images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Cərimə rotasını “yenilməzlər rotası”na çevirən Sovet İttifaqı Qəhrəmanı: Ziya Bünyadov!

Ziya Bünyadov 1923-cü ilin dekabr ayının 21-də Astara şəhərində,  ataman Lyaxovun kazak diviziyasının alaylarından birində xidmət etmiş hərbi tərcüməçi ailəsində anadan olmuşdur. Onun atası Bibi-Heybət alim-şeyxləri nəslindən olmuş Musa Mövsüm oğlu Bünyadov idi. O, atasının sayəsində hələ uşaqlıqdan ərəb dilini öyrənmiş və Quranı oxumağa başlamışdı. Onun anası – Lənkəranda doğulmuş Azərbaycandakı köhnə rus köçmənlərindən olan Raisa Mixaylovna Qusakova idi.

 

Nəsil şəcərəsinin əsaslandığı tarixi sənədlərə görə, Bünyadov soyadı onun 13-cü ulu babası şeyx Bünyadın adından götürülüb. Onun bütöv adı: Şeyx Ziya əd-Din bin Şeyx Musa bin Şeyx Məsum bin Şeyx Mehdi bin Şeyx Mirzə bin Şeyx İsmayıl bin Şeyx Uli Məhəmməd bin Şeyx Məhəmməd Umin bin Şeyx Uli Usqər bin Şeyx Məhəmməd Muğam bin Şeyx Usgər Uli bin Şeyx Qulaməli bin Şeyx Bünyad əl-Bakuvi. Ziya Bünyadov özü haqqında dediklərindən:

“Ziya Bünyadov özü haqqında dediklərindən: "Atam azərbaycanlı, anam rusdur... Mənim əsl adım Ziyavuddin, atam - şeyx Musa, babam - şeyx Məsum, atamın babası - şeyx Məhdi və s. Mən öz nəslimin tarixini sənədlər üzrə araşdırmışam və məlum olub ki,mənim ata tərəfdən 15 sülaləm şeyxlər olubdur və onların hər birinin adını təyin etmişəm...Mənim soyadım 15-ci ulu babamın adından yaranmışdır - Büned".

 

Uşaqlıqda ciddi tərbiyə alan Bünyadov ailəsində altı uşaqdan ən böyüyü idi. Xidməti işi ilə əlaqədar olaraq atası Göyçaya göndərildiyinə görə, Bünyadov orta məktəb illərini Göyçayda keçirmişdi. 1939 -cu ildə orta məktəbi bitirdikdən sonra, o, təyyarəçilik məktəbinə daxil olmaq məqsədilə Bakıya getmişdi.  Lakin tibb komissiyasından keçə bilmədiyindən, yaşına iki il əlavə edib S.Orconikidze adına Bakı Piyadalar Məktəbində təhsilini davam etdirmişdir. 1941-ci ilin mayında hərbi məktəbi leytenant rütbəsində əlaçı diplomu ilə bitirdi.

 

 Bünyadovu yubatmadan gələcək xidmət yerinə – Bessarabiyaya göndərdilər. O burada –  Dnestr çayı üzərindəki kiçik liman şəhəri olan Bəndərdə İkinci dünya müharibəsi başladıqdan cəmi bir saat sonra həyatında ilk döyüşünə girdi. Xəstəxanalarda keçirdiyi vaxtı (iki dəfə yaralanma və kontuziya) çıxmaqla, Ziya Bünyadov İkinci dünya müharibəsində cəbhədə Berlinədək vuruşaraq şərəfli döyüş yolu keçirmişdir.

 

O, Ukrayna və Moldova uğrunda döyüşlərdə, Mozdok, Tuapse, Belarus və Polşa uğrunda savaşlarda fəal surətdə iştirak etmişdi. Düşdüyü mühasirədən döyüşərək çıxmış və polkun bayrağını xilas etməyi bacarmış, və bununla da polkun əsgəri şərəfini qoruya bilmişdi. Bünyadov Şimali Qafqazda gedən döyüşlərin iştirakçısı olmuş, Saratovdan olan yarısına qədər volqa matroslarından təşkil olunmuş 120 nəfərlik rotaya başçılıq etmişdi.

 

Özünün haqlılığını sübut etməyə çalışarkən komandirlə söyüşdüyünə görə, o, cərimə rotasına göndərilmiş və bir il orada qalmışdı. Gənc leytenant olmasına baxmayaraq orada yaşca və təcrübəcə özündən böyük olan cəzalıların hörmətini qazanmağa nail olmuşdu. Bunu diqqətdən qaçırmayan komandanlıq, artıq atıcı batalyonun komandiri olan Bünyadova cərimə rotasına başçılıq etməyi təklif etmişdidi. O, bu təyinatı heç fikirləşmədən qəbul eləmişdi.

 

Visla-Oder əməliyyatı zamanı kapitan Bünyadovun komandanlığı altında 123-cü cərimə rotası Pilitsa çayı üzərindəki 80 metrlik minalanmış körpünü ələ keçirmiş və əsas qüvvələr gəlib çıxıncaya qədər bir neçə saat ərzində onu düşmənin aramsız hücumlarından qoruyub saxlaya bilmişdi. Bu müddət ərzində 670 nəfər döyüşçüsü olan rotasından cəmi 47 nəfər sağ qalmışdı.

 

1945-ci il 27 fevralda Ziya Bünyadova Sovet İttifaqı Qəhrəmanı adı verilmişdir.

Oxunub: 355