Latest news

Xəbər verdiyimiz kimi, artıq günlərdir Bakıda keçiriləcək Vətən Müharibəsində qələbəyə həsr olunmuş Zəfər paradına hazırlıq işləri davam edir. Həmçinin, bildirilib ki, cəbhə xəttindən ermənilərdən hərbi qənimət olaraq götürülmüş hərbi texnikalar da paradda nümayiş etdiriləcək. Paradın hazırlıqlarından yeni görüntüləri təqdim edirik:
Read more
“Silah yoldaşım yanımda snayper gülləsindən yaralandı. Əlini sıxdım ki, qorxma, çıxacağıq, yaşayacaqsan. Son nəfəsində mənə evlərinin nömrəsini verib, ailəmə xəbər verərsən deyib qollarımda şəhid oldu...İnsan o görüntüləri yaddaşından silə bilmir, bu gün də mən gözlərimi yumub rahat yuxu yata bilmirəm...” Nə qədər ağır olsa da, bu müharibədən geridə qalan acı həqiqətidir. 44 günlük Vətən müharibəsində 2783 nəfər hərbi qulluqçu həlak olub. O igidlərin öz dilindən eşidə bilməyəcəyimiz ən azı 2783 qəhrəmanlıq dastanı qaldı geridə. Onların şücaətləri barədə isə elə onlarla çiyin-çiyinə vuruşan, şəhidlərin qanını yerdə qoymayan qəhrəman qazilərimiz, əsgərlərimiz danışacaq. Elə bu dəfə ki, müsahibimiz kimi. Müharibə başlayandan orduya can atan Mehdiyev Samir Nizami oğlu səfərbərlik elan edildikdən sonra ön cəbhəyə yollanan hərbçilərimizdəndir. Zabit kimi Vətən müharibəsində iştirak edən Samir deyir ki, döyüşlərə tağım komandiri kimi başlayıb. - Döyüşlərə hansı istiqamətdə başladınız? - Füzuli istiqamətindən döyüşlərə başladıq. Bizim tabor bu istiqamətdə döyüş tapşırıqlarını layiqincə yerinə yetirdi. Biz Füzuliyə girəndə ermənilər döyüşmək yerinə silahlarını, mövqelərini qoyub qaçırdılar. Bəlkə də bir neçə saatın içində Füzulini ermənilərdən təmizlədik. Daha sonra Cəbrayıl istiqamətində irəliləməyə başladıq. Hadrut istiqamətində də çox gərgin döyüşlər oldu. Düşmənin döyüş meydanında qoyub-qaçdığı zirehli texnikaları, silah-sursatları qənimət kimi götürürdük. Onların mövqelərini tuta-tuta irəliləyirdik. Boşaldılan kəndləri gördükcə insanın ürəyi ağrıyırdı. Bizim torpaqlarımızı, ata-baba evlərimizi darmadağın ediblər. - Yaralandığınız istiqaməti xatırlayırsızmı? - Xocavənd istiqamətindəki döyüşlərdən sonra Şuşa uğrunda döyüşlərə qoşulduq. Səngərlərdə mövqelərimizi tuturduq. Hər səngərdə demək olar ki, 3-4 nəfər olurduq. Şuşanın girişinə çox az qalmışdı. Düşmən minaatandan atəş açdı. Çox təəssüf ki, mərmi səngərdə dayanan əsgərin üzərinə düşdü. Bir anlıq hər kəs yerində dondu qaldı. Gözümüzün önündə yox oldu... Qanı üzərimizə sıçradı. Mən və zabit yoldaşım isə qəlpə yarası aldıq. Ayağımdan bir neçə yerdən qəlpə yarası aldım, mərminin dalğası isə aşağı ətrafları yandırdı. Şokdan çıxa bilmirdik. Əsgərlər bizi yaralı halda sürüyə-sürüyə təhlükəsiz mövqelərə gətirdilər. Oradan təcili tibbi yardım maşını