regionunun gələcəyinə verə biləcəyi ən böyük töhfə elə bu ola bilər”.

2023-11-15 11:54:17
668 baxış

Digər xəbərlər

Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü təsis edilib

Prezident İlham Əliyev “Müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdü”nün təsis edilməsi haqqında Fərman imzalayıb. AZƏRTAC xəbər verir ki, Fərmana əsasən müharibə veteranlarına Azərbaycan Respublikası Prezidentinin təqaüdünün aylıq məbləği 80 manat müəyyən olunub. Təqaüd 2019-cu il aprelin 1-dək kommunal, nəqliyyat və digər xidmətlərə görə sosial müavinət alan şəxslərə həmin sosial müavinətin əvəzinə, əmək pensiyası alan və döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçılarına (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçulara əmək pensiyasının sığorta hissəsinə əlavə əvəzinə verilir. Təqaüd dövlət büdcəsində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə nəzərdə tutulmuş xərclər hesabına həmin nazirlik tərəfindən ödənilir. Bu Fərmana əsasən təsis edilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünü və müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə, 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə, ümumi xəstəlik, hərbi xidmət dövründə xəstələnmə, əmək zədəsi və peşə xəstəliyi, hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar, Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar səbəblərdən I qrup əlilliyi olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin təqaüdünü almaq hüququ olan şəxslərə Azərbaycan Respublikası Prezidentinin qeyd olunan təqaüdlərindən yalnız biri – ən yüksəyi verilir. Fərmanda Nazirlər Kabinetinə və Ədliyyə Nazirliyinə müvafiq tapşırıqlar verilib.

Hamısını oxu
İlham Əliyev İsveçin Azərbaycanda yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev sentyabrın 24-də İsveç Krallığının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Kristian Kamillin etimadnaməsini qəbul edib. AZƏRTAC xəbər verir ki, etimadnaməsini Prezident İlham Əliyevə təqdim edən səfir Kristian Kamill dedi: -Cənab Prezident, əlahəzrət İsveç Kralı tərəfindən imzalanmış və məni Azərbaycan Respublikasında fövqəladə və səlahiyyətli səfir kimi təyin edən etimadnaməni və sələfimin geri çağırılması məktubunu Sizə təqdim etməkdən şərəf hissi duyuram. Cənab Prezident, icazə verin, əlahəzrətin Sizə və Azərbaycan xalqına səmimi və ən xoş arzularını çatdırım. Sonra səfirlə söhbət edən Prezident İlham Əliyev dedi: -Xahiş edirəm mənim də ən xoş arzularımı əlahəzrətə çatdırın. Sizi Azərbaycanda salamlamaqdan çox məmnunam. Sizə ölkəmizdə yaxşı vaxt keçirməyi arzulayıram. Ümidvaram ki, sizin Azərbaycandakı fəaliyyətiniz zamanı ölkələrimiz arasında münasibətlərin inkişafı uğurla davam