images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Mehriban Əliyevanın Rusiya səfəri dövlətlərarası münasibətləri yeni mərhələyə yüksəldəcək

“Rusiya Ermənistanı işğal etdiyi torpaqları tərk etməyə məcbur edə bilər”

“Faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində MDB məkanındakı bütün konfiliktlərə son qoyulması arzuedilən olardı”

Azərbaycan Respublikasının I vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri, bu ölkədə keçirdiyi görüşlər həm Rusiya, həm də Azərbaycanda böyük maraq və məmnunluqla qarşılanmaqdadır.

Moderator.az olaraq Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilovla söhbətimizdə bu səfər və onun milli maraqlarımız, Azərbaycan-Rusiya münasibətləri baxımından önəmini şərh etməyə çalışdıq.

 

-Cəlil müəllim, ölkəmizin I vitse-prezidenti Mehriban Əliyevanın Rusiyaya səfəri, burada keçirdiyi görüşlər Azəraycanla yanaşı, Rusiya ictimaiyyətində, mediasında da böyük marağa səbəb olmaqdadır. Sizcə bu səfər Azərbaycanın dövlət maraqları, eləcə də, iki dövlət arasındakı münasibətlərin daha da inkişafı baxımından nə dərəcədə önəmlidir?

 

-Öncə onu qeyd edək ki, Rusiya Azərbaycana qonşu olan bir dövlətdir. Təbii ki, əlaqələrimiz sıx, mehriban, qonşuluq,strateji əməkdaşlığa söykənir.. Rusiya ilə siyasi, iqtisadi, mədəni, humanitar və hərbi sahədə əlaqələrimiz yüksələn xətt üzrə inkişaf etməkdədir.

Mehriban xanımdan öncə, Azərbaycan Respublikasının prezidenti, Ali Baş Komandan İlham Əliyev Rusiya rəhbərliyi ilə faydalı görüşlər keçirdi. Bu görüşlərdə Qarabağ problemi də müzakirə olundu və hesab edirəm ki, bu məsələdə də irəliləyiş olacaq.

Bu baxımdan Mehriban xanımın Rusiya səfərini, orada keçirdiyi yüksək səviyyəli görüşləri olduqca faydalı və əhəmiyyətli hesab edirəm. Əminəm ki, bu görüş dövlətlərimiz arasındakı ikitərəfli münasibətlərin inkişafını genişləndirəcək və onu mahiyyət etibari ilə yeni mərhələyə yüksəldəcək.

Mehriban xanımın Rusiyada həm prezident, həm baş nazir, həm də digər rəsmilər səviyyəsində yüksək qarşılanması, Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Mehriban xanımı “Dostluq” ordeni ilə təltif etməsi təqdirəlayiqdir. Bütün bunlar göstərdi ki, Rusiya iki dövlət arasında arasında dostluq və əməkdaşlığın inkişafına böyük töhfə verən Mehriban xanımın fəaliyyətini yüksək qiymətləndirir.

 

-Cəlil müəllim, Qarabağ probleminin həllinə Rusiyanın təsir imkanının böyük olduğu Azərbaycan ictimai-siyasi məkanında hər zaman səslənən fikirlərdən biridir. Sizcə Qarabağ konfiliktinin həllinə Kremlin təsir imkanı hansı səviyyədədir və Rusiyanın bu məsələdə Ermənistana göstərəcəyi təzyiq nəyi dəyişə bilər?

 

-Biz Qarabağ məsələsində Rusiyadan dəstək gözləyirik. Rusiya qonşu dövlət, həm də Minsk qrupunun həmsədrlərindən biridir. Rusiya Ermənistanı məcbur edə bilər ki, Azərbaycan torpaqlarını işğaldan azad etsin. Buna Rusiyanın diplomatik, iqtisadi və hərbi gücü imkan verir.

Ermənistan tamamilə Rusiyadan asılı vəziyyətdədir. Rusiya Ermənistandan əlini çəksə, Ermənistan bir dövlət kimi tamamilə çökər. Rusiya Ermənistanı düz yola dəvət etməli və onu başa salmalıdır ki, bir dövlət kimi onun inkişafı Qarabağ probleminin həllindən keçir.

Rusiya da Ermənistanı təcavüzkarlığından xəbərdardır.

