images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Respublika Veteranlar Təşkilatı Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevaya təbrik ünvanlayıb

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti  8 mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə Azərbaycan Respublikasının I vitse-prezidenti, Heydər Əliyev Fondunun rəhbəri Mehriban xanım Əliyevaya təbrik ünvanlayıb. Təbrikdə deyilir:

 

“Hörmətli Mehriban xanım!

 

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq Sizi qarşıdan gələn 8 mart Beynəlxalq Qadınlar Günü və Novruz Bayramı münasibəti ilə təbrik edir, respublikamızın rifahı, dövlətimizin inkişafı yolundakı fəaliyyətinizdə yeni-yeni uğurlar arzulayırıq.

 

Sizin uzun illərdir ki, ölkəmizin çiçəklənməsi, xalqımızın rifahının yüksəldilməsi, Azərbaycan mədəniyyəti və tarixinin beynəlxalq miqyasda təbliği, erməni faşizminə qarşı mübarizə aparan ölkəmizin haqq səsinin dünyaya çatdırılması istiqamətindəki əməyiniz olduqca böyükdür və fəaliyyətiniz xalqımız və veteranlarımız tərəfindən  sevgi və məmnunluqla qarşılanır.

Sizin rəhbərliyiniz altında həyata keçirilən çoxsaylı humanitar aksiyalar – aztəminatlı ailələrin sosial rifahının yüksəldilməsi, əlil və yaralılarımızın müalicəsinin ölkəmizdə və onun hüdudlarından kənarda yüksək səviyyədə həyata keçirilməsi, istedadlı gənclərin irəli çəkilməsi, elm və təhsil adamlarına xüsusi diqqət və qayğının göstərilməsi, milli musiqimizin, o cümlədən muğamımızın dünyada tanıdılması, köməyə, qayğıya möhtac olan hər bir kəsə göstərdiyiniz dəstək vətəndaşlara dövlət qayğısı olmaqla yanaşı, həm də cəmiyyətə, bütövlükdə insanlığa ünvanlanan humanist bir addımdır. Məhz Sizin çoxşaxəli və xeyirxah fəaliyyətinizin nəticəsidir ki, isminiz sadəcə ölkəmizdə deyil, bütün dünyada saflıq, nəciblik, humanizm nümunəsi kimi səslənməkdədir. Bu isə hər bir soydaşımızda qürur və iftixar hissi yaradır.

 

Hörmətli Mehriban xanım!

 

Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı olaraq bir daha qarşıdan gələn bayramlarınızı təbrik edir, Sizə uzun ömür, cansağlığı və müvəffəqiyyətlər arzulayırıq. Əminik ki, fəaliyyətiniz Cənab prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə, o cümlədən işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən nəhəng quruculuq işinə bundan sonra da böyük töhfə verəcək,  xalqımızın işıqlı gələcəyinin təmin olunmasında, dövlətimizin inkişafında  mühüm rol oynayacaq”.

 

Dərin hörmət və ehtiramla, Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının Rəyasət Heyəti adından Azərbaycan Respublikası Müharibə, Əmək və

Silahlı Qüvvələr Veteranları Təşkilatının sədri, Böyük Vətən Müharibəsi və Əmək veteranı,

Prezident təqaüdçüsü Fatma Səttarova

Oxunub: 117