images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
TARİXİ ŞƏXSİYYƏTLƏR jurnalının T Ə Q D İ M A T I

25 iyun 2021-ci il tarixində Rusiya Səfirliyi İnformasiya və Mədəniyyət Mərkəzində Böyük Vətən müharibəsinin 80 illiyi və faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuş "Tarixi şəxsiyyətlər" jurnalının 43-cü nömrəsinin təqdimat mərasimi yüksək səviyyədə keçirildi. Görüş Rusiya və Azərbaycan birgə əməkdaşlığı çərçivəsində Azərbaycan Veteranlar Şurası və Rusiya Səfirliyi tərəfindən təşkil olunmuşdu. Tədbirə fəxri qonaqlar və media nümayəndələri dəvət olunmuşdu. Qeyd edim ki, sözü gedən jurnalın 43-cü nömrəsi məhz Böyük Vətən müharibəsində faşizm üzərində qələbənin 75 illiyinə həsr olunmuşdur. "Ana Vətən çağırır" devizi altında nəfis tərtibatda çap olunan jurnal redaktorun gərgin əməyinin məhsulu idi. Lakin dünyanın hər yerində tüğyan edən pandemiya dalğası Azərbaycandan da yan keçməmiş, ona görə də təqdimatın keçirilməsi gecikdirilmişdir.
Tədbiri giriş sözü ilə mərkəzin əməkdaşı Şişkalova Yelena Konstantinovna açaraq, qonaqları salamladı, dəvəti qəbul edib gəldikləri üçün təşəkkürünü bildirdi. Daha sonra söz qonaqlara verildi.
İrek Xaydaroviç Zinnurov - Azərbaycan Respublikasında Rusiya ilə Əməkdaşlıq təmsilçiliyi rəhbəri kimi qonaqları salamladı və bu tədbirdə iştirakından məmnun olduğunu bildirdi.
Çıxış üçün söz "Tarixi şəxsiyyətlər" jurnalının baş redaktoru, vətənpərvər insan, gözəl qələm sahibi Xəlil Qarəhmədova verildi. O, jurnalın bu nömrəsinin faşizm üzərində qələbənin 75 illiyinə həsr olunduğunu bir daha vurğuladı. Müharibənin ölüm-itim, qan-qada olduğunu, insanlara fəlakət gətirdiyini, 75 il keçməsinə baxmayaraq, ağrı-acının keçmədiyini, vurulan yaraların qaysaq tutmadığını, amma qələbədən doğan sevincin az da olsa, təşnə qəlblərə su çiləyib odunu döndürməsini və bu qələbədə Azərbaycanın da rolunun böyük olduğunu xüsusi qeyd etdi. Jurnalın ilk səhifəsində Şəhidlər xiyabanı lövhəsi qarşısında Azərbaycan Respublikasının Prezidenti İ.Əliyev və xanımı M. Əliyevanın rəsmlərinin əks etdirilməsi, Ümummilli Ulu Öndər H.Əliyevin 1993-cü ildə Azərbaycana qayıdışı ilə müharibə veteranlarının hüquqlarının bərpa edilməsi, onları "xalqın qızıl fondu" adlandırması faktlarının jurnalda işıqlandırılması müəllifin dövlətə, dövlətçiliyə sadiqliyinin bariz nümunəsidir. Jurnalı vərəqlədikcə müəllifin uzun illər axtarış etdiyinin şahidi olursan.
Daha sonra söz Azərbaycan Respublikası Veteranlar Şurasının sədr müavini, ehtiyatda olan polkovnik, siyasi elmlər üzrə fəlsəfə doktoru, dosent, jurnalın baş elmi məsləhətçisi Cəlil Xəlilova verildi. O, çıxışında qələbənin qürurverici bir hiss olduğundan ağızdolusu danışdı. Azərbaycan xalqının qəhrəmanlıq salnaməsindən söz açarkən 1941-1945-ci il müharibəsində həmyerlilərimizin iştirakı və əldə olunan qələbədə onların da xüsusi payı olduğunu qeyd etdi. Müharibədə Azərbaycandan 681 min adamın iştirakını, saysız ölüm və itkinin olduğunu, 416-cı diviziyanın şücaətini, diviziyanın 8 hərbçisinin Sovet İttifaqı Qəhrəmanı adına layiq görüldüyünü, 11 nəfərin Lenin ordeni ilə təltif olunduğunu, Bakı neftçilərinin gərgin əməyi nəticəsində ordunun yanacaqla təminatı qürurla vurğulandı. İki dəfə Sovet İttifaqı Qəhrəmanı H. Aslanovun keçdiyi döyüş yolunun xatlrlanması, həqiqətən də, qürurverici idi. Azərbaycan Veteranlar Şurasının rus, ukrayna, belorus veteranları ilə əlaqəsindən də söz açdı.
"İnsan Hüquqlarının Qorunması" Əməkdaşlıq Təşkilatının nümayəndəsi Firdovsi Ələkbərov da öz çıxışı və təbrikləri ilə tədbirə yeni rəng qatdı.
Tədbirdə Azərbaycanın İvanovka kənd nümayəndəsi İvan Pavloviç Prokovyev də jurnal haqqında öz təəssüratlarını söylədi, redaktora səmimi arzularını bildirdi.
Çıxış edənlər həmçinin Azərbaycan Silahlı Qüvvələrinin yaranmasının ildönümü və erməni faşizmi üzərində çaldığımız zəfər münasibətilə bütün hərbçilərimizi və xalqımızı təbrik etdilər.
Sonda tədbir iştirakçıları onlar üçün hazırlanmış şirniyyat masasına dəvət olundular. Birgə əməkdaşlığın bundan sonra da davam edəcəyinə əminlik yarandı.
Hər kəs bu tədbirdən xoş təəssüratlarla ayrıldı.
Biz də saytımızın rəhbəri Rasafil Bayramov başda olmaqla, bütün əməkdaşlarımız adından "Tarixi şəxsiyyətlər" jurnalının baş redaktoru Xəlil Qarəhmədova öz fəaliyyətində daha böyük nailiyyətlər arzu edirik.

TAHİRƏ QAFAROVA
"İctimai Xəbər Agentliyi"nin direktoru və AtaTV.az portalının redaktoru


Oxunub: 114