Kaveroçkin küçəsi 34 rvt@veteran.gov.az
A
A++
Keçmiş SSRİ dövründə baş vermiş hadisələrlə əlaqədar müharibə veteranı adı və vəsiqəsi hansı qaydada verilir?
Azərbaycan Respublikası uzun müddət müttəfiq respublika statusunda keçmiş SSRİ-nin tərkibində fəaliyyət göstərmişdir. Buna görə də müharibə veteranı adı və vəsiqəsinin verilməsini də hərbi əməliyyatların baş verdiyi tarixdən asılı olaraq iki dövrə ayırmaq mümkündür. Əsasnamənin 1-ci bəndinə əsasən keçmiş SSRİ dövründə baş vermiş hadisələrlə əlaqədar olaraq müharibə veteranı adı və vəsiqəsi aşağıdakı qaydada verilir: • ikinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə-müharibə ilə əlaqədar əlilliyi olan və ya müharibə iştirakçısı vəsiqələrinin, şəxsi işlərin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında; • başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə-təsdiqedici sənədlərə əsasən; • ikinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və ya donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə-müvafiq arxiv orqanlarının arayışları əsasında; • ikinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Le-ninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə- medal və döş nişanı vəsiqələri əsasında; • 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslərə- müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında; • Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə- müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, arxiv orqanlarının arayışı əsasında; • 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmada), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara- arxiv arayışları əsasında. “Veteranlara dövlət qayğısı:hüquq bələdçisi” kitabından götürülmüşdür.
Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi hansı normativ hüquqi aktlardan ibarətdir?
Veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericiliyi Azərbaycan Respublikası Konstitusiyasının 16 (Sosial inkişaf və dövlət), 38 (Sosial təminat hüququ), 41 (Sağlamlığın qorunması hüququ), 43 (Mənzil hüququ), 57 (Müraciət etmək hüququ), 58 (Birləşmək hüququ), 59 (Azad sahibkarlıq hüququ), 60 (Hüquq və azadlıqların inzibati və məhkəmə təminatı hüququ), 71 (İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının təminatı, 74 (Vətənə sədaqət), 76 (Vətəni müdafiə), ümumilikdə 94, 95, 109, 114, 147-149, 151 və digər müvafiq maddələrinin məcmusundan ibarətdir. Qeyd edilməsi zəruridir ki, beynəlxalq birliyin üzvü kimi Azərbaycan vətəndaşlarının hüquq və azadlıqlarının məzmunu öz hüquqi mənbəyini və məzmunu ölkəmizin də üzv olduğu, tanıyıb ratifikasiya etdiyi və üzərinə müvafiq öhdəliklər götürdüyü beynəlxalq təşkilatların müvafiq sənədlərindən - Birləşmiş Millətlər Təşkilatının 26 iyun 1945-ci il tarixli Nizamnaməsinin, BMT Baş Assambleyasının 10 dekabr 1948-ci il tarixdə 217-ci A(III) qətnaməsi ilə qəbul edilmiş “İnsan hüquqlarına dair Ümumdünya Bəyannaməsi”nin, BMT Baş Assambleyasının 16 dekabr 1966-cı il tarixli “İqtisadi, sosial və mədəni hüquqlar haqqında, habelə “Mülki və siyasi hüquqlar haqqında Beynəlxalq Pakt”larının, BMT Baş Assambleyasının “Hamı tərəfindən tanınan insan hüquqlarını və azadlıqlarını dəstəkləmək və müdafiə etməklə bağlı cəmiyyətdəki fərdlərin, qrupların və orqanların hüquq və məsuliyyəti haqqında” 9 dekabr 1998-ci il tarixli 53/144 saylı qətnaməsinin, Avropa Şurasının 4 noyabr 1950-ci il tarixli Nizamnaməsinin, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Roma Konvensiyasının, “Dəyişdirilmiş Avropa sosial Xartiyası” və ona edilmiş əlavələrin, BMT-nin “Minillik Bəyannamə”sinin, BMT-nin Baş Məclisi tərəfindən 16 sentyabr 2005-ci il tarixli Ümumdünya Sammitinin “İnsan hüquqları və qanunun aliliyi sahəsində Yekun Sənədi”nin, Avropa Şurasının dövlət və hökumət başçılarının 16-17 may 2005-ci il tarixli III Sammitində qəbul edilmiş “Varşava Bəyannaməsi”nin, digər beynəlxalq və regional təşkilatların normativ-hüquqi aktlarının müddəalarından qaynaqlanır. Ulu Öndər Heydər Əliyevin bilavasitə rəhbərliyi və təşkilatçılığı ilə hazırlanıb Azərbaycan Respublikasının Milli Məclisinə təqdim edilmiş “Veteranlar haqqında” 28 iyun 1994-cü il 841 nömrəli Qanun qəbul edilmişdir. Bu sənəddə veteranlar haqqında dövlət siyasətinin əsas istiqamətləri, müharibə veteranları, silahlı qüvvələr veteranları, əmək veteranları, onların statusu, bu adların verilməsi qaydaları, veteranların sosial-məişət, nəqliyyat, tibbi yardım, mənzil, komunal və rabitə xidmətləri ilə təmin olunma, ictimai nəqliyyatdan güzəştli qaydada istifadə etmə, mərasim xidmətləri və digər məsələlərin hüquqi tənzimlənməsi təsbit olunmuşdur. Qanun veteranlara verilən güzəştlərin şamil edildiyi şəxslərin dairəsini, onların xidmətlərini, sağlamlıq vəziyyətlərini, fiziki imkanlarını və digər amilləri nəzərə alaraq cəmiyyət həyatının bütün sahələrində onların fəal iştirak etməsi üçün ən zəruri təminatları müəyyənləşdirmişdir. Bunun üçün şəxs ilk növbədə müvafiq hüquqi sənədlərə, veteran adına və vəsiqəsinə malik olmalıdır. Bu baxımdan veteranlar haqqında Azərbaycan Respublikasının qanunvericilik aktları sistemində Azərbaycan Respublikası Nazirlər Kabinetinin 22 sentyabr 1995-ci il tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamə, (bundan sonra-Əsasnamə) digər müvafiq sənədlər - qanunlar, qərarlar, fərmanlar, təlimatlar əsas götürülməlidir. Həmin Əsasnamənin mətni aşağıdakı kimidir: Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamənin və müvafiq vəsiqələrin nümunəsinin, eskizinin və təsvirinin təsdiq edilməsi haqqında AZƏRBAYCAN RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN QƏRARI “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinə müvafiq olaraq Azərbaycan Respublikası Nazirlər Kabineti qərara alır: 1. “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə” təsdiq edilsin (əlavə 1). 2. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı vəsiqələrinin nümunəsi, eskizi və təsviri təsdiq edilsin (əlavə 2). 3. Azərbaycan Respublikası Mətbuat və İnformasiya Nazirliyinə tapşırılsın ki, müharibə, silahlı qüvvələr və əmək veteranı vəsiqələrinin, onları verən orqanların sifarişinə və vəsaiti hesabına çap edilməsini təmin etsin. Baş nazirin birinci müavini A.Abbasov Bakı şəhəri 22 sentyabr 1995-ci il, № 216 Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Əlavə 1 Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında ƏSASNAMƏ Bu Əsasnamə “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununa əsasən “Müharibə veteranı”, “Silahlı Qüvvələr veteranı” və “Əmək veteranı” adlarının və müvafiq vəsiqələrin (vəsiqənin nümunəsi Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq edilir) verilməsi qaydasını və şərtlərini tənzimləyir. 1. Müharibə veteranları Müharibə veteranı adı aşağıdakı qaydada verilir: ikinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə — müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, şəxsi işlərin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında; başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslərə — təsdiqedici sənədlərə əsasən; ikinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçilərinə — müvafiq arxiv orqanlarının arayışları əsasında; ikinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə — medal və döş nişanı vəsiqəsi əsasında; 1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslərə — müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, hərbi biletlərin, arxiv orqanlarının arayışı əsasında; Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə — müharibə ilə əlaqədar əlilliyi olan şəxsin və ya müharibə iştirakçısı vəsiqələrinin, arxiv orqanlarının arayışı əsasında; 1941-1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmada), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçulara — arxiv arayışları əsasında; Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında. Qeyd. Bu qayda Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibi bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş, “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanununun 3-cü maddəsinin birinci hissəsinin üçüncü abzasında göstərilmiş şəxslərə şamil olunmur. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin birinci-yeddinci yarımbəndlərində qeyd edilən şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda Naxçıvan Muxtar Respublikası (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti tərəfindən onun yaratdığı müvafiq komissiyanın rəyinə əsasən verilir. Bu Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində göstərilən şəxslərə (Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində döyüşmüş şəxslər istisna olmaqla) müharibə veteranı adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) şəxsin hal-hazırda xidmət keçdiyi (qulluq etdiyi), əvvəllər ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi (qulluq etdiyi) yerdən asılı olaraq, aidiyyəti üzrə Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Prokurorluğu Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikası Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Müdafiə Nazirliyi tərəfindən verilir. Vəsiqənin hazırlanması xərcləri Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin, Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin vəsaiti hesabına ödənilir. 2. Silahlı qüvvələrin veteranları Azərbaycan Ordusunun və qanunvericilikdə nəzərdə tutulmuş digər silahlı birləşmələrin sıralarında (SSRİ Silahlı Qüvvələri və digər silahlı birləşmələrində xidmət müddəti də nəzərə alınmaqla) təqvimlə 25 (iyirmi beş) il və daha çox hərbi xidmət keçmiş (hərbi qulluqçunun şərəfini ləkələyən xətalar törədilməsinə və ya törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidməti istisna edən cəzaya məhkum edildiyinə görə ordu sıralarından və ya müvafiq orqanlardan xaric olunanlar istisna olmaqla) Azərbaycan Respublikasının vətəndaşları Silahlı Qüvvələrin veteranları sayılırlar. “Silahlı qüvvələr veteranı” adı ehtiyata və ya istefaya buraxılan zaman müəyyən olunmuş qaydada təsdiq edilmiş xidmət illəri cədvəlindən çıxarış əsasında verilir. “Silahlı Qüvvələr veteranı” adı və müvafiq veteran vəsiqəsi (o cümlədən, onun dublikatı) hərbi qulluqçulara həqiqi hərbi xidmət keçdiyi (qulluq etdiyi), ehtiyata və istefaya buraxılmış şəxslərə isə sonuncu xidmət keçdiyi dövlət orqanından asılı olaraq aidiyyəti üzrəAzərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidməti, Azərbaycan Respublikasının Müdafiə Nazirliyi, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidməti tərəfindən onların yaratdıqları müvafiq komissiyaların rəyinə əsasən verilir, o cümlədən: respublikanın hərbi məhkəmələrində və hərbi prokurorluq orqanları sistemində xidmət edən hərbi qulluqçulara Azərbaycan Respublikasının Ali Məhkəməsində və Respublika Prokurorluğunda yaradılan komissiyaların rəyinə əsasən Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilir. Vəsiqənin hazırlanması xərcləri Azərbaycan Respublikasının Təhlükəsizlik Şurası katibinin xidmətinin, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin, Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinin, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti, Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmətinin, Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin və Azərbaycan Respublikası Xüsusi Dövlət Mühafizə Xidmətinin vəsaiti hesabına ödənilir. 3. Əmək veteranları Əmək veteranı adı və veteran vəsiqəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirliklər, dövlət komitələri, digər mərkəzi icra hakimiyyəti orqanları, dövlət konsernləri, şirkətləri və idarələri, habelə yerli icra hakimiyyəti orqanları (bundan sonra — icra orqanları) tərəfindən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya hüququ qazanmış aşağıdakı şəxslərə verilir: iqtisadiyyatın bütün sahələrində: istehsal, elm, mədəniyyət, təhsil sistemində, səhiyyə və digər əmək fəaliyyəti sahələrində xüsusi xidmətlərinə görə keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layiq görülənlər; keçmiş Sovet respublikaların Ali Sovetlərinin Fəxri Fərmanları ilə təltif olunanlar; Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Oktyabr İnqlabı ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Xalqlar Dostluğu ordeni, “Şərəf nişanı” ordeni, Şərəf ordeni, I dərəcəli Əmək Şöhrəti ordeni, II dərəcəli Əmək Şöhrəti ordeni, III dərəcəli Əmək Şöhrəti ordeni, “Əmək veteranı” medalı, “Əmək igidliyinə görə” medalı, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunanlar; Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlar; Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunanlar; uzun illər ictimai əməklə məşğul olanlar (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda). “Əmək veteranı” adını almaq istəyən şəxs, ərizə və həmin adı almaq üçün bu Əsasnamədə nəzərdə tutulan təsdiqedici sənədlərlə öz iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət edir. Ərizə və digər zəruri sənədlər baxılmaq üçün aidiyyəti üzrə icra orqanlarında yaradılan komissiyalara təqdim edilir və komissiyanın rəyinə əsasən müvafiq qərar qəbul edilir. Bu Əsasnamədə nəzərdə tutulmayan başqa hallarda (müəssisə ləğv edilmiş olduqda, iş yeri qeyri-dövlət müəssisəsi olduqda və s.) “Əmək veteranı” adı və vəsiqə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilir: Vəsiqənin hazırlanması xərcləri həmin vəsiqəni verən icra orqanlarının vəsaiti hesabına ödənilir. 4. Əlavə müddəalar Veteran statusunu təsdiq edən sənədin “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununa və bu Əsasnaməyə uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş orqan onun geri alınmasını təmin edir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə TƏSDİQ EDİLMİŞDİR Əlavə 2 Müharibə veteranı, silahlı qüvvələr veteranı, əmək veteranı vəsiqələrinin təsviri nümunəvi və eskizi 1. Müharibə veteranı vəsiqəsi 7 sm x 19,5 sm ölçülü cilddən ibarətdir. Vəsiqə göy rəngdədir, onun üstündə yuxarıda Azərbaycan Respublikası dövlət gerbinin qrafik təsviri verilmiş, aşağıda qızılı rənglə “Azərbaycan Respublikasının müharibə veteranı” sözləri yazılmışdır (nümunəsi 1 nömrəli eskizlə əlavə olunur). 2. Silahlı qüvvələr veteranı vəsiqəsi 7 sm x 19,5 sm ölçülü cilddən ibarətdir. Vəsiqə tünd qırmızı rəngdədir, onun üstündə da Azərbaycan Respublikası dövlət gerbinin qrafik təsviri verilmiş, aşağıda qızılı rənglə “Azərbaycan Respublikası silahlı qüvvələri veteranı” sözləri yazılmışdır (nümunəsi 2 nömrəli eskizlə əlavə olunur). 3. Əmək veteranı vəsiqəsi 7 sm x 19,5 sm ölçülü cilddən ibarətdir. Vəsiqə yaşıl rəngdədir, onun üstündə yuxarıda Azərbaycan Respublikası dövlət gerbinin qrafik təsviri verilmiş, aşağıda qızılı rənglə “Azərbaycan Respublikasının Əmək veteranı” sözləri yazılmışdır (nümunəsi 3 nömrəli eskizlə əlavə olunur). 4. Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı vəsiqələrinin 1-ci səhifəsində “vəsiqəni verən müəssisə, VƏSİQƏ, seriya, nömrə, soyadı, adı, atasının adı, şəxsi imza” sözləri yazılmış, 3x4 sm ölçülü fotoşəkil üçün yer qoyulmuşdur. Vəsiqələrin 2-ci səhifəsində “Vəsiqənin sahibi müharibə veteranları (müvafiq surətdə silahlı qüvvələr veteranları, əmək veteranları) üçün Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən olunmuş güzəşt və imtiyazlardan istifadə etmək hüququna malikdir, vəsiqə müddətsizdir və Azərbaycan Respublikası ərazisində qüvvədədir, verildiyi tarix, müəssisə rəhbərinin imzası” sözləri yazılmışdır. 5. Vəsiqənin içərisinə onu verən mərkəzi icra orqanı tərəfindən vərəq əlavə edilir. Əlavədə Qanunla vəsiqənin sahibi üçün nəzərdə tutulmuş güzəştlər sadalanır və bu, müvafiq mərkəzi icra orqanının möhürü ilə təsdiq edilir. 6. Vəsiqənin itirilməsi, xarab olması, yanması və sair hallarda, ancaq bu faktı təsdiq edən sənədlər olduqda, vəsiqə təkrar verilir. “Veteranlara dövlət qayğısı:hüquq bələdçisi” kitabından götürülmüşdür.