Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Ən son xəbərlər

Rayon Veteranlar Təşkilatı Qarabağ qazisi Maşalla Əliyevin yubiley tədbirini keçirib
Rayon Veteranlar Təşkilatı Qarabağ qazisi Maşalla Əliyevin yubiley tədbirini keçirib

Cəlilabad rayon Veteranlar Təşkilatı "Qarabağ qaziləri" İctimai Birliyinin Cəlilabad rayon  bölməsinin sədri Maşalla Əliyevin 70 illik yubileyi münasibəti İlə tədbir keçirib. Tədbirdən öncə torpaqlarımızın azadlığı uğrinda canlarını fəda etmiş şəhidlərimizin əziz xatirəsi hörmət və ehtiramla yad edilib. Rayon Veteranlar Təşkilatının sədri, şair-publisist Ədalət Salman Qarabağ müharibəsi qazisi, iki ayağını da döyüş cəbhəsində itirmiş Maşalla Əliyevin gənclərimizə örnək olan həyat və döyüş yolundan danışdı,  onun məktəbli  gənclərin vətənpərvər ruhda tərbiyəsində  göstərdiyi müstəsna  xidmətlərini xüsusilə vurğuladı.  O, yubilyara Veteran Təşkilatının Fəxri fərmanını və hədiyyələr təqdim etdi. Tədbirdə Azərbaycan Yazıçılar Birliyinin üzvləri Əfrahim Abbas, Gülbala Teymur, İman Abdulla, Qurban Əhməd, "Qarabağ Əlillərinə Qayğı" ictimai birliyinin sədri Asəf İsmayılov, Əfqanıstan müharibəsi veteranı Rəşid Mahmudov,  əmək veteranları Əsəd Əliyev, Zaman Qarayev, Rasif  Həsənov, Sakit İsayev və başqaları ömrünün yetmişinci baharını yaşayan müharibə veteranı Maşallah Əliyevi yubileyi münasibəti ilə səmimi qəlbdən təbrik etdilər, ona həsr olunan şeirlərini oxudular, rayonun ictimai-siyasi həyatında fəal iştirakını yüksək qiymətləndirdilər. Birinci Qarabağ savaşının iştirakçısı olmuş Maşalla Əliyev yubiley tədbirini təşkil etdiyinə görə rayon Veteranlar Təşkilatına və tədbir iştirakçılarına öz minnətdarlığını bildirdi. Sonda xatirə şəkilləri çəkildi.  

Hamısını oxu
Azərbaycan dövlətinin Lideri ölkəmizin maraqlarını ən yüksək səviyyədə qoruyur
Azərbaycan dövlətinin Lideri ölkəmizin maraqlarını ən yüksək səviyyədə qoruyur

Cəlil Xəlilov: Baş verənlər sülhməramlıların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı “Rusiya sülhməramlılarının Azərbaycanı tərk etməsi bölgədəki mövcud reallığın nəticəsidir””. Bunu “İki sahil”ə açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, 2020-ci illə müqayisədə bu gün Qarabağda tamam fərqli bir mənzərə mövcuddur: “Xatırladaq ki, Qarabağda Rusiya sülhməramlıları 10 noyabr üçtərəfli bəyanata uyğun olaraq yerləşdirilmişdi. Həmin vaxt Qarabağda qanunsuz erməni silahlı birləşmələri mövcud idi. Ölkəmizin suverenliyi tam bərpa edilməmişdi və bölgədə hərbi qarşıdurma ehtimalı öz mövcudluğunu qoruyub saxlayırdı. Lakin 2023-cü ilin sentyabrında Azərbaycan Ordusunun həyata keçirdiyi lokal antiterror tədbirləri nəticəsində bölgədəki bütün erməni silahlı birləşmələri zərərsizləşdirildi. Azərbaycan öz suverenliyini tam bərpa etdi. Həmin ərazidə yaşayan bütün vətəndaşların, eləcə də erməni əsilli şəxslərin təhlükəsizliyi tam təmin edildi. Belə olan halda Rusiya sülhməramlılarının bölgədə qalması heç bir məna kəsb etmirdi. Məhz bu səbəbdən də Rusiya və Azərbaycan rəhbərliyi arasında sülhməкamlıların vaxtından tez bölgədən çıxarılması ilə bağlı razılıq əldə edildi”. Polkovnik qeyd edib ki, sülhməramlıların bölgədən çıxarılması onların Qarabağda əbədi qalacağı ilə bağlı radikal müxalifətin iddialarını da boşa çıxardı: “Rusiya sülhməramlıları bölgəyə gəlişindən sorna bəzi radikal müxalifətçilər, antimilli qüvvələr iddia edirdi ki, guya bu, yanlış addımdır və bundan sonra onları Azərbaycan ərazisindən çıxarmaq mümkün olmayacaq. Ancaq bu gün baş verən olaylar bir daha sübut edir ki, Azərbaycan dövləti, onun Müzəffər Ali Baş Komandanı ölkəmizin maraqlarını ən yüksək səviyyədə qorumağa qadirdir və bu cür tənqidlər qərəzdən başqa bir şey deyil”.

Hamısını oxu
Ağdamda Milli Qəhrəman Yelmar Edilovla bağlı tədbir keçirilib
Ağdamda Milli Qəhrəman Yelmar Edilovla bağlı tədbir keçirilib

Ağdamda Azərbaycanın Milli Qəhrəmanı, şəhid Edilov Yelmar Şahmar oglunun şəhadətə yüksəldiyinin 30-cu ildönümü Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatı tərəfindən qeyd olunub. Tədbirdə Ağdam Rayon İcra Hakimiyyəti aparatı, qəhrəmanımızın ailə üzvüləri, vətədnaş cəmiyyəti institutları, təhsil müəssələrinin nümayədnələri, Ağdam Rayon İqtisadiyyat Kollecinin rəhbərliyi, rayon ictimaiyyəti iştirak edib.  Ağdamda Qəhrəmanlar abidəsinin qarşısında keçirilən tədbirdə Ulu öndərimizin, qəhrəmanımızın və Azərbaycanın suverenliyi ugrunda canından keçən şəhidlərimizin xatirəsini bir dəqiqəlik sükutla yad edilib, Azərbaycanın Dövlət Himni səsləndirilib. Tədbirdə  qəhrəmanımız haqqında Ağdam Rayon İcra Hakimiyətinin birinci müavini Allahverən Əliyev, Ağdam Rayon Veteranlar Təşkilatının sədri Elşən Zeynalov və digər natiqlər xatirələrini bölüşüblər. Qəhrəmanımızın şəhid oldugu yer döyüş yoldaşları,veteranlar tərəfindən ziyarət olundu.Sözügedən məkanda qəhrəmanımızın böyüdülmüş şəkli, bayraq dirəyi basdırılıb. Qəhrəmanımızın ruhuna Quran oxunub, dualar edilib. Müharibə, Əmək və Silahlı Qüvvələri Veteranları Təşkilatının Ağdam Rayon Təşkilatıın sədri Elşən Zeynalov tədbirin keçirilməsinə dəstək verən əlaqədar qurum və şəxslərə - Ağdam rayon İcra Hakimiyyətinin başçısı Vaqif Həsənova, Ağdam Rayon İqtisadiyyat Kollecinin drektoru Natiq Cavadova və direktor müavini Məhəmməd müəllimə təşəkkür edib, minnətdarlığını bildirib.  

