images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
67 yaşlı mübariz döyüşçünün döyüş yolları

Elşad Şabanov iki müharibənin – Qarabağ və Əfqanıstan müharibəsinin veteranıdır.

Müharibə təlatüm, dağıntı, faciədir. Müharibə edən hər iki tərəf ağır itkilər verir. Belə müharibələr  insanlara heç vaxt xoşbəxtlik gətirməyib. Ağır müharibələrdən biri də 1979-cu ildə Əfqanıstan Respublikasında baş verib. Ağır vəziyyətdə qalan Əfqanıstan rəhbərliyi məcburən keçmiş SSRİ-yə müraciət edərək, Beynəlmiləl-qardaşlıq köməyi istəyib. Bu səbəblə də 1979-cu il 25 dekabrda Sovet Ordusunun əsgərləri Əfqanıstana daxil oldu. Bu döyüşçülər içərisində mübariz, cəsur, qorxmaz, Azərbaycan oğlu Elşad Şabanov da olub. Onun keçdiyi döyüş yolları ilə oxucuları da tanış etmək istərdik.

         Xatırladaq ki, Elşad Şabanov 1952-ci ildə Azərbaycan Respublikasının Qax rayonunda anadan olub və orta məktəbi qızıl medalla bitirib. Elşad ilk ali təhsilini M.F.Axundov adına ADPİ-nin rus dili və ədəbiyyatı fakültəsində alıb. Sonra Ukraynada Sovet ordusu sıralarında xidmət edib. 1978-ci ildə SSRİ DTK-nın ali məktəbini bitirdikdən sonra respublikanın Qəbələ rayon şöbəsində əməliyyat müvəkkili və baş əməliyyat müvəkkili vəzifəsində çalışıb. Xidməti zamanı göstərdiyi yüksək uğurlara görə, 1983-cü ildə SSRİ DTK-nın Baş Kəşfiyyat İdarəsinin nəzdindəki iki il xarici dil təmayüllü xüsusi ali kurslarına göndərilib. O, 1985-ci ildə həmin kursları müvəffəqiyyətlə başa vurduqdan sonra SSRİ DTK-nın müşaviri kimi Əfqanıstanın Xüsusi Xidmət Orqanlarının silahlı müxalifətə, banditizmə və terrorçuluğa qarşı apardığı xüsusi döyüş əməliyyatlarının təşkilatçısı və rəhbəri olub.

         Həmin əməliyyatlarda Elşad Şabanov yaralanıb. Kabul şəhərində hospitalda müalicə olunduqdan sonra Əfqanıstanın cənubuna, Pakistan yaxınlığındakı Zabul vilayətinə göndərilib. Döyüşlərdə xüsusi əməliyyatlara rəhbərlik edərək Sovet Ordusu xüsusi təyinatlıları ilə birlikdə Pakistandan Əfqanıstan ərazisində müqavimət göstərən terrorçu qüvvələrə və silahlı müxalifətçilərə hərbi yük daşıyan maşın karvanlarının məhv edilməsində fəal iştirak edərək həmin əməliyyatların təşkilatçısı və rəhbərlərindən biri olub.

         O, Əfqanıstan Xüsusi Xidmət Orqanlarının Pakistan ərazisində yerləşən terrorçu, bandit hazırlıq düşərgələrində onlara qarşı keçirdikləri “kəskin”, xüsusi döyüş əməliyyatlarına rəhbərlik edib.

         Həmin əməliyyatlarda mücahidlərin Pakistan ərazisindən Əfqanıstana keçirmək istədikləri maşın karvanı məhv edilərək ABŞ-ın istehsalı olan “Sfinger” tipli raket kompleksi və digər silah növlərini ələ keçirib. Həmin ilin avqust ayında döyüş əməliyyatları zamanı mübariz döyüşçü Elşad minaya düşür və ikinci dəfə yaralanır.

         Əfqanıstandan qayıtdıqdan sonra, 1987-90-cı illərdə Azərbaycan DTK-nın Xaçmaz rayon şöbəsinin, 1990-91-ci illərdə Bakı şəhəri Əzizbəyov rayon şöbələrinin rəisi işləyib. DTK-MTN-nin Mərkəzi Aparatında rəhbər vəzifələrdə çalışıb. Milli Təhlükəsizlik Nazirliyinin Xüsusi Təyinatlı dəstəsinin yaradıcılarından biri kimi Qarabağ uğrunda gedən qanlı döyüşlərdə, cəbhə bölgəsində xüsusi əməliyyatların təşkilatçısı və rəhbəri olub.

1993-cü ildə Ulu Öndərin hakimiyyətə ikinci dəfə qayıdışından sonra iyul ayından Milli Təhlükəsizlik Nazirinin xüsusi tapşırıqlar və hərbi məsələlər üzrə köməkçisi olub. Azərbaycanın suverenliyi, ərazi bütövlüyü, Azərbaycan dövlətçiliyi uğrunda Ulu Öndərin apardığı mübarizənin fəal iştirakçılarından biridir.

1997-ci ilin may ayında ehtiyata göndərilib. Ehtiyatda olan Elşad Şabanov polkovnikdir.

Vətən Təhlükəsizlik orqanları qarşısındakı xidmətlərinə görə E.Şabanov “SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin Fəxri Əməkdaşı” döş nişanı və SSRİ-nin “Qırmızı Ulduz” ordenləri, “İgidliyə görə” medalları, SSRİ-nin “Döyüş xidmətinə görə” medalı, “SSRİ Ali Sovetinin Fəxri fərmanı”, “Beynəlmiləlçi döyüşçüyə, igidliyə və hərbi rəşadətə görə” medalı, “Qədirbilən əfqan xalqından” medalı, “Qüsursuz xidmətlərinə görə” medalı, Rusiya Federasiyasının “Əfqanıstan Müharibəsinin veteranı” və “Döyüş xidmətlərinə görə” ordenləri, “Za mujestva i otvaqu” medalı, “Pənşir əməliyyatına görə”, “Məhəlli münaqişələrin iştirakçısına”, “Xüsusi təyinatdakı xidmətinə görə”, “Əfqanıstan Demokratik Respublikasında beynəlmiləl borcunu ləyaqətlə yerinə yetirdiyinə görə” medalları, Əfqanıstan Respublikasının “Hərbi Şöhrət” ordeni, “İgidliyə görə” medalları, Müstəqil Dövlətlər Birliyinin təsis etdiyi “Döyüş əməliyyatları Veteranı” medalı və digər döyüş və yubiley medalları ilə təltif olunub.

İradəli və mübariz döyüşçü, iki müharibə veteranı olan Elşad Şabanov bu gün respublikada keçirilən tədbirlərdə fəal iştirak edir. O, gənclərə öz döyüş yolu və göstərdiyi igidlikdən danışır və onlara Vətəni göz-bəbəyi kimi qorumağı məsləhət görür.   

İyun ayının 17-sində qəhrəman vətən oğlu Elşad Şabanovun 67 yaşı tamam olub. Elşad müəllimi Respublika Veteranlar Təşkilatının Rəyasət heyəti və veteranlarımız adından təbrik edir, ona can sağlığı arzulayırıq.

Oxunub: 28