images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Böyük Vətən Müharibəsində iştirak edən yeganə prokurorluq əməkdaşı: Nəcəf Əliyev!

Böyük Vətən Müharibəsində Azərbaycandan 700 min nəfərdən çox insanın iştirak etdiyi, onların faşizmə qarşı mübarizədə böyük qəhrəmanlıqlara imza atdığı məlumdur. Hansı ki, ən müxtəlif peşə və sənət sahibi olan bu insanların hamısını birləşdirən yeganə amal vətəni düşməndən müdafiə etmək, bütün bəşəriyyəti təhdid edən faşizm kabusunu məhv etmək olub. 1941-ci ildə SSRİ-yə qarşı hücum əməliyyatına start verən faşist Almaniyası ilə müharibəyə səfərbər edilən soydaşlarımızdan biri də Əliyev Nəcəf Qafar oğlu olub.

 

Hüquqi mübarizədən silahlı mübarizə meydanına doğru...

 

1907-ci ildə Naxçıvan şəhərində anadan olan Əliyev Nəcəf Qafar oğlu Ümumittifaq Hüquq İnstitutunu bitirib. Bundan sonra əmək fəaliyyətinə başlayan Nəcəf Əliyev məhkəmə orqanlarında çalışıb.

 

Nəcəf Əliyev daha sonra əmək fəaliyyətini hüquq-mühafizə orqanlarında davam etdirib,  MSSR prokurorluğunda müstəntiq vəzifəsinə təyinat alıb. Xidməti işindəki peşəkarlığına görə bir müddətdən sonra Naxçıvan MSSR prokurorunun köməkçisi vəzifəsinə təyin olunur. Ona SSRİ prokurorunun 411 nömrəli əmrinə əsasən I dərəcəli hüquqşünas rütbəsi verilir.  

 

Işlədiyi müddətdə Azərbaycan Dövlət Universitetinin hüquq fakültəsinə daxil olan Nəcəf Əliyev təhsilini qiyabi formada başa vurur.

 

1941-ci ildə Faşist Almaniyasının SSRİ-yə qəfil hücumu bütün sovet xalqlarının səfərbər edilməsinə səbəb olur. Bu səfərbərlik əsnasında prokurorluq əməkdaşı olan Nəcəf Əliyev də vətənin müdafiəsinə qoşularaq cəbhəyə yollanır. Bugünə qədər hüquqi müstəvidə mübarizə aparan Nəcəf Əliyevin həyatında silahlı mübarizə dövrü başlayır.

 

Mozdok ətrafından  Poltava çöllərinə, Kurskdan Xarkova doğru...

 

Nəcəf Əliyev müharibə dövründə bir çox yaşayış məntəqılərinin müdafiəsində, habelə düşmən işğalından azad edilməsindən fəal iştirak edir. Mozdok, Kursk, Poltafa və Xarkov şəhərlərinin ətrafındakı döyüşlərdə özünü cəsur hərbçi, igid döyüşçü kimi göstərir. Taqanroq diviziyasının tərkibində ağır döyüşlərdə iştirak edən Nəcəf Əliyev1942-cilin dekabr ayında ağır yaralanır. O, 7 ay ərzində hərbi hospitalda müalicə alır.

 

Nəcəf Əliyevin döyüşlərdə göstərdiyi şücaət hərbi komandanlıq tərəfindən yüksək qiymətləndirilir. Nəcəf Əliyev 1941-1942-ci illərdə düşmənlə mübarizədə göstərdiyi şüacətə görə “Almaniya üzərində Qələbə” medalı, “Böyük Vətən Müharibəsi” ordeni və digər orden və medallarla, yubiley medalları ilə təltif edilir.

 

Nəcəf Əliyev 1992-ci ilin 14 mart tarixində Naxçıvan şəhərində vəfat edib.

 

Qəhrəman döyüşçünün varisi...

 

Nəcəf Əliyev vəfat etsə də, Böyük Vətən Müharibəsi iştirakçısının döyüşlərdə göstərdiyi qəhrəmanlıq tarixin yaddaşında həmişəlik hifz olunmaqda, gənc nəsillər tərəfindən öyrənilməkdədir. Bu gün qəhrəmanın  nəvəsi Əliyev Nəcəf Sabir oğlu babasının adını layiqincə yaşadır, onun xatirəsini əziz tutur. Xalq hər bir döyüşçüsü, hər bir qəhrəmanı kimi Nəcəf Əliyevin də adını böyük hörmət və ehtiram hissi ilə anır və bundan əsrlər sonra da vətənini qanı-canı bahasına qoruyanları eyni sevgi ilə xatırlamaqda davam edəcək.

 

Seymur ƏLİYEV

Oxunub: 183