Hamısını oxu
Şəhidin anım günü keçirilib
Şəhidin anım günü keçirilib

Veteran.gov.az xəbər verir ki, Cəlilabad rayon Veteranlar Təşkilatı M.Ağayev adına Üçtəpə kənd tam orta məktəbi ilə birlikdə şəhid Qənbərov Kamal Arif oğlunun anım günü ilə əlaqədar tədbir keçirib. Tədbirdən öncə şəhidlər Kompleksinin önünə güllər qoyulub. Tədbir Dövlət Himninin səsləndirilməsi ilə başlayıb. Məktəbin direktoru Ağarəşid Kazımov, Rayon Veteranlar Təşkilatının sədri Ədalət Salman, şəhid atası Nazim Paşayev, DQİDK- nin Cəlilabad rayonu üzrə nümayəndəsi Cavidan Rəşidov, “Qarabağ Əlillərinə Qayğı” ictimai birliyinin rayon bölməsinin sədri Asəf İsmayılov, Qarabağ müharibəsi qazisi Vüsal Muradzadə, şəhidin əmisi Zaman Qənbərov və başqaları çıxış edib şəhid Kamal  Qənbərovun qısa həyat yolundan və göstərdiyi  şücaətindən danışıblar. Onlar belə igidlərimizin bu gün məktəbli gənclərin vətənpərvərlik ruhunda böyüməsində nümunə olduqlarını xüsusi vurğulayıblar. Şagirdlərin söylədikləri şeirlər tədbir iştirakçılarına duyğulu anlar yaşadıb. Tədbirdən sonra şəhidin qəbri ziyarət olunub, şəhidlərimizin ruhuna dualar oxunub. Xatırladaq ki, Qənbərov Kamal Arif oğlu 1978-ci il aprelin 25-də Cəlilabad rayonunun Üçtəpə kəndində dünyaya göz açıb. O, doğma  kəndindəki orta məktəbi bitirdikdən sonra  1996-cı ildə hərbi xidmətə çağırılıb.  Kamalın xidmət etdiyi hərbi hissə Ermənistanla həmsərhəd olan Qazax rayonu ərazisindəki ön cəbhədə yerləşirdi. Düşmən tez-tez atəşkəsi pozub təxribatlar törədir, torpaqlarımızı zəbt etmək istəyirdilər. İgid əsgərlərimiz azğın düşmənlərin təxribatlarının qarşısnı almaq üçün cavab atəşi ilə onları susdururdular. Belə qəfil hücumların birində Qazax rayonunun Qaymaqlı kəndinin müdafiəsi zamanı Kamal Qənbərov  qəhrəmancasına şəhid olur. O, 1997-ci il aprel ayının 7-də canından çox sevdiyi Vətən torpağı uğunda şəhidlik zirvəsinə ucalır. Qənbərov Kamal Arif oğlu 1997-ci il aprel ayının 8-də doğulub boya-başa çatdığı Üçtəpə kəndinin qəbirstanlığında dəfn olunub. Allah bütün şəhidlərimizə rəhmət eləsin!

Hamısını oxu
 “Zərifə Əliyevanın bioqrafiyası hər bir xanıma örnəkdir”
“Zərifə Əliyevanın bioqrafiyası hər bir xanıma örnəkdir”

