images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında Şuşa Bəyannaməsi ilə bağlı konfrans keçirilib

Bu gün Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti” mövzusuna həsr olunmuş Konfrans keçirilib.

 

Konfransı giriş sözü ilə açan Təşilatın sədr müavini, siyasi elmlər üzrə fəlsəfə doktoru, polkovnik Cəlil Xəlilov qonaqları salamlayıb, Şuşa Bəyannaməsi, bu Bəyannamənin tarixi-siyasi əhəmiyyəti ilə bağlı giriş sözü ilə çıxış edib. Daha sonra Dövlət Himni səsləndirilib, Azərbaycanın ərazi bütövlüyü uğrunda həlak olan şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

 

Çıxış üçün ilk söz Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin sədri, Yeni Azərbaycan Partiyası sədrinin müavini-Mərkəzi Aparatın  rəhbəri, fəlsəfə doktoru cənab Tahir Budaqova verilib. YAP sədrinin müavini çıxışında Şuşa Bəyannaməsini müxtəlif aspektlərdən şərh edib, bu Bəyannamənin iki dövlət arasında əməkdaşlığın genişlənməsinə töhfə verəcəyini bildirib.

 

Azərbaycan Respublikasının Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının Tarix kafedrasının müdiri, Tarix üzrə fəlsəfə doktoru, dosent, əməkdar müəllim Firdovsiyyə xanım Əhmədova „Şuşa Zirvəsinin tarixi zəmini və əhəmiyyəti“ mövzusundə məruzə edib, Şuşa Bəyannaməsinin tarixi önəminə diqqət çəkib.

 

Akademik Ziyad Səmədzadə „Türkiyə və Azərbaycan iqtisadi əməkdaşlığı müasir vəziyyət və çağırışlar“ mövzusundakı çıxşında Azərbaycan və Türkiyənin hər zaman bir-brilərinin marağını qətiyyətlə müdafiə etdiyini bildirib, bununla bağlı konkret nümunələr göstərib.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Hüquq və kadr şöbəsinin müdiri Bəhram Zahidov Prezident İlham Əliyevin Azərbaycan xalqı qarşısındakı tarixi xidmətlərinə diqqət çəkib, 44 günlük Vətən müharibəsində Azərbaycan ordusunun məhz onun rəhbərliyi altında tarixi uğura imza atdığını bildirib.

 

Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri Fatma Səttarova isə öz çıxışında Şuşa Bəyannaməsinin Azərbaycan-Türkiyə əlaqələrində yeni səhifə açdığını bildirib, bu əməkdaşlığın türk dünyasının birliyi və tərəqqisi baxımından mühüm önəm kəsb etdiyini vurğulayıb.

 

Daha sonra Respublika Veteranlar Təşkilatının mətbuat katibi Seymur Əliyev konfrans iştirakçıları adından Azərbaycan Respublikasının Prezidenti - Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə ünvanlanan müraciətin mətnini oxuyub.

 

Konfrans iştirakçıları 44 günlük Vətən müharibəsində erməni faşizmi üzərində böyük zəfərə nail olan,  Azərbaycanın ərazi bütövlüyün təmin edən Prezident İlham Əliyevin Azərbaycan Respublikasının Milli Qəhrəmanı adı ilə təltif edilməsi təklifi ilə çıxış edib, bununla bağlı yekdil mövqe ifadə ediblər.

 

Konfrans hərbi vətənpərvərlik mahnılarının ifaçısı Şəmistan Əlizamanlının ifası ilə başa çatıb.

 

Konfransın sonunda ölkə başçısına ünvanlanan müraciətin mətni.

 

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında 23 iyun 2021-ci il tarixdə keçirilmiş “Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsinin tarixi əhəmiyyəti” mövzusuna həsr olunmuş Konfrans iştirakçıları adından

 

Azərbaycan Respublikasının Prezidenti,

Silahlı Qüvvələrin Ali Baş Komandanı

cənab İlham Əliyevə

 

M Ü R A C İ Ə T

 

Möhtərəm Prezident!

Cənab Ali Baş Komandan!

 

Azərbaycan Respublikası və Türkiyə Respublikası arasındakı dostluq və qardaşlıq münasibətləri hazırda ölkələrimizin həyatının bütün sahələrini əhatə etməklə, ardıcıl, dinamik şəkildə inkişaf edir. Tarixin bütün sınaqlarından uğurla çıxan Azərbaycan–Türkiyə dostluğu hər iki dövlətin güclənməsi, ölkələrimizin tərəqqisi və eyni kökdən gələn xalqlarımızın rifahı üçün möhkəm zəminə çevrilmişdir.

Türkiyə Cümhuriyyətinin qurucusu Mustafa Kamal Atatürkün və Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin söylədikləri “Azərbaycanın sevinci bizim sevincimiz, kədəri bizim kədərimizdir” və “Bir millət, iki dövlət” ifadələri hazırda bu münasibətlərin əsasını təşkil edən möhkəm təməl prinsiplərinə çevrilmişdir.