edəcək. Tezliklə ölkəmizə səfərə gələcək sizin Xarici İşlər nazirinizi qəbul etməyi və əməkdaşlığımızla bağlı geniş məsələləri, habelə Avropa İttifaqı ilə gələcək əməkdaşlığımızı müzakirə etməyi səbirsizliklə gözləyirik. Bildiyiniz kimi, İsveç Avropa İttifaqı ilə regionumuz arasında daha geniş əməkdaşlıqla bağlı həmişə fəal olub. Avropa İttifaqı ilə Azərbaycan arasında indi çox yüksək səviyyəli tərəfdaşlıq mövcuddur və bu tərəfdaşlıq bir çox sahələri əhatə edir. Ümidvaram ki, yeni sazişlə bağlı danışıqlar uğurla davam edəcək. Əlbəttə ki, pandemiya ilə əlaqədar vəziyyət bizim planlarımıza müdaxilə etdi. Bizdə bir neçə ay davam edən karantin rejimi tətbiq olundu. Buna görə bizim heç bir fəal, fiziki təmaslarımız olmadı. Lakin faktiki olaraq əməkdaşlıq davam edir. Buna görə də əminəm ki, bizdə yeni əməkdaşlıq formatı olacaq. Bildiyiniz kimi, Azərbaycan Avropa İttifaqına üzv olan ölkələrin üçdəbiri ilə strateji tərəfdaşlıq üzrə sənədlər imzalayıb. Bu da əməkdaşlığın səviyyəsini nümayiş etdirir. İki il öncə biz tərəfdaşlığın prioritetləri üzrə sənədi də imzaladıq. Bu da bizim əməkdaşlığımızın gələcək inkişafı üçün çox mühüm əhəmiyyət kəsb edir. Biz çox məmnunuq ki, həmin sənəddə Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərimizin toxunulmazlığı Avropa İttifaqı tərəfindən dəstəklənib. Bu, Ermənistanla Azərbaycan arasında münaqişənin həllinə çox haqlı və ədalətli yanaşmanın olduqca mühüm əlamətidir. İkitərəfli əlaqələrimizə gəlincə, əlbəttə ki, biz onların daha fəal olmasını görmək istəyirik. Mən əminəm ki, səfirlərin fəaliyyəti sayəsində bu imkan yaranacaq. Mən sizə ölkəmizdə xoş vaxt keçirməyi və fəal iş arzu edirəm. Səfir Kristian Kamill: Çox sağ olun, cənab Prezident. Mən Sizi çox diqqətlə dinlədim. Mənim artıq yaxşı tanıdığım və mənə əziz ölkə olan Azərbaycanda mehriban qarşılanmağıma görə Sizə təşəkkür edirəm. İsveçin Bakıda ilk rezident səfiri olaraq ikitərəfli əlaqələrimizin daha da güclənməsinə töhfə vermək üçün əlimdən gələni əsirgəməyəcəyəm. Həqiqətən də bizim Xarici İşlər nazirinin artıq gələn həftə ölkənizə səfəri vaxtında baş tutur. Mən bunu səbirsizliklə gözləyirəm. Cənab Prezident, mən İsveçin Avropa İttifaqının ölkənizlə daha sıx əməkdaşlığa dəstəyini qiymətləndirdiyinizə görə Sizə minnətdarlığımı bildirmək istəyirəm. Biz Şərq Tərəfdaşlığının 10-cu ildönümü münasibətilə Stokholmda Azərbaycandan böyük nümayəndə heyətini görməyə şad olduq. İndi biz bu əməkdaşlığı daha da inkişaf etdirməliyik. İsveç bu danışıqları dəstəkləmək əzmində olan ölkələrdən biri olmağa hazırdır. Mən əlbəttə ki, ölkələrimiz arasında biznes əlaqələrinin daha da yaxından qurulmasında üzərimə düşən işi görə biləcəyimə ümid edirəm.              

