images
Azərbaycan Respublikası
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik.
AZ RU EN
images
Zirvə görüşü Azərbaycanın növbəti diplomatik qələbəsi oldu

“Qoşulmama Hərəkatının Zirvə görüşünün Azərbaycanda keçirilməsi ən böyük siyasi tədbir idi. Dünyanın 120 ölkəsi Azərbaycanın haqlı mövqeyini müdafiə etməsi ölkəmizin münaqişə ilə bağlı ədalətli mövqeyini daha da gücləndirdi”. Bu fikirləri SİA-ya açıqlamasında Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov deyib.

O bildirib ki, təşkilatın Bakıda keçirilən toplantıları çərçivəsində qəbul edilən sənədlərdə yer alan məsələlər artıq beynəlxalq ictimaiyyətin də Azərbaycanın haqq sözünü dediyini bir daha sübut edir: “Zirvə Görüşündə iştirak edən ölkələr də Ermənistandan BMT-nin Dağlıq Qarabağ münaqişəsi ilə bağlı məlum 4 qətnaməsinin yerinə yetirilməsini istəmiş oldular. Bu, Azərbaycanın ciddi diplomatik qələbəsidir. Belə bir məqamda Ermənistan bu çağırışa qarşılıq olaraq işğal etdiyi əraziləri tərk etməlidir. ”.

Qoşulmama Hərəkatının BMT-dən sonra dünyada ikinci siyasi təşkilat olduğunu deyən təşkilatın sədr müavini söyləyib ki, Zirvə Görüşündə iştirak edən yüzlərlə nümayəndə ölkəmizin real iqtisadi, sosial vəziyyəti, qədim tarixə malik olmasını öz gözləri ilə görmüş oldular: “Bununla da, qonaqların Azərbaycan haqqında təsəvvürləri daha da genişləndi, mədəniyyətimiz, qonaqpərvərliyimiz, sülhpərvərliyimizin şahidi oldular”.

C.Xəlilov qeyd edib ki, Qoşulmama Hərəkatına sədrliyin 3 il müddətində Azərbaycana həvalə edilməsi böyük missiya olsa da, ölkəmiz bu işin öhdəsindən layiqincə gəlməyə qadirdir: “Əminəm ki, ölkəmiz bu müddət ərzində hərəkatın beynəlxalq münasibətlər sistemindəki rolunu və nüfuzunu daha da yüksəltmək, dünyada sülhü və təhlükəsizliyi möhkəmləndirmək, ədalətin təmin olunması üçün əlindən gələni edəcək”.

Azərbaycanın son dövrlərdə çox böyük tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini deyən ehtiyatda olan polkovnik əlavə edib ki, bütün bunlar dünya ölkələrinin Azərbaycana etibar, inam və ehtiramının əyani göstəricisidir: “Beynəlxalq tədbirə ev sahibliyi etmək o qədər də asan məsələ deyil. Bunun üçün ölkədə sabitlik, stabillik və təhlükəsizlik mütləqdir. Böyük tədbirlərin keçirilməsi üçün Azərbaycanın seçilməsi ölkəmizin sabitlik, stabillik, təhlükəsizlik məkanı olduğunu beynəlxalq aləm tərəfindən də qəbul edildiyini sübut edir. Ölkəmizin dünyada nüfuzu gündən-günə artır. Təbii ki, bu uğurun arxasında Prezident İlham Əliyevin gərgin və geniş əhatəli diplomatik fəaliyyəti dayanır”.

Müəllif: Nailə Məhərrəmova
Oxunub: 129