images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Vətən müharibəsində böyük qələbəyə gedən yol Tovuz döyüşlərindən başlayıb

Tovuz döyüşləri böyük qələbəyə gedən yolun başlanğıcı, xalqımızın şərəf tarixidir. Aprel döyüşləri kimi, bu döyüşlər də xalqımızı həlledici qələbəyə ruhlandırdı. 8 Noyabr zəfərinə - böyük qələbəyə gedən yol Tovuz döyüşlərindən başlayır.

Bunu AZƏRTAC-a açıqlamasında Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov bildirib.

Polkovnik deyib ki, Tovuz döyüşləri Azərbaycan Ordusunun qüdrəti ilə yanaşı, Azərbaycan xalqının birlik və mübarizə əzmini də nümayiş etdirdi. Bu döyüşlər sadəcə ordumuzun düşmən təxribatına qarşı qəhrəmanlıq mübarizəsi ilə məhdudlaşmır. Tovuz döyüşləri həm də Azərbaycan xalqı ilə ordumuz arasındakı birlik və bərabərliyin nümunəsidir. Bu döyüşlər göstərdi ki, Azərbaycan xalqı öz ordusunun, Ali Baş Komandan İlham Əliyevin yanındadır və onu qətiyyətlə dəstəkləyir.

Qeyd edilib ki, Tovuz döyüşlərindən sonra xeyli sayda vətəndaşımız düşmənə qarşı hərbi əməliyyatlarda iştirak etmək üçün əlaqədar dövlət qurumlarına müraciət etdi, kütləvi şəkildə cəbhəyə üz tutmağa hazır olduqlarını bildirdi. Tovuz döyüşləri və ondan sonra baş verən hadisələr göstərdi ki, Azərbaycan xalqı otuz illik işğalla nəinki barışmayıb, bu torpaqları işğaldan azad etmək üçün qanından və canından keçməyə hazırdır. Tovuz döyüşlərində Azərbaycanın Milli Qəhrəmanı, general-mayor Polad Həşimovla yanaşı, daha 11 hərbçimiz şəhid oldu, o cümlədən bir mülki şəxs həyatını itirdi. Ordumuz, elə Tovuz döyüşlərində şəhid olan hərbçilərimizin qisasını aldı, çoxlu sayda düşmən hərbçisi, o cümlədən onun hərbi texnikası məhv edildi.

Respublika Veteranlar Təşkilatının sədr müavini diqqətə çatdırıb ki, bu döyüşlər Vətən müharibəsi üçün də uğurlu başlanğıc oldu. Tovuz döyüşlərindən qısa müddət sonra - sentyabrın 27-də düşmən hücumunu uğurlu əks-hücuma çevirən Azərbaycan Ordusu cəmi 44 gün ərzində düşməni məğlub etməklə ərazi bütövlüyümüzü təmin etdi. Bu döyüşlərdə bütün şəhidlərimizin qisası bir daha alındı, Ermənistan biabırçı şəkildə məğlubiyyətə uğradıldı.

“Azərbaycan xalqı bütün şəhidlərini, o cümlədən Tovuz döyüşlərində həlak olan şəhidlərinin xatirəsini hər zaman ehtiramla anır. Bundan sonra da onları böyük ehtiramla xatırlamaqda və xatirəsini sevgi ilə yaşatmada davam edəcək”, - deyə C.Xəlilov vurğulayıb.

Oxunub: 70