images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Sülh göyərçini” aksiyası çərçivəsində 246 nömrəli məktəb-liseydə tədbir keçirilib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 75-ci ildönümünə hazırlıq çərçivəsində “Qələbənin Varisləri” Beynəlxalq İttifaqı ilə birlikdə sentyabrın 20-də Binəqədi rayonundakı 246 nömrəli məktəb-liseydə Beynəlxalq Sülh Günü ilə bağlı tədbir təşkil edib.

AZƏRTAC xəbər verir ki, 60-dək ölkənin qoşulduğu “Sülh göyərçini” mənəvi birliyə çağırış aksiyası çərçivəsində keçirilən tədbirdə Respublika Veteranlar Təşkilatının rəhbərliyi, İkinci Dünya müharibəsi veteranları, təhsil ocağının şagird və müəllim kollektivi, Təhsil Nazirliyinin və ictimaiyyətin nümayəndələri iştirak ediblər.

Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov çıxış edərək deyib ki, İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbəyə mühüm töhfələr vermiş Azərbaycan bu beynəlxalq təşəbbüsdə fəal iştirak edir. Xalqımız bu müharibədə 340 minə yaxın övladını itirib, on minlərlə soydaşımız yaralanıb, minlərlə azərbaycanlı itkin düşüb. Azərbaycan xalqı faşizm üzərində Qələbənin qazanılmasına mühüm töhfələr verib. Bu tədbirdə məqsəd həm də dünyaya sülh mesajları çatdırmaqdır. Belə tədbirlər Azərbaycanın ərazisinin 20 faizinin Ermənistan silahlı qüvvələrinin işğalı altında olmasını beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmaq baxımından da əhəmiyyətlidir. Bu müqəddəs işə dünyanın harasında yaşamasından asılı olmayaraq hər bir soydaşımız dəstək verməlidir.

Sonra məktəbin rəhbərliyi, Respublika Veteranlar Təşkilatının əməkdaşları, veteranlar çıxış edərək tədbirin əhəmiyyətindən, Azərbaycan dövlətinin sülhsevər siyasətindən, xalqımızın müharibə vəziyyətində yaşamasına baxmayaraq, daim sülh tərəfdarı olmasından danışıblar.

Daha sonra şagirdlər İkinci Dünya müharibəsi, Qarabağ və digər müharibələrdə həlak olmuş, itkin düşmüş azərbaycanlıların xatirəsinin yad etmək üçün hazırlanmış şarları havaya buraxıblar.

Tədbir iştirakçıları dünyanın 60-dan çox ölkəsinin təmsilçilərinin qoşulduğu videokonfrans vasitəsilə Azərbaycanın dünyada sülhün bərqərar olması ilə bağlı mövqeyini və xalqımızın əmin-amanlıq istəklərini bir daha bəyan ediblər.

Sonda məktəblilərin ifasında sülh haqqında mahnı təqdim olunub.

Oxunub: 60