images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
20 yanvar faciəsi

 

20 Yanvar1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə, saat 23.30-da Bakı şəhərinə keçmiş Sovet İttifaqının qoşun hissələri fövqəladə vəziyyət elan edilmədən yeridilmiş, dinc əhaliyə divan tutulmuş, yüzlərlə insan qətlə yetirilmiş, yaralanmış, itkin düşmüşdür. Sovet ordusunun, xüsusi təyinatlı dəstələrin və SSRİ Daxili Qoşunlarının iri kontingentinin Bakını zəbt etməsi xüsusi qəddarlıq və misli görünməmiş vəhşiliklərlə müşayiət edilmişdir.

Fövqəladə vəziyyətin tətbiqi əhaliyə elan olunanadək hərbi qulluqçular 82 nəfəri amansızcasına qətlə yetirmiş, 20 nəfəri ölümcül yaralamışlar. Fövqəladə vəziyyət elan edildikdən sonra isə yanvarın 20-də və sonrakı günlərdə Bakı şəhərində 21 nəfər öldürülmüşdür. Fövqəladə vəziyyətin elan olunmadığı rayonlarda — yanvarın 25-də Neftçalada və yanvarin 26-da Lənkəranda daha 8 nəfər qətlə yetirilmişdir.

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və Respublika rayonlarında 146 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuşdur. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları, yandırıcı güllələrin törətdiyi yanğın nəticəsində dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir. Həlak olanların arasında qadınlar, uşaqlar və qocalar, həmçinin təcili yardım işçiləri və milis nəfərləri olmuşdur. SSRİ Konstitusiyası, Azərbaycan SSR Konstitusiyası kobudcasına pozulmuş, Azərbaycan Respublikasının suveren hüquqları tapdalanmışdır. Qabaqcadan düşünülüb hazırlanmış bu təcavüzkarlıq aksiyası Azərbaycan xalqının demokratiya və milli azadlıq uğrunda mübarizəsini boğmaq, xalqı təhqir edərək ona mənəvi zərbə vurmaq məqsədi daşımışdır.

20 yanvar qurbanlarından

1987-ci ilin oktyabrında ermənilərin Azərbaycana qarşı torpaq iddialarının həyata keçirilməsinə mane olan Heydər Əliyev Siyasi Bürosunun üzvlüyündən və SSRİ Nazirlər Soveti sədrinin birinci müavini vəzifəsindən uzaqlaşdırıldı. Heydər Əliyevin SSRİ rəhbərliyindən kənarlaşdırılmasından dərhal sonra ermənilər Mixail Qorbaçovun xeyir-duası ilə Qarabağ avantürasına start verdilər.

1988-ci il fevralın 20-də Er­mənistanın bilavasitə müdaxiləsi ilə DQMV Xalq Deputatları Sovetinin iclası keçirildi. Sovetin tərkibindəki 140 deputatdan 110-u erməni, digərləri isə azərbaycanlılar idi. Azər­baycanlı de­putatlar yığıncağa buraxılmadılar. İclasda DQMV-nin Azərbaycan SSR-dən Ermənistan SSR-ə verilməsi haqqında Azərbaycan SSR və Ermənistan SSR Ali Sovetlərinə müraciət edildi. 1988-ci il fevralın 25-də Georgi Şahnazarovun və Aleksandr Yakovlevin müşayiəti ilə Sov.İKP MK-nın baş katibi Mixail Qorbaçov Silva Kaputikyanı və Zoriy Balayanı qəbul etmişdir. Onlar M. Qorbaçova saxta xəritələr və tarixi arayışlar təqdim etmiş, onu DQMV-nin Azərbaycanın tərkibində qalmasının mümkünsüzlüyünə inandırmağa çalışmışlar.