Akademik Zərifə xanım Əliyeva həyatını səhiyyə elminin inkişafına həsr edən Azərbaycanın dəyərli ziyalılarındandır. Zərifə xanım səhiyyə və elm sahəsində danılmaz xidmətləri ilə yanaşı sədaqətli həyat yoldaşı və gözəl ana kimi də milli-mənəvi dəyərlərimizə töfhə verən Azərbaycan xanımıdır. Zərifə xanımın qısa, lakin mənalı ömrü barədə onu tanıyanların xatirələrini, ürək sözlərini Ulu Öndər, Zərifə xanımın sədaqətli həyat yoldaşı Heydər Əliyev çıxışlarının birində çox mükəmməl ifadə etmişdir: “Azərbaycan xanımının mənəvi dəyərlərini özündə təcəssüm etdirən Zərifə xanım bir qadın, bir həyat yoldaşı, bir ana, bir həkim, bir alim, bir ictimai xadim olaraq elə sağlığında əfsanəviləşməyi bacarıb və daşıdığı bu titulları mərhəmət, şəfqət, humanizm kimi ali hisslərlə bütövləşdirərək əsl insanlıq zirvəsinə yüksəlib”. O, həkim olub, insanların köməyinə çatmaqla yanaşı, Azərbaycanda oftalmologiya elminin inkişafına səbəb olmuş mühüm əsərlərin müəllifidir. Gələcək taleyini tibb elminə həsr etməyi qarşısına məqsəd qoyan Zərifə xanım 1942-ci ildə orta məktəbi bitirdikdən sonra Azərbaycan Dövlət Tibb İnstitutunun müalicə-profilaktika fakültəsinə daxil olur və 1947-ci ildə institutu əla qiymətlərlə bitirir.Zərifə Əliyeva Azərbaycan Elmi Tədqiqat Göz Xəstəlikləri İnstitutunda elmi işçi kimi fəaliyyətə başlayır, 1950-ci ildə isə aspiranturaya daxil olur, praktik əməli həkim fəaliyyəti ilə yanaşı elmi axtarışlarını davam etdirir.1960-cı ildən 1967-ci ilədək Zərifə xanım Oftalmologiya İnstitutunda böyük elmi işçi vəzifəsində çalışmışdır. 1963-cü ildə SSRİ Ali Attestasiya Komissiyası ona “Oftalmologiya” ixtisası üzrə böyük elmi işçi adı vermişdir. O dövr üçün gənc yaşda bu nailiyyətlərə sahib hər adama qismət olmurdu.XX əsrin qırxıncı illərinin sonunda Azərbaycanda gözü zədələyən və ağır nəticəyə, hətta tam korluğa səbəb olan traxoma infeksion xəstəliyi geniş yayılmışdı. Ona görə də bu infeksiya və onun ağır nəticələri ilə effektiv mübarizə təkcə oftalmologiya elmi üçün deyil, bütövlükdə respublikanın səhiyyəsi üçün mühüm əhəmiyyət daşıyırdı. Belə bir dövrdə Zərifə xanım traxoma xəstəliyinə qarşı aparılan müalicəvi və profilaktik tədbirlərin təşkilində və keçirilməsində fəal iştirak edir, Azərbaycanda traxoma xəstəliyinin daha geniş yayıldığı rayonlara gedir, həkim-oftalmoloqlara məruzələr oxuyur.Zərifə xanım Əliyevanın müalicə metodu bütün respublikada tətbiq edilirdi. Uğurlu tədqiqatların nəticələri Z.Əliyevanın 1960-cı ildə müdafiə etdiyi “Traxomanın digər terapiya üsulları ilə birlikdə sintomisinlə müalicəsi” mövzusunda namizədlik dissertasiyanın əsasını təşkil etmişdir. Traxomanın sosial xəstəlik kimi ləğv olunması məhz Zərifə xanımın adı ilə bağlıdır. Bu sahə üzrə ixtisaslaşaraq, elmlər namizədi dərəcəsinə yüksələn Zərifə xanımın təklif etdiyi müalicə metodu tezliklə bütün respublikada tətbiq edilir və ölkəmiz bu xəstəlikdən xilas olur.Zərifə xanım Əliyeva uşaq evlərində tərbiyə alan kimsəsiz uşaqlar arasında yayılan traxoma xəstəliyinin qarşısını almaqda xüsusi xidmət göstərib. Böyük alim yalnız çalışdığı institutda fəaliyyət göstərməklə kifayətlənmirdi, o, respublikanın şəhər və rayonlarını bir-bir gəzərək, xəstəliyin yaranma səbəblərini araşdırır və xəstəlik ocaqlarında kompleks şəkildə müalicə-profilaktik tədbirləri həyata keçirirdi.Zərifə xanım Əliyeva 1967-ci ildə Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun göz xəstəlikləri kafedrasına dosent vəzifəsinə dəvət olunur. Sözügedən institut ömrünün son illərində həmin kollektivə rəhbərlik etmiş mərhum professor Əziz Məmmədkərim oğlu Əliyevin – Zərifə xanımın atasının adını daşıyırdı.Traxoma ilə yanaşı Zərifə Əliyeva qlaukoma xəstəliyinin öyrənilməsi ilə bağlı bir sıra tədqiqat işləri aparır. Həmin tədqiqatların nəticələrindən bəhs edən elmi işlərin mətbuatda dərc olunması klinik göz xəstəliyi sahəsində çalışan həkimlərin biliklərinin genişlənməsinə kömək etdi.Çoxillik müşahidələrin, klinik tədqiqatların və eksperimentlərin nəticələri Zərifə xanım Əliyevanın doktorluq dissertasiyanın əsasını təşkil etmişdir. O, “Azərbaycanın bir sıra kimya müəssisələri işçilərinin görmə orqanının vəziyyəti” mövzusunda yazdığı dissertasiya işini dünyanın ən nüfuzlu oftalmologiya mərkəzlərindən birində – H.Helmqolts adına Moskva Elmi-Tədqiqat Göz Xəstəlikləri İnstitutunda müdafiə etmişdir. Zərifə Əliyevanın dissertasiya işi alim-oftalmoloqların yüksək qiymətini almış, oftalmologiyanın bu sahəsində ilk işlərdən biri olmuşdur. 1977-ci ildə Zərifə Əliyevaya tibb elmləri doktoru elmi dərəcəsi verilmişdir.Doktorluq dissertasiyasını müdafiə etdikdən sonra Zərifə xanım Azərbaycan Dövlət Həkimləri Təkmilləşdirmə İnstitutunun Oftalmologiya kafedrasının professoru seçilir, 1983-cü ildə isə həmin kafedranın müdiri olur. Bundan sonra onun fəaliyyəti daha da genişləndi.Fəxrlə qeyd edim ki, Zərifə xanım M.İ.Averbax adına mükafata layiq görülmüş ilk azərbaycanlı qadındır. 1981-ci ildə oftalmologiyanın inkişafına verdiyi böyük töhfəyə – görmə orqanının peşə patologiyası sahəsində apardığı elmi tədqiqatlara görə professor Z.Əliyeva oftalmologiya aləmində ən yüksək mükafata – SSRİ Tibb Elmləri Akademiyasının akademik M.İ.Averbax adına mükafatına layiq görüldü.Zərifə xanım gənc həkimlərin tərbiyəsinə, onların peşə fəaliyyəti ilə bağlı problemlərinin öyrənilməsinə və həllinə xeyli zəhmət sərf etmişdir. Onun çoxsaylı məqalələri, çıxışları məhz bu məsələyə həsr olunmuş, “Yüksək etimad” kitabı isə cəmiyyətdə həkimin şəxsiyyət kimi formalaşması prosesinə dəyərli töhfə vermişdir.Z.Əliyeva səhiyyədə kadr hazırlığına və həkimlərin ixtisasının təkmilləşdirilməsinə gərgin əmək sərf etmişdir. Alimin birbaşa rəhbərliyi altında cavan alimlərin və həkim-oftalmoloqların böyük bir nəsli yetişmişdir.Böyük xidmətlərinə, çoxillik elmi-tədqiqat işlərinə görə professor Z.Əliyeva 1983-cü ildə Azərbaycan Respublikası Elmlər Akademiyasının akademiki seçilmişdir.Zərifə xanım Əliyeva ömrünün 62-ci baharında, 1985-ci il aprelin 15-də Moskva şəhərində dünyasını dəyişdi. 1994-cü ildə Zərifə xanım Əliyevanın cənazəsi Bakıya gətirilərək Fəxri Xiyabanda dəfn olunmuşdur. Zərifə xanımın işıqlı xatirəsi hər bir azərbaycanlının qəlbində yaşayır və yaşayacaq. Məşhur MəmmədovMillət vəkili  