Hamısını oxu
Liderlərin görüşü: Azərbaycan-Rusiya əlaqələri strateji tərəfdaşlığın məzmununa tamamilə uyğundur

Azərbaycan öz coğrafi mövqeyi, nəqliyyat infrastrukturu, inkişaf etmiş iqtisadiyyatı, rus mədəniyyəti ilə ənənəvi əlaqələri baxımından Rusiya üçün böyük maraq və dəyər kəsb edir. Xüsusən ona görə ki, respublikada rus dili, birgə tarix, iki yüz il ərzində xalqlarımızı birləşdirən nə varsa, hamısı qayğı ilə əhatə olunub və qorunur. Bu fikri Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov AZƏRTAC-a müsahibəsində Azərbaycan və Rusiya prezidentlərinin sentyabrın 1-də Soçidə keçirilmiş görüşünü şərh edərkən söyləyib. Şübhəsiz ki, yüksək səviyyədə müntəzəm görüşlər dövlətlərarası münasibətlərə dinamizm verir, lakin indiki halda bu münasibətlər fundamental əhəmiyyətə malikdir. Hər iki dövlətin başçısı öz çıxışlarında iki ölkə arasında əlaqələrin strateji xarakterini vurğulayıb. Cəlil Xəlilov qeyd edib ki, biznes sahəsindən siyasətə keçən "strateji tərəfdaşlıq" termini iki ölkənin fəaliyyətinin əlaqələndirilməsinin yüksək formasını, siyasi, sosial, mədəni, iqtisadi sahələrdə resursların qarşılıqlı səmərəli kooperasiyasını göstərir. Azərbaycan və Rusiya arasında əlaqələr strateji tərəfdaşlığın ruhuna və məzmununa tamamilə uyğundur. İqtisadiyyatın və mədəniyyətin bir çox sahələrində Azərbaycanın Rusiya ilə əməkdaşlıq perspektivləri təqdirəlayiqdir. Belə ki, investisiyalar, ticarət əlaqələri, nəqliyyat kommunikasiyaları genişlənir, humanitar və turizm sahəsində əlaqələr dərinləşir. 2017-ci ilin yekunlarına görə, Rusiya və Azərbaycan arasında əmtəə dövriyyəsi, demək olar ki, 35 faiz artaraq 2,5 milyard dollara çatıb. Rusiya qeyri-neft sektorunda idxala görə Azərbaycan üçün bir nömrəli tərəfdaşdır. Rusiyanın bir çox şirkətləri Azərbaycanda uğurla işləyir. Energetika, maşınqayırma, kimya, əczaçılıq sənayesi sahələrində kooperasiya dərinləşir. Cənubi Asiyanı və Yaxın Şərqi Avropa ilə birləşdirəcək "Şimal-Cənub" qitələrarası nəqliyyat dəhlizinin yaradılması üzrə birgə işlər böyük beynəlxalq əhəmiyyət daşıyır. Azərbaycanın bilavasitə Rusiyanın regionları ilə fəal əməkdaşlığı diqqət çəkir. Rusiya Federasiyasının 70-dən çox subyekti Azərbaycanla iqtisadi, mədəni əlaqələr saxlayır. Elm, təhsil, ədəbiyyat və incəsənət sahələrində çox geniş əlaqələr mövcuddur. Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov qeyd edib ki, Azərbaycan Rusiyanın geostrateji maraqlarına anlaşıqlı yanaşır. Rusiya da öz növbəsində, Qarabağ problemi, Ermənistan tərəfindən Azərbaycan ərazisinin 20 faiz işğal edilməsi ilə bağlı Azərbaycanın narahatlığını bölüşür. "Azərbaycan ictimaiyyəti bu münaqişənin həllində Rusiyanın daha fəal iştirakına ümid bəsləyir. Rusiya öz hərbi müttəfiqi Ermənistana Azərbaycanın işğal edilmiş ərazilərinin boşaldılmasına dair BMT qətnamələrini icra etməklə bağlı birmənalı təsir göstərə bilərdi. Biz bu istiqamətdə Rusiya tərəfdən daha qətiyyətli addımlar gözləyirik", - deyə siyasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilov bildirib.

Hamısını oxu
Prezident və xanımı Uşaq İncəsənət Məktəbinin açılışında

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva sentyabrın 3-də Bakının Yasamal rayonundakı Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin əsaslı təmirdən sonra açılışında iştirak ediblər. Publika.az xəbər verir ki, dövlət başçısı və birinci xanım əsaslı təmirdən sonra binada yaradılan şəraitlə tanış oldular. Məlumat verildi ki, Vaqif Mustafazadə adına 2 nömrəli Uşaq İncəsənət Məktəbinin yerləşdiyi bina 1904-cü ildə inşa edilib. Bina 2020-ci ildə Heydər Əliyev Fondu tərəfindən əsaslı təmir olunub. Hazırda məktəbdə fortepiano, skripka, gitara, klarnet, saksofon, vokal, xanəndə, tar, kamança, qarmon, nağara, rəssamlıq, xoreoqrafiya, nəzəriyyə və tədris köməkçi fənləri ixtisasları üzrə 385 şagird təhsil alır, onların təlim-tərbiyəsi ilə 78 müəllim məşğul olur. Məktəbin bütün tədris otaqları əyani vəsaitlərlə təmin olunub. İncəsənət məktəbinin ikimərtəbəli binasında 15 fərdi tədris otağı, nəzəriyyə otaqları, kitabxana, dərzi otağı, konfrans zalı, rəssamlıq otaqları, xoreoqrafiya zalı, yeməkxana və səsyazma studiyası fəaliyyət göstərir. Məktəbdə Vaqif Mustafazadə guşəsi yaradılıb. Qeyd edək ki, dünya şöhrətli caz ustası Vaqif Mustafazadə 1949-1956-cı illərdə burada fortepiano ixtisası üzrə təhsil alıb. Azərbaycanın bir sıra görkəmli bəstəkarları və incəsənət xadimləri bu məktəbin yetirmələri olublar.

Hamısını oxu