images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Respublika Veteranlar Təşkilatında Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb

Mənfur erməni qəsbkarları tərəfindən törədilən və bəşər tarixinin ən dəhşətli qırğınlarından sayılan Xocalı faciəsi Azərbaycan xalqına qarşı törədilmiş məkrli soyqırımı siyasətinin bir hissəsidir. Xocalı faciəsi tarixin yaddaşından heç vaxt silinməyən, dünya tarixində dinc əhalinin kütləvi qətliamı kimi dərin iz qoymuş Xatın, Sonqmi, Lidiçe, Babi Yar, Ruanda, Serebrenitsa kimi soyqırımları ilə bir sırada dayanır. 1992-ci ilin fevralında Ermənistan silahlı qüvvələri keçmiş sovet ordusuna məxsus 366-cı motoatıcı alayının köməyi ilə Xocalı əhalisini vəhşicəsinə qətlə yetirib, soyqırımının ən iyrənc mərhələsi olan izi itirmək kimi mənfur hərəkətlərə də əl atıb, Azərbaycan xalqı, eləcə də bəşəriyyət üçün nadir abidələr nümunəsi olan Xocalı abidələrini də dağıdıblar. Xocalı soyqırımına ilk dəfə siyasi-hüquqi qiymət məhz ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra verilib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər Xocalı soyqırımının 28-ci ildönümü ilə əlaqədar fevralın 18-də Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında veteranların, ziyalıların, gənclərin iştirakı ilə keçirilən anım tədbirində səsləndirilib.

Təşkilatın inzibati binasında keçirilən tədbirdə Xocalı soyqırımı qurbanlarının, həmçinin Azərbaycanın müstəqilliyi və ərazi bütövlüyü uğrunda canlarından keçən şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Respublika Veteranlar Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov qeyd edib ki, Xocalı soyqırımının dünyada tanıdılması, bu faciəyə lazımi qiymətin verilməsi üçün Prezident İlham Əliyevin rəhbərliyi ilə dövlət səviyyəsində aparılan genişmiqyaslı fəaliyyət uğurlu nəticələrini verir. Bu baxımdan Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə “Xocalıya ədalət!” kampaniyası çərçivəsində görülən işlər xüsusi vurğulanıb. Qeyd olunub ki, məhz bu kampaniya nəticəsində hazırda dünyanın bir sıra ölkələri, həmçinin bəzi beynəlxalq təşkilatlar Xocalı qətliamının soyqırımı kimi tanınması barədə qərarlar qəbul edib. Ayrı-ayrı dövlətlərdə Xocalı soyqırımı ilə bağlı abidələr ucaldılıb. Bu istiqamətdə aparılan səmərəli işin nəticəsidir ki, hər dəfə faciənin ildönümündə dünyanın bir çox ölkəsində Xocalı qurbanlarının əziz xatirəsi anılır, mitinqlər keçirilir, erməni vəhşiliklərini əks etdirən fotoşəkillər, filmlər nümayiş etdirilir. Hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə beynəlxalq aləmdə Xocalı soyqırımının tanıdılması istiqamətində ardıcıl iş aparılır. Son illər Xocalı həqiqətlərinin dünyaya tanıdılması, erməni terrorçularının həyata keçirdiyi insanlıq əleyhinə cinayətlərin beynəlxalq miqyasda ifşası sahəsində xeyli iş görülüb.

“2016-cı ilin Aprel döyüşlərində Azərbaycan Ordusu torpaqlarımızın bir hissəsini işğaldan azad edib, uğurlu Naxçıvan əməliyyatı ilə 11 min hektar ərazi nəzarətimizə keçib. Ölkəmizin ərazi bütövlüyünü bərpa etmək üçün bizim kifayət qədər hərbi gücümüz, iqtisadi potensialımız və siyasi iradəmiz var. Mövcud status-kvo qəbuledilməzdir və Ermənistanın işğalçı qüvvələrinin torpaqlarımızdan çıxarılması tələbi daim gündəmdədir. Azərbaycan xalqı və dövləti Xocalı faciəsini heç vaxt unutmur və unutmayacaq”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Mərasimdə Xocalı haqqında sənədli film nümayiş olunub.

Çıxış edənlər Xocalı soyqırımı barədə həqiqətlərin müxtəlif beynəlxalq təşkilatlar səviyyəsində qaldırılmasının əhəmiyyətindən, müxtəlif qurumların, xüsusilə Respublika Veteranlar Təşkilatının bu istiqamətdəki fəaliyyətindən danışıb, bu istiqamətdə səylərin gücləndirilməsinin zəruriliyini bildiriblər. Natiqlər işğal altındakı torpaqlarımızın azad olunacağına qəti inam ifadə ediblər.

Oxunub: 1397