Hamısını oxu
Nəsimi rayonunda “Aprel döyüşləri real tariximizdir” adlı tədbir keçirilib
Nəsimi rayonunda “Aprel döyüşləri real tariximizdir” adlı tədbir keçirilib

Veteran.gov.az xəbər verir ki.Müharibə, Əmək və Silahlı qüvvələr Veteranları Təşkilatın  Gənclərin  vətənpərvərlik tərbiyəsi və ideoloji hazırlığı şöbəsinin əməkdaşları, şöbə müdiri ehtiyatda olan  polkovnik Adil Haqverdiyev və  baş  mütəxəssis Nəbi Hacıyev 5 aprel 2024-cü il tarixində Nəsimi rayonunda tədbir təşkil ediblər. Tədbir  Nəsimi rayonunda Veteran Təşkilatında  baş tutub. 2016-cı il aprel döyüşlərinə həsr edilmiş “Aprel döyüşləri real tariximizdir” adlı tədbirdə Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva, “Dövlət və qanun” qəzetinin  redaktoru Yasəmən Möhübbət qızı, Taryel Eyvazov, Birinci Qarabağ və 44 günlük Vətən müharibəsi iştirakçıları  iştirak ediblər. Tədbiri Nəsimi rayon VT-nın sədri Validə Vəliyeva açıb, qonaqları tədbir iştirakçılarına təqdim edib. Daha sonra torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin ruhları bir dəqiqəlik sükutla yad edilib. Çıxış üçün  söz  ehtiyatda olan polkovnik Adil Haqverdiyevə verilib. O, Təşkilatın sədri Fatma Səttarova və sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilovun salamlarını tədbir iştirakçılarına çatdırıb: “2016 –cı il aprelin ayının əvvəllərində Azərbaycanın ön xətt mövqeləri və yaşayış məntəqələri erməni silahlı qüvvələri tərəfindən atəşə məruz qalanda ordumuzun bölmələri əks-həmlə ilə təxribatların qarşısını alıb. Bu əməliyaytlar aprel döyüşləri kimi tarixləşdi. Döyüşlər Azərbaycan Ordusunun qələbəsi ilə nəticələndi. Tərtər rayonnun Talış kəndi ətrafındakı yüksəkliklər, Cəbrayıl rayonnun Lələtəpə yüksəkliyi,Cocuq Mərcanlı, Goranboy rayonunun Gülüstan kəndi və Tərtər rayonnun Madagiz kəndi istiqamətində bəzi mövqelər düşməndən azad olundu. Bununla da cinayətkar erməni rəhbərlərinin keçilməz erməni səngərləri haqqında mifi alt-üst edildi. Ali Baş Komandan İlham Əliyevin uğurlu siyasəti nəticəsində bu gün düşmən tapdağından azad edilmiş ərazilərimizdə üç rəngli bayrağımız dalğalanır. Mən bir daha torpaqlarımızın bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizə Allahdan rəhmət, qazilərə və döyüşçülərə cansağlığı arzulayıram”. Sonra Taryel Eyvazov və Nəbi Hacıyev çıxış ediblər. Tədbirin sonunda xatirə şəkilləri çəkilib.  

Hamısını oxu
“Azərbaycanın xüsusi xidmət orqanları faşizm üzərində qələbəyə böyük töhfələr verib”
“Azərbaycanın xüsusi xidmət orqanları faşizm üzərində qələbəyə böyük töhfələr verib”

Cəlil Xəlilov: “Məmmədhüseyn Əsədov bu qəhrəmanlardan biri kimi hər zaman ehtiramla yad ediləcək” “Azərbaycanın xüsusi xidmət orqanları faşizm üzərində qələbəyə böyük töhfələr verib”. Bunu Veteran.gov.az-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib. Polkovnik qeyd edib ki, İkinci Dünya müharibəsi dönəmində xüsusi xidmət orqanının əməkdaşı kimi faşizmə qarşı mübarizə aparan, böyük qələbəyə ciddi töhfələr verən bu şəxslərdən biri də Məmmədhüseyn Əsədov olub: “İkinci Dünya müharibəsi zamanı Azərbaycan xalqının yüz minlərlə nümayəndəsi əldə silah ön cəbhədə faşizmə qarşı mübarizə apardığı bir zamanda xüsusi xidmət orqanlarımızın yüzlərlə əməkdaşı dünyanın müxtəlif ölkələrində faşizmə qarşı mübarizədə aktiv iştirak edir, düşmənin təxribatçı planlarının qarşısının alınması istiqamətində böyük əzm ortaya qoyurdu. Azərbaycan xalqının bu qəbildən olan böyük oğullarından biri də Məmmədhüseyn Əsədov olub. İkinci Dünya müharibəsi zamanı İranda alman kəşfiyyatına qarşı əməliyyatların hazırlanmasında iştirak edən, düşmənin planlarını uğurla de-şifrə edərək bu barədə rəhbərliyi operativ şəkildə məlumatlandıran Məmmədhüseyn Əsədov, 1943-cü ilin Tehran görüşündə sadəcə öz adına deyil, Azərbaycan xüsusi xidmət orqanları adına böyük bir nailiyyətə imza atdı. Həmin vaxt SSRİ və onun müttəfiqlərinin İranda keçirilən görüşü zamanı faşistlərin sui-qəsd planı haqqında rəhbərliyi vaxtında məlumatlandıran Məmmədhüseyn Əsədov, bununla məlum sui-qəsdin qarşısının alınmasına nail olur. Məlumdur ki, əgər bu terror aktı reallaşsaydı, o zaman proseslər tamam fərqli məcrada inkişaf edə, dünya miqyasında hadisə və proseslərin gedişatını əhəmiyyətli dərəcədə dəyişdirə bilərdi”. Polkovnik qeyd edib ki, həm tariximizin təbliği, həm də erməni faşizminin yalan təbliğatının qarşısını almaq baxımından vacibdir: “Məmmədhüseyn Əsədov və onun kimi qəhrəmanların tarixi xidmətləri haqqında ictimaiyyətin məlumatlandırılması həm taiximizin təbliği, qəhrəmanlarımızın tanıdılması, həm də ermənilərin apardığı böhtan kampaniyasının, uydurma informasiyaların ifşası baxımından olduqca vacibdir. Bu gün Ermənistan bütün tarixi proseslər kimi, faşizmə qarşı sovet xalqlarının apardığı mübarizəni də saxtalaşdırmağa, ortaya qondarma qəhrəmanlar çıxarmağa çalışır. Məqsəd Ermənistanın faşizm üzərindəki qələbədəki rolunu şişirtmək, onun qələbədə daha böyük pay sahibi olduğu yalanını təbliğ etməkdir. Bu baxımdan Ermənistan beynəlxalq ictimai rəyə qondarma qəhrəmanlar təqdim edir ki, bunlardan da biri Qevork Vartanyandır. Nə qədər gülməli də olsa, erməni tarixçiləri iddia edir ki, guya 1943-cü ilin noyabrında müttəfiqlərin Tehrandakı görüşü zamanı faşistlərin terror aktının qarşısını alan Vartanyan olub. Halbuki, bunun yalan olduğu o dövrün əksər kəşfiyyatçıları tərəfindən açıq şəkildə gündəmə gətirilib. Onların açıqlamalarında, habelə tarixi sənədlərdə qeyd olunur ki, erməni kəşfiyyatçının işi 1943-cü ildə İrandakı ingilis kəşfiyaytçılarını izləmək, onlar haqqında məlumat toplamaq olub. Yəni onun faşistlərin sui-qəsd planı və bu planın qarşısının alınması ilə hər hansı əlaqəsi olmayıb. Vartanyan özü də 1999-cu ildə Moskvada keçirilən görüşdə Vartanyan SSRİ rəhbərliyi tərəfindən aldığı mükafatlara görə azərbaycanlılara borclu olduğunu bildirib.  Bütün bu faktlar onu göstərir ki, biz tariximizin hər bir sahəsi kimi həm də xüsusi xidmət orqanlarının tarixinin təbliğinə xüsusi fikir verməli, bu istiqamətdə daha böyük işlər görməliyik". Seymur ƏLİYEV

