images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Həyatını Vətən üçün qurban vermiş şəhidlərimiz və onların ailə üzvləri heç vaxt unudulmur

Bu günlərdə Milli Məclisin deputatı Vüqar İskəndərovun təşkilatçılığı və Şəki şəhərinin xeyriyyəçi iş adamlarının dəstəyi ilə Vətən müharibəsində şəhid olan hərbçilərimizin övladları ilə bağlı humanist aksiyaya start verilib. Dörd şəhid ailəsində olan uşaqların yüksək səviyyədə təhsil almasını təmin etmək üçün onlara aylıq təqaüd verilməsinə başlanılıb. Milli Məclisin deputatları Məşhur Məmmədov, Elnur Allahverdiyev və digər deputatlar da şəhid və qazi ailələri ilə bağlı təşkil etdikləri çoxsaylı xeyriyyə tədbirləri ilə diqqət çəkir.

AZƏRTAC xəbər verir ki, şəhid ailələri ilə bağlı belə xeyriyyə tədbirlərinin keçirilməsini təqdir edən Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bu kimi təşəbbüslərin təqdirəlayiq olduğunu deyib.

O bildirib ki, deputatların iştirakı ilə Vətən müharibəsində şəhid olan qəhrəmanlarımızın ailələrinə yardımların göstərilməsi alqışalayiq bir addımdır. Dövlətimiz hər bir şəhid və qazi ailəsinə yüksək səviyyədə diqqət və qayğı göstərir, onların hər bir ehtiyacını qarşılayır. Lakin bu məsələdə hər bir vətəndaşın da üzərinə mühüm öhdəliklər düşür. Bu gün şəhid ailələrinə, qazilərə dəstək olmaq istəyən hər kəs “YAŞAT” Fondu vasitəsilə dəstəyini göstərə, bu müqəddəs işə töhfə verə bilər.

“Sevincidir ki, bu məsələdə deputatlar da ciddi fəallıq sərgiləməkdədir. Onların və digərlərinin bu istiqamətdə gördüyü işlər olduqca əhəmiyyətlidir. Onu da unutmaq olmaz ki, bu kimi aksiyaların önəmi sadəcə şəhid və qazi ailələrinin maddi rifahını yüksəltməklə qalmır, cəmiyyət üçün də mesaj rolunu oynayır. Bu mesajın mahiyyəti isə ondan ibarətdir ki, həyatını Vətən üçün qurban verən insanlar, onların ailə üzvləri heç vaxt unudulmur, hər zaman sevgi və ehtiram hissi ilə anılır. Mən şəhid ailələri və qazilərlə bağlı belə layihələrin həyata keçirilməsində iştirak edən hər bir vətəndaşımıza, o cümlədən iş adamlarına minnətdarlığımı bildirirəm”, - deyə polkovnik Cəlil Xəlilov vurğulayıb.

Oxunub: 157