images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Hərbi Prokurorluqda ulu öndər Heydər Əliyevin Silahlı Qüvvələrimizin yaradılmasında xidmətlərinə dair konfrans keçirilib

Müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin anadan olmasının 96-cı ildönümü münasibətilə aprelin 30-da Hərbi Prokurorluqda “Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasında Heydər Əliyevin xüsusi xidmətləri və Azərbaycan Silahlı Qüvvələrinin bu günü” mövzusunda elmi-praktiki konfrans keçirilib.

Hərbi Prokurorluqdan AZƏRTAC-a bildiriblər ki, tədbirdə iştirak edən respublika hərbi prokuroru Xanlar Vəliyev, Milli Məclisin deputatları Musa Quliyev, İlham Məmmədov, Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov, üzvü Bəhrəm Zahidov, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin sədri Füzuli Rzaquliyev, sədr müavini Vahid Abudurəhmanov və Hərbi Prokurorluğun rəhbər vəzifəli işçiləri əvvəlcə Hərbi Prokurorluğun inzibati binasındakı Heydər Əliyev guşəsində Ulu Öndərin abidəsi önünə gül dəstələri düzərək, böyük şəxsiyyətin əziz və unudulmaz xatirəsinə dərin ehtiramlarını bildiriblər.

Sonra Ümummilli Liderin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Konfransı açan hərbi prokuror Xanlar Vəliyev ümummilli lider Heydər Əliyevin çoxşaxəli, şərəfli, mənalı ömür yolundan, zəngin dövlətçilik təcrübəsindən, xalqımız və dövlətimiz qarşısındakı misilsiz xidmətlərindən, o cümlədən Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırılması istiqamətində gördüyü nəhəng işlərdən söz açıb. Xanlar Vəliyev Ulu Öndərin müəyyənləşdirdiyi, Azərbaycanın parlaq gələcəyinə hesablanmış siyasi kursu uğurla davam etdirən Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə bütün sahələrdə, o cümlədən ordu quruculuğunda əldə olunmuş mühüm nailiyyətləri diqqətə çatdırıb.

Bildirilib ki, bir qərinədən də çox zaman kəsiyində ölkəmizə rəhbərlik etmiş ümummilli lider Heydər Əliyev təkcə həmin dövrdə deyil, bütün həyatı boyu Azərbaycanın və onun xalqının rifahını düşünərək, bu ali amal uğrunda yorulmaz fəaliyyət göstərib, ömrünü bu yolda fəda etdiyi üçün ümumxalq sevgisi və əbədiyaşarlıq qazanıb. Məhz ulu öndər Heydər Əliyevin rəhbərliyi ilə tarixin ən sərt və çətin sınaqlarından üzüağ çıxan xalqımız, əxz etdiyi milli dövlətçilik ənənələrini vahid sistem halına salaraq özünü təsdiq edib, müstəqil dövlətdə suveren yaşamağı və özünü idarə etmək haqqını qorumağı bacarıb.

Ümummilli lider Heydər Əliyevin zəngin və çoxşaxəli fəaliyyətinin prioritet istiqamətlərindən birinin də Azərbaycanın təhlükəsiz gələcəyinə təminat, müstəqilliyinə zəmanət verən ordu quruculuğunun təşkil etdiyini vurğulayan Xanlar Vəliyev bildirib ki, 1969-cu il iyulun 14-də Azərbaycanda siyasi hakimiyyətə gələn Ulu Öndər ölkəmizdə SSRİ müdafiə sənayesinin 11 böyük zavodunun tikilməsini, həmin müəssisələrdə o dövrün ən müasir texnologiyaları tətbiq olunmaqla keyfiyyətli hərbi sənaye məhsulların istehsalını, milli hərbi kadrların hazırlanmasını və bu sahədə digər zəruri tədbirlərin görülməsini təmin etməklə, hələ müstəqilliyin bərpasından illər əvvəl ilkin milli hərbi bazanın ən yüksək səviyyədə təşkilinə nail olub.