Onu da qeyd edim ki, Rusiya-Azərbaycan münasibətlərinin inkişafı Ermənistanda böyük narahatlığa səbəb olmaqdadır.  Bu səbəbdən də, Ermənistan zaman-zaman Rusiya-Azərbaycan münasibətlərini gərginləşdirməyə çalışıb. Bu məqsədlə bəzən Ermənistan ortaya yalan məlumatlar yayıb, bununla da bu münaibətlərə xələl gətirməyə çalışıblar. Amma heç nəyə nail ola bilməyib. Çünki Rusiyada yaxşı başa düşürlərki  Azərbaycan qonşu dövlət olmaqla yanaşı həmdə etibarlı tərəfdaşdır, o cümlədən və Rusiya ilə mehriban qonşuluq siyasətinin qorunub saxlanılmasında maraqlıdır.

Rusiya hərbi-iqtisadi və siyasi gücünə görə dünyanın aparıcı ölkələrindən biridir. Onun qlobal proseslərə, xüsusilə də MDB məkanındakı proseslərə təsir gücü çox böyükdür. Bizim Rusiya ilə 200 illik tarixi dostluq əlaqələrimiz var. Biz bu əlaqələri daha da inkişaf etdirməliyik. Rusiya xalqı və rəhbərliyi də Azərbaycan həqiqətlərini bilməli, haqqın-ədalətin öz yerini almasına dəstək verməlidir. Azərbaycanın məqsədi sadəcə, öz ərazi bütövlüyünü təmin etməkdir. Bizim heç bir dövlətin ərazisində gözümüz yoxdur və Ermənistandan fərqli olaraq qonşu dövlətlərin ərazisini işğal etmək niyyəti ilə yaşamırıq.

 

-Rusiya ilə əlaqələrin inkişafı ölkəmizə iqtisadi-mədəni baxımdan nə vəd edir?

 

-Rusiya ilə əlaqələrin inkişafı, ölkəmiz üçün iqtisadi-siyasi və hərbi baxımdan da mühüm əhəmiyyət kəsb edir. Rusiya Azərbaycan üçün həm də böyük bir bazardır. Azərbaycanda istehsal olunan sənaye və kənd təsərrüfatı məhsulları daha çox Rusiya bazarında satılır.

Bizim orada 3 milyondan çox vətəndaşımız yaşayır. Biz Rusiya rəhbərliyi ilə münasibətləri inkişaf etdirməklə yanaşı, oradakı soydaşlarımıza, onların problemlərinə də diqqət və  qayğı göstərməliyik. Dövlət rəhbərləri arasında münasibətlər nə qədər isti olsa, oradakı soydaşlarımızın vəziyyəti daha yaxşı olar.

Azərbaycanda rus dili, rus ədəbiyyatı, rus mədəniyyətinə böyük maraq var. Ölkəmizdə rus dilində məktəblər fəaliyyət göstərir. Azərbaycanda Rusiyanın Lomonosov adına Moskva Dövlət Universitetinin və İ.M.Seçenov adına Birinci Moskva Dövlət Tibb Universitetinin Bakı filialında  həm rus, həm də azərbaycanlı tələbələr oxuyurlar. Eyni zamanda azərbaycanlılar Rusiyanın ali təhsil müəssisələrində təhsil alırlar. Hansı ki, bu məqam hörmətli Mehriban xanımın Rusiya səfərində də vurğulandı və Rusiya Federasiaysının Prezidenti Vladimir Putin tərəfindən təqdir edildi.

 

-Cəlil müəllim, aldığımız məlumata görə, siz özünüz də Moskvadan yeni qayıtmısınız. Mümkünsə, Moskva səfərinin məqsəd və mahiyyəti ilə bağlı məlumat almaq istərdik.

 

-Moskvada bu günlərdə MDB Dövlətləri Veteranlar Təşkilatının Rəyasət Heyətinin iclası keçirildi. Tədbirlərdə mənim də çıxışım oldu. Qeyd etdim ki,  MDB Veteranlar Təkilatı ilə əlaqələrin daha da genişləndirilməsi, II Dünya Müharibəsində iştirak edən ölkələrdə döyüşən Azərbaycan döyüşçüləri haqqında məlumatların toplanması, altı döyüş diviziyamızın hansı ölkələrin ərazisindən keçdiyi, hansı dövlətlərdə döyüşməsinin bir daha dəqiqləşdirilməsi, itkin düşən, döyüşlərdə qəhrəmanlıqlar göstərən şəxslərin müəyyən edilməsi, qəhrəmanlarımızın abidəsinin döyüşdükləri şəhərlərdə ucaldılması və s. məsələləri diqqətə çatdırdım.