Dərin tarixi, milli-mənəvi köklərə malik olan, ölkələrimizin birgə maraqlarına xidmət edən və strateji mahiyyət daşıyan Azərbaycan–Türkiyə münasibətləri son vaxtlar öz inkişafının yeni bir mərhələsinə, müttəfiqlik səviyyəsinə ucalmışdır. 30 ildən çox davam edən erməni işğalına son qoymaq, ölkənin ərazi bütövlüyünü təmin etmək üçün 44 günlük müqəddəs Vətən müharibəsi bunun əyani və birmənalı təsdiqi olmuşdur. Ədalətin bərpası naminə  apardığımız haqq savaşında Türkiyə, onun qətiyyətli siyasi rəhbərliyi və qardaş xalqı ilk gündən mənəvi-siyasi dəstəyi ilə Azərbaycan xalqının yanında olmuşdur. 2020-ci ilin 27 sentyabrından başlanan, ötən dövrdə bir an belə dayandırılmayan bu qardaşlıq missiyasının zirvəsi isə 2021ci il iyun ayının 15-də Şuşa şəhərində Azərbaycan Respublikası və Türkiyə Respublikası arasında iki dövlətin Prezidenti tərəfindən imzalanmış müttəfiqlik münasibətləri haqqında Şuşa Bəyannaməsi oldu.

Azərbaycan üçün çox önəmli bir tarixdə - Milli Qurtuluş Günündə, Qars müqaviləsindən 100 il sonra iki dost və qardaş ölkə arasında imzalanan müttəfiqlik münasibətlərinə dair Şuşa Bəyannaməsi tarixə qızıl hərflərlə yazılmaqla, birgə kökə bağlılığımızı, keçmişə sədaqətimizi bir daha nümayiş etdirir, gələcək nəsillərə yol göstərir. Bəyannamədə nəzərdə tutulan genişmiqyaslı tədbirlər hər iki qardaş ölkə ilə yanaşı, Qafqaz regionunda sabitliyin və təhlükəsizliyin möhkəmləndirilməsinə, bütün iqtisadi və nəqliyyat əlaqələrinin bərpası ilə iqtisadi və sosial inkişafa nail olunmasına, eləcə də region dövlətləri arasında Ulu öndər Heydər Əliyevin layiqli siyasi varisi, Ali Baş Komandan İlham Əliyevin bilavasitə rəhbərliyi ilə ümumxalq birliyinə söykənən münasibətlərin normallaşdırılmasına və uzunmüddətli sülhün təmin edilməsinə öz töhfəsini verəcəkdir.

Bu Bəyannamə, eyni zamanda, 44 günlük Vətən müharibəsində azad etdiyimiz, tarixi sahibinə qaytarılmış Qarabağımızın təqdimatı, onun tacı olan Şuşamızın və digər rayonlarımızın həyatında yeni mərhələnin başlanğıcı, dirçəlişinin siyasi qarantı olacaq mühüm səhifəsidir. Mədəniyyət paytaxtımız olan Şuşada imzalanan bu sənəd həm də tarixi qala şəhərimizin imzasının yenidən imzalar arasında görünməsi, onun Azərbaycana məxsusluğunun birmənalı təsdiqi kimi dünyaya bəyan edilməsidir.

 

Möhtərəm Prezident,

Cənab Ali Baş Komandan!

 

Əzəli torpaqlarımızı erməni faşistlərinin işğalından azad edərək doğma Azərbaycanımıza, onun xalqına, o cümlədən biz veteranlara yaşatdığınız Böyük Zəfər qüruruna, bu gün Qarabağımızda başlatdığınız, həmin əraziləri yenidən gülüstana döndərəcək genişmiqyaslı quruculuq işlərinə və bütün bunların reallaşmasına siyasi-diplomatik müstəvidə yaratmaqda olduğunuz möhkəm zəminə görə Sizə bir daha tükənməz sevgimizi və sonsuz minnətdarlığımızı çatdırırıq.

 

Siz Ulu Öndər Heydər Əliyevin vəsiyyətlərinə sadiq qalaraq azad, müstəqil Azərbaycanımızın veteranlarına çox böyük hörmətlə yanaşır, onlara daim diqqət və qayğı göstərirsiniz. Konfrans iştirakçıları və veteranlar  adından Sizə bir daha dərin ehtiramımızı çatdırır, Respublika Veteranlar Təşkilatının həmişə dövlətin, xalqın yanında olduğunu, möhtərəm Prezidenti dəstəklədiyini bildirir və fəxrlə bəyan edirik: Eşq olsun Ali Baş Komandan İlham Əliyevə, yaşasın Azərbaycan xalqı, Azərbaycan Ordusu, Qarabağ Azərbaycandır!”

Oxunub: 362