images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
ZƏFƏR PARADI SAYƏSİNDƏ VƏTƏNİMİZLƏ YENİ QÜRUR HİSSİ DUYURUQ

Azərbaycan Respublikasının paytaxtı Bakı şəhərində 3 mindən çox hərbçinin və 150-yə yaxın hərbi texnikanın, o cümlədən ən müasir raket qurğuları və hava hücumundan müdafiə (HHM) sistemlərinin iştirakı ilə keçirilən Zəfər paradında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının (MƏSQVT) sədri general-polkovnik Tofiq Ağahüseynov ilə müsahibə xüsusən önəmli oldu – hiss olunurdu ki, qocaman veteran doğma vətən uğrunda aparılan döyüşlərdə, bu Vətən müharibəsində Azərbaycan ordusunun müzəffər olmasından dolayı böyük qürur və sevinc hissi keçirir. Biz də öz növbəmizdə 23 medal və 8 orden, o cümlədən 3 “Qırmızı ulduz” ordeni, Çexoslovakiyanın “Qırmızı ulduz” ordeni, “Azərbaycan Bayrağı” ordeni, “Şöhrət” ordeni və 2018-ci ildə Azərbaycan Respublikası Prezidentin Diplomu ilə təltif olunmuş bu əfsanəvi generala ilk sual ilə müraciət edərək, İkinci Qarabağ müharibəsində əldə olunan zəfər fonunda Azərbaycan Hərbi Hava Qüvvələrinin hava hücumundan müdafiə sisteminin oynadığı rolu Azərbaycan Respublikasının yenicə formalaşdığı müəyyən tarixi zaman kəsiyində Zaqafqaziya Hərbi Dairəsinin hava hücumundan müdafiə qüvvələrinə rəhbərlik etmiş komandir kimi şərh etməyi xahiş etdik.

 

- Hava hücumundan etibarlı müdafiə sisteminin yaradılması Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyev tərəfindən Azərbaycan Respublikası Hərbi Hava Qüvvələrinin rəhbərliyinə tapşırılan birinci dərəcəli məsələ olmuşdur və bu fakt hərbi mütəxəssislərə çoxdan bəlli idi. Ölkənin lideri tərəfindən silahlı qüvvələrin inkişafı üçün düzgün seçilmiş strategiyanın müvəffəqiyyəti Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi ilə təsdiqləndi. Bu gün ölkənin hava hücumundan müdafiə sistemi həm dinc həyatda, həm də döyüş əməliyyatları zamanı ən ciddi tapşırıqları yerinə yetirməyə qadir olan ən müasir texnologiyaya malikdir ki, bu da son müharibə zamanı Qarabağda aparılan hərbi əməliyyatlar fonunda aydın görünürdü.

 

Ermənistan Silahlı Qüvvələrinin çoxsaylı raketlərini zərərsizləşdirən Azərbaycanın hava hücumundan müdafiə sistemi faktiki olaraq regional miqyaslı fəlakətin qarşısını aldı. Azərbaycan Respublikası Energetika Nazirliyinin 11 oktyabr tarixli rəsmi bəyanatında deyildiyi kimi, “Azərbaycan Respublikası Silahlı Qüvvələrinin hava hücumundan müdafiə bölmələrinin Ermənistan tərəfinin atdığı raketləri zərərsizləşdirməsi sayəsində regional fəlakətin qarşısı alındı. Cənubi Qafqazın ən böyük istilik elektrik stansiyası olan “Azərbaycan” İES, eləcə də Mingəçevir Su Elektrik Stansiyası (SES) normal rejimdə fəaliyyətini davam etdirir”.

 

Öz növbəmdə, mən də ölkəmizin hava məkanını ən yüksək səviyyədə qorumağa qadir olan hava hücumundan müdafiə sisteminin yaradılmasına nail olmuş müdrik liderimiz, Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevə dərin minnətdarlıq və rəğbətimi bildirirəm.

 

Mən həmçinin qardaş Türkiyə xalqına və Azərbaycana səfərləri zamanı görüşmək şərəfinə nail olduğum Türkiyə Cümhuriyyətinin lideri cənab Rəcəb Tayyib Ərdoğana şəxsən minnətdaram. Azərbaycan ərazilərinin bütövlüyü uğrunda apardığımız ədalətli mübarizədə Türkiyə Cümhuriyyəti ilk gündən həqiqi dost və qardaş kimi davranaraq həm cənab İlham Əliyevə, həm də Azərbaycan xalqına dəstək olmuşdur və bunu unutmaq olmaz.

