İkinci Dünya Müharibəsinin faşizm üzərində Qələbə ilə başa çatmasından sonra keçmiş SSRİ-nin bütün respublikalarında olduğu kimi Azərbaycan Respublikasında da veteran hərəkatı başlanmışdır. Bu hərəkatın ilk nəticəsi kimi 1960-cı il iyun ayının 10-da Bakı Veteran Komitəsi yaradılmışdır. Ancaq Azərbaycanın ilk veteran təşkilatının fəaliyyəti yalnız Bakı şəhəri ilə məhdudlaşmış və bu vəziyyət 1970-ci illərin əvvəllərinədək davam etmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana ilk dəfə rəhbərlik etdiyi dövrdə, xüsusilə 1970-80-ci illərdə respublikada bütün sahələrdə olduğu kimi veteran hərəkatında da canlanma yaranmış, bu hərəkat tədricən bütün ölkəni əhatə etmişdir. Dövlət dəstəyi sayəsində Azərbaycanın əksər rayonlarında veteran təşkilatlarının yaradılması 1987-ci il sentyabr ayının 21-də Respublika Veteranlar Təşkilatının təsis olunması ilə nəticələnmişdir. Ancaq 1980-ci illərin sonu və 1990-cı illərin əvvəllərində ölkədə yaşanan xaos, hərc-mərclik Veteranlar Təşkilatının fəaliyyətinə də mənfi təsir göstərmişdir. Əsassız mülahizələr, o cümlədən alman faşizmi üzərində Qələbə günü olan 9 mayın bayram günü kimi qeyd edilməsinin məqsədəuyğun sayılmaması və s. ilə hərəkata ciddi zərbə vurulmuşdur. Respublika Veteranlar Təşkilatının 1992-ci il mart ayının 10-da Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin müvafiq qərarı əsasında rəsmi dövlət qeydiyyatına alınmasına baxmayaraq, veteran hərəkatına və veteranlara münasibət o qədər də dəyişməmişdir. Həmçinin Ermənistanla müharibə şəraitində ölkədə yaşanan gərginliklə əlaqədar Respublika Veteranlar Təşkilatının fəaliyyəti əsasən formal xarakter daşımışdır. Ümummilli Lider Heydər Əliyevin Azərbaycana yenidən rəhbərliyə qayıtması ilə veteranlar təşkilatının fəaliyyəti bərpa olunmuş, veteranlara münasibət kardinal şəkildə dəyişmiş, bu istiqamətdə ardıcıl və məqsədyönlü addımlar atılmışdır. Ulu Öndərin imzaladığı ilk qanunlardan biri veteranların hüquqlarının bərpası ilə bağlı “Veteranlar haqqında” Azərbaycan Respublikası Qanunu (1994-cü il 28 iyun) olmuşdur. Bununla da veteranlara dövlət qayğısı tamamilə bərpa edilmiş, onlara münasibət yüksək səviyyəyə qaldırılmışdır. 1994-cü il 28 iyundan etibarən Azərbaycanda veteranlarla bağlı ardıcıl şəkildə həyata keçirilən dövlət siyasətinin əsası qoyulmuşdur. Bu siyasət sonrakı mərhələdə Azərbaycan Respublikasının Prezidenti Ali Baş Komandan cənab İlham Əliyev tərəfindən uğurla davam etdirilmiş, veteranlara dövlət qayğısı yeni səviyyəyə qaldırılmışdır. Bunun son təzahürləri kimi Respublika Veteranlar Təşkilatına ayrılan müasir standartlara tam cavab verən inzibati binanı, 1941-1945-ci illər İkinci Dünya müharibəsində faşizm üzərində Qələbə münasibətilə ayrılan birdəfəlik maddi yardımın və pensiyaların miqdarının ildən-ilə artırılmasını, veteranların mənzil və şəxsi avtomobillə təmin edilməsini, pulsuz müalicə olunmalarını və nəhayət veteranlara dövlət qayğısının artırılması üçün Respublika Veteranlar Təşkilatına 2016-cı il may ayının 9-da imzalanmış Sərəncamla 500 min manat pul vəsaiti ayrılmasını qeyd etmək olar.
