images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
Rəhbərlik

Fatma Səttarova

Müharibə və əmək veteranı Fatma Hüseyn qızı Səttarova‎ Bakı şəhərində anadan olmuşdur.

1941-ci ildə İkinci Dünya müharibəsində tibb bacısı kimi könüllü surətdə cəbhəyə yollanmışdır. Alman faşizminə qarşı döyüşlərdə şücaətlər göstərən Fatma Səttarova yüksək təhsili, dünyagörüşü ilə fərqlənir, uzun illər dövlət qurumlarında çalışdığı dövrlərdə o, səmərəli fəaliyyəti ilə bunu dəfələrlə sübuta yetirib.

Müharibədən sonra səhiyyə sistemində işləməyib. Bakı Dövlət Universitetində İqtisadiyyat fakültəsində təhsil alıb. İkinci Dünya müharibəsi veteranının 3 övlad, 11 nəvə, 25 nəticəsi var. Uzun illər rəhbər vəzifələr tutub.

Fatma Səttarova müharibə və əmək veteranı kimi Respublika Veteranlar Təşkilatının uzun illər rəyasət heyətinin üzvi olmuş, Təşkilatın fəaliyyətinin səmərəli təşkil olunmasında, əsl Azərbaycan qadını, ana kimi Gənclərin gənclərin Vətənə, dövlətə sədaqət ruhunda tərbiyəsində təcrübəsini və biliyini əsirgəməmişdir.

Respublika Veteranlar Təşkilatının Rəyasət heyətinin 16 yanvar 2021-ci ildə keçirilən iclasında Təşkilatın sədri vəzifəsi Fatma Səttarovaya həvalə edilmişdir.

 

 

 

Cəlil Malik oğlu Xəlilov

Xəlilov Cəlil Malik oğlu 09 avqust 1958-ci ildə Azərbaycan Respublikası Masallı rayonu, Köçəkli kəndində anadan olmuşdur.

Ehtiyatda olan polkovnik Cəlil Xəlilov 1982-ci ildə Simferopol Ali Hərbi Siyasi Məktəbini bitirmiş,  həmin ildən SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd dəstəsində zastava rəisinin  müavini vəzifəsində hərbi xidmətə başlamışdır.

1985-87-ci illərdə Pamir sərhəd dəstəsində siyasi şöbədə təlimatçı vəzifəsində xidmət etmişdir. 1990-cı ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakültəsini (qiyabi) bitirmişdir.

Ehtiyatda olan polkovnik Cəlil Xəlilov 1987-2012-ci illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir.

Ehtiyatda olan polkovnik C.Xəlilov 28 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini seçilmişdir. O, bu gün ölkə rəhbərliyinin veteranlarla bağlı həyata keçirdiyi dövlət siyasətinin uğurla yerinə yetirilməsində, gənclərin azərbaycançılıq məfkurəsinə uyğun, vətənpərvərlik, öz tarixinə hörmət ruhunda tərbiyə olunmasında yaxından iştirak edir. Onun Respublika Veteranlar Təşkilatının dövlət orqanları və ictimai təşkilatlarla sıx əlaqələrinin qurulması, veterenların ölkənin ictimai-siyasi həyatında fəal iştiraklarına nail olunmasında böyük əməyi vardır. O, ölkənin təhsil ocaqları, müxtəlif idarə və müəssisələri, xüsusilə cəbhə bölgəsində yerləşən hərbi hissələrdə veterenlarla gənclərin müntəzəm görüşlərini təşkil edir.

C.Xəlilov Respublika Veteranlar Təşkilatının sədr müavini kimi Azərbaycanı xarici ölkələr, o cümlədən MDB məkanında layiqincə təmsil edir, onların müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin təbliği və müdafiəsində bilik və bacarığını əsirgəmir. O, MDB veteranlarının Beynəlxalq Təşkilatının Əlaqələndirmə Şurasının, Ehtiyatda olan zabitlərin Beynəlxalq Məsləhətləşmə Komitəsi Rəyasət Heyətinin üzvüdür.

C.Xəlilov həmçinin siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, ölkənin hərbi və xüsusi təhsil məktəblərində tədris olunan “Milli təhlükəsizlik strategiyası” dərsliyi və proqramının, eyni zamanda 4 kitabın və 50-dən çox elmi məqalənin müəllifidir.

Ehtiyatda olan polkovnik Cəlil Xəlilov Əfqanıstan və Qarabağ müharibəsi veteranıdır.

C.Xəlilov Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət etdiyinə, yüksək peşəkarlığına və hərbi vəzifələrin öhdəsindən bacarıqla gəldiyinə görə, dəfələrlə orden və medallarla təltif olunmuşdur. Gənclərin orduda xidmətə və gənc zabitlərin peşəkarlıq hazırlığında onun mühüm xidmətləri vardır.

Ailəlidir, iki övladı var.