images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Heydər Əliyev misilsiz xidmətləri ilə Azərbaycan xalqının Ümummilli Liderinə çevrilib

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Nərimanov Rayon İcra Hakimiyyətinin və təşkilatın əməkdaşlarının, rayon ictimaiyyətinin nümayəndələrinin, ziyalıların, veteranların, gənclərin iştirakı ilə ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım mərasimi keçirilib.

AZƏRTAC xəbər verir ki, anım tədbirində ümummilli lider Heydər Əliyevin büstü önünə gül dəstələri qoyulub, Ulu Öndərin və şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Nərimanov Rayon İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyev ulu öndər Heydər Əliyevin Azərbaycan xalqının həyatındakı misilsiz xidmətlərindən danışıb. Qeyd edib ki, hər bir xalqın milli azadlıq və istiqlaliyyət tarixində xilaskar rolunu oynayan dahi şəxsiyyətləri var. Həmin dahilər qətiyyətləri ilə mənsub olduqları xalqı arxasınca aparıb, ən taleyüklü məqamlarda qalib gəliblər. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev müasir dünya tarixinə parlaq və silinməz iz qoymuş böyük şəxsiyyət, qeyri-adi zəka, fitri istedad sahibi, müdrik dövlət xadimi kimi düşüb.

Müstəsna xidmətləri ilə əbədilik qazanan ümummilli lider Heydər Əliyevin mənalı həyat yolu, zəngin və çoxşaxəli irsi tükənməz ibrət məktəbidir. Ötən illərə nəzər salarkən Azərbaycan xalqının müdrik liderinin rəhbərliyi ilə qazanmış olduğu mühüm tarixi nailiyyətlərin bir daha şahidi oluruq. İntibah və milli şüurun oyanışı Heydər Əliyevin hakimiyyətə gəlişi ilə başlayıb, müstəqilliyimiz məhz onun sayəsində əbədi və dönməz xarakter alıb. Ölkəmiz dünyada layiq olduğu mərtəbəyə Ulu Öndərin uzaqgörənliyi, müdrikliyi, qətiyyəti, dəmir iradəsi, zəngin dövlətçilik təcrübəsi sayəsində yüksələ bilib.

Ümummilli lider Heydər Əliyevin əziz xatirəsi bu gün ölkəmizin hər yerində və onun hüdudlarından kənarda anılır.

Heydər Əliyevin keçdiyi böyük, mənalı və şərəfli həyat yolu zaman və məkan anlayışına sığmır. Ümummilli lider Heydər Əliyevin xarakterində və fəaliyyətində doğma xalqına bağlılıq və təəssübkeşlik hələ gənc yaşlarından özünü göstərirdi. Naxçıvanda sadə, zəhmətkeş bir azərbaycanlı ailəsində dünyaya göz açan bu böyük insan hələ gəncliyindən yüksək vəzifələr tutub, çiyinlərində böyük bir ölkənin yükünü daşıyıb.

Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov Ulu Öndərin Azərbaycan xalqının tarixində xüsusi iz buraxdığını diqqətə çatdırıb. Qeyd edib ki, müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu Heydər Əliyev Azərbaycan tarixinin yetirdiyi ən böyük şəxsiyyətlərdəndir. Ümummilli lider Heydər Əliyev məqsədyönlü fəaliyyəti ilə Azərbaycan dövlətini zamanın ən çətin sınaqlarından çıxararaq ölkənin ictimai-siyasi, iqtisadi və mədəni-mənəvi tərəqqisinə nail olub. Azərbaycanın 1969-cu ildən sonrakı dövrü tarixə Heydər Əliyev dövrü kimi əbədi həkk olunub. 1969-1982-ci illərdə ictimai həyatın bütün sahələrində baş vermiş köklü dəyişikliklər miqyasına görə Azərbaycanın quruculuq salnaməsində ən dolğun səhifələri təşkil edir. Ulu Öndər böyük siyasi və dövlət xadimi, xalqın şəksiz lideri olaraq hələ sağlığında canlı əfsanəyə çevrilib. Buna görə də Heydər Əliyev fenomeni həmişə diqqətləri cəlb edib, dünya azərbaycanlılarının Ümummilli Liderinin heyranlıq doğuracaq dərəcədə coşqun siyasi fəaliyyəti istər ölkə, istərsə də dünya mətbuatında geniş işıqlandırılıb.

Bugünkü Azərbaycan Ordusunun qurulması, inkişafı, möhkəmlənməsi Heydər Əliyevin yorulmaz fəaliyyətinin, dövlətçilik təfəkkürünün, siyasi uzaqgörənliyinin və təşkilatçılıq qabiliyyətinin məntiqi nəticəsidir. Milli ordu quruculuğu sahəsində Heydər Əliyev irsinin əvəzsiz dəyəri ondadır ki, bu dəyər başlanğıcını hələ sovetlər dövründən götürüb. Müstəqil olmadığı zaman Azərbaycanın qəhrəmanlıq ənənələrinin davam etdirilməsi, zəngin hərb tarixinin canlandırılması, gənclərin qəhrəmanlıq ənənələri əsasında tərbiyə edilməsi, sərkərdələrin və görkəmli hərb xadimlərinin şərəfli yolunun davam etdirilməsi Heydər Əliyevin hər zaman diqqət mərkəzində olub.

Qeyd olunub ki, Azərbaycan xalqı milli dövlətçiliyin dağılmaq təhlükəsi qarşısında qaldığı, ən ağır günlərini yaşadığı bir zamanda - 1993-cü ilin iyununda mövcud hakimiyyətin dəyişilməsini təkidlə tələb edib və həmin vaxtdan taleyini öz xilaskarına etibar edib. Xalqının təkidli dəvətini qəbul edən Heydər Əliyevin hakimiyyətə qayıdışı günü müstəqil Azərbaycanın tarixinə Milli Qurtuluş Günü kimi yazılıb.

Çıxış edən veteranlar və ziyalılar ulu öndər Heydər Əliyevin Vətən və xalq qarşısında misilsiz xidmətlərindən danışıb, Ümummilli Liderlə bağlı xatirələrini bölüşüblər. Veteranlar Ümummilli Liderin layiqli davamçısı Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırda Azərbaycanın qazandığı böyük nailiyyətlərdən qürur duyduqlarını bildiriblər. Onlar gənc nəslin vətənpərvər ruhda Ulu Öndər ənənələrinə sadiq ruhda tərbiyə edilməsində əllərindən gələni əsirgəməyəcəklərini vurğulayıblar.

Tədbir məktəblilərin hazırladıqları bədii kompozisiyanın təqdimatı ilə başa çatıb.

Oxunub: 65