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının tarixi
İdarə heyəti
Cəlil Xəlilov
Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranlar Təşkilatının sədriXəlilov Cəlil Malik oğlu 09 avqust 1958-ci ildə Azərbaycan Respublikası Masallı rayonunda anadan olmuşdur. Polkovnik Cəlil Xəlilov 1982-ci ildə Simferopol Ali Hərbi Siyasi Məktəbini bitirmiş, həmin ildən SSRİ DTK-nın Cənub Sərhəd dairəsinin Pamir sərhəd dəstəsində zastava rəisinin müavini vəzifəsində hərbi xidmətə başlamışdır. 1985-87-ci illərdə Pamir sərhəd dəstəsində siyasi şöbədə təlimatçı vəzifəsində xidmət etmişdir. 1990-cı ildə Tacikistan Dövlət Universitetinin Hüquq fakültəsini (qiyabi) bitirmişdir. Polkovnik Cəlil Xəlilov 1987-2012-ci illərdə Sərhəd Qoşunları və Milli Təhlükəsizlik Nazirliyində müxtəlif rəhbər vəzifələrdə, o cümlədən Azərbaycan Respublikası Sərhəd Qoşunları Komandanının şəxsi heyətlə iş üzrə müavini vəzifəsində xidmət etmişdir. Polkovnik C.Xəlilov 28 yanvar 2014-cü ildə Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatının sədr müavini seçilmişdir. Polkovnik C.Xəlilov 30 sentyabr 2024-cü ildə XI Plenumun qərarı ilə “Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı” İctimai Birliyinin sədri vəzifəsinə seçilmişdir. O, Azərbaycanı xarici ölkələr, o cümlədən MDB məkanında layiqincə təmsil edir, onların müvafiq təşkilatları ilə əməkdaşlıq əlaqələrinin gücləndirilməsi, Azərbaycan həqiqətlərinin təbliği və müdafiəsində bilik və bacarığını əsirgəmir. O, MDB veteranlarının Beynəlxalq Təşkilatının Əlaqələndirmə Şurasının, Ehtiyatda olan zabitlərin Beynəlxalq Məsləhətləşmə Komitəsi Rəyasət Heyətinin üzvüdür. C.Xəlilov həmçinin siyasi elmlər üzrə fəlsəfə doktoru, Azərbaycan Respublikası Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasının dosenti, ölkənin hərbi və xüsusi təhsil məktəblərində tədris olunan “Milli təhlükəsizlik strategiyası” dərsliyi və proqramının, eyni zamanda 6 kitabın və 60-dan çox elmi məqalənin müəllifidir. Polkovnik Cəlil Xəlilov Silahlı Qüvvələr, Əfqanıstan və Qarabağ müharibəsi veteranıdır. C.Xəlilov Azərbaycan dövlətinə və xalqına sədaqətlə xidmət etdiyinə, yüksək peşəkarlığına və hərbi vəzifələrin öhdəsindən bacarıqla gəldiyinə görə, dəfələrlə orden və medallarla təltif olunmuşdur. Gənclərin orduda xidmətə və gənc zabitlərin peşəkarlıq hazırlığında onun mühüm xidmətləri vardır. Ailəlidir, iki övladı var. Respublika Veteranlar Təşkilatının Rəyasət Heyəti üzvləri 1. Xəlilov Cəlil Malik oğlu 2. Əzizov Elvin Tofiq oğlu 3. Timoşenko Vladimir Vasilyeviç 4. İsmayılov Nadir Kamil oğlu 5. Abdullayev Səmyar Abdulla oğlu 6. İbrahimli Pərviz Oqtay oğlu 7. Əbilov İmran Rəşid oğlu 8. Haqverdiyev Adil İsmayıl oğlu 9. Cəfərov Şədtat Muqdat oğlu 10. Babayev Lətif Şükür oğlu 11. Bayramov Ağarza Seyidrza oğlu 12. Əhmədov Bədirxan Balaca oğlu 13. Şabanov Elşad Yusif oğlu 14. Məmmədov Yusif Həsənqulu oğlu 15. Süleymanov Fərhad Rəsul oğlu 16. Şükürov Sovet Qardaşxan oğlu 17. Əlizamanlı Şəmistan Hüseyn oğlu 18. Musayev Samir Firdovsi oğlu 19. İsmayılov Bəhruz Cəbrayıl oğlu 20. Mustafayev Elşən Dilavər oğlu 21. Bəşirov Çingiz Adil oğlu 22. Yaqubova Adilə Firuddin qızı 23. Ağakişiyev Bəhram Lətif oğlu