images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Dövlət Təhlükəsizliyi Xidməti təhlükəsizliyimizin başlıca qarantı, onun etibarlı təminatçısıdır”

Cəlil Xəlilov: “Dövlət Təhlükəsizliyi Xidmətinin bundan sonra da dövlətimizin, xalqımızın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacağına əminəm”

 

Martın 28-i Dövlət Təhlükəsizliyi Xidməti və Xarici Kəşfiyyat Xidməti əməkdaşlarının peşə bayramıdır.

 

Bununla bağlı  Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polovnik Cəlil Xəlilov Dövlət Təhlükəsizliyi Xidmətinin, o cümlədən Xarici Kəşfiyyat Xidmətinin dövlətimizin təhlükəsizliyinin təmin edilməsində, ona yönəlik təhdid və təhlükələrin önlənməsində mühüm rol oynadığını bildirib:

 

“Hər şeydən öncə qeyd etmək lazımdır ki, Dövlət Təhlükəsizliyi Xidməti dövlət təhlükəsizliyimizin başlıca qarantı, onun etibarlı təminatçısıdır. Dövlət Təhlükəsizliyi Xidmətinin tarixinə, keçdiyi yola nəzər salsanız görərsiniz ki, bu qurum dövlətçilik tariximizin ən çətin, keşməkeşli vaxtlarında təhlükəsizliyimizin qorunmasında, terror aktlarının, təxribatların qarşısının alınmasında mühüm rol oynayıb, istər  ölkə daxilindəki, istərsə də ölkə xaricindəki terrorçu qüvvələrə qarşı uğurla mübarizə aparıb. 44 günlük Vətən Müharibəsində Dövlət Təhlükəsizliyi Xidmətinin öz işini yüksək səviyyədə təşkil etməsi, həm ölkə daxilində təhlükəsizliyi qoruması, həm də erməni işğalçılarına qarşı mübarizədə ordumuza ciddi dəstək verməsi adıçəkilən qurumun ölkəmiz üçün nə dərəcə mühüm rol oynadığını göstərir. Bu baxımdan həm Dövlət Təhlükəsizliyi Xidmətinin, həm də Xarici Kəşfiyyat Xidmətinin fəaliyyəti heç şübhəsiz alqışlanmalı və təqdir edilməlidir”.

 

Cəlil Xəlilov son iki ildə Dövlət Təhlükəsizliyi Xidmətinin öz peşəkarlığını daha da artırdığını, dünyanın qabaqcıl dövlətlərinin xüsusi xidmət orqanları ilə müqayisəolunacaq səviyyəyə yüksəldiyini vurğuladı:

 

“Dövlət Təhlükəsizliyi Xidmətinin inkişafı, onun maddi-texniki bazasının güclənməsi, öz fəaliyyətini müasir dövrün tələbləri əsasınd qurması, dəyişən dünyamızın modern tələblərinə sürətlə uyğunlaşması ölkə başçımızın hər zaman diqqət mərkəzində saxladığı mühüm məsələlərdən biri olub. Məhz prezident İlham Əliyevin diqqəti və qayğısı sayəsində Dövlət Təhlükəsizliyi Xidməti bu gün bütün dünyanın ən qabaqcıl xüsusi xidmət orqanlarında birinə çevrilib. İstər Rusiya, istər ABŞ, istərsə də digər Avropa dövlətləri, bu dövlətlərin xüsusi xidmət orqanlarının rəhbərləri Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığını yüksək səviyyədə qiymətləndirməkdədir. Medianın özündə bununla bağlı çoxsaylı informasiyalara, bəyanat və açıqlamalara rast gəlmək mümkündür.

 

Dövlət Təhlükəsizliyi Xidmətinin peşəkarlığının artırılmasında bu sahədə həyata keçirilən kadr islahatlarının da mühüm əhəmiyyəti vardır. Xatırladım ki, təxminin iki il bundan öncə - dövlət başçısının 20 iyun 2019-cu il tarixli Sərəncamı ilə general Əli Nağıyev Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi vəzifəsinə təyin edildi. Bundan sonra Dövlət Təhlükəsizliyi Xidmətinin fəaliyyətində keyfiyyət etibarı ilə yeni dövr başladı. Son iki ildə Dövlət Təhlükəsizlik Xidmətinin sadəcə xarici təhdid və təxribatlara deyil, eyni zamanda ölkə daxilində rüşvət və korrupsiyaya qarşı apardığı uğurlu mübarizə buna sübutdur. Dövlət Təhlükəsizliyi Xidmətinin xalq arasında sürətlə artan nüfuzu, öz sıralarını əsl peşəkarlar hesabına möhkəmləndirməsi, beynəlxalq əlaqələri inkişaf etdirməsi yaxın keçmişimizin qürur duyulacaq mühüm olaylarından biridir”.

 

Sonda Dövlət Təhlükəsizliyi Xidmətinin şəxsi heyətini, xidmətdə fərqləndiyi üçün təltif edilən əməkdaşlarını təbrik edən Cəlil Xəlilov, adıçəkilən qurumun bundan sonra da vətənə layiqincə xidmət edəcəyinə inamını ifadə edib:

 

“Mən peşə bayramı münasibəti ilə həm Dövlət Təhlükəsizliyi Xidmətinin, həm də Xarici Kəşfiyyat Xidmətinin bütün şəxsi heyətini təbrik edirəm.

 

Ölkə başçısı bir neçə gün bundan öncə xüsusi xidmət orqanlarının peşə bayramı münasibəti ilə bu sahədə çalışan bir sıra şəxsləri yüksək hərbi rütbələr, orden və medallarla təltif edib. Mən həmçinin ölkə başçısının müvafiq Sərəncamı ilə təltif edilən, ali hərbi rütbələr, orden və medallar alan əməkdaşlaırnı təbrik edir, onlara xidməti fəaliyyətlərində yeni-yeni uğurlar, müvəffəqiyyətlər arzulayıram. Əminəm ki, Dövlət Təhlükəsizliyi Xidməti əməkdaşları bugünə qədər olduğu kimi, bundan sonra da dövlətimizin, xalqımızın təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanacaq, məkirli qüvvələrin hər cür təxribatının qarşısını çevik şəkildə alacaqdır. Mən bu müqəddəs, şərəfli işdə Dövlət Təhlükəsizliyi Xidmətinə, onun fədakar əməkdaşlarına uğurlar arzulayır, onların peşə bayramını təbrik edirəm”.

 

Seymur ƏLİYEV

Oxunub: 166