images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Azərbaycan dövləti veteranlara ən çox diqqət və qayğı göstərən ölkələrdən biridir”

Sabah faşizm üzərində qələbənin 75-ci ildönümüdür.

 Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə bu böyük tarixi günlə bağlı bir sıra məqamlara aydınlıq gətirməyə çalışdıq.

 -Cəlil müəllim, sabah faşizm üzərində qələbənin 75-ci ildönümüdür. Öncə bu tarixi günlə bağlı düşüncələrinizi bilmək istərdik.

 -Faşizm üzərində qələbənin əldə edilməsi ümumbəşəri bir hadisədir və qürurvericidir ki, bu qələbənin əldə edilməsində Azərbaycanın müstəsna xidmətləri var.

 Bildiyiniz kimi, koronavirus pandemiyası səbəbi ilə ölkəmizdə bununla bağlı planlaşdırılan genişmiqyaslı tədbirlərin hamısı təxirə salınıb. Lakin dövlətimiz, ölkə başçımız indiki həssas məqamda da veteranları qayğı və diqqətdən kənarda qoymadı. Veteranlarımız evlərində ziyarət olundu, onlara müxtəlif yardımlar, hədiyyələr, mükafatlar verildi.

 Istər ölkə başçısı, istərsə də I vitse-prezidentimiz tərəfindən veteranlarımıza göstərilən diqqət və qayğı müharibə veteranları tərəfindən böyük məmnunluqla qarşılanır. Biz Respublika Veteranlar Təşkilatı olaraq dövlət rəhbərliyinə veteranlara göstərdiyi qayğıya görə təşəkkür edir, öz minnətdarlığımızı bildiririk. Bir daha bəyan edirik ki, veteranlarımız ölkə başçısının yürütdüyü siyasəti qətiyyətlə müdafiə edir və bundan sonra da eyni qətiyyətlə müdafiə emtəkdə davam edəcək.

 -Azərbaycan xalqının faşizm üzərindəki qələbədəki rolu zaman-zaman dünyanın bir çox ictimai-siyasi xadimləri, hərbi ekspertləri tərəfindən etiraf olunub. Bəs qələbənin 75-ci ildönümündə bununla bağlı yeni etiraf və xatırlanma oldumu?

 -Azərbaycan xalqının qəhrəman oğul və qızlarının faşizmə qarşı mübarizədə göstərdiyi fədakarlıqlar qeyd etdiyiniz kimi, dünyanın bir çox görkəmli şəxsiyyətləri, hərbi-siyasi xadimləri tərəfindən etiraf olunub. Dünyanın bir çox ölkələrində, şəhərlərində qəhrəman Azərbaycan oğullarının büstləri, heykəlləri mövcuddur.

 Qələbənin 75-ci ildönümündə veteranlarımızın qəhrəmanlığı yenə də bir sıra dünya dövlətlərinin diqqət mərkəzində idi. Təsadüfi deyil ki, bir sıra veteranlarımız Rusiya prezidenti tərəfindən müharibənin 75 illiyi ilə bağlı yubiley medalı ilə təltif edildi. Bu faktın özü xalqımızın faşizm üzərində qələbəyə verdiyi töhfənin növbəti etirafı hesab edilə bilər.

 -Azərbaycanda veteranları təbrik edən daha hansı dövlət qurumları oldu?

 -Deməliyəm ki, bütün dövlət qurumları bu məsələdə öz həssasiyyətini ortaya qoydu. Məsələn,  Müdafiə Nazirliyi, SHXÇDX, Heydər Əliyev Fondu veteranları müxtəlif hədiyyələrlə təbrik etdi. Ölkə başçısı veteranlarımızı yubiley medalı ilə mükafatlandırdı. Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi qadın veteranları müxtəlif hədiyyələrlə yad etdi. Bir sözlə, dövlət qurumlarımız qələbənin 75-ci ildönümündə veteranlarımızı tək qoymadı.

 -Cəlil müəllim, qadın veteranlardan bəhs etdiniz. Müharibədə iştirak edən qadın döyüşçülərimizlə bağlı hər hansı statistika mövcuddurmu?

 -Müharibədə 10 mindən çox Azərbaycan qadını cəbhələrdə faşizmə qarşı mübarizə aparıb. Onların bir çoxu müxtəlif igidliklərə görə təltif olunub. 35 min qadın neft sənayesində çalışıb, sovet ordusunun hərbi texnikasının yanacaq ehtiyatını təmin edib. 1500 nəfər qadın kolxoz-sovxoz rəhbərliyində təmsil olunub, kişilərin ön xətdə olduğu zamanda arxa cəbhədə böyük fədakarlıqlar göstərib. Təkcə bu statistikanın özü qadınlarımızın faşizmə qarşı necə böyük mətinliklə mübarizə apardığını təsdiq edir.

 -Cəlil müəllim, faşizm üzərindəki qələbə Qarabağ müharibəsi, vətənpərvərlik təbliğatı baxımından nə dərəcədə önəmlidir?

 -Xalqımızın faşizmə qarşı apardığı mübarizə, bu mübarizədə göstərilən qəhrəmanlıqlar vətənpərvərlik təbliğatının konkret faktlara, nümunələrə istinadən həyata keçirillməsi baxımından mühüm əhəmiyyətə malikdir. Ötən əsrin 40-cı illərində  faşizmə qarşı mübarizə aparan Azərbaycan xalqı bu gün erməni faşizmi ilə müharibə şəraitindədir. Torpaqlarımızın 20%-i işğal edilib. Belə olan təqdirdə atalarımızın, babalarımızın mübarizə və döyüş təcrübəsinin öyrənilməsi, onların qəhrəmanlıqlarının ilham mənbəyinə çevrilməsi gənclərimiz üçün mənəvi baxımdan böyük stimul təşkil edir.

 Gənclərimiz babalarının göstərdiyi igidliklərdən, qəhrəmanlıqlardan xəbərdar olmalı, öz əməllərində, erməni faşizmə qarşı mübarizədə bu böyük qəhrəmanlıqları təkrarlamalıdırlar.

 Sonda,  faşizm üzərində qələbənin 75-ci ildönüüm münasibəti ilə xalqımızı təbrik edir, bir daha veteranlara göstərdiyi diqqət və qayğıya görə ölkə başçısı və Mehriban xanıma öz təşəkkürümü bildirirəm.

 Seymur ƏLİYEV

Oxunub: 93