images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
“Vətən müharibəsində ölkəmizdəki bütün xalqlarının sərgilədiyi həmrəylik Heydər Əliyevin azərbaycançılıq ideologiyasının qələbəsidir”

Cəlil Xəlilov: “Bu ideologiya bu gün də davam və inkişaf etdirilməkdədir”

 

44 gün davam edən Vətən müharibəsində ökəmizdə yaşayan və Azərbaycan vətəndaşı olan bütün xalqların yaxından iştirak etdiyi, qələbəyə öz töhfəsini verdiyi hər kəsə məlumdur. Bununla bağlı Veteran.gov.az-a açıqlama verən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu həmrəyliyin arxasında duran məqamlara diqqət çəkib, Azərbaycanın burada məskunlaşan bütün xalqların vətəni olduğunu qeyd edib:

 

“44 günlük Vətən müharibəsində sadəcə azərbaycanlıların deyil, Azərbaycan vətəndaşı olan digər xalqların nümayəndərləinin də erməni faşizminə qarşı mübarizədə yaxından iştirak etdiyi, düşmən üzərində qələbəyə ciddi töhfə verdiyi hər kəsə məlumdur. Müharibənin ilk günündən etibarən dövlətimizin həyata keçiridyi qismən səfərbərlik çağırışına səs verən, könüllü şəkildə ordu sıralarına qatılaraq cəbhədə düşmənə qan udduran bütün vətəndaşlarımız vahid amal üçün – işğaldakı torpaqlarımızı azad etmək uğrunda qəhrəmancasına mübarizə aparıb. Təkcə bir faktı qeyd edim ki, müharibədə Azərbaycan vətəndaşlığı daşıyan rus millətindən olan xeyli sayda insan iştirak edib ki, onların 3-ü şəhid olub, 10 nəfərə qədəri isə yaralanıb. Onların arasında Şuşaya qədər gedib çıxan, Şuşa uğrunda mübarizə aparan rus millətindən olan vətəndaşlarımız olub. Azərbaycan Respublikasının Milli Qəhrəmanları arasında Yuri Kovalyov, Sergey Murtuzalıyev, Sergey Senyuşkin kimi cəsur hərbçilər mövcuddur. Yəhudi əsilli Albert Aqarunovun Qarabağ müharibəsində göstərdiyi qəhrəmanlıqlar bütün dünyaya məlumdur. Ukrayna millətindən olan Ruslan Polovinko, Belarus əsilli vətəndaşımız Anatoli Davidoviç, Gürcüstanda anadan olan Viktor Seryogin və bu qəbildən olan digər qəhrəmanlarımız bütün Azərbaycanın fəxri və qürurudur. Dövlətimiz bütün bu qəhrəmanların adının əbədiləşdirilməsi istiqamətində ciddi addımlar atıb, onların abidə və büstləri ucaldılıb, keçə və meydanlara onların adı verilib.

 

Bu faktın özü göstərir ki, ölkəmizdə yaşayan bütün millətlərin nümayəndələri Azərbaycanı öz ana vətənləri hesab edir və bu vətənin keşiyində durmağı, onu düşməndən müdafiə etməyi özlərinə şərəf bilirlər.

 

Cənab prezident öz çıxışlarında dəfələrlə qeyd edib ki, düşmən üzərində zəfərimizi təmin edən başlıca amil bizim həmrəyliyimiz olub. Bu həmrəyliyi təmin edən əsas amillərdən biri, bəlkə də birincisi isə azərbaycançılıq ideologiyasıdır. Ulu öndər Heydər Əliyev tərəfindən əsası qoyulan bu ideologiya ölkəmizdə yaşayan bütün xalqların birliyini, həmrəyliyini, qardaşlığını nəzərdə tutur. Bu ideologiyanın mahiyyəti ondan ibarətdir ki, Azərbaycanda yaşayan, Azərbaycan Respublikasının vətəndaşı olan hər kəs hansı xalqa mənsub olmasından asılı olmayaraq, vətəni Azərbaycanı sevməli, onun maraq və mənafeyini qorumalıdır.

 

Ümummilli lider tərəfindən irəli sürülən və cənab prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən bu ideologiya xalqımızın birliyini, bərabərliyini, gücünü təçmin edən başlıca faktordur. Hansı ki, məhz bu faktor bizi 44 günlük Vətən müharibəsindən qalib çıxardı, düşmən üzərində həlledici qələbəmizi təmin etdi. Bu baxımdan əslində ordumuzun 8 noyabr zəfərini həm də ulu öndər Heydər Əliyevin azərbaycançılıq ideologiyasının qələbəsi kimi də qiymətləndirmək mümkündür.

 

İnanıram ki, xalqımızın bu birlik və bütövlüyü bundan sonra da qorunacaq, Azərbaycan xalqı gələcəkdə də düşmənlərə sözünü öz birliyi, həmrəyliyi ilə deyəcək”.

 

Seymur ƏLİYEV

Oxunub: 135