 Bundan əlavə “1941-1945-cı illərdə Böyük Vətən müharibəsində sovet xalqının faşizm üzərində Qələbənin dünyəvi-tarixi əhəmiyyəti, Qələbənin mənbələri, müasir zaman üçün dərslər və nəticələr” mövzusunda konfrans da keçirildi. Konfransda faşizm ideologiyası, XXI əsrdə faşizmin təsiri, 1941-1945-ci illərdə antifaşist koalisiyasında  iki siyasət və iki strategiya,II Dünya müharibəsində SSRİ-nin azadlıq missiyası, ordu və xalqın birliyi, sovet xalqının ön və arxa cəbhədəki mübarizəsi, müharibə illərində sovet xalqının dostluğu  əsas müzakirə istiqamətləri oldu. Çıxışımda Prezident İlham Əlivin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın Respublikamızda veteranlara göstərdikləri qayğı və diqqətin yüksək səviyyədə olmasını konfrans iştirakçılarının diqətinə çatdırdım.  Azərbaycanda İkinci Dünya müharibəsi ilə bağlı abidələrin qorunub saxlanılması, o cümlədən,  tarixi saxtalaşdırmaq cəhdləri ilə bağlı mövqeyimizi də ortaya qoydum. Faşistlərlə əlbir olub sovet döyüşçülərinə qarşı vuruşan erməni satqını Nidjeyə abidə qoyulmasını pisləməklə yanaşı, bunun müharibə qurbanlarının əziz xatirəsinə təhqir kimi qiymətləndirdim. Biz müharibədə qəhrəmanlıq göstərən insanlarımızın xatirəsini hər zaman uca tutmuşuq, onları xalqımıza tanıtmağa çalşmışıq. Onların dünyaya tanıdılması, onların haqqında filmlərin çəkilməsi, kitabların yazılması, itkin düşənlər  haqında məlumatların əldə edilməsinə çalışırıq. Azərbaycanlıların döyüşdüyü ərazilərdə bununla bağlı tabloların, abidələrin yaradılmasında maraqlıyıq. Çalışırq ki, bu ölkələrin həm veteran təşkilatları, həm dövlət orqanları ilə daim  əlaqə yaradaq və bu işləri həyata keçirək. Bunun çoxuna nail olmuşuq. Serbiyada, Sloveniyada, Ukraynda, Moldovada, Sevestopolda, Taqanroqda, Volqoqradda, Moskvada və Moskva ətrafındakı döyüşlərdə vuruşan döyüşçülərimizlə bağlı müxtəlif abidələr qoyulub və bu, bizim üçün qürurvericidir.

 

-Konfransda Qarabağ problemi, onun həlli zərurəti ilə bağlı hansısa müzakirə aparıldımı?

 

-Mən konfransda bir təkliflə çıxış etdim. Xatırlatdım ki, gələn il faşizm üzərində qələbənin 75 illiyini qeyd edəcəyik. Arzu edərdik ki,  müharibə dövrünün dostluq mühitini qaytarmaq üçün MDB dövlətləri bir-birlərinə həmin dövrün dostluq münasibəti ilə yanaşsın. Azərbaycanla yanaşı, bəzi ölkələrdə də SSRİ-nin süqutundan sonra müharibə ocaqları yaranıb. İstərdik ki, MDB ölkələrinin baçıları bununla bağlı xüsusi tədbirlər keçirsinlər. Faşizm üzərində qələbənin 75 illiyi ərəfəsində bu konfiliktlərə son qoysunlar.

Mən MDB Veteranlar Təşkilatına bununla bağlı təklif vermişəm. İstəyirəm ki, MDB Veteranlar Təşkilatı adından MDB dövlətləri başçılarına müraciət edək.

Ümid edirəm ki, belə bir müraciət baş tutacaq, işğalçı ermənistanın təcavüzkar siyasəti bir daha ifşa olunacaq.Ümid edirəm ki, MDB dövlətləri qaldırdığımız problemə diqqət yetirəcək, onun həlli istiqamətində müvafiq addımlar atacaqlar. Hesab edirəm ki, bu, MDB məkanındakı konfilikt və qarşıdurmaların həlli baxımından faydalı olar.

Oxunub: 41