images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni iliniz mübarək

31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il münasibətilə Respublika Veteranlar Təşkilatının veteranlara təbriki

Əziz və hörmətli veteranlar!

Sizi qarşıdan gələn 31 Dekabr - Dünya Azərbaycanlılarının Həmrəylik Günü və Yeni il bayramı münasibətilə səmimi qəlbdən təbrik edirəm.

1991-ci ilin 16 dekabr tarixində Ulu öndər Heydər Əliyev tərəfindən elan edilən Dünya  Azərbaycanlılarının Həmrəylik Gününü ən yüksək səviy-yədə bayram kimi qeyd etmək xalqımızın ictimai fikir tarixində əlamətdar bir hadisəyə çevrilmişdir. Hər birimiz üçün əziz və doğma olan bayram dünyanın müxtəlif ölkələrində yaşayan soydaşlarımızın birliyinin təcəssümüdür.

2019-cu il biz veteranlar üçün yaddaqalan oldu. Həyata keçirdiyimiz tədbirlər, gənclərlə görüşlər, yubileylər xalqımız tərəfindən rəğbətlə qarşılandı. Bu baxımdan yeni ildə Qələbənin 75 illiyinin yüksək səviyyədə qeyd olunması daha uğurlu olacaqdır.

Azərbaycan bu gün Ümummilli Liderimizin layiqli davamçısı, möhtərəm Prezident-Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi altında müstəqillik və inkişaf yolunda inamla irəliləyir. Bu istiqamətdə bizim əsas vəzifəmiz müstəqilliyimizi qorumaq, ərazi bütövlüyümüzü tez bir zamanda bərpa etmək, respublikamızın hərtərəfli inkişafına töhfələr verməkdir. Bunun üçün biz veteranlar bütün var qüvvəmizi səfərbər etməli, gənc nəslin vətənpərvər ruhda tərbiyə edilməsi, onlara vətən, xalq sevgisini aşılamaq kimi ən ümdə vəzifəmizin öhdəsindən gəlməliyik. Əminliklə deyə bilərik ki, biz veteranlar möhtərəm Prezidentimizin ətrafında daha da sıx birləşərək qarşıdan gələn ildə də fəaliyyətimizi davam etdirəcək, respublikanın inkişafı naminə əlimizdən gələni əsirgəməyəcək, üzərimizə düşən işin öhdəsindən layiqincə gələrək, Vətənimiz Azərbaycanı etibarlı əllərdə saxlayan gəncliyi yetişdirməyə davam edəcəyik.

Yeni iliniz mübarək! Hər birinizə və ailənizə möhkəm cansağlığı, ailə səadəti, xoşbəxt həyat, fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayıram.

 

Tofiq Ağahüseynov

general-polkovnik,

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri

Oxunub: 659