images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Vətən müharibəsi və yeni reallıqlar Azərbaycan Ordusunun gələcək simasının müəyyənləşməsində mühüm rol oynayacaq

Qırx dörd günlük Vətən müharibəsi Azərbaycan Ordusunun döyüş hazırlığının yüksək, maddi-texniki bazasının güclü olduğunu göstərdi. Vətən müharibəsi və yeni reallıqlar Azərbaycan Ordusunun gələcək simasının müəyyənləşməsində mühüm rol oynayacaq.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Ordumuzun müasir texnika ilə təchizatının bundan sonra da diqqət mərkəzində saxlanılacağını vurğulayan C.Xəlilov Azərbaycanın bu müharibədə hərbi texnologiyanın ən müasir yeniliklərini tətbiq etdiyini bildirib: “Ordumuzun bu təcrübəsi, Vətən müharibəsindəki taktika və strategiyası dünyanın bir çox dövlətləri tərəfindən öyrənilməkdədir. Ordumuzun bundan sonra da müasir texnika ilə təmin edilməsi, ən son hərbi məhsullarla təchizatı qarşıda duran əsas məsələlərdən biridir. Müzəffər Ali Baş Komandan da dəfələrlə bəyan edib ki, ordumuzun peşəkarlığının artırılması, döyüş hazırlığının qorunub saxlanılması, müasir silah-sursatla təmin olunması bundan sonra da diqqət mərkəzində olacaq”.

Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, Azərbaycan bu istiqamətdə artıq əməli addımlar atmaqdadır. Belə ki, Azərbaycan və Türkiyə arasında Şuşa Bəyannaməsinin imzalanması bunun ən böyük sübutudur. Bu Bəyannamə ikitərəfli münasibətləri bütün parametrlər üzrə, o cümlədən hərbi müstəvidə daha da inkişaf etdirməyi nəzərdə tutur ki, bu da ölkəmiz üçün mühüm əhəmiyyətə malikdir. Türkiyə NATO-nun ən güclü dövlətlərindən biridir. Vətən müharibəsində düşmən üzərində qələbə əldə etməyimizdə Türkiyədəki hərbi məktəblərdə təhsil alan zabitlərimizin böyük əməyi oldu. O cümlədən Azərbaycan-Türkiyə hərbi təlimləri ordumuzun peşəkarlığının artırılmasında, onun döyüş qabiliyyətinin yüksəlməsində mühüm rol oynadı. Şuşa Bəyannaməsi bu sahədə daha geniş əməkdaşlıq üçün hüquqi əsas yaradır.

Vətən müharibəsinin Azərbaycanın hərbi sənaye məhsullarının real döyüş şəraitində sınanması baxımından da mühüm əhəmiyyət kəsb etdiyini bildirən C.Xəlilov məhz milli hərbi sənayemizin istehsal etdiyi məhsullar nəticəsində Azərbaycan Ordusunun xarici hərbi məhsullardan asılılığının minimuma endiyini deyib: “Ordunu əsas sursat və mərmilərlə məhz yerli hərbi sənaye müəssisələri təmin edir. Vətən müharibəsindən sonra ölkəmizdə hərbi sənayenin daha da genişləndirilməsi, yeni ad və çeşiddə hərbi məhsulların istehsal edilməsi planlaşdırılır. Azərbaycan bu məsələdə də qardaş Türkiyənin təcrübəsindən istifadə edəcək. Yəqin ki, Vətən müharibəsində Azərbaycanın qalibiyyətində özünəməxsus rol oynayan pilotsuz uçuş aparatlarının və müşahidə sistemlərinin birgə istehsalı da Türkiyə ilə yaxın gələcəkdəki əməkdaşlıqda yer alacaq. Ermənistandan fərqli olaraq Azərbaycan iqtisadi baxımdan da olduqca güclüdür. Bu güc ordumuzu inkişaf etdirməyə, gücləndirməyə imkan verir”.

Oxunub: 69