Milli ədavətin ilk qurbanları Ermənistanda yaşayan azərbaycanlılar oldu. 1988-ci ilin yanvarında Qafan və Mehridən ilk qaçqınlar Azərbaycana pənah gətirdi. 1988-ci il fevralın 19-da İrəvanda "Ermənistan türklərdən təmizlənməli!", "Ermənistanda yalnız ermənilər yaşamalıdır" kimi mənfur şüarlarla mitinqlər keçirilirdi. Elə həmin gün Bakıda da antierməni ruhlu kütləvi mitinq təşkil olundu. 1988-1989-cu illərdə Ermənistan ərazisində azərbaycanlılara qarşı son etnik təmizləmə həyata keçirildi. Beləliklə, Ermənistandakı 185 Azərbaycan kəndindən 230 min azərbaycanlı qovuldu. Deportasiya zamanı 255 nəfər öldürüldü, 1200 adam yaralandı, 31 min ev, 165 kolxoz və sovxozun əmlakı talan edildi. Bu olaylara Moskva göz yumur, M.Qorbaçov məkrli bəyanatlar verir, Azərbaycanın o zamankı rəhbərləri isə səriştəsiz mövqe nümayiş etdirirdilər.[

Ermənistanın ərazi iddiaları və Dağlıq Qarabağda separatçılıq hərəkatı 1988-ci ildə respublikanın ərazi bütövlüyünün müdafiəsi uğrunda kütləvi xalq hərəkatının yaranmasına gətirib çıxardı. Respublikada milli mənlik şüurunun daha da güclənməsi və demokratik proseslərin inkişafı 1989-cu ilin sentyabrında Azərbaycan Ali Sovetinin "Azərbaycan SSR-in Suverenliyi Haqqında" Konstitusiya qanunu qəbul etməsi ilə əlamətdar olmuşdur.

1989-cu ilin sonu, 1990-cı ilin yanvarında Azərbaycanda ictimai-siyasi vəziyyət xeyli kəskinləşdi, qarşıdurma dərinləşdi, mövcud iqtidarın hadisələrə nəzarəti son dərəcədə zəiflədi. Hakimiyyət böhranı və respublikadakı hadisələrə nəzarətin tam itirilməsi bunda təzahür etdi ki, Dağlıq Qarabağda və Ermənistanla sərhəddə erməni yaraqlılarının qanlı əməllərinin ardınca Cəlilabad və Lənkəran rayonlarında sovet və partiya orqanları devrildi, İranla sərhəddəki istehkamlar dağıdıldı.

1990-cı il yanvarın 16-da Bakı şəhərinin girəcəklərində və Bakı qarnizonu hissələrinin ətrafında vətəndaşlar yük və minik avtomaşınlarını yan-yana qoyaraq piketlər təşkil etdilər (bilavasitə şəhərdə 60 qoşun hissəsindən 34-nün yolu kəsilmişdir). Piketlərin ətrafında daim şəhər sakinlərinin böyük dəstələri olurdu.

1990-cı il yanvarın 18-də Bakıda və Azərbaycanın on bir başqa rayonunda keçirilən izdihamlı mitinqlərdə ümumi tətilin başlandığı elan olundu. Tələb edilirdi ki, qonşu respublikanın ərazi iddialarına son qoyulsun. Bakı ətrafında cəmləşən qoşunlar çəkilib aparılsın və Dağlıq Qarabağa, Ermənistanla sərhədyanı rayonlara göndərilsin. Xəbərdarlıq edilirdi ki, qadağan saatının qoyulması ağır nəticələr verə bilər. Mitinqçilər Azərbaycan KP MK-nın binasını mühasirəyə almışdılar.

1990-cı il yanvarın 19-da Mixail Qorbaçov SSRİ Konstitusiyasının 119-cu, Azərbaycan SSR Konstitusiyasının 71-ci maddələrini kobud şəkildə pozaraq, yanvarın 20-dən Bakıda fövqəladə vəziyyət elan edilməsi haqqında fərman imzaladı.

SSRİ Müdafiə Nazirliyinin, DİN və DTK-nın hazırlayıb həyata keçirdiyi “Udar” adlı əməliyyatda əsas rolu xüsusi təyinatlı “ALFA” və SSRİ DTK-nın “A” təxribat qrupları oynayırdı.[15]Yanvar hadisələri zamanı Bakıya yeridilən hərbi qruplaşmanın tərkibinə 76, 104, 106-cı qvardiya hava-desant diviziyalarının üç polku, 295-ci motoatıcı diviziya, xüsusi təyinatlı 22-ci briqada, Qara dəniz donanması dəniz piyadalarının 882-ci batalyonu, DTK-nın 7-ci idarəsinin xüsusi təyinatlı “Alfa” qrupu və s. hərbi hissələr daxil idi.

Yanvarın 19-da gecə qoşun fövqəladə vəziyyət elan edilməsindən xəbərsiz olan şəhərə daxil oldu və əhaliyə divan tutdu. Mixail Qorbaçovun fərmanı qüvvəyə minənədək (20 yanvar, saat 00:00) artıq 9 nəfər öldürülmüşdü.

Tanklar və BTR-lər Bakı küçələrində qarşılarına çıxan hər şeyi əzir, hərbçilər hər yanı amansız atəşə tuturdular. İnsanlar nəinki küçələrdə, hətta avtobusda gedərkən, öz mənzillərində oturduqları yerdə güllələrə tuş gəlirdilər. Yaralıları aparmağa gələn “təcili yardım” maşınlarını və tibb işçilərini də atəşə tuturdular.

Bakıda fövqəladə vəziyyətin elan olunması haqqında məlumat isə əhaliyə yalnız yanvarın 20-də səhər saat 7-də respublika radiosu ilə çatdırıldı. Halbuki, Mixail Qorbaçovun Azərbaycana ezam etdiyi yüksək vəzifəli emissarlar həyasızcasına bəyan edirdilər ki, Bakıda fövqəladə vəziyyət elan olunmayacaqdır.[20]

Beləliklə, qoşunların qanunsuz yeridilməsi nəticəsində Bakıda və respublikanın rayonlarında 147 nəfər öldürülmüş, 744 nəfər yaralanmış, 841 nəfər qanunsuz həbs olunmuş, onlardan 112 nəfəri SSRİ-nin müxtəlif şəhərlərinə aparılaraq həbsxanalarda saxlanılmışdı. Hərbi qulluqçular tərəfindən 200 ev və mənzil, 80 avtomaşın, o cümlədən təcili yardım maşınları dağıdılmış, yandırıcı güllələrin törətdiyi yanğınlar nəticəsində külli miqdarda dövlət əmlakı və şəxsi əmlak məhv edilmişdir.

SSRİ DTK-nın "Alfa" qrupu yanvarın 19-da saat 19.27-də Azərbaycan televiziyasının enerji blokunu partlatdı, respublikada televiziya verilişləri dayandırıldı, mətbuat susduruldu. Azərbaycan dünyadan təcrid edildi. Məhz bu faciəli anlarda uzaqlardan "Azadlıq radiosu"nun, Mirzə Xəzərin əzəmətli səsi Mixail Qorbaçovun informasiya blokadasını dağıtdı.[

"Azadlıq"ın 20 yanvardakı ilk verilişi həm Azərbaycanda, həm də dünyanın hər yerində azərbaycanlıları və ictimaiyyəti oyatdı. Dünya azərbaycanlıları ayağa qalxdı. Etirazlar başladı. Moskva öz xəlvəti Bakı əməliyyatını sakitliklə sona çatdıra bilmədi.

Sovet sistemi nə qədər qapalı olsa da, xarici ölkələrin informasiya agentlikləri, mətbu orqanları Azərbaycan xalqının başına gətirilən bu dəhşətli faciədən xəbər tutaraq öz münasibətlərini, öz mövqelərini bildirmişdilər. Dünya mətbuatında 20 Yanvar faciəsi haqqında yazılan informasiyalar həcmcə kiçik olsa da, mənaca, mahiyyətcə çox dolğundur. Sözlər, fikirlər həqiqəti əks etdirir.[25]

 

Bu dəhşətli hərbi əməliyyatı 70 illik imperiya əsarətindən qurtulmaq üçün ayağa qalxmış Azərbaycan xalqının coşqun mübarizə əzminin imperiyanm qəlbində yaratdığı qorxu xofunun nəticəsi kimi də izah etmək olar. Ordunun şəhərə hücumu zamanı günahsız insanların vəhşicəsinə güllələnməsi, tankların adamları öz tırtılları altında əzib keçməsi, qışın soyuq, şaxtalı gecəsində tonqallar ətrafında qızınan dinc azərbaycanlıların üzərinə hücuma keçərək cəsədlərini tanınmaz hala salması bütün dünya ictimaiyyəti tərəfindən nifrət və qəzəblə qarşılanıb pislənməlidir.[26]

The Guardian qəzeti, 22 yanvar 1990-cı il.

 

 

 

Yanvarın 20-də və 21-də təşkil edilən yürüşlər. 22-də keçirilən kütləvi dəfn mərasimi hər cür mitinqləri qadağan edən fövqəladə vəziyyətə qarşı açıqdan-açığa meydan oxumaqdır. Şəhidlər xiyabanında keçirilən dəfn mərasimi “Moskva” mehmanxanasının yuxarı mərtəbələrində yerləşdirilmiş xüsusi nəzarətçilər və snayperlər tərəfindən diqqətlə izlənilirdi. Bütün sərt maneələrə və təhlükəli nəzarətə baxmayaraq, qeyrətli insanlar şəhidlərin xatirəsinə layiq dəfn mərasiminin keçirilməsinə nail oldular.[27]

Los Angeles Times qəzeti, 23 yanvar 1990-cı il.

 

 

 

Azərbaycandakı hərbi əməliyyatdan 10 gün sonra Sovet rəhbərliyi arasında ciddi ixtilafın olduğu üzə çıxdı, bu isə Sovet quruluşunun təməl sütunlarının silkələnməsi deməkdir

The Times qəzeti, 29 yanvar 1990-cı il.

 

 

 

Bakının işğalından sonra öz torpağına bütün varlığı ilə bağlı olan hər bir azərbaycanlının qəlbində Moskvaya və Mixail Qorbaçova qarşı dəhşətli bir nifrət hissi yaranmışdı. Vaxtilə rus imperiyasının müstəmləkəsi olan Azərbaycan indi öz suveren və demokratik hüquqlarını bərpa edir. Öz azadlıq və müstəqilliyi uğrunda mübarizə aparır. İndi adi satıcıdan tutmuş hakimiyyət nümayəndələrinədək uşaqlı-böyüklü hamı dərk edir ki, Moskva öz hüquqlarının bərpası uğrunda ayağa qalxmış milləti susdurmaq üçün Bakıya qoşun yeridib, günahsız qanlar töküb.

The New York Times qəzeti, 18 fevral 1990-cı il.

 

“Şit” təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatından

"Hərbi qulluqçuların və onların ailə üzvlərinin sosial müdafiəsi ittifaqının" (Şit) rəyi istintaq komissiyasının materiallarından istifadə edilməklə hazırlanmışdır. Bu rəy 1990-cı ildə SSRİ-nin və respublikanın kütləvi informasiya vasitələri (KİV) tərəfindən yayılmış, o cümlədən xarici dillərdə yayılmışdır.

Hesabatdan məlum olur ki, Bakıya yeridilmiş qoşun kontingenti - bəzi məlumatlara görə onun sayı 60 min nəfərə çatırdı. Onlar "döyüş tapşınğını" yerinə yetirmək üçün möhkəm psixoloji hazırlıq keçmişdilər. “Şit” təşkilatı müstəqil hərbi ekspertlərinin hesabatında oxuyuruq: "Sizi Bakıya rusları müdafiə etmək üçün gətirmişlər, yerli əhali onları vəhşiçəsinə məhv edir; ekstremistlər Salyan kazarmalarının (Bakıda əsas hərbi qarnizonun yerləşdiyi ərazi) ətrafındakı evlərin damlarında snayperlər yerləşdirmişlər, təkcə bu ərazidə 110 atəş nöqtəsi var; binalar, mənzillər Azərbaycan Xalq Cəbhəsinin yaraqlıları ilə doludur, onlar sizi güclü avtomat-pulemyot atəşinə tutacaqlar". Faktlarla sübut olunmuşdur ki, Azərbaycana göndərilən ordu hissələrinin tərkibinə Stavropol, Krasnodar və Rostovdan səfərbərliyə alınmış erməni əsgər və zabitlər, sovet hərbi hissələrində xidmət edən ermənilər, hətta, erməni kursantlar da daxil edilmişdi.

Hesabatdakı 3-cü bölmədən (Ordunun hərbi cinayətləri) bir parça:

Xalqın bu ağır günlərində, 1990-cı il yanvarın 21-də Heydər Əliyev Azərbaycanın Moskvadakı daimi nümayəndəliyinə gələrək, təşkil olunmuş yığıncaqda çıxış edərək, xalqla birgə olduğunu bildirdi, 20 Yanvar faciəsinə siyasi qiymət verdi, onun hüquqa, demokratiyaya, humanizmə zidd olduğunu, mərkəzin və o zamankı respublika rəhbərlərinin günahı üzündən yol verilmiş kobud siyasi səhv olduğunu göstərdi. Bu tarixi çıxışın mətni dünyaya, respublikaya geniş yayıldı. Xalqın qəlbində ümid çırağı yandı.

1992-ci il yanvarın 18-də Azərbaycan Respublikasının qanunu ilə "Şəhidlər günü" adı altında Azərbaycan Respublikasının Əmək Qanunları Məcəlləsinə əlavə edilmiş 66-1-ci maddənin adı (Maddə 66-1. Şəhidlər günü) və mətni 1999-cu ildə qüvvəyə minmiş Əmək Məcəlləsində tamamilə dəyişildi və yeni redaksiyada belə verildi:

Maddə 106. Ümumxalq hüzn günü

Hər il yanvarın 20-si — Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda həlak olmuş şəhidlərin xatirəsini yad etmə günü — ümumxalq hüzn günüdür. Bu gün iş günü hesab edilmir.

Şəhidlər Xiyabanı

Azərbaycan Respublikası Ali Sovetinin 1990-cı il 22 yanvar tarixli fövqəladə sessiyasında qəbul olunmuş qərarda SSRİ Ali Soveti Rəyasət Heyətinin 1990-cı il 19 yanvar tarixli fərmanı qanunsuz sayılmış, onun əsasında həyata keçirilən hərbi-siyasi tədbir suveren Azərbaycan Respublikasına qarçı təcavüz kimi, Bakı şəhərinin yüzlərlə sakininin həlakına və yaralanmasına səbəb olmuş hərbi qulluqçuların hərəkətləri isə Azərbaycan xalqına qarşı cinayət kimi qiymətləndirilmişdir. Respublika Ali Sovetinin həmin sessiyasında yanvar faciəsinin təhqiqi üzrə deputat-istintaq komissiyası yaradılmış, komissiyanın tərkibinə Azərbaycan Xalq Cəbhəsinin nümayəndələri də daxil edilmişdi. M.T.Abasov komissiyanın sədri, T.Y.Qarayev sədrin müavini təsdiq edilmişdi.

Komissiya deputatların iştirakı ilə sorğular keçirmiş, Əbdürrəhman Vəzirov, Viktor Polyaniçko, Əfrand Daşdəmirov, Həsən Həsənov, Rafiq Zeynalov, Rafiq Əliyev, Elmira Qafarova, Ayaz Mütəllibov, Aydın Məmmədov, Vaqif Hüseynov, N. Kərimov, Əbülfəz Əliyev, Hikmət Hacızadə, Sabit Bağırov, İsa Qəmbərov, Nəcəf Nəcəfov, Tofiq Qasımov, Sabir Rüstəmxanlı, Firudin Səməndərov sorğu-sual edilmişlər.

1990-cı il yanvarın 19-20-də Bakı şəhərinə qoşunların yeridilməsi ilə əlaqədar faciəli hadisələrin təfsilatının və səbəblərinin təhqiqi üzrə Azərbaycan Respublikası Ali Sovetinin deputat-istintaq komissiyasının yaradılmasına və Azərbaycan Respublikası Ali Soveti Milli Şurasının 19 yanvar 1992-ci il tarixli iclasında həmin komissiyanın işinin yekunlarının müzakirə edilməsinə baxmayaraq, 1994-cü ilə qədər bu məsələyə siyasi-hüquqi qiymət verilməmişdir. Yalnız ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra Azərbaycan Respublikası Milli Məclisinin 29 mart 1994-cü il tarixli iclasında 1990-cı il yanvarın 20-də Bakıda törədilmiş faciəli hadisələr müzakirə edilmiş və bu hadisələrə siyasi-hüquqi qiymət verilmişdir.