Hamısını oxu
İş adamı şəhidlərin xatirəsinə iftar süfrəsi açıb
İş adamı şəhidlərin xatirəsinə iftar süfrəsi açıb

Veteran.gov.az xəbər verir ki, hər zaman şəhid ailələrinə, qazilərə diqqət və qayğı göstərən Səfər Əlirzayev tərəfindən hər il olduğu kimi bu il də torpaqlarımızın azadlığı uğrunda canlarından keçmiş qəhrəman şəhidlərimizin xatirəsinə iftar süfrəsi açılıb. İftardan öncə Nehrəm qəsəbə şəhidliyində şəhidlərimizin xatirəsi ehtiramla yad edilib, ruhlarına dualar oxunub. Aprelin 7-də olan iftar məclisisində Muxtar Respublikanın digər kənd və rayonlarından olan şəhid valideynləri, qazilər, qəsəbə sakinləri ilə yanaşı, Naxçıvan Ali Məclisinin deputatları, Yeni Azərbaycan Partiyası Babək rayon təşkilatının sədri İsa Məmmədov, DGKA-nın rəisi, gömrük xidməti general-mayoru Qulu Novruzov iştirak ediblər. Həmçinin iki gün ərzində Səfər Əlirzayevin iştirakı ilə Naxçıvanın müxtəlif yaşayış məntəqələrində olan şəhidlərin məzarları onların doğmaları ilə birgə ziyarət olunub. Ziyarət əsnasında şəhidlərin ruhuna dualar oxunub, məzarları üzərinə gül dəstələri qoyulub.  

Hamısını oxu
Müstəmləkəçidən işğalçıya tərif...
Müstəmləkəçidən işğalçıya tərif...

Hamısını oxu
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxaq Mərkəzin Bakı ofisində görüş keçirilib
Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxaq Mərkəzin Bakı ofisində görüş keçirilib

Bir müddət əvvəl bir qrup vətəndaş cəmiyyəti institutları tərəfindən təsis olunmuş Miqrasiya Əməkdaşlıq Platformasının dövlət qurumları və beynəlxalq təşkilatlarla işgüzar görüşləri davam edir. Bu dəfə Platforma üzvləri Miqrasiya Siyasətinin İnkişafı üzrə Beynəlxalq Mərkəzin (İCMPD) Bakı ofisinin təmsilçiləri ilə görüşüblər. Görüşdə bildirilib ki, Miqrasiya Əməkdaşlıq Platforması miqrasiya fenomeninin müxtəlif istiqamətlərində daha aktual olan məsələlərin mövcud reallığa uyğun dəyərləndirilməsi, onların mahiyyəti barədə geniş ictimaiyyət arasında təsəvvür formalaşdırılması və həllinə səbəb olacaq təkliflər paketinin hazırlanaraq aidiyyəti üzrə təqdim edilməsi məqsədilə yaradılıb. Vətəndaş cəmiyyəti institutları arasında miqrasiya sahəsində koalisiyanın yaradılmasını müsbət hal kimi dəyərləndirən Mərkəzin Bakı ofisinin rəhbəri Səltənət Məmmədova bu ictimai təsisatla əməkdaşlıqda maraqlı olduğunu ifadə ediblər. Xüsusilə vurğulanıb ki, Azərbaycanda yaşayan əcnəbilərlin və vətəndaşlığı olmayan şəxslər arasında keçirilən maarifləndirmə və məlumatlandırma tədbiləri, miqrant kateqoriyasına aid şəxslərin reinteqrasiyası üçün icra olunan proqramlar, həmçinin miqrasiya sahəsində təşkil olunan təlim və seminalarda qarşılıqlı iştirak və təmsilçilik tərəflər arasında əməkdaşlığın inkişaf etdirilməsi üçün münbit şərait yaradacaqdır. Qarşılıqlı və faydalı müzakirə şəraitində keçən görüşdə miqrasiya siyasətinin inkişafında ümumi səylərin göstərilməsi, xüsusilə də yerli və beynəlxalq müstəvidə həyata keçirilən təşəbbüslərdə birgə fəaliyyətin əməkdaşlıq çərçivələri və institusional əsasları ətrafında fikir mübadiləsi aparılıb.    