- Tofiq müəllim, Bakıda keçirilən Zəfər paradına hazırlıq günlərində ölkənin hər yerində qeyri-adi atmosfer hökm sürürdü və öz ordusu ilə qurur hissi keçirən bütün Azərbaycan xalqı Qarabağı erməni qəsbkarlarının işğalından azad etmək üçün vətənpərvərlik ruhu nümayiş etdirərək, vahid bir toplum kimi Ali Baş Komandan İlham Əliyevin ətrafında toplaşıb bu parada hazırlaşırdı. Parad iştirakçılarının qarşısında çıxış edən Prezident İlham Əliyevin də dediyi kimi, 10 dekabr bütün Azərbaycanlılar üçün həqiqətən möhtəşəm bir günə çevrildi. 

 

 - Bəli, başqa cür ola da bilməzdi, çünki bu, vətənimizin azadlığı uğrunda apardığımız müharibədə əldə olunan zəfərin paradıdır! Bu parad əsnasında biz döyüşlərdə fərqlənən 20-yə yaxın hərbi hissənin döyüş bayraqlarını gördük. Paradın açılışı qələbəyə müstəsna töhfə vermiş müdafiə nazirliyinin xüsusi təyinatlı qüvvələrinin çıxışı ilə başladı. Daha sonra Azadlıq meydanından mətin addımlarla dəniz piyadaları, Naxçıvan Xüsusi Təyinatlı Qüvvələrinin əsgərləri, habelə Dövlət Təhlükəsizliyi Xidməti (DTX), Xarici Kəşfiyyat Xidməti (XKX), Dövlət Sərhəd Xidməti (DSX) və Daxili İşlər Nazirliyinin (DİN) nümayəndələri, eləcə də bütün korpusların zabit və kursantları, o cümlədən xüsusi təhsil müəssisələrinin təmsilçiləri keçdilər. Düşünürəm ki, bu, həm Zəfər paradının iştirakçıları, həm də bu paradı televiziyada canlı yayım zamanı izləyən insanlar üçün bir ömür boyu unudulmayan qürur və sevinc anları olacaq. Mən Azərbaycan ordusunun əsgərləri ilə fəxr edirəm, Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə şəhid olanların doğma və yaxınlarına isə dərin hüznlə başsağlığı verirəm. Zənnimcə, onlar da bu müharibənin müzəffərləri sırasındadırlar.  

 

Mən hələ Stalinin sağ olduğu dövrdə, F. Dzerjinski adına akademiyanın tələbəsi olarkən, 1952-ci ildə Qırmızı meydanda keçirilmiş paradda marşçı kimi iştirak etmişəm. Növbəti iştirakım isə faşist Almaniyası üzərində qələbənin 50-ci ildönümünə həsr olunmuş parada təsadüf edir və öz təcrübəmdən çıxış edərək deyə bilərəm ki, bunlar xüsusən gənclər üçün unudulmaz anlardır.

 

Mən bu fikirlə də razıyam ki, paradlar gənclərin tərbiyəsində vacib və əhəmiyyətli rol oynayır. Paradlarda iştirak etmək vətənpərvərlik ruhunu artırır və parad sayəsində insan öz ölkəsi, vətəni ilə yeni qürur hissi duyur. Bu isə Azərbaycanın gənc nəslinə hər zaman olduğundan daha çox vacibdir.  

 

- Geridə qoyduğumuz onilliklərin sırasında ən çətin illərdən biri sayılan və artıq yekunlaşmaq üzrə olan 2020-ci il ilk növbədə tariximizin yaddaşında Azərbaycanın öz ərazi bütövlüyü uğrunda apardığı Vətən müharibəsində qələbəsi ilə qalacaq. Siz hərbi əməliyyatların sona çatdığı elan olunan günü necə qarşıladınız? Həm gün nə düşündüyünüzü bizimlə bölüşə bilərsinizmi? Öz döyüş və ümumilikdə hərbi bioqrafiyanızdan nəyi xatırladınız?

