images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Respublika Veteranlar Təşkilatı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət edib

Respublika Veteranlar Təşkilatı UNESCO-nun Baş direktoru Odre Azuleyə müraciət ünvanlayıb. Müraciətdə deyilir:

 

“Hörmətli Baş direktor.

 

Respublika Veteranlar Təşkilatı olaraq sizə müraciət etməyimizə səbəb Ermənistanın həyata keçirdiyi siyasət nəticəsində bu ölkə ərazisində Azərbaycan xalqına məxsus yüz illərlə tarixi olan mədəni irsin tamamilə yox olması təhlükəsidir.

 

Nəzərinizə çatdırırıq ki, Ermənistanda yaşamış və bu yerlərin köklü sakinləri olan azərbaycanlılara qarşı XX əsrin əvvəllərindən etibarən aparılmış etnik təmizləmə siyasəti nəticəsində azərbaycanlılar öz dədə-baba torpaqlarından kütləvi deportasiyaya məruz qalmışlar.

 

1988-ci ildə həyata keçirilən sonuncu deportasiya zamanı 250 mindən çox azərbaycanlı öz doğma yurdlarından qovularaq qaçqına çevrildi. Bununla da, Ermənistan tərəfindən həyata keçirilən məqsədyönlü və sistematik deportasiya siyasəti nəticəsində azərbaycanlıların Ermnistandan qovulması prosesi sona çatdı.

 

Acı da olsa həqiqətdir ki, hazırda Ermənistanda bir nəfər də olsun azərbaycanlı qalmayıb. Ermənistan sistemli şəkildə bu ərazilərin tarixi və əzəli sakinləri olan azərbaycanlıların izlərini hər yerdən silir, Azərbaycan xalqının mədəni irsini talayır, dağıdır, özününkiləşdirir və mənşəyini dəyişdirir. Azərbaycan kəndlərinin tarixi adları kütləvi şəkildə dəyişdirilib, qədim toponimlər erməni adları ilə əvəz edilib.

 

İrəvan quberniyasında yerləşən Göy məscid, Qala Məscidi, Şah Abbas, Təpəbaşı, Zal Xan, Sərtib Xan, Hacı Novruzəli Bəy, Dəmirbulaq, Hacı Cəfər Bəy, Rəcəb Paşa, Məhəmməd Sərtib Xan, Hacı İnam Məscidi kimi 300-dən çox məscid 20-ci əsrin əvvəllərində qəsdən dağıdılıb, özününkiləşdirilib, və ya digər məqsədlərlə istifadə edilib. Yalnız Dəmirbulaq Məscidi 1988-ci ilə kimi öz təyinatı üzrə fəaliyyət göstərib, indi isə o tamamilə dağıdılıb və yerində çoxmərtəbəli bina inşa edilib.    

 

Hörmətli Baş direktor.

 

Təəssüf və narahatlıq hissi ilə qeyd edirik ki, Ermənistanda azərbaycanlılara məxsus Ağadədə, Aşağı Şorca, Güllübulaq, Saral qəbristanlıqları kimi 500-dən çox qəbristanlıq məhv edilib. Bu il Azərbaycan xalqının 200 illik yubileyini qeyd etdiyi, qədim Göyçə mahalında, doğulduğu kənddə qəbirüstü abidəsi ucaldılmış Aşıq Ələsgərin də qəbri dağıdılıb. Bəşəriyyətin qeyri-maddi mədəni irs nümunələri siyahısına salınan Azərbaycan aşıq sənətinin görkəmli nümayəndəsi olan Aşıq Ələsgərin qəbirüstü büstünün dağıdılması bir daha Ermənistanın heç bir ümumbəşəri dəyər tanımadığını nümayiş etdirir. Bu, bütün dinlər tərəfindən qəbuledilməzdir və heç bir mənəviyyata sığmır.

 

Bir neçə on ildir ki, davam edən vandallıq əməllərinə görə bir nəfərin belə cəzalandırılmaması Ermənistanda bu işlərin dövlət siyasəti olmasının növbəti sübutudur.

 

Sadaladığımız konkret faktlar göstərir ki, Ermənistan hətta azərbaycanlıların bu torpaqlarda tarix boyu yaşaması və zəngin mədəniyyət yaratması faktını belə inkar edir. Bu, Ermənistanda Azərbaycan xalqına qarşı mövcud olan dözümsüzlüyün bariz nümunəsidir.  

 

Məlum olduğu kimi, bu kimi cinayətlər - mədəni abidələrin qəsdən dağıdılması, onların mənsubiyyətinin dəyişdirilməsi və özününkiləşdirilməsi beynəlxalq humanitar hüququn, xüsusən də 1949-cu il Cenevrə Konvensiyalarının, UNESCO-nun 1954 və 1970-ci il Konvensiyalarının kobud şəkildə pozulmasıdır. Bunlar müharibə cinayətləridir. BMT Təhlükəsizlik Şurasının 2017-ci ildə qəbul etdiyi 2347 saylı qətnaməsinin də müəyyən etdiyi kimi, mədəni irsin qəsdən dağıdılması həmçinin sülh və təhlükəsizlik məsələsidir. 

 

Hörmətli Baş direktor.

 

Respublika Veteranlar Təşkilatı olaraq sizi Ermənistanda Azərbaycan xalqına məxsus olan mədəni irsin hazırki vəziyyəti barədə ətraflı hesabat təqdim etmək məqsədilə Ermənistan hökumətinə rəsmi sorğu göndərməyə çağırırıq. Biz həmçinin sizdən Azərbaycan xalqının əsrlərlə tarixi olan mədəni və tarixi irsinin hazırki vəziyyətinin qiymətləndirilməsi üçün Ermənistana ekspert qrupunun göndərilməsini xahiş edirik.  

 

UNESCO-nun öz konstitusiyası ilə ona verilmiş vasitəçilik mandatına güvənir və sizdən bu təşəbbüsün reallaşdırılması ilə bağlı UNESCO-nun rəsmi mövqeyinə dair bizi məlumatlandırmağınızı xahiş edirik.

Oxunub: 91