ilə Füzuli rayon xəstəxanasına gətirildim. İlkin yardım edildikdən sonra Bakıya göndərdilər. - Bəs o səngərdə şəhid olan əsgər...? - Özümə gələn kimi, o əsgərin ailəsini ziyarət edəcəm. O gənc qəhrəman özü bilmədən digərlərinin həyatını xilas etdi. O qədər cəsur, mərd əsgər idi, sizə onu ifadə edə bilmirəm. Ömür boyu bu hadisə mənim hafizəmdən çıxmayacaq. Hər gözümü yumanda o gəlir gözümün önünə. Artilleriya atəşindən bir neçə dəqiqə qabaq isə əsgərlər çay istəmişdi. Həlak olan əsgər birinci dedi mən dəmləyərəm. Sonra bilmirəm nə oldusa, fikrini dəyişdi. Digər əsgər yoldaşı getdi, o qaldı. Bəlkə də o da əsgər yoldaşları ilə birlikdə getsəydi, indi sağ olardı. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əsgərlərimizin hər biri yüksək əhval-ruhiyyədə idi, can atırdılar ki, irəli getsinlər. Danışdıqca özümə yaxşı hiss etmirəm. O uşaqların üz-gözü yadımdan çıxmır. Səhər bir yerdə olduğun əsgərin bir neçə saat sonra nəşini daşımaq çox ağırdır...Bunu izah etmək olmur. Hər saniyənin öz hökmü olduğunu çox acı şəkildə yaşadıq... - Azad edilən ərazilərdə düşmən tərəfindən yerləşdirilən minalar çox idi? - Bizim qarşımızda ermənilər var. Onlar elə düşməndir ki, illərdir bu ərazilərdə pusqular qurub. Onlar savaşa bilmir, ancaq qorxub qaçırlar. Qaçdıqca əraziləri minalayırlar. Amma Azərbaycan Ordusu onların düşündüyündən də güclü, yüksək hərbi biliklərə malikdir. Odur ki, biz nə özümüz, nə də əsgərlərimizi onların tələlərinə düşməyə icazə vermədik. Əraziləri, evləri minalayır, müxtəlif partlayıcı qurğular qoyurdular. Bəzən zirehli jiletlərini, bir neçə silahlarını ortalıq yerdə atıb, altına partlayıcı qoyurdular. Kəndlərdə isə küçəyə diqqət çəkmək üçün müxtəlif zinət əşyaları, avadanlıqlar qoyurdular. O qədər dilənçi millətdir ki, zənn edirdilər ki, bizim əsgərlər onları götürüb tələyə düşəcək. Əvvəla biz irəlidə əsgərlərin getməsinə icazə vermirdik. İkincisi isə heç kim ərazi təmizlənməmiş heç nəyə toxunmurdu. - Özünüzün qarşılaşdığınız və zərərsizləşdirdiyiniz partlayıcı olubmu? - Bir dəfə Cəbrayılda bir kəndə girdik. Kənddəki evlərdən birinin qapısında əl qumbaralarından ibarət “sürpriz” hazırlanmışdı. Biz onlardan daha ehtiyatlı davranıb hazırlanan qurğunu işə düşməmiş zərərsizləşdirdik. Şükür ki, heç bir itkimiz olmadı. Evlərin içərisində ermənilər gizlənə bilərdi, mülki əhali qala bilərdi. Ona görə biz bütün evlərə girib boş olduğunu yoxlayırdıq. - Sosial şəbəkələrdə evlərin anbarında şorabalardan, kompotlardan yeyən-içən əsgərlərin videoları paylaşılırdı. Hər kəs onlara görə narahat olurdu ki, zəhərli olar. Bəs siz istifadə edirdinizmi o qidalardan? - Xeyr, bizim qida ehtiyatımız var idi. Bütün hallarda müharibədir, çətinlik ola da