Hamısını oxu
Sumqayıt Tibb Mərkəzində (STM) "Şəhidlər evə qayıdır" filminin təqdimatı keçirilib
Sumqayıt Tibb Mərkəzində (STM) "Şəhidlər evə qayıdır" filminin təqdimatı keçirilib

Veteran.gov.az xəbər verir ki, STM-nin təşəbbüsü və dəstəyi ilə çəkilən, Vətən müharibəsi şəhidi, hərbi tibb qulluqçusu Eldar Abdullayevə həsr olunmuş "Şəhidlər evə qayıdır" qısametrajlı bədii-sənədli filmin təqdimatı keçirilib. Təqdimat mərasimində STM-nin tabeliyində olan tibb müəssisələrinin baş həkimləri, şöbə müdirləri və şəhid ailələrinin üzvləri iştirak ediblər. Şəhidlərin ruhunun birdəqiqəlik sükutla yad edilməsi və Dövlət Himninin səslənməsi ilə başlayan təqdimat mərasimini giriş sözü ilə açan STM-nin direktoru Elnur Azadxanov Zəfər tariximizdən, torpaqlarımızın düşmən təcavüzündən azad edilməsində misilsiz qəhrəmanlıq göstərən Vətən müharibəsi şəhidləri və qazilərinin göstərdikləri şücaət və fədakarlıqdan söhbət açıb, şəhidlərin əziz xatirəsini yad edib. Direktor çıxışında 44 gün davam edən Vətən müharibəsinin Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi, xalq-ordu birliyinin möhtəşəm qələbə ilə başa çatmasının hər bir Azərbaycan vətəndaşının qəlbində böyük qürur və iftixar hissi yaratdığını vurğulayıb. E. Azadxanov müqəddəs yolda canlarını fəda edən, bizə böyük qələbəni yaşadan qüdrətli Azərbaycan Ordusunun keçdiyi çətin döyüş yolundan, xalqımızın vətənpərvər övladlarına göstərilən dövlət qayğısı və onlara olan ehtiramdan danışıb. Sumqayıt Şəhər İcra Hakimiyyəti başçısının müavini Ülviyyə Müzəffərova çıxışında bildirib ki, Vətən üçün tökülən hər damla qan, verilən hər can ərazi bötüvlüyümüzün təmin olunmasına səbəb olub. Ü. Müzəffərova qeyd edib ki, qəhrəman şəhidlərimiz, qazilərimiz daim xalqımızın qəlbində yaşayacaq. O, şəhid ailələrinin daim dövlətin diqqət və qayğısı ilə əhatə olunduğunu diqqətə çatdırıb. "Şəhid Analarına Dəstək" İctimai Birliyinin sədri, Aprel şəhidi Əbdülməcid Axundovun anası Ceyran Həsənova igid oğullarımızın həyatlarının təbliği, vətənpərvərlik ruhunda həyata keçirdiyi tədbirlərdən söz açıb. Şəhid Eldar Abdullayevin qardaşı Teymur Abdullayev çıxış edərək göstərilən diqqət və qayğıya görə öz minnətdarlığını bildirib. Sonda tədbir iştirakçıları "Şəhidlər evə qayıdır" adlı filmi izləyiblər.  

Hamısını oxu
Milli təhlükəsizlik məsələlərinin tədqiqində yeni uğur
Milli təhlükəsizlik məsələlərinin tədqiqində yeni uğur

