images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Hərbi qanunvericiliyin gənclər arasında təbliğinə dair müzakirələr aparılır

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı Azərbaycan Respublikasının Hərbi Prokurorluğu ilə birgə “Hərbi vətənpərvərliyin və hərbi qanunvericiliyin möhkəmləndirilməsi” mövzusunda tədbir keçirib.

AZƏRTAC xəbər verir ki, tədbirin məqsədi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsi, hərbi qanunların və hüquq normalarının möhkəmləndirilməsi, eləcə də Prezident İlham Əliyevin aprelin 3-də imzaladığı “Mediasiya haqqında” Qanunun tətbiqinə dair Fərmanın qanunvericiliyin təkmilləşdirilməsi baxımından əhəmiyyətinin gənclərə çatdırılmasıdır. video

Tədbirdə çıxış edən Respublika Veteranlar Təşkilatının sədri, general-polkovnik Tofiq Ağahüseynov Respublika Hərbi Prokurorluğu ilə müntəzəm keçirilən tədbirlərin əhəmiyyətindən, veteranların bu istiqamətdə üzərinə düşən vəzifələrdən danışıb. O, ölkəmizdə qanunçuluğun möhkəmləndirilməsi və hüquq sisteminin inkişafı istiqamətində Prezident İlham Əliyevin həyata keçirdiyi ardıcıl islahatların ulu öndər Heydər Əliyev dövlətçilik siyasətinin uğurla davam etdirilməsinin göstəricisi olduğunu deyib.

Respublika Veteranlar Təşkilatının sədr müavini Cəlil Xəlilov bütün sahələrdə vətəndaşların hüquq və azadlıqlarının hərtərəfli qorunduğunu, bu istiqamətdə məqsədyönlü islahatların gündən-günə dərinləşdirildiyini vurğulayıb. C.Xəlilov Azərbaycan Ordusunun əsgər və zabitlərinin qanunlara hər zaman əməl etdiklərini, nizam-intizamın daha da möhkəmləndiyini bildirib. Təşkilatın sədr müavini Azərbaycan Respublikası Prezidentinin imzaladığı “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqinə dair Fərmanın respublikamızın hüquq sisteminin təkmilləşdirilməsi baxımından xüsusi əhəmiyyət kəsb edəcəyini diqqətə çatdırıb.

Azərbaycan Respublikası baş prokurorunun müavini - hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev ulu öndər Heydər Əliyevin əsasını qoyduğu siyasi kursun, həyata keçirdiyi məhkəmə-hüquq islahatlarının, həmçinin prokurorluq orqanlarına göstərdiyi etimad və diqqətin onun layiqli davamçısı Prezident İlham Əliyev tərəfindən uğurla reallaşdırıldığını vurğulayıb. X.Vəliyev Azərbaycan Prokurorluğunun dövlətçiliyimizin mühüm sütunlarından birinə, Respublika Hərbi Prokurorluğunun hərbi qanunçuluğun qorunması, gücləndirilməsinin təminatçısına çevrildiyini bildirib.

Hərbi Prokuror ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra ordu quruculuğunda aparılan geniş islahatlardan, ordumuzun inkişafındakı xidmətlərindən danışıb. Bu siyasətin hazırda Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə uğurla davam və inkişaf etdirildiyini diqqətə çatdıran X.Vəliyev deyib ki, hazırda Azərbaycan Silahlı Qüvvələri dünyanın ən güclü ordularından birinə çevrilib. Ordumuzda şəxsi heyət üçün hər cür şərait yaradılıb. Bu gün əsgərlərimiz orduda fəxr və şərəflə xidmət edirlər. Aprel döyüşləri Azərbaycan Ordusunun hərbi qüdrətini, şəxsi heyətin qələbə əzmini və mənəvi-psixoloji hazırlığını düşmənlə yanaşı bütün dünyaya göstərdi. Bu gün qürurla deyə bilərik ki, Azərbaycan Ordusu Prezident, Ali Baş Komandanın əmri ilə erməni işğalçılarına qarşı döyüşməyə, işğal altındakı torpaqlarımızı azad etməyə hər an hazır və qadirdir.

Bakı Dövlət Universitetinin hüquq fakültəsinin dekanı, professor Əmir Əliyev, Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının hüquq kafedrasının professoru Bəhram Zahidov, Milli Aviasiya Akademiyasının hüquqşünaslıq kafedrasının müdiri, professor İbrahim Quliyev və başqaları çıxışlarında ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra dünyada nüfuzlu dövlətə çevrilməsindən, ölkəmizdə hüquq təhsilinin inkişafı istiqamətində hər cür şəraitin yaradılmasından, bütün sahələrdə olduğu kimi, məhkəmə-hüquq sahəsində də həyata keçirilən mütərəqqi islahatlardan danışıblar. Çıxışlarda, həmçinin gənclərin hərbi vətənpərvərlik tərbiyəsinin gücləndirilməsinin, müstəqilliyimizin və ictimai-siyasi sabitliyin qorunmasının hər bir vətəndaşın müqəddəs vəzifəsi olmasının, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunu ilə bağlı maarifləndirmə, hüququ təbliğat işinin aparılmasının vacibliyi qeyd olunub. Natiqlər gəncləri Prezidentimizin ətrafında sıx birləşməyə və Vətənin müdafiəsinə hazır olmağa çağırıblar.

Sonda gəncləri maraqlandıran suallar cavablandırılıb.

Oxunub: 147