images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Respublikamızın Silahlı Qüvvələri müstəqilliyimizin təminatçısı, onun toxunulmazlığının qarantıdır”

Bu gün Azərbaycanın müstəqilliyinin 28-ci ildönümüdür. Bəs bu müstəqilliyin qorunmasında, onun toxunulmazlığının təmin edilməsində Azərbaycan Silahlı Qüvvələrinin üzərinə hansı vəzifələr düşür?  Müstəqilliyimizin qorunmasında ordumuzun rolu nə dərəcədə həlledicidir?

Moderator.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu məsələdə ordunun önəminin böyük və birmənalı olduğunu vurğuladı:

“Mən öncə müstəqilliyimizin 28-ci ildönümü münasibəti ilə bütün xalqımızı, eləcə də Silahlı Qüvvələrimizi təbrik edirəm. 18 oktyabr bizim üçün tarixi bir gündür. Çünki məhz bu gün xalqımız  növbəti dəfə müstəqilliyinə qovuşmaqla öz taleyinin əsl sahibinə çevrildi.

Təbii ki, müstəqilliyimizin qorunmasında, onun toxunulmazlığının təmin edilməsində ordunun müstəsna rolu var. Silahlı Qüvvələrimiz müstəqilliyimizin təminatçısı, onun toxunulmazlığının qarantıdır. Hər bir dövlətin müstəqilliyini onun ordusu, Silahlı Qüvvələri təmin edir. Bu baxımdan ordu nə qədər güclü, nə qədər qüdrətlidirsə, həmin dövlətin müstəqilliyi də bir o qədər güclü və dayanaqlı olur.

Sevindiricidir ki, son 28 ildə Azərbaycan ordusunun möhkəmlənməsi, onun döyüş qabiliyyətinin artırılması, müasir hərbi texnika və peşəkar kadrlarla təmin edilməsi istiqamətində çox böyük addımlar atılıb. Silahlı Qüvvələrimizin müstəqilliyimizin qorunmasındakı rolunu əsas götürərək deyə bilərik ki, ordumuzun möhkəmləndirilməsinə yönəlik bu addımlar, həm də ölkəmizin müstəqilliyinin gücləndirilməsinə xidmət edib. Bu məsələdə həm ümummilli lider Heydər Əliyevin, həm də prezident İlham Əliyevin müstəsna xidmətləri danılmazdır. Bu gün də Ali Baş Komandanın rəhbərliyi altında Silahlı Qüvvələrimizin gücləndirilməsi prosesi uğurla davam etdirilir.

Azərbaycanın ərazi bütövlüyünə qəsd olunub. Bu gün torpaqlarımızın bir hissəsi erməni işğalı altındadır. Erməni istilasının aradan qaldırılması, işğal altındakı torpaqlarımızın azad edilməsi, dövlətimizin ərazi bütövlüyünün təmin edilməsi vəzifəsi də məhz ordumuzun üzərinə düşür. Bu gün xalqımızın bütün ümidləri məhz Azərbaycan Silahlı Qüvvələrinə, Azərbaycan əsgərinədir. Bunun özü xalqımızın həyatında, onun müstəqilliyinin təminatındakı əlahiddə rolundan xəbər verir.  Tarix sübut edir ki, ordunun gücünə və xalqın sevgisinə söykənməyən müstəqilliyin ömrü heç vaxt uzun olmayıb, ola da bilməz. Qürurvericidir ki, bu gün Azərbaycan müstəqilliyinin keşiyində sözün həqiqi mənasında möhtəşəm Silahlı Qüvvələrimiz və böyük xalq sevgisi dayanır.

Əminəm ki, işğal edilmiş torpaqlaırmızın azad edilməsi ilə bağlı diplomatik danışıqlar nəticə verməzsə, o zaman Silahlı Qüvvələrimiz qısa zamanda işğal altındakı torpaqlarımızı azad etməklə ölkəmizin ərazi bütövlüyünü təmin edəcək, müstəqil Azərbaycanın üçrəngli bayrağının Qarabağda, Şuşada dalğalanmasına nail olacaq”.

 

Seymur ƏLİYEV

 

Oxunub: 138