images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Aprel döyüşləri düşmənə tarixi gözdağı, əbədi ibrət dərsidir”

Cəlil Xəlilov: “Əgər Ermənistan bu döyüşlərdən lazımi nəticə çıxartsaydı, indiki acınacaqlı duruma düşməzdi”

 

2016-cı ilin aprel döyüşlərinin beşinci ildönümüdür. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov aprel döyüşlərinin mühüm tarixi və hərbi əhəmiyyətə malik olduğunu qeyd edib:

 

“2016-cı ilin aprel döyüşləri və bu döyüşlər zamanı Azəbaycan ordusunun əldə etdiyi qələbə həm hərbi, həm tarixi, həm də mənəvi baxımdan mühüm əhəmiyyətə malikdir.  Bir sıra yüksəkliklərin və yaşayış məntəqələrinin Ermənistan ordusunun işğalından azad edilməsi ilə nəticələnən bu döyüşlər zamanı, Azərbaycan ordusu öz gücünü, qüdrətini düşmənə göstərdi, işğalçıların yarılmaz, keçilməz hesab etdiyi möhkəmləndirilmiş müdafiə xətlərini bir həmlə ilə keçdi. Azərbaycan ordusunun aprel döyüşləri zamanı ordaya qoyduğu əzm və iradə Ermənistan ordusunu sarsıtdı, onu geri çəkilməyə məcbur etdi. Azərbaycan ordusu əməli surətdə sübut etdi ki, işğaldakı torpaqları azad etməyə qadirdir və heç bir qüvvə ona mane ola bilməz.

 

Bu baxımdan aprel döyüşləri düşmənə tarixi gözdağı və əbədi ibrət dərsidir. Lakin təəssüflər olsun ki, Ermənistan 2016-cı ildə yaşadığı bu acı məğlubiyyətdən lazımi dərs çıxarmadı. Əgər Ermənistan aprel döyüşlərindən lazımi nəticə çıxarsaydı, işğalçılıq siyasətindən əl çəkər, nəticə etibari ilə indiki acınacaqlı, rüsvayçı duruma düşməzdi. Ancaq Ermənistan aprel döyüşlərindən sonra da işğalçılıq, terror və təxribatçılıq siyasətini davam etdirməyə cəhd etdi. Nəticədə, Ermənistanın yürütdüyü işğal siyasəti, davamlı təxribatlar 44 günlük Vətən Müharibəsi ilə nəticələndi ki, bu da Ermənistan ordusunun darmadağın edilməsi ilə yekunlaşdı. Ali Baş Komandanın rəhbərliyi altında işğaldakı torpaqları azad edən şanlı Azərbaycan ordusunun sürətli hücumu, ölümcül həmlələri nəticəsində düşmən kapitulyasiya sazişini imzalamağa məcbur oldu. Müharibə Ermənistanın hərbi potensialının 80%-nin məhv olması, kütləvi fərarilər ordusunun meydana çıxması, Ermənistan iqtisadiyyatının tamamilə məhv olması ilə nəticələndi.

 

Artıq aprel döyüşlərinin beşinci ildönümüdür. Torpaqlarımız düşmən işğalından azad olunub, ərazi bütövlüyümüz bərpa edilib. Ancaq sadəcə  bu gün deyil, illər, əsrlər sonra da aprel döyüşləri, bu döyüşlər zamanı ordumuzun sərgilədiyi qəhrəmanlıq qürur hissi ilə yad ediləcək, fərəhlə xatırlanacaq.

 

Veteranlar olaraq bu döyüşlərdə şəhid olan igidlərimizi ehtiramla yad edir, onların ruhu qarşısında baş əyirik. Onlar sonsuz qədər Azərbaycan xalqının qəlbində yaşayacaqlar”.

 

Seymur ƏLİYEV

 

Oxunub: 137