images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Azərbaycan veteranları Qələbə gününə həsr olunmuş telegörüşlərdə iştirak ediblər

Respublika Veteranlar Təşkilatının rəhbərliyi faşizm üzərində Qələbənin 75-ci ildönümü münasibətilə iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun abidəsini ziyarət edib, önünə əklil qoyub, müharibədə həlak olan bütün Azərbaycan övladlarının xatirəsini ehtiramla anıblar.

Respublika Veteranlar Təşkilatından AZƏRTAC-a bildiriblər ki, qurumun sədri general-polkovnik Tofiq Ağahüseynov və sədr müavini polkovnik Cəlil Xəlilov MDB dövlətlərinin təşkilatçılığı ilə 9 May - Qələbə günü münasibəti ilə keçirilmiş telegörüşlərə qatılıb, Azərbaycan xalqının qələbəyə verdiyi töhfələrdən, bu gün veteranlara göstərilən yüksək diqqət və qayğıdan danışıblar. Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə keçirilən telekonfransda isə general-polkovnik T.Ağahüseynov Azərbaycanın oğul və qızlarının İkinci Dünya müharibəsində rəşadətli döyüş yolundan söhbət açıb, gəncləri vətənpərvər olmağa, sülhü və əmin-amanlığı qorumağa səsləyib. Qeyd edib ki, gənclərimiz Böyük Vətən müharibəsi veteranlarının göstərdiyi igidliklərdən xəbərdar olmalı, erməni faşizminə qarşı mübarizədə bu böyük qəhrəmanlıqları təkrarlamalıdırlar.

Polkovnik Cəlil Xəlilov telekonfransda çıxış edərək əlamətdar gün münasibətilə bütün veteranları təbik edib, Böyük Vətən müharibəsində Azərbaycan xalqının həm ön, həm də arxa cəbhədəki fədakarlığını, əvəzsiz xidmətlərini xatırladıb. Qeyd edib ki, İkinci Dünya müharibəsi Azərbaycan xalqının şanlı tarixinin bir parçasıdır. Qələbənin canlı yaddaşı isə veteranlardır. Xalqımız veteranları ilə hər zaman fəxr edir.

Mayın 9-da bir sıra xarici dövlətlərin veteran təşkilatlarının rəhbərləri Qələbə Günü münasibəti ilə Azərbaycan veteranlarını təbrik ediblər. Bundan başqa, Heydər Əliyev Fondunun, həmçinin müxtəlif dövlət qurumlarının nümayəndələri veteranları evlərində ziyarət edib, onlara sovqatlar çatdırıblar. Müharibə iştirakçılarına Qələbə Günü münasibətilə Prezident İlham Əliyevin Sərəncamı ilə təltif olunduqları Böyük Vətən müharibəsində Qələbənin 75 illiyi (1945-2020) yubiley medalı təqdim edilib.

Xatırladaq ki, Azərbaycan faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. Azərbaycan xalqı özünün 600 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif olunub. Azərbaycanlılardan ibarət 416-cı, 402-ci, 396-cı, 223-cü və 77-ci milli diviziyalar Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub.

Faşizm üzərində qələbədə Azərbaycan nefti həlledici rol oynayıb.

Oxunub: 54