 

- Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi Ermənistanda dərin kök salmış faşizm üzərində qələbədir. Bütün Azərbaycan xalqı bu saatı gözləyirdi və mən fəxr edirəm ki, hörmətli Ali Baş Komandan İlham Əliyevin rəhbərlik etdiyi ordumuz bu problemi 44 gün ərzində həll edərək, müzəffər ordu kimi tarixə düşdü. Ordumuzun 44 gün ərzində əldə etdiyi qələbə hər bir dövlət üçün örnəkdir. Bu, yeni silah növlərindən istifadə etməklə aparılan ilk müharibədir və şübhəsiz ki, hərbi elm tarixinə düşəcək.

 

Mən Ali Baş Komandanımız Prezident İlham Əliyevlə fəxr edirəm, çünki o, bütün döyüş əməliyyatları əsnasında savadlı və müstəqil dövlət siyasəti yürütməyə qadir olan lider olduğunu hamıya nümayiş etdirdi. Onun demək olar ki, hər gün televiziya vasitəsi ilə çıxış etməsi bu müharibədə vahid cəbhə kimi birləşən Azərbaycan xalqını işğalçılara qarşı mübarizəyə daha da ruhlandırırdı.

 

Əlbəttə, 1941-45-ci illərdə Böyük Vətən müharibəsinin iştirakçısı olduğum gənclik illəri də yadıma düşdü. Həmin dövrdə Azərbaycan faşist Almaniyası üzərində qələbəyə bir çox cəhətdən həlledici və layiqli töhfə vermişdi və həmin zəfərə aparan yolda yaşanan çətinlik və itkilərin xatirəsi aradan 75 il keçsə də unudulmur.

 

- Şuşanın azad edilməsi uğrunda aparılan döyüşlər zamanı Azərbaycan ordusunun rəhbərliyi tərəfindən seçilmiş döyüş taktikası barədə təcrübəli hərbçi kimi nə deyə bilərsiniz? 

 

- Şuşa şəhərinin azad edilməsi İkinci Qarabağ müharibəsinin epiloquna çevrildi. Əvvəlcədən vurğulamaq istəyirəm ki, bu, Ali Baş Komandan tərəfindən düzgün planlaşdırılmış xüsusi əməliyyat idi və döyüşlərin aparıldığı ən çətin dağlıq ərazisində əsgərlərimizin bu planı uğurla həyata keçirməsinə məhz bu əməliyyatın düzgün planlaşdırılması kömək etdi. Şuşanın azad edilməsi tarixə yalnız təlim keçmiş və yaxşı silahlanmış bir ordunun həyata keçirə biləcəyi parlaq əməliyyatlardan biri kimi düşəcək. Bu əməliyyatı həyata keçirmək o qədər çətin bir tapşırıq idi ki, indi bir çox ölkənin hərbi komandanlığı Azərbaycan silahlı qüvvələrinin bu xüsusi əməliyyatını yüksək səviyyəli hərbi əməliyyatların nümunəsi kimi araşdırır.

 

- Artıq uzun müddətdir ki, Azərbaycan “COVID-19” pandemiyası səbəbindən sərt karantin rejimində yaşayır və indi gündəmə hərbi əməliyyatla da əlavə olundu. Sözsüz ki, bütün bunlar bir çox dövlət qurumunun işinə təsir edib. Bəs Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı bu ili necə keçirdi?

 

- Karantin rejimi və komendant saatının tətbiq edilməsi kimi çətin şəraitdə çalışmağımıza baxmayaraq, təşkilatımız bu ilin əvvəlində İkinci Dünya müharibəsində Qələbənin 75-ci ildönümü münasibəti ilə bir sıra tədbirlər keçirib. Bildiyiniz kimi, bu yubiley həm Rusiya Federasiyasında, həm də MDB ölkələri və Avropada xüsusi təntənə ilə qeyd olundu. Hətta bu ilin sentyabr ayında mən Rusiyanın “Qələbə varisləri” Veteranlar Cəmiyyətinin keçirdiyi “Ümumi zəfərimiz” adlı beynəlxalq video-konfransda da iştirak etdim. Video-konfransda çıxım edərkən, mən İkinci Dünya müharibəsinin tarixini yenidən yazmaq və bu qələbənin əldə olunmasında Sovet İttifaqının rolunu azaltmaq cəhdlərinə qarşı çıxan Azərbaycan veteranlarının mövqeyini bölüşdüm, həmin müharibədə Azərbaycanın verdiyi töhfəni xüsusi olaraq qeyd etdim. Mən həmçinin bildirdim ki, Ermənistanın timsalında faşizmi  qəhrəmanlıq kimi qələmə vermək yolverilməz haldir. 

Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli “Həzi Aslanovun 110 illik yubileyinin qeyd edilməsi haqqında” Fərmanının icrası ilə bağlı Tədbirlər planı çərçivəsində təşkilatımız yubiley proqramı çərçivəsində keçirilən bütün vətənpərvərlik tədbirlərində gənclər, müharibə veteranları və müdafiə nazirliyinin əməkdaşları, gənclər və idman nazirliyinin nümayəndələri, Bakı qarnizonunun hərbi hissələri, xüsusi təhsil müəssisələri, veteranlar təşkilatları, qəhrəmanın adını daşıyan qurumlar və Həzi Aslanovun ailə  üzvləri ilə birlikdə iştirak etdi.

Qeyd etmək istərdim ki, biz veteranlara, o cümlədən respublikamızın bölgələrində yaşayan veteranlara ərzaq yardımını ehtiva edən dəstək aksiyası keçirdik. Həmçinin, döyüş əməliyyatlarının başlanğıcından bəri təşkilatımızın bütün üzvləri mənim təşəbbüsümü dəstəkləyərək öz maaşlarından müəyyən məbləği Azərbaycan Ordusuna Yardım Fonduna köçürdülər.

Bu il koronavirus pandemiyası və müharibə şəraitində keçdiyi üçün veteranlarla işləyən və bilavasitə veteranların da çalışdığı təşkilatımızın fəaliyyəti xüsusi səylərin və əlavə tədbirlərin görülməsini tələb edirdi və ümumilikdə, kollektivimiz öz vəzifəsinin öhdəsindən gələ bilmişdir.

Yəqin ki, bəzi elektron mənbələrin səhifələrində təşkilatımızla bağlı neqativ məlumatları əks etdirən məqalələrin dərc olunmasın da aydınlıq gətirməliyik.

 

Çox güman ki, bu, təşkilatda maliyyə işlərinin (əvvəllər aparılmayan) auditinə başlanılmasının nəticəsidir. Təəssüf ki, bu məqsədlə dəvət olunmuş audit şirkəti həm bu yaxınlarda, həm də əvvəllər bir sıra maliyyə pozuntusuna yol verildiyini aşkar edib. Sözsüz ki, təqdimolunma tərzi və faktlar baxımından bu məlumat bir çox suallar doğurur. Ola bilsin ki, bəziləri bu auditin aparılmasından qətiyyən razı deyil, çünki, işdən öz arzusu ilə azad olunmaq barədə ərizə yazaraq təşkilatdan təcili surətdə ayrılmaq istəyənlər oldu. Bəzilərini isə biz özümüz komissiyanın qərarı əsasında əmrlə təşkilatdan kənarlaşdırdıq. Bir sözlə, bildiyiniz kimi, belə hallarda böhtan atmağa hazır olan “narazı” insanlar tez tapılır.

Lakin bu anonim müqavimətə baxmayaraq, başlanılan audit yoxlaması məntiqi nəticə ilə başa çatdırılacaq. Bu audit qanuni əsaslarla aparılır və əgər pozuntular müəyyən olunarsa, təqsiri olan şəxslər öz layiqli cəzalarını alacaqlar. Ümid edirəm ki, yuxarıda qeyd olunan məlumatın cəmiyyətimizdə bu kimi böhtanlarla seçilməyi sevən elektron mənbələrin səhifələrində görünməsinin səbəblərini müəyyən qədər aydınlaşdıra bildim. Ola bilsin ki, bu böhtan xarakterli məlumatların dərc edilməsinin səbəbini qanun çərçivəsində və vəkillərin köməyi ilə araşdırmaq üçün məhkəmə instansiyalarına müraciət etməli olacağıq.

 

- Söhbətimiz üçün vaxt ayırdığınıza görə sizə minnətdaram. Sizə bu ili uğurla başa vurmağı və təşkilat qarşısında qoyulan bütün tapşırıqların öhdəsindən müvəffəqiyyətlə gəlməyi diləyirik.

 

Müsahibəni apardı: Larisa Cavanşir 

Oxunub: 206