bilərdi, amma bütün hallarda əsgərlərin o qidalara toxunmasına, yeməsinə icazə vermirdik. Onların təhlükəsizliyi naminə bu məsələdə qəti qərar verilmişdi. Siz təsəvvür etməzsiz, əhalidən bizə nə qədər qida, isti corab, papaq, əlcəklər göndərirdilər. Analarımız öz əlləri ilə yun corablar toxuyub göndərirdi. Onların əsasən, qoyunlarından, toyuqlarından kəsib kabab edirdik. Əsgərlərə şərait yaradırdıq ki, yorğunluqlarını belə atsınlar. - Sizin üçün müharibədə ən çətin mövqe, ən ağır döyüş hansı istiqamətdə oldu? - Füzuli istiqamətində hücuma keçəndə bunker deyilən yerə hücuma keçdik. 28 ildə hazırladıqları bunkerlər artilleriya davamlı olduğu üçün silah-sursatları orada saxlayırdılar. Snayperlər, qumbaraatan qurğular orada saxlanılırdı. Biz hücuma keçəndə onlar gözlədilər. Bunkerlərə yaxınlaşdıqdan sonra düşmən bizi artilleriya atəşinə tutdu. Bir neçə əsgər, zabit yoldaşlarımız şəhid oldu. Təxminən 3-4 saat davam edən ağır döyüşlərdə təəssüf ki, itkilərimiz oldu. Yaralılarımızı təhlükəsiz mövqelərə çəkdik. Düşmən isə öz yaralılarını elə orda qoyub qaçırdı. Gecə isə şəhid olan yoldaşlarımızın nəşlərini neytral ərazidən götürdük. Füzulinin Əsləsgərli kəndinə hücuma keçərkən tabor komandirimiz mayor Azayev şəhid oldu. Düşmənin snayper atəşi ilə həlak olan mayor Azayev 12 nəfərdən ibarət zabit, əsgər heyətinin həyatını xilas etdi. Ermənilər bizi mühasirəyə almağa cəhd etdilər, amma buna nail ola bilmədilər. Döyüş tapşırıqlarını yerinə yetirib, mövqelərimizi dəyişirdik. Düşmənin mövqelərində çox qalmaq olmurdu, çünki onlar ilk olaraq tərk etdikləri səngərləri atəşə tuturdular. - Ən uzun çəkən döyüş hansı oldu? - Hadrut istiqamətindən qızğın döyüşlər getdi. Yüksəklik olduğu üçün düşmən hər cür mənfur addımı atırdı. Lakin, sonunda haqq qazandı, biz qazandıq. Onları iti qovan kimi qovub, torpaqlarımızdan çıxardıq. - Şuşanın azad olunması xəbərini xəstəxanada aldınız? - Bəli. Ayın 5-i mən artıq xəstəxanada idim. Onda eşitdim ki, bizim tabor Şuşaya girib. Həm sevindim, həm də kədərləndim. Sevindim ona görə ki, əsgər yoldaşlarımız bizim yoxluğumuzda belə düşmənə Azərbaycan Ordusunun gücünü göstərdi. Kədərlənməyim isə Şuşaya girmək, azadlığı uğrunda döyüşdə iştirak etmək şərəfinə nail olmamağıma görədir. Amma Ali Baş Komandana təşəkkür edirəm ki, Vətən müharibəsində iştirak etmək şərəfinə layiq görülənlərdən biri oldum. - Yaralandığınızla bağlı ilk xəbəri kimə dediz? - Biz ailədə beş qardaşıq. Ortancıl qardaşıma mesaj yazdım. Anam xəstədir, qorxdum ki, narahat olar. Elə Füzulidə xəstəxanada qardaşıma mesaj yazdım ki, “Horadizdə hospitala düşmüşəm, heç kimə demə. Yaram yüngüldü”. Sonra zəng elədim ki, kənara çəkilər yəqin. Qardaşım da elə bilib ki, mən