images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Avropa İttifaqı 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallığı qəbul edir

Avropa İttifaqı 44 günlük Vətən müharibəsindən sonra regionda yaranmış yeni reallığı başa düşür. Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel Azərbaycana səfəri zamanı birgə mətbuat konfransındakı nitqində Dağlıq Qarabağ, status və sair bu kimi ifadələr işlətməyib, hətta Ermənistanla Azərbaycan arasında mövcud olan bəzi məsələləri “mübahisə” adlandırıb. Bu faktın özü göstərir ki, Avropa İttifaqı regionla bağlı siyasətində reallığı nəzərə alır. Avropa İttifaqı regionun bundan sonrakı gələcəyini həmin reallıqlar aspektindən gözdən keçirməyin vacibliyini dərk edir.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

C.Xəlilov bildirib ki, Azərbaycan Vətən müharibəsində Zəfər qazanmaqla faktiki olaraq yeni reallıqlar formalaşdırdı. Şarl Mişelin Azərbaycana səfəri zamanı səsləndirdiyi fikirlər də göstərdi ki, Avropa İttifaqı regiondakı gələcək fəaliyyətini Azərbaycanın yaratdığı yeni reallıqlara əsasən təşkil etməkdədir.

Polkovnik qeyd edib ki, son vaxtlar Ermənistan müxtəlif təxribatlara əl atmaqla və Azərbaycan Ordusunun mövqelərini atəşə tutmaqla Vətən müharibəsindən sonra yaranan yeni reallıqları dəyişməyə cəhd etsə də, rəsmi İrəvanın bu məqsədinə çatması mümkünsüzdür. Bu təxribatlar qarşı tərəfin məkrli niyyətlərindən xəbər verir. Ermənistan anlamalıdır ki, onun bu reallıqları təhrif etmək potensialı yoxdur. Azərbaycan Vətən müharibəsində sadəcə Ermənistan ordusunu məhv etmədi. Eyni zamanda, onun zəif iqtisadiyyatını, siyasi idarəetmə sistemini, Ermənistan cəmiyyətindəki münasibətlər zəncirini də sıradan çıxartdı. Məhz bunun nəticəsidir ki, bu gün Ermənistan cəmiyyəti daxilində ciddi gərginlik və qarşıdurma hökm sürməkdədir. Belə olan halda Ermənistanın müharibədən qalib çıxan Azərbaycan kimi güclü dövlətə qarşı hansısa platformada müqavimət göstərməsi, şərt və ya istəyini diktə etməsi mümkün deyil.

Polkovnik diqqətə çatdırıb ki, Ermənistan regionda sülh və sabitliyi pozacaq addımlardan çəkinməli, Qarabağda geniş quruculuq işlərinə start verən Azərbaycanla normal münasibətləri bərpa etməklə öz xilasını təmin etməlidir. Ermənistan hakimiyyəti anlamalıdır ki, Azərbaycan və Türkiyə ilə münasibətlərin bərpası, Zəngəzur dəhlizinin açılması, regionda sülhün tam bərqərar olması Ermənistanın özünün bu günü və gələcəyi baxımından olduqca vacibdir.

"Digər tərəfdən İkinci Qarabağ müharibəsindən sonra ötən il noyabrın 10-da imzalanan tarixli üçtərəfli razılaşmada əks olunduğu kimi, regionda bütün kommunikasiyaların açılması üçün yeni imkanlar yaranıb. Ermənistanın heç bir halda bu prosesə mane olmaq potensialı qalmayıb, Azərbaycan isə bu məsələdə prinsipial mövqe sərgiləyır. Prezident İlham Əliyevin “...indi sülh barədə düşünmək və səhifəni çevirmək vaxtıdır. Biz buna hazırıq” bəyanatı Ermənistan üçün yeganə xilas yoludur. Ermənistanı Azərbaycanla sülh sazişi üzərində danışıqlara başlamağa sövq, məcbur etmək üçün Avropa İttifaqının imkanlarından istifadə edilməsi olduqca zəruridir.

Ermənistan hakimiyyəti bu həqiqəti dərk edərək yeni bir dövrün başlandığını anlamalı və ölkəmizin əməkdaşlıq səylərini dəstəkləməklə regionda yeni gərginliyin yaranmasına yol verməməlidir”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Oxunub: 22