Qeyd edilib ki, müstəqilliyin ilk illərində ölkəmizin məruz qaldığı hərbi təcavüzün, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin ağır nəticələrinin, habelə ölkə daxilində siyasi çəkişmələrin mövcud olduğu, vətəndaş müharibəsinin reallığa çevrildiyi bir şəraitdə nicat axtaran xalqımızın yeganə ümidi olan ulu öndər Heydər Əliyev belə bir mürəkkəb vəziyyətdə - 1993-cü ildə xalqın israrlı çağırışı ilə respublika rəhbərliyinə qayıtdı. Əbədiyaşar lider dərin təfəkkürü, iti zəkası, polad kimi mətin iradəsi, müdrikliyə söykənən qeyri-adi cəsarəti və bənzərsiz qətiyyəti sayəsində millətimizi və dövlətimizi böyük bəlalardan xilas edərək Azərbaycanı keçmiş Sovet İttifaqından miras qalmış rejimdən çıxararaq güclü iqtisadiyyatı və Silahlı Qüvvələri olan demokratik, hüquqi və dünyəvi dövlətə çevrilməsinə müvəffəq oldu.

Azərbaycan xalqının ən parlaq şəxsiyyətlərinin fövqündə dayanan ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi inkişaf strategiyasını uğurla davam etdirən Prezident İlham Əliyevin müdrik siyasəti, mükəmməl rəhbərliyi, həmçinin gərgin əməyi və yorulmaz fəaliyyəti sayəsində respublikamızda reallaşdırılan islahatlar və əldə olunmuş böyük nailiyyətlərdən, ölkəmizin sürətlə və hərtərəfli inkişafından, dövlətimizin daha da qüdrətlənməsindən danışan Xanlar Vəliyev bildirib ki, Azərbaycan bu dövrdə misli görünməmiş uğurlar əldə edib, ölkənin müasirləşməsi istiqamətində mühüm layihələr icra olunub. Paytaxt Bakı ilə yanaşı, regionlar da sürətli inkişaf edib, insanların yaşayış və əmək şəraiti əsaslı şəkildə yaxşılaşdırılıb. Ölkədə insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, dünya tarixi-mədəni irsinin inkişafına və tolerantlığa xüsusi önəm verilməsi, beynəlxalq hüquqa və dünyada mövcud olan siyasi dəyərlərə sədaqət Azərbaycanın beynəlxalq nüfuzunu artırmaqla, dünya dövlətləri sırasında mövqeyini də gücləndirib. Ulu öndər Heydər Əliyevin mükəmməl ordu quruculuğu strategiyasının Ali Baş Komandan İlham Əliyev tərəfindən yeni müstəvidə uğurla davam etdirilməsi nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası möhkəmləndirilib, arsenalı ən müasir silah və digər hərbi texnika ilə zənginləşdirilib, şəxsi heyət dərin nəzəri biliklərə və peşəkar vərdişlərə malik hərbçilərlə komplektləşdirilib. İstənilən döyüş tapşırığını ən yüksək səviyyədə yerinə yetirməyə qadir olan Azərbaycan Silahlı Qüvvələrinin formalaşdırıldığını vurğulayan hərbi prokuror 2003-cü ildən bu günədək hərbi xərclərimizin 15 dəfə artmasından, Prezidentin təşəbbüsü ilə 20-dən çox hərbi zavodun yaradılmasından, bu zavodlarda istehsal olunan 1200 adda hərbi təyinatlı məhsulların hesabına ordumuzun potensialının gücləndirilməsindən, eyni zamanda, hərbi məhsullarımızın digər ölkələrə ixrac olunmasından, bununla yanaşı, xarici ölkələrdən ən müasir hərbi texnika və silahlar alınaraq Silahlı Qüvvələrimizin maddi-texniki bazasının daha da gücləndirilməsindən geniş söz açıb. Diqqətə çatdırılıb ki, 2016-cı ilin Aprel döyüşləri və 2018-ci ilin mayında Günnüt zəfəri, eləcə də yüksək səviyyədə keçirilən möhtəşəm paradlar Silahlı Qüvvələrimizin hərbi qüdrətini bütün dünyaya nümayiş etdirdi. “Global Firepower” təşkilatının ölkələrin ordularının potensialı ilə bağlı hazırladığı yeni hesabatda Gürcüstan 85-ci, Ermənistan 96-cı sırada qərarlaşdığı halda ordumuzun 52-ci yeri tutması Azərbaycan Silahlı Qüvvələrinin Cənubi Qafqazın ən güclü ordusu olduğunu bir daha təsdiqləyib. Bütün bu uğurlar Prezident İlham Əliyevin rəhbərliyi ilə Silahlı Qüvvələrdə aparılmış köklü islahatlar və görülmüş zəruri tədbirlər sayəsində mümkün olub.