Milli təhlükəsizlik məsələlərinin tədqiqində yeni uğur Syasi elmlər üzrə fəlsəfə doktoru Cəlil Xəlilovun “Milli təhlükəsizlik nəzəriyyəsi” adlı monoqrafiyası milli təhlükəsizlik məsələlərinin araşdırılmasına sanballı töhfə sayıla bilər. Uzun müddət bu istiqamətdə tədqiqatlar aparmış müəllif milli təhlükəsizliyin həm elmi-nəzəri problemlərinin hərtərəfli öyrənilməsi və təhlil edilməsinə nail olmuş, həm də mövcud təcrübəsindən bəhrələnərək milli təhlükəsizliyin təminatı prosesinin praktik-tətbiqi mexanizmləri ilə bağlı məsələləri dolğun əks etdirə bilmişdir. 9 fəsil, ön söz və ədəbiyyat siyahısından ibarət olan monoqrafiyada milli təhlükəsizliyin mahiyyəti, predmeti, kateqoriyaları, tədqiq və tətbiq metodlarının aydınlaşdırılmasından başlamış, Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasəti və sisteminin təşəkkülü, formalaşması və inkişaf xüsusiyyətləri, bu siyasətin hüquqi əsasları, həyata keçirilmə mexanizmləri, əsas milli maraqlar və onların reallaşdırılmasının müvafiq istiqamətləri, parametrləri, müasir beynəlxalq münasibətlər nəzəriyyəsində milli təhlükəsizlik probleminə yeni tələblər, çağırışlar və yanaşmalar ümumiləşdirilərək tədqiq olunmuş, düzgün elmi-nəzəri nəticələr çıxarılmışdır. Bununla yanaşı, müasir dövrdə Avropa təhlükəsizlik strategiyasının əsasları və aparıcı dövlətlərin, o cümlədən ABŞ, Fransa, Yaponiya, Almaniya, Böyük Britaniya, Türkiyə, Çin, Rusiya, Ukrayna və sair ölkələrin milli təhlükəsizlik strategiyaları barədə məsələlərin tədqiqi, bu sahədə həm dünya, həm də Azərbaycan alimlərinin, ekspert və mütəxəssislərinin yanaşmalarının hərtərəfli araşdırılaraq təhlil süzgəcindən keçirilməsi monoqrafiyanın elmi-praktik əhəmiyyətini daha da artırmışdır. Cəlil Xəlilovun milli təhlükəsizlik siyasəti məsələləri ilə bağlı elmi-nəzəri mülahizələrinin konkretliyini və dərinliyini şərtləndirən başlıca amillərdən biri də müəllifin praktik olaraq bələd olduğu bu mövzunu uzun illər araşdırması və onunla bağlı AR Prezidenti yanında İdarəçilik Akademiyasında tədris prosesi ilə məşğul olması ilə əlaqədardır. Onu da qeyd edim ki, bu imkandan lazımınca faydalanan müəllif bir neçə il əvvəl ölkədə milli təhlükəsizlik siyasəti məsələlərinin tədqiqinə həsr edilmiş ilk geniş həcmli və elmi ictimaiyyətin diqqətini çəkən “Milli təhlükəsizlik strategiyası” adlı monoqrafiya yazaraq çap etdirmiş, bu əsər respublikanın bir sıra ali və xüsusi təhsil məktəblərinin tədris proqramlarına dərslik kimi daxil edilmişdir. Cəlil Xəliovun adıçəkilən elmi əsərlərindən əlavə bu mövzuda yazdığı ilk tədqiqat işi olan və milli təhlükəsizlik məsələlərinin spesifik istiqamətlərindən birinə həsr edilmiş “Milli təhlükəsizliyin təmin olunmasında milli mənlik şüurunun rolu” kitabı da mütəxəssislər və tədqiqatçılar tərəfindən kifayət qədər maraqla qarşılanmışdır. Əlbəttə, “Milli təhlükəsizlik nəzəriyyəsi” adlı monoqrafiyası müəllifin bu sahə üzrə araşdırma və çalışmalarının yekunu, elmi-nəzəri və praktik cəhətdən təkmilləşdirilmiş nəticəsi sayıla bilər. Ən qədim dövrlərdən başlayaraq əvvəlcə insan (fərd), sonrakı inkişaf mərhələlərində insan birlikləri (icma, qəbilə) və nəhayət, dövlət və cəmiyyət miqyasında qiymətləndirilən təhlükəsizlik probleminin həlli, yaşayış və birgəyaşayış üçün təhlükəsiz mühitin yaradılması və uzunmüddətli təminatı xüsusi əhəmiyyət kəsb etmişdir. Şəraitin və miqyasın dəyişməsi ilə yeni mahiyyət qazanan və etibarlı təminatı üçün fərqli üsullar və vasitələr tələb edən təhlükəsizlik məsələsində yeni dünya düzəninin formalaşdığı “Vestfal sülhü”nün imzalanmasından (1648-ci il 24 oktyabr) sonra fundamental dəyişikliklər baş verdi. İlk dəfə suverenitet anlayışının qəbul olunduğu və müasir beynəlxalq hüququn əsasının qoyulduğu bu sülh sazişi dövlətlərarası münasibətlərin əsas prinsiplərini müəyyənləşdirərək, bərabər hüquqlu dövlətlərin yaranması və öz üzərlərinə mümkün problemlərin sülh yolu ilə həlli öhdəliklərini götürmələri, birgə asayiş ideyasını dəstəklənməsi ilə tarixə düşdü. Beynəlxalq münasibətlərin özünü doğrultmayan iyerarxik qaydalarını dağıdaraq, əvəzində qanunlara əsaslanan qarşılıqlı əməli mexanizmlər yaradan “Vestfal sülhü” yeni dünya düzəni qurulması ilə yanaşı, ümumi və dövlət təhlükəsizliyi məsələlərinə münasibəti də kökündən dəyişdirdi. Artıq dövlətlərin və xalqların təhlükəsizliyinin etibarlı təminatı məsələləri onlar arasında qarşılıqlı münasibətlərin səviyyəsindən və inkişafından birbaşa asılı vəziyyətə düşürdü. 20-ci əsrdə Birləşmiş Millətlər Təşkilatının və müxtəlif dövlətlər birliklərinin yaranması, xüsusi ilə kollektiv təhlükəszizlik anlayışının meydana çıxması milli təhlükəsizlik məsələlərinə tamamilə yeni yanaşma metodlarını və tələbləri formalaşdırdı. Milli təhlükəsizlik anlayışının yeni məzmun kəsb etməsi ilə bu sahədə həm elmi-nəəri, həm də praktik baxımdan əsaslı dəyişikliklər baş verdi. Dünyanın kürəsəlləşdiyi indiki dövrdə bu məsələyə yanaşmalarda daha sürətli dəyişikləri müşahidə edilməkdə, yeni baxışlar formalaşmaqdadır. Ancaq nə qədər parodoksal səslənsə də, deyə bilərik ki, milli təhlükəsizlik anlayışı öz ilkin, bəsit qavramından təsəvvürəgəlməz dərəcədə kənarlaşıb, ən müasir yanaşma metodları tələb etsə də, əsl mahiyyətindən, ibtidai insanın təhlükəsizliyə olan ehtiyacı dərk etməsindən çox da uzaqlaşa bilməmişdir. Baxmayaraq ki, milyon il əvvəl təhlükəsizliyi üçün (qida, təhlükısiz məskən, vəhşi heyvanlardan və düşmən qəbilələrdən müdafiə olunmaq və sair) yollar axtaran ibtidai insandan fərqli olaraq tələbatına uyğun olaraq təhlükəsizliyinin təminatına daha böyük ehtiyac duyan çağdaş insanın bu tələbatlarının ödənilməsi daha təkmil vasitələr tələb edir. Ancaq hər iki halda təhlükəsizlik təminatının təxirəsalınmazı zərurəti azalmayıb, əksinə yeni təhdid və təhlükələr fonunda daha da artıb və artmaqda davam edəcək. Siyasi elmlər üzrə fəlsəfə doktoru C.Xəlilovun  təhlükəsizlik nəzəriyyəsinin ölkəmizdə yeni bir elm sahəsi kimi dərindən araşdırmaq səyləri, gətirdiyi arqumentlər, irəli sürdüyü mülahizə və qənaətlərin həqiqiliyi və inandırıcılığı onu deməyə əsas verir ki, müəllifin bu istiqamətdə tədqiqatlarının əahatə dairəsini genişləndirməsi bu sahənin inkişafına töhfə vermək niyyətindən və potensialından qaynaqlanır. Bu baxımdan C.Xəlilovun öz arqumentlərini ardıcıl xətlə və istisnasız olaraq elmi-nəzəri cəhətdən əsaslandırmaqla mövzunu sadədən mürəkkəbə doğru təkamül prosesi kimi təqdim etməsi və bu sahədə mövcud elmi-nəzəri bazadan səmərəli istifadə ilə genişləndirməsi təqdirəlayiqdir. Bütün bunlar mövzunun şərhində beynəlxalq miqyasda qəbul olunmuş yanaşmaların, sadəcə, təkrarlanması deyil, yenidən dəyərləndirilməklə, elmi təhlil əsasında təqdim edilməsinə imkan vermişdir. Monoqrafiyada Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin təşkili, milli maraqlar, onların təminatı prosesi, vasitələri, üsulları, təhlükəsizliyin müxtəlif aspektlərinin və ölkəmizə qarşı mümkün təhdidlərin təhlili, müvafiq dövlət orqanlarının bu sahədəki vəzifələri, səlahiyyətləri və əlaqələndirilmiş fəaliyyətin həyata keçirilməsi məsələləri elmi-nəzəri, həm də praktik baxımdan kifayət qədər əsaslandırılmış, düzgün nəticələr çıxarılmışdır. Müəllif hərbi, siyasi, iqtisadi, sosial, mədəni, ekoloji və digər istiqamətlərdə milli təhlükəsizliyin təminatı, dövlət, cəmiyyət və fərdlər səviyyəsində bu işin təşkili ilə bağlı məsələləri günün prizmasından dəyərləndirmiş və qeyd edilən sahələrdə daha səmərəli və əlaqləndirilmiş fəaliyyətin vacib məqamlarına toxunmuşdur. Monoqrafiyada milli təhlükəsizliyə qarşı təhdidləri doğuran səbəblər, onların vaxtında aşkarlanması, qarşısının alınması üçün görülən qabaqlayıcı tədbirlər və digər məqamlar da də ciddi tədqiqat obyektinə çevrilmiş, hərtərəfli dəyərləndirilmiş, bütün incəliklər nəzərə alınmışdır. Bir daha vurğulayaq ki, bütün bunların məntiqi ardıcıllıqla və yüksək səviyyədə təhlil olunması Cəlil Xəlilovun milli təhlükəsizlik məsələlərini yalnız nəzəri deyil, həm də təcrübi baxımdan yaxşı bilməsindən, peşəkar hərbi kadr kimi uzun müddət sərhəd, hərbi və milli təhlükəsizliyin təminatı sahələrində çalışmasından və son 10 ilə yaxın müddətdə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini kimi fəaliyyətindən qaynaqlanır. Görkəmli alman filosofu və nasiri Hötenin təbirincə desək, “həmişə yaşıl həyat ağacı”ndan bacarıqla bəhrələnməsi tədqiqat əsərini daha canlı və faydalı etmişdir. Bu mənada müəllifin Azərbaycan Respublikasında ölkə həyatının müxtəlif sahələrində təhlükəsizliyin təminatı sahəsində həyata keçirilməlo olan tədbirlərlə bağlı mülahizələri, elmi və təcrübi cəhətdən mükəmməl şəkildə əlaqələndirilmiş bitkin fikir və qənaətləri xüsusi maraq kəsb edir. Müəllif həmçinin Azərbaycan Respublikasında milli təhlükəsizlik siyasətinin həyata keçirilməsində, müvafiq sistemin formalaşmasında həm sovet dövründə, həm də müstəqilliyin bərpasında sonrakı illərdə dövlət tərəfindən görülən ardıcıl tədbirlərdən bəhs etmiş, bu istiqamətdəki fəaliyyətin bir sıra nəticələrini təhlilə cəlb edərək, lazımi nəticələr çıxarmışdır. O, haqlı olaraq İkinci Qarabağ müharibəsində qazanılan Zəfərdən və 2023-cü ilin 19-20 sentyabrında bir günlük lokal antiterror əməliyyatından sonra öz ərazi bütövlüyünü və bütün ərazisində dövlət suverenliyini tam bərpa etmiş Azərbaycan Respublikasının milli təhlükəsizlik siyasətinin gerçəkləşdirilməsində tamamilə yeni dövrün başlandığını, Azərbaycanın dünyanın müxtəlif təhlükəsizlik sistemləri ilə münasibətlərinin bu reallıqlar zəminində təşəkkül tapması zərurətini xüsusi vurğulamışdır. Hazırda Azərbaycan dövləti tərəfindən milli təhlükəsizliyin təminatı sahəsində müasir çağırışların hərtərəfli nəzərə alındığını, müvafiq dövlət orqanlarının bu istiqamətdə fəaliyyətinin daha da təkmilləşdirildiyini diqqətəlayiq hal kimi qiymətləndirmişdir. Milli təhlükəsizlik siyasətinin etibarlı təminatı sahəsində aparılan fəaliyyətin hüquqi tənzimlənməsi üçün müvafiq qanunvericilik bazasının yaradılmasının vacibliyi və Azərbaycan Respublikasında bu sahədə mövcud vəziyyətin təhlili də müəllif tərəfindən çox doğru olaraq monoqrafiyanın mühüm tədqiqat obyektlərindən biri kimi seçilmişdir. Belə ki, “Milli təhlükəsilik haqqında”, “Kəşfiyyat və əks-kəşfiyyat fəaliyyəti haqqında”, “Dövlət sirri haqqında”, “Əməliyyat-axtarış fəaliyyəti haqqında” və digər qanunlarından, Azərbaycan Respublikasının milli təlükəsizlik konsepsiyası, Azərbaycan Respublikasının Hərbi doktrinası və digər strateji sənədlərdən irəli gələn vəzifələr, qanunvericiliyin tətbiqi mexanizmləri barədə kifayət qədər əsaslandırılmış mülahizələr irəli sürən müəllif Azərbaycan Respublikası Milli Məclisi tərəfindən bu istiqamətdə daimi və səmərəli fəaliyyətin həyata keçirildiyini xüsusi qeyd etmişdir. Ümumiyyətlə, monoqrafiyada tədqiqata cəlb olunmuş mövzu ilə bağlı bütün məqamlar nəzərə alınmış, dolğun və düzgün nəticələr çıxarılmış, təkmil bir elmi-nəzəri əsərin ortaya çıxmasına nail olunmuşdur. Mövzunun elmi-nəzəri təhlilində kifayət qədər geniş və bu sahədə həqiqi dəyərə malik olan elmi və elmi-publisistik ədəbiyyatdan (Azərbaycan, rus və ingilis dilində) istifadə olunması da monoqrafiyanın elmi dəyərini daha da artırmışdır. Bu sanballı monoqrafiyanın Dövlət Təhlükəsizliyi Xidmətinin Akademiyasında, bu mövzunun tədris edildiyi digər xüsusi və ali məktəblərdə tədris vəsaiti kimi istifadə ediləcəyinə, eləcə də milli təhlükəsilik məsələlərinin araşdırılması ilə məşğul olan alimlərin, tədqiqatçıların və mütəxəssilər üçün dəyərli mənbə olacağına inanırıq.   Lətif Babayev, tarix üzrə fəlsəfə doktoru.

Hamısını oxu