images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Respublika Veteranlar Təşkilatı koronavirusla mübarizəyə dəstək olub

Martın 23-də Nazirlər Kabinetində Baş Nazir Əli Əsədovun sədrliyi ilə keçirilən iclasda koronavirus təhlükəsi ilə əlaqədar olaraq martın 24-ü saat 00:00-dan etibarən aprelin 20-dək xüsusi karantin rejimi elan edilib. Koronavirusun yaşlı insanlar üçün xüsusilə ciddi təhlükə kəsb etdiyini nəzərə alaraq, onların müdafiəsi məqsədi ilə 65 yaş və bu yaşdan yuxarı insanların evdən çıxmasına qadağa qoyulub. Həmçinin bu kateqoriyadan olan vətəndaşlara sosial xidmətlərin göstərilməsinin təmin edilməsi nəzərdə tutulur. Yaşlı insanlara bu xidmət Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun rayon (şəhər) şöbələrinin sosial xidmət işçiləri tərəfindən həyata keçiriləcək.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin həmin qərarını təqdir edən Respublika Veteranlar Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov təşkilat olaraq əlaqədar dövlət qurumlarına dəstək verməyə hazır olduqlarını deyib. O bildirib ki, yaşı 65-dən yuxarı olan vətəndaşlarımızın evdən çıxmasını qadağan edən qanun həssas kateqoriyaya daxil olan insanlarımızın koronavirusdan qorunmasına hesablanıb və bu, dövlətimizin vətəndaşlara, onların sağlamlığına olan duyarlı münasibətinin göstəricisidir. O deyib: “Biz Respublika Veteranlar Təşkilatı olaraq ölkə başçısının koronavirusa qarşı mübarizə məqsədi ilə atdığı bütün addımları dəstəkləyir, bunu vətəndaşlarımızın təhlükəsizliyinin təmini baxımından yüksək qiymətləndiririk. Hesab edirik ki, bütün bu addımlar ölkəmizin, vətəndaşlarımızın müdafiəsi baxımından mühüm əhəmiyyət kəsb edən tədbirlərdir. Yaşı 65 və ondan çox olan insanların arasında müharibə və əmək veteranları da az deyil. Bu səbəbdən də yaşı 65-dən çox olan tənha, sosial xidmətə ehtiyac duyan veteranların müəyyənləsdirilməsi, həmin şəxslərlə bağlı əlaqədar dövlət qurumlarına məlumat verilməsi, onlara göstəriləcək sosial xidmətin keyfiyyətinə nəzarət olunması və s. kimi tədbirlər baxımdan Respublika Veteranlar Təşkilatı hər cür informasiya dəstəyinə hazır olduğunu bəyan edir. Hesab edirik ki, xalqımız, dövlətimiz üçün indiki çətin məqamda hər birimiz ölkə başçısının çağırışına səs verməli, koronavirusa qarşı mübarizə məqsədi ilə qəbul edilən hər bir qərara ciddi əməl etməliyik. Unutmamalıyıq ki, dövlətimizin verdiyi hər bir qərar, bu yöndə atdığı hər bir addım vətəndaşlarımızın sağlamlığının qorunması, təhlükəsizliyinin təmin edilməsi üçündür və biz tələb edilən bu qaydalara riayət etməliyik”.

Oxunub: 188