images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Hərbi təlimlər Vətən müharibəsində qələbəmizin açarı oldu”

Cəlil Xəlilov: ”Bu təlimlər göstərir ki, “Dəmir yumruq” yerindədir və bundan sonra da yerində olacaq”

 

Xəbər verdiyimiz kimi, Azərbaycan ordusu 10 min şəxsi heyət, tank və digər zirehli texnikaların iştirakı ilə təlimlərə start verib.

 

Veteran.gov.az-a açıqlamasında bu təlimlərin önəminə diqqət çəkən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov ordumuz tərəfindən keçirilən bu təlimlərin bir çox aspektdən mühüm əhəmiyyətə malik olduğunu vurğuladı:

 

“Şübhəsiz ki, bu və bu kimi hərbi təlimlər Azərbaycan ordusunun döyüş qabiliyyətinin yüksəldilməsi, onun peşəkarlığının artırılması baxımından mühüm əhəmiyyətə malikdir.  Təsadüfi deyil ki, 44 günlük Vətən Müharibəsinə qədərki dönəmdə də Azərbaycan ordusu çoxlu sayda irimiqyaslı təlimlər keçirirdi. Hansı ki, bu təlimlərdə məqsəd müxtəlif qoşun növlərinin fəaliyyətinin döyüş şəraitində  təşkili, şəxsi heyətin çətin və mürəkkəb relyef şəraitində hərəkətinin təmin edilməsi, şərti hədəflərin yüksək dəqiqlikllə məhv edilməsi, tank və artilleriya bölmələrinin hazırlıq səviyyəsinin yüksəldilməsi və s. kimi məqsədlərə xidmət edirdi. Sevindiricidir ki, biz bütün bunların bəhrəsini 44 günlük Vətən Müharibəsində əməli şəkildə gördük. Ordumuz Ali Baş Komandanımızın rəhbərliyi altında qısa zamanda işğaldakı torpaqları azad etdi, düşməni sözün həqiqi mənasında darmadağın etdi. Məşhur hərbi deyimlə desək, təlim nə qədər ağır olarsa, döyüş o qədər asan olar. Ordumuz Vətən müharibəsində bu deyimin doğruluğunu bir daha təsdiq etdi.

 

Bugünlərdə keçirilən təlimlər ordumuzun Vətən müharibəsindəki döyüş hazırlığının qorunub saxlanılmasına və möhkəmlənməsinə hesablanıb. Əvvəlki təlimlərdə olduğu kimi, bu təlimlərdə də piyadalarla yanaşı tankların, ağır artileriyanın birgə iştirakı ilə hücum əməliyyatının təşkili, müxtəlif qoşun növlərinin birgə fəaliyyətinin operativ və effektiv şəkildə təmini, hücum və anti-terror əməliyyatları zamanı müasir silahların tətbiqi və s. diqqət mərkəzində saxlanılan əsas məsələlərdən biridir. Ona görə də bu təlimləri və onun ordumuz üçün əhəmiyyətini yüksək qiymətləndirirəm. Hesab edirəm ki, düşmənlərimiz bu təlimlərdən lazımi nəticə çıxarmalı, ölkəmizə qarşı hansısa təxribata əl atacaqları təqdirdə Azərbaycan ordusu tərəfindən ağır şəkildə cəzalanacaqlarının mütləqliyini dərk etməlidirlər. Ölkə başçısının qeyd etdiyi kimi, “Dəmir yumruq” yerindədir və hər zaman da yerində olacaq”.

 

Seymur ƏLİYEV

 

Oxunub: 194