Ən çox verilən suallar
Sual: Müharibə və ya 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar əlilliyi olan şəxslərə hansı məbləğdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir?
Cavab: Azərbaycan Respublikasının suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə, cəbhədə olmaqla və ya döyüş əməliyyatları aparılan ölkələrdə beynəlmiləl borcu yerinə yetirməklə bağlı, həmçinin hərbi xidmət vəzifələrini yerinə yetirərkən, habelə 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar sağlamlıqlarını itirərək əlilliyi müəyyən edilmiş şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği aşağıdakı kimidir:
• müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə - 600 manat;
• müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 61-80 faiz pozulmasına görə - 500 manat;
• müharibə ilə əlaqədar orqanizmin funksiyalarının 31-60 faiz pozulmasına görə - 400 manat.
Təqaüd alanın əlilliyi dayandırıldıqda, vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.
Sual: 20 Yanvar şəhidinin ailəsinə hansı məbləğdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir?
Cavab:1990-cı ilin yanvar ayında faciəli hadisələr zamanı Azərbaycan Respublikasının azadlığı, suverenliyi uğrunda şəhid olan qəhrəmanların ailə üzvlərinin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə hər şəhid ailəsinə hər şəhidə görə ayda 700 manat məbləğində Prezident təqaüdü verilir.Təqaüd şəhidin ailə üzvlərinin sayına bərabər bölünməklə dövlət büdcəsindən verilir. Lakin təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.
Sual: "Azərbaycanın Milli Qəhrəmanı" adı hansı qaydada verilir və "Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş şəxslərə hansı məbləğdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir?
Cavab: Azərbaycan Respublikasının yüksək fərqlənmə dərəcəsi olan "Azərbaycanın Milli Qəhrəmanı" adı ""Azərbaycanın Milli Qəhrəmanı" adının müəyyən olunması haqqında" Azərbaycan Respublikasının 25 mart 1992-ci il tarixli, 331-XII nömrəli Qanunu ilə müəyyən olunmuşdur. “Azərbaycanın Milli Qəhrəmanı” adı respublikanın ən yüksək fərqlənmə dərəcəsidir, Azərbaycan Respublikasının müstəqilliyi və tərəqqisi naminə xalq qarşısında müstəsna xidmətlərə və rəşadətə görə verilir. “Azərbaycanın Milli Qəhrəmanı” adı Azərbaycan Respublikasının Prezidenti tərəfindən onun öz təşəbbüsü ilə və ya irəli sürülmüş vəsatətlərə əsasən verilir.
Azərbaycanın Milli Qəhrəmanına aşağıdakılar təqdim edilir:
xüsusi fərqlənmə nişanı — səkkizguşəli “Qızıl Ulduz” medalı;
“Azərbaycanın Milli Qəhrəmanı” adının verilməsi haqqında Fərman.
“Azərbaycanın Milli Qəhrəmanı” adı eyni şəxsə bir dəfə verilir.
Azərbaycanın Milli Qəhrəmanı qanunvericiliklə müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.
“Azərbaycanın Milli Qəhrəmanı” adı almış şəxslər həmin addan yalnız Azərbaycan Respublikasının qanunvericiliyində nəzərdə tutulmuş qaydada məhrum edilə bilərlər.
"Azərbaycanın Milli Qəhrəmanı" adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə 2000 (iki min) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Bu təqaüd ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə həmin şəxsin ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir.
Sual: 1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş bəzi kateqoriyalardan olan şəxslərə hansı məbləğdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir?
Cavab: 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarının, İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və "Leninqradın müdafiəsinə görə" medalı, "Leninqrad mühasirəsində yaşayan" döş nişanı ilə təltif edilmiş şəxslərin sosial müdafiəsini gücləndirmək və onlara dövlət qayğısını artırmaq məqsədilə 330 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.Bu təqaüd müharibə ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla verilir. Təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.
Sual : Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinə hansı məbləğdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir?
Cavab: Əfqanıstanda sovet qoşunlarının tərkibində beynəlmiləl borcunu yerinə yetirərkən həlak olan, itkin düşmüş və məhkəmə qaydasında ölmüş elan edilən hərbi qulluqçuların ailələrinin sosial müdafiəsini gücləndirmək məqsədilə 700 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Təqaüd hərbi qulluqçuların ailə üzvlərinin (valideynləri, dul arvadı) sayına bərabər bölünməklə dövlət büdcəsinin vəsaiti hesabına ödənilir.Təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.
Sual: Kimlər şəhid hesab edilirlər ?
Cavab: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikasının Qanununun tələbinə əsasən Şəhid Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü uğrunda həlak olan, hərbi əməliyyatla əlaqədar itkin düşən və qanunvericiliklə müəyyənləşdirilmiş qaydada ölmüş hesab edilən şəxsdir. Aşağıdakılar şəhid hesab edilirlər:
1990-cı ilin yanvarında Bakı şəhərində, Lənkəran və Neftçala rayonlarında faciəli hadisələr nəticəsində həlak olanlar;
11 dekabr 1988-ci ildə Leninakanda qəzaya uğrayan təyyarədə həlak olmuş şəxslər;
Azərbaycan Respublikasında 1988-ci ildən 1990-cı ilin yanvar ayınadək olan dövrdə Sovet Ordusunun qeyri-qanuni hərəkətləri və ya manevrləri nəticəsində həlak olmuş vətəndaşlar;
Ermənistanla sərhəd rayonlarında və Qarabağda erməni təcavüzü, habelə ölkənin digər ərazilərində erməni hərbi təxribatı (hücumu, zərbəsi) nəticəsində həlak olmuş və itkin düşmüş mülki vətəndaşlar;
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda aparılan hərbi əməliyyatlar zamanı həlak olmuş və itkin düşmüş hərbi qulluqçular;
Azərbaycan Respublikasının azadlığı, suverenliyi və ərazi bütövlüyü ilə əlaqədar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş digər hadisələrdə, o cümlədən atəşkəs dövründə döyüş şəraitində olan hərbi hissələrdə və ya daxili işlər, dövlət təhlükəsizliyi və xarici kəşfiyyat orqanlarında, habelə Dövlət Mühafizə Xidmətində, Xüsusi Rabitə və İnformasiya Təhlükəsizliyi Dövlət Xidmətində, Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyində döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üzrə xidməti vəzifəsinin icrası zamanı həlak olmuş, itkin düşmüş və məhkəmənin qərarına əsasən ölmüş hesab edilmiş şəxslər;
Azərbaycan Respublikasının dövlət sərhədinin mühafizəsi üzrə xidməti vəzifələrinin icrası zamanı həlak olmuş və ya itkin düşmüş hərbi qulluqçular.
Sual: Müharibə veteranlarına hansı məbləğdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir?
Cavab: Müharibə veteranlarına 01 aprel 2019-cu il tarixdən 80 manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Müharibə veteranlarına döyüşən ordunun tərkibində xidmət etmiş müharibə iştirakçıları (Böyük Vətən müharibəsi iştirakçıları istisna olmaqla), habelə döyüş əməliyyatı aparılan ölkədə hərbi xidmət borcunu yerinə yetirmiş hərbi qulluqçular aid edilir. Təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.
Təqaüd 2019-cu il aprelin 1-dən verilir.
Sual: Kimlər şəhid ailəsinin üzvləri hesab edilir və şəhid ailəsinə hansı məbləğdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir?
Cavab: “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlər haqqında” Azərbaycan Respublikası Qanununun tələbinə əsasən aşağıdakı şəxslər şəhid ailəsinin üzvləri hesab edilir:
arvadı (əri);
valideynləri;
18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları;
qardaşları və bacıları — uşaq evlərində tərbiyə olunanlar;
babalar və nənələr, qanunla onları saxlayan şəxs yoxdursa;
18 yaşına çatmamış uşaqları, 18 yaşınadək əlilliyi müəyyən edilmiş 18 yaşından yuxarı əlilliyi olan övladları, qardaşları və bacıları (uşaq evlərində tərbiyə olunanlar) əyani təhsil müəssisələrində təhsil aldıqda 23 yaşa çatanadək ailə üzvü hesab edilirlər.
Qeyd edilən şəxslərə şəhid ailəsi statusu verilməsi üçün marağı olan şəxs müvafiq dövlət orqanlarına müraciət edir.
Bu məsələyə dövlət orqanının və ya müvafiq hərbi hissənin vəsatəti ilə də baxıla bilər.
Müvafiq dövlət orqanı müraciətləri və vəsatətləri dərhal qəbul edib bir aydan gec olmayaraq şəhid və ya şəhid ailəsi statusu barədə bu Qanuna müvafiq surətdə sənəd verməlidir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) şəhid və şəhid ailəsi statusu almış şəxslərin vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrini elektron formada aparır. Şəhid və şəhid ailəsi statusu almış şəxslərin reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Şəhid və şəhid ailəsi statusunun verilməsi qaydası Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1994-cü il 15 yanvar tarixli 10 saylı qərarı ilə təsdiq edilmiş “Şəhid adının əbədiləşdirilməsi və şəhid ailələrinə edilən güzəştlərin tətbiqi Qaydalarında öz əksini tapmışdır.
Dövlətimizin ərazi bütövlüyü, müstəqilliyi və Konstitusiya quruluşu uğrunda şəhid olanların ailələrinə dövlət qayğısını artırmaq və onların sosial müdafiəsini daha da gücləndirmək məqsədilə hər şəhid ailəsinə hər şəhidə görə ayda 700 manat məbləğində Prezident təqaüdü verilir.Təqaüd şəhidin ailə üzvlərinin sayına bərabər bölünməklə dövlət büdcəsindən verilir. Təqaüd alan vəfat etdikdə, qanunvericiliklə müəyyən olunmuş qaydada itkin düşmüş və ya ölmüş elan edildikdə təqaüdün ödənişi dayandırılır.
Sual: Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı hansı qaydada verilir və Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş şəxslərə hansı məbləğdə Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir?
Cavab: Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanunu ilə Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı təsis edilmişdir. Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi qaydası Azərbaycan Respublikasının 2020-ci il 26 noyabr tarixli 205-VIQ nömrəli Qanunu ilə təsdiq edilmiş Əsasnamədə öz əksini tapmışdır. Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının ən ali fərqlənmə dərəcəsidir. “Vətən Müharibəsi Qəhrəmanı” adı Azərbaycan Respublikasının işğal olunmuş ərazilərinin azad olunması zamanı düşmənin əlverişli ərazilərdə yerləşməsinə və inadlı müqavimətinə baxmayaraq, düşmən qüvvələrinin tam məğlub edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırıqlarına və Azərbaycan Respublikasının dövlət sərhədinin bərpa edilməsi üzrə döyüş əməliyyatlarına yüksək peşəkarlıqla rəhbərlik edilməsinə, həmçinin döyüş əməliyyatlarında göstərdiyi şəxsi qəhrəmanlığa görə verilir.
“Vətən Müharibəsi Qəhrəmanı” adı müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən onun öz təşəbbüsü ilə və ya müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən irəli sürülmüş vəsatətlərə əsasən verilir.
“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxsə aşağıdakılar təqdim edilir:
“Vətən Müharibəsi Qəhrəmanı” Azərbaycan Respublikasının medalı;
“Vətən Müharibəsi Qəhrəmanı” adının verilməsi haqqında müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) aktı.
“Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər qanunla müəyyənləşdirilmiş güzəştlərdən istifadə edir.
“Vətən Müharibəsi Qəhrəmanı” adı eyni şəxsə bir dəfə verilir. “Vətən Müharibəsi Qəhrəmanı” adı almış şəxslər həmin addan Azərbaycan Respublikasının fəxri adları üçün müəyyən olunmuş qaydada məhrum edilirlər.
Azərbaycan Respublikasının “Vətən Müharibəsi Qəhrəmanı” adı verilmiş şəxslərə və onların ailə üzvlərinə dövlət qayğısını artırmaq məqsədilə 2200 (iki min iki yüz) manat məbləğində Azərbaycan Respublikası Prezidