images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Çarəsizlik İrəvanı qadınları, qocaları ordu sıralarına cəlb etməyə vadar edir”

Xəbər verdiyimiz kimi, Ermənistan ordusunda yaşanan insan resursu çatışmazlığı rəsmi İrəvanı bir-birindən əcaib addımlar atmağa məcbur etməkdədir. Son vaxtlar  diqqət çəkən belə əcaib addımlardan biri də yanğısöndürmə dəstələrinin ön xətdə təhkim edilməsi, döyüş postlarında növbətçilik prosesinə cəlb olunmasıdır. Hansı ki, rəsmi İrəvanın bu addımı  Ermənistan daxilində ciddi narazılıq və etiraza rəvac verməkdədir.

 Məsələ ilə bağlı Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov baş verənləri Ermənistan ordusunun acınacaqlı durumunun növbəti təsdiqi kimi dəyərləndirib:

“Bu, onu göstərir ki, artıq Ermənistanın rezervi bitib. Orduya gedən, ordu sıralarına qatılan yoxdur. Buna görə də erməni hərbi-siyasi rəhbərliyi məcburiyyət qarşısında qalıb qadınları, yaşlıları ordu sıralarına cəlb edir. Bu isə əhali arasında ciddi narazılığa səbəb olur. Baş verənlər öz növbəsində etirazlarla, aksiyalarla nəticələnir. Bütün bunlar Ermənistanın hərbi hazırlıq durumunun nə qədər acınacaqlı vəziyyətdə olduğunu göstərir.

 2016-cı ilin aprel döyüşlərində Azərbaycan ordusunun rezerv qüvvələrindən istifadə etmədən, heç bir mobilizasiya aparılmadan düşmən hücumu dəf edildi və uğurlu əks-hücum həyata keçirildi. Bir neçə strateji yüksəklik düşməndən azad edildi. Lakin bu gün ermənilər sadəcə müdafiəni təmin etmək üçün ən müxtəlif kateqoriyadan olan insanları, eləcə də yanğınsöndürənləri orduya  cəlb edirlər. Bu, düşmən ordusundakı ağır vəziyyətdən xəbər verir.

 Ermənilər əvvəllər ərazilərindəki rus hərbi bazalarına arxayın idilər. Lakin bu gün rus hərbçiləri Azərbaycanın işğal edilmiş torpaqlarına daxil olmaqdan imtina edir, Qarabağ müharibəsinə hər hansı şəkildə qarışmaq istəmir. Qarabağ Azərbaycanın ərazisidir və əgər Azərbaycan bu ərazidə terrorizmə və separatizmə qarşı mübarizə aparırsa, bu, onun daxili işidir. Azərbaycanın daxili işinə isə kimsə qarışa bilməz. Rusiya da bu məsələni anlayır. Son vaxtlar Rusiya açıq şəkildə ermənilərə işarə edir ki, Azərbaycanla probleminizi özünüz həll etməlisiniz.

Bir sözlə, Ermənistanın vəziyyəti bu gün kifayət qədər ümidsizdir və onun qadınları, qocaları, müxtəlif peşə sahiblərini orduya cəlb etməsi də düşmən ölkədəki acınacaqlı durumdan xəbər verir”.

 Seymur ƏLİYEV

Oxunub: 51