images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Veteranlarımız etibarlı sosial müdafiə ilə əhatə olunublar

1941-1945-ci illərdə İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin əldə olunmasında müstəsna xidmətləri ilə seçilən Azərbaycan hazırda müharibənin iştirakçılarının etibarlı sosial müdafiəsinin təmin olunması istiqamətində fəal dövlət siyasəti yürüdür. Ölkəmiz dövlət müstəqilliyini bərpa etdikdən və ümummilli lider Heydər Əliyevin 1993-cü ildə respublikaya qayıdışından sonra İkinci Dünya müharibəsi iştirakçıları cəmiyyətimizin ən hörmətli insanları kimi dəyərləndirilib. 9 May - Qələbə Günü yenidən dövlət bayramları sırasına daxil edilib, həmin müharibənin iştirakçılarının sosial müdafiəsi sahəsində mühüm addımlar atılıb. 1994-cü ildə “Veteranlar haqqında” Qanun qəbul olunmaqla, İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısının ildən-ilə artırılması istiqamətində müvafiq işlər aparılıb.

AZƏRTAC xəbər verir ki, bu fikirləri Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, polkovnik Cəlil Xəlilov deyib.

Respublika Veteranlar Təşkilatının sədr müavini qeyd edib ki, 2003-cü ildən isə bu siyasət Ulu Öndərin layiqli siyasi varisi, Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirir. Yaxın bir neçə ildə İkinci Dünya müharibəsi iştirakçılarına qayğı daha da artırılıb, onların sosial müdafiəsinin gücləndirilməsi istiqamətində Prezidentin çoxsaylı fərman və sərəncamları olub. Hər il 9 May - Qələbə Günü ərəfəsində Prezident İlham Əliyevin İkinci Dünya müharibəsi iştirakçılarına, həlak olmuş və ya sonradan vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardımların verilməsi barədə sərəncamları imzalaması da həmin insanlara yüksək diqqət və qayğıdan xəbər verir. Azərbaycan MDB-yə üzv ölkələr arasında hər il Qələbə günü ərəfəsində İkinci Dünya müharibəsi iştirakçılarına ən yüksək məbləğdə birdəfəlik maddi yardımın verildiyi ölkədir. 2012-ci ildə iyulunda 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə Azərbaycan Prezidentinin təqaüdü təsis edilib. Sonrakı illərdə imzalanan Prezidentin fərman və Sərəncamları ilə 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına birdəfəlik maddi yardımlar verilib.

Polkovnik Cəlil Xəlilov deyib ki, İkinci Dünya müharibəsi iştirakçılarına dövlət qayğısı ildən-ilə artırılmaqdadır. Belə ki, Prezident İlham Əliyevin “1941–1945-ci illərdə İkinci Dünya müharibəsində iştirak etmiş şəxslərə, həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə birdəfəlik maddi yardım verilməsi haqqında” 2020-ci il 24 aprel tarixli Sərəncamı bu kateqoriyadan olan vətəndaşların xüsusi diqqət və qayğı ilə əhatə olunduqlarının növbəti təzahürüdür. Sərəncam 7600 nəfərə şamil olunub. Onlardan 264-ü İkinci Dünya müharibəsində iştirakçısı, qalanı İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadları, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş və sənəddə nəzərdə tutulan digər müvafiq şəxslərdir. Qələbənin 75-ci ildönümü ilə əlaqədar İkinci Dünya müharibəsində iştirakçılarına 1500 manat, İkinci Dünya müharibəsində həlak olmuş və ya sonralar vəfat etmiş döyüşçülərin dul arvadlarına, həmin dövrdə arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif edilmiş şəxslərə, İkinci Dünya müharibəsi illərində döyüş cəbhələrinin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə, Leninqrad şəhərinin müdafiəsinə görə müvafiq medal və döş nişanı ilə təltif edilmiş şəxslərə, Leninqrad şəhərinin mühasirəsi iştirakçılarına isə 750 manat məbləğində birdəfəlik maddi yardım verilib.

Cəlil Xəlilov deyib ki, Azərbaycan dövlətinin hər zaman veteranların, ölkənin ərazi bütövlüyü uğrunda həlak olmuş və itkin düşmüş hərbi qulluqçuların ailə üzvlərinin sosial müdafiəsinin yaxşılaşdırılması məqsədilə ardıcıl tədbirlər həyata keçirməsi bu fəaliyyətin qürur doğuran nəticəsidir. İkinci Dünya müharibəsi əlilləri və iştirakçıları əmək pensiyaları ilə təmin olunurlar və onların yaşa görə əmək pensiyalarının baza hissəsinin üzərinə qanunvericilikdə nəzərdə tutulmuş qaydada əlavələr də hesablanıb. Bundan əlavə, qeyd edilən şəxslərin, eləcə də şəhid ailələrinin mənzil və fərdi evlərlə, müharibə əlillərinin isə minik avtomobilləri ilə təmin edilməsi üzrə mühüm sosial proqramlar da icra edilir. Həmin vətəndaşların dövlət hesabına bərpa-müalicə xidməti, sanator-kurort putyovkaları ilə təminatı sahəsində də məqsədyönlü işlər görülür. Eyni zamanda, sosial xidmətlərə ehtiyac duyan İkinci Dünya müharibəsi iştirakçılarına sosial işçilər tərəfindən evlərində sosial xidmətlər göstərilir.

“Həyata keçirilmiş sosial proqramlar Vətənə canı bahasına xidmət etmiş və bu gün də layiqincə xidmət edən insanlara, onların ailə üzvlərinə nə qədər önəm verildiyini bir daha sübut edir. Ali Baş Komandanın bu istiqamətdə verdiyi fərman və sərəncamlar Azərbaycanın veteranlarına və onların yaxınlarına, eləcə də sabah torpaqlarımızın düşmən işğalından azad olunması yolunda fədakarlıq göstərəcək əsgər və zabitlərimizə ünvanlanmış aydın və birmənalı mesajıdır. Vətən, xalq, dövlət öz müdafiəçilərini daim qiymətləndirir, onların xidmətlərini heç vaxt yaddan çıxarmır.

Qeyd olunanlar bu dövlət qayğısına layiqli cavab olaraq, İkinci Dünya müharibəsi iştirakçıları da respublikamızın inkişafı proseslərində, xüsusən də gənc nəslin vətənpərvərlik ruhunda tərbiyəsində fəal iştirak edirlər. Müharibə veteranları ilə bağlı dövlətin sosial proqramlar çərçivəsində həyata keçirilən tədbirlərin yerinə yetirilməsində Respublika Veteranlar Təşkilatı yaxından iştirak edir.

Böyük Vətən müharibəsi iştirakçılarına göstərilən bu diqqət və qayğıya görə Prezident İlham Əliyevə, eləcə də Birinci vitse-prezident Mehriban Əliyevaya Respublika Veteranlar Təşkilatının rəhbərliyi və veteranlarımız adından xüsusi minnətdarlığımızı bildiririk”, - deyə Cəlil Xəlilov vurğulayıb.

Oxunub: 48