Hazırda Silahlı Qüvvələrimizdə mövcud olan ciddi nizam-intizamdan, qanunçuluğun və hüquq qaydasının möhkəmlənməsindən, şəxsi heyətin peşəkar hazırlığından, yüksək döyüş ruhundan danışan Xanlar Vəliyev bildirib ki, orduda baş verən, o cümlədən hərbi xidmət əleyhinə cinayətlərin sayı Hərbi Prokurorluğun səmərəli fəaliyyəti nəticəsində əhəmiyyətli dərəcədə azalıb. Ötən il Hərbi Prokurorluq üzrə qeydə alınmış müxtəlif qəbildən olan cinayətlərin digər illərlə müqayisəli təhlili göstərir ki, hərbi xidmət əleyhinə olan cinayətlər 1998-ci illə müqayisədə 7 dəfə, hərbi xidmətdən yayınma cinayətləri 33 dəfə, hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 29 dəfə, fərarilik cinayətləri 371 dəfə, müharibə vaxtı və ya döyüş şəraitində hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etmə cinayətləri 1000 dəfə azalıb. Tabeçilik qaydaları əleyhinə olan, eləcə də hərbi qulluqçunu təhqir etmə, döymə və ya işgəncə vermə cinayətləri 2007-ci illə müqayisədə iki dəfə az qeydə alınıb. Həmçinin tabelik münasibətlərində olmayan hərbi qulluqçular arasında qarşılıqlı münasibətlərin nizamnamə qaydalarını pozma cinayətləri 2013-cü illə müqayisədə 41,7 faiz az olub. Eləcə də 1998-ci illə müqayisədə hakimiyyətdən sui-istifadə etmə cinayətləri 36 faiz, qulluğa səhlənkar yanaşma cinayətləri 51,4 faiz, qeyri-hərbi cinayətlər 10,2 faiz, qəsdən adam öldürmə cinayətləri 5 dəfə, özünü öldürmə həddinə çatdırma cinayətləri isə 2 dəfə azalıb.

Ölkəmizdə bütün sahələrdə əldə olunan uğurlardan danışan Xanlar Vəliyev bu nailiyyətlərin qazanılmasında Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın əvəzsiz xidmətlərini xüsusi vurğulayıb. Hərbi Prokuror Mehriban xanımın görkəmli dövlət xadimi kimi uzun illər ərzində ölkəmizin hərtərəfli və sürətli inkişafı, dövlətçiliyimizin möhkəmləndirilməsi, xalqımızın rifahının yaxşılaşdırılması, dövlətimizin, xalqımızın, mədəniyyətimizin və milli dəyərlərimizin bütün dünyaya tanıdılması istiqamətində zəngin və dəyərli fəaliyyətindən ətraflı söhbət açıb.

Milli Məclisin deputatları Musa Quliyev, İlham Məmmədov, professorlar Cəlil Xəlilov və Bəhrəm Zahidov böyük şəxsiyyət Heydər Əliyevin zəngin və mənalı həyatından, ali idarəçilik təcrübəsindən, çoxşaxəli fəaliyyətindən, onun uzaqgörən və müdrik siyasətinin layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsindən danışıblar.

Konfransa yekun vuran Xanlar Vəliyev ötən il aprelin 11-də Azərbaycan xalqının növbəti dəfə düzgün seçim etdiyini, bu müdrik seçimin Ümummilli Liderə və Prezident İlham Əliyevə xalqın sonsuz inam və sevgisindən irəli gələn zərurətdən doğduğunu xüsusi vurğulayıb. Bildirilib ki, Hərbi Prokurorluğun kollektivi millətimizin və dövlətimizin maraqlarına xidmət edən Ulu Öndər siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsində, o cümlədən dövlət müstəqilliyinin, ictimai-siyasi sabitliyin, əmin-amanlığın qorunmasında, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsində, Silahlı Qüvvələrdə qanunçuluğun, hüquq qaydasının və hərbi intizamın daha da möhkəmləndirilməsində, qanunun aliliyinin təmin edilməsində üzərinə düşən vəzifələri layiqincə icra etməklə Azərbaycanın firavan gələcəyinin təminatı olan bu siyasəti daim dəstəkləyəcək.

Oxunub: 63