deyiləm, kimsə mənim adımdan yazıb. Qorxub. Söhbətimizə qoşulan qazımızın qardaşı Füzuli Mehdiyev deyir ki, səsini eşidənə qədər qardaşının şəhid düşdüyünü zənn edib: “Ağlıma o qədər fikirlər gəldi ki, narahat oldum. Düşündüm ki, ciddi nəsə olub. Mənə demirlər. Sonra səsini eşitdikdən sonra ürəyim yerinə gəldi. Düşündüm ki, atama necə deyim ki, qorxmasın. Bizim öz aramızda qərargah adlandırdığımız otağımız var. Həmişə orda oturub söhbət edirdik. Atamı otağa çağırdım, gələn kimi soruşdu ki, “Samirə nə olub?”. Dedim yaxşıdı, sadəcə yaralanıb. Elə həmin gün də Füzuliyə yola düşdük. Evə gələnə qədər anama demədik ki, Samir yaralanıb”. Qazimizin atası Nizami Mehdiyev isə oğlu ilə fəxr etdiyini deyir: “Beş oğlum var hamısını vətənpərvər ruhda böyütmüşəm. Özüm Birinci Qarabağ müharibəsində iştirak etmişəm. Müharibəyə könüllü olaraq yardım edənlərdən biri olmuşam. O vaxt 26 şəhidi daşımışdım, oğlum üçün bir anlıq həyəcan keçirdim. Şəhidlik ən uca zirvədir, təəssüflənməzdim. Amma atayıq, valideyn olduğumuz üçün ani olaraq sağ-salamat olduğunu eşitmək istəyirsən... Birinci mənə dedilər ki, Samirin ayağını çəkmə sürtüb, həkimə aparıblar. Özüm də ehtiyatda olan zabitəm, dedim məni aldatmayın. Nəhayət səs yazısını mənə dinlətdilər, canı üstündədir dedilər ürəyim sakitləşdi”. - 44 gün ərzində ailəniz ilə danışa bilirdinizmi? - Çalışırdım hər gün danışım. Lakin, imkan olmurdu. Orada dalğa tutmurdu. Elə olurdu günlərlə evi yığa bilmirdim. Ailəmdən, övladlarımdan ötrü darıxırdım. Həm də mən cəbhədə olanda qızımın ad günü oldu. Burda əlimdən gələn heç nə yox idi. Bu döyüşlərə gəlmişik ki, müharibə sabaha qalmasın, övladlarımıza qalmasın. Qızıma bir məktub yazdım. Xahiş etdim ki, ona çatdırsınlar. Qismətdir, bəlkə bir də görmək nəsib olmaz. Bilsin ki, atası harda olursa olsun onu da, qardaşını da bir an belə yadından çıxarmayıb. Sağ olsun qardaşım, məktubu qızıma çatdırıb. Onun da görüntülərini çəkib mənə göndərdi. Hisslərimi ifadə edə bilmirəm. Allah bütün əsgərləri ailələrinə, əzizlərinə qovuşdursun. Şəhid olan əsgərlərimizə Allah rəhmət eləsin, yaralı əsgərlərimizə şəfa diləyirəm. Könül CəfərliFoto: Ramil Zeynalov
Read more
Prezident İlham Əliyev Orxan Sultanova general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıb. Sərəncamla Azərbaycan Respublikası Xarici Kəşfiyyat Xidmətinin rəisi Orxan Sedyar oğlu Sultanova general-polkovnik ali hərbi rütbəsi verilib.
Read more
Prezident İlham Əliyev Ə.N.Nağıyevə general-polkovnik ali hərbi rütbəsinin verilməsi haqqında sərəncam imzalayıbSərəncamla Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi Əli Nağı oğlu Nağıyevə general-polkovnik ali hərbi rütbəsi verilir. Bu Sərəncam imzalandığı gündən qüvvəyə minir.
Read more
Azərbaycan xalqının Ümummilli lideri, dahi şəxsiyyət Heydər Əliyevin və Türkiyə Cümhuriyyətinin qurucusu, qardaş türk xalqının öndəri Mustafa Kamal Atatürkün anım günləri ilə əlaqədar Azərbaycan-Türk dağçılarından ibarət qardaşlıq qrupu “Heydər zirvəsi”nə və “Atatürk zirvəsi”nə qalxıb. Bu barədə ETSN-nin mətbuat katibi İradə İbrahimova məlumat verib. Onun sözlərinə görə, ekologiya və təbii sərvətlər nazirinin müavini Firdovsi Əliyevin rəhbərlik etdiyi qrup üzvləri əvvəlcə Fəxri xiyabanda ümummilli lider Heydər Əliyevin xatirəsini ehtiramla yad edib, məzarı önünə gül dəstəsi düzüb, qardaş türk xalqının böyük öndəri Mustafa Kamal Atatürkün Bakıda ucaldılmış heykəli önünə əklil qoyublar. “Böyük Qafqazın Başdağ silsiləsinin Qızıl Qaya massivinin mürəkkəb relyefinə baxmayaraq qrup üzvləri yüksək əhval-ruhiyyə və qələbə sevinci ilə "Heydər zirvəsi"nə və “Atatürk zirvəsi”nə qalxaraq hər iki xalqın dahi şəxsiyyətlərinin barelyefləri önünə gül dəstələri düzüb, əziz xatirələrini yad edib və Azərbaycan, Türkiyə bayraqlarını dalğalandırıblar. İ.İbrahimova bildirib ki, Azərbaycanın Qarabağda qazandığı zəfər günlərində bu zirvələrin ziyarət olunması və dahi şəxsiyyətlərin anılması çox qürurvericidir.
Read more
Daxili İşlər Nazirliyinin (DİN) Daxili Qoşunlarının baş leytenantı Mustafayev Təhmasib Sərməst oğlu Vətən müharibəsinin şəhidlərindədir. Nazirlikdən Publika.az-a verilən məlumata görə, 31 yaşlı T.Mustafayev Cəbrayıl rayonunda doğulub. O, noyabrın 7-də Şuşa istiqamətində gedən döyüşlərdə şəhid olub. Subay idi.
Read more
44 günlük Vətən müharibəsində Azərbaycanın ən yeni tarixini yazanlar arasında xüsusi təyinatlı çavuş, şəhid Ramiz Ağayev də var. O, döyüşlərə Murovdağ zirvəsində başladı, Füzulidə ağır yaralandı, Şuşada şəhid oldu... Publika.az xəbər verir ki, ARB 24 şəhid Ramiz Ağayevin ailəsini ziyarət edib və onun keçdiyi döyüş yolu barədə məlumat öyrənib. Vətən müharibəsi başlayanda xüsusi təyinatlı çavuş Ramiz Ağayev bir an belə düşünmür. Tərəddüd etmir. "Vətən çağırır" deyib döyüşlərə qatılır. İlk uğurlu əməliyyat Murovdağ zirvəsində olur. Daha sonra silahdaşları ilə birlikdə Füzuli uğrunda döyüşür. Elə bu döyüşlərdə çox sayda düşmən hərbçisini məhv edir, özü isə çiyin və boğaz nahiyələrindən 3 güllə yarası alır. Bir yandan həkimlər, bir yandan da ailəsi təkid edir ki, müalicə olunsun. Amma heç kim onu saxlaya bilmir. "Gedəcəm mən" - dedi: - gözümün qabağında yoldaşlarım şəhid oldu. Mən əlimi-qolumu sallayıb xəstəxanadan gəlib oturmayacam. Mən gedib onların başlarını əzəcəm". Getdik, gördüm pəncərədən çıxdı əl etdi, dedi, mama, narahat olma. Fəxr edirəm ki, belə bir oğul böyütmüşəm", - deyə anası Məlahət Ağayeva bildirib. Şəhidimizin dayısı Asəf Fərzəliyev də Vətən müharibəsində iştirak edən hərbçilərimizdəndir. O da yaralandığı üçün tərxis olunmasını məsləhət görsə də, Ramiz Ağayev bunu qəbul etməyib və yoldaşları ilə birgə sona qədər xidmətini davam etdirəcəyini deyib. "Suqovuşandan zəng etdi, danışdıq. Dedim, yaralısan, evə get, mənə qayıtdı dedi, neçə yaşın var? Dedim 60. Dedi, sən hardasan? Dedim, Suqovuşanda. Qayıtdı dedi ki, bəs mən niyə evə gedim ki? Mənim yerim səngərdə yoldaşlarımın yanındadı…" - Asəf Fərzəliyev danışır. Axıra kimi də gedir. Çiynindəki mərmi çıxarılmadan... Şəhid yoldaşlarının qisasını almaq üçün... Arzusunda olduğu Şuşanı düşmən tapdağından azad etmək üçün... Qarabağın tacı - Şuşa şəhərinin azad edilməsi dünya hərb tarixinə düşəcək unikal hərbi əməliyyatlardan biri kimi dəyərləndirilir. Eşidən, görən hər kəs deyir ki, əsgərlərimiz Şuşa üçün əlbəyaxa döyüşüblər. Ramiz də o döyüşə çıxanlardan biridir. Ramiz Azərbaycanın 28 illik Şuşa həsrətinə son qoyanlardan biri kimi adını tarixə yazıdırır. Canı, qanı bahasına, şəhidlik zirvəsinə ucalaraq. Ramiz Ağayev general Polad Həşimovun yanında, 2-ci Fəxri Xiyabanda dəfn olunur.
Read more
Əslən Naxçıvan Muxtar Respublikasının Sədərək rayonundan olan şəhid Ərtoğrul Nadirlinin tabutu yaşadığı Sədərək rayonundakı evinə gətirilərkən atası Hümbət Nadirli ona qurban kəsib. Bu barədə özünün sosial şəbəkə hesabında əslən Naxçıvandan olan jurnalist, Azərbaycan Respublikası Kinematoqrafçılar İttifaqının mətbuat xidmətinin rəhbəri Əli Vəliyev məlumat verib. Onun sözlərinə görə, hərbi xidmətini Daşkəsəndə davam etdirən Ərtoğrul Nadirli müharibə başlayarkən Kəlbəcər istiqamətində Murovdağın alınmasında xüsusi şücaət göstərib, eyni zamanda, onlarla döyüş yoldaşını həm yaralı, həm də sağ döyüş bölgəsindən çıxarıb. Daha sonra komandir baş leytenant şiddətli döyüş zamanı özü də qəhrəmancasına şəhid olub. Şəhid komandirin nəşi 52 gün sonra Daşkəsən Rayon İcra Hakimiyyətinin başçısı Əhəd Abıyev və həmin rayon ərazisindəki yüksək rütbəli hərbçilərin köməyi ilə tapılıb. Ərtoğrulun meyiti çətinliklə tapıldığı üçün atası bu addımı atıb. Qeyd edək ki, şəhidin qarşılanması zamanı Naxçıvanda böyük izdiham yaşanıb.//oxu.az
Read more
Hərbi hospitalda Azərbaycanın ərazi bütövlüyünün bərpası uğrunda gedən döyüşlərdə yaralanan əsgərin ad günü qeyd edilib. “Bu gün hərbi xəstəxanada yaralı əsgərlərdən birinin ad günüdür. Adı Uğurdur. Ona bütün işlərində uğurlar və işıqlı bir yol arzulayırıq”, - deyə bununla bağlı “Facebook”da dərc olunan paylaşımda bildirilir. Döyüşçü və yoldaşları üçün bayram tədbiri təşkil edən tibb müəssisəsinin işçiləri ad günü tortu da daxil olmaqla, müxtəlif şirniyyat və yeməklərin olduğu süfrə açıblar.
Read more
Azərbaycan xalqı Vətən Müharibəsində həyatlarını ərazi bütövlüyümüz yolunda qurban vermiş şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib. Bu münasibətlə bütün ölkə ərazisində hərəkət dayanıb, maşınlar siqnal, hərbi gəmilər fit verib. Allah şəhidlərimizə rəhmət eləsin! 12:00 Azərbaycan canlarını ərazi bütövlüyümüz uğrunda fəda etmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edir. Anım Prezident, Ali Baş Komandan İlham Əliyevin Vətən Müharibəsi şəhidlərinin xatirəsinin yad edilməsi haqqında sərəncamı çərçivəsində baş tutur. Qeyd edək ki, 44 günlük Vətən Müharibəsinin ölkəmizin tarixindəki misilsiz yerini bir daha təsbit edən bir sıra sərəncamlar imzalayıb. Sərəncamlara əsasən, hər il sentyabrın 27-si ölkəmizdə Anım Günü, Qarabağın incisi Şuşanın düşmən tapdağından azad edildiyi gün – noyabrın 8-i isə Zəfər günü kimi qeyd olunacaq. Bundan başqa, Prezident İlham Əliyev Bakı şəhərində Vətən Müharibəsi memorial kompleksinin və Zəfər muzeyinin yaradılması haqqında sərəncam imzalayıb. Vətən Müharibəsi memorial kompleksi və Zəfər muzeyi Azərbaycan xalqının Vətən müharibəsində göstərdiyi misilsiz qəhrəmanlığın və qazandığı möhtəşəm tarixi zəfərin nümayiş etdirilməsi, şəhidlərimizin əziz xatirəsinin əbədiləşdirilməsi məqsədilə yaradılacaq. Xatırlatmaq yerinə düşər ki, 44 gün sürən hərbi əməliyyatlar nəticəsində müzəffər Azərbaycan ordusu Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı şəhərlərini, Azərbaycan xalqının tarixində, mədəniyyətində və qəlbində xüsusi yeri olan, Qarabağın tacı sayılan Şuşa şəhərini, Zəngilan rayonunun Mincivan, Ağbənd, Bartaz qəsəbələrini, Xocavənd rayonunun Hadrut qəsəbəsini və bir çox kəndlərini, Tərtər rayonunun Suqovuşan kəndi, Xocalı və Laçın rayonlarının bir neçə kəndləri daxil olmaqla, ümumilikdə, 300-dən çox yaşayış məntəqəsini, həmçinin, Ağdərə, Murovdağ və Zəngilan istiqamətlərində mühüm strateji yüksəklikləri işğaldan azad edib. Rəşadətli Azərbaycan əsgər və zabitləri addım-addım irəliləyərək, Ermənistanın uzun illər ərzində qurduğu mühəndis-istehkam sistemlərini yarıb keçiblər, torpaqlarımız qəhrəman əsgər və zabitlərimizin, şəhidlərimizin qanı və canı bahasına azad olunub. Azərbaycanın hərbi sahədə qazandığı qələbələr, xüsusilə Şuşanın düşmən əsarətindən qurtarılması müharibənin taleyində həlledici rol oynayıb, Ermənistanın öz məğlubiyyətini etiraf etməsi və kapitulyasiyası ilə nəticələnib, Ermənistanı Kəlbəcər, Ağdam və Laçın rayonlarını Azərbaycana qaytarmağa məcbur edib. Dünən Müdafiə Nazirliyi Vətən Müharibəsində Silahlı Qüvvələrimizin 2783 nəfər hərbi qulluqçusunun həlak olduğunu açıqlayıb. 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir. 100 nəfərdən artıq hərbi qulluqçumuz isə itkin düşmüş hesab olunur. Hazırda 1245 nəfər hərbi qulluqçumuzun tibb müəssisələrində müalicəsi davam edir. Allah şəhidlərimizə rəhmət eləsin! Yaralılarımıza şəfa versin! Zəfər onların əsəridir!
Read more
Türkiyənin ölkəmizdəki səfirliyində Azərbaycanın ərazi bütövlüyü uğrunda canını fəda etmiş Vətən Müharibəsi şəhidlərinin əziz xatirəsi bir dəqiqəlik sükutla anıblar. Türkiyənin ölkəmizdəki fövqəladə və səlahiyyətli səfiri Ərkan Özoral başda olmaqla səfirliyin bütün əməkdaşları tam heyətlə şəhidlərimizi bir dəqiqəlik sükutla yad ediblər.
Read more
Azərbaycan ordusunun torpaqlarını azad etmək uğrunda apardığı 44 günlük müharibədə yaralanaraq bir ayağını itirən 23 yaşlı qazimiz Abbas Abbaslının müalicə aldığı xəstəxanadan çıxdıqdan sonra evinə qayıtdığı anın şəklini “Anadolu” agentliyi həftənin fotosu seçib. Fotoda yaxınlarının Abbası Azərbaycan və Türkiyə bayraqları ilə qarşılamaları əks olunub. Qeyd edək ki, fotonun müəllifi Rəsul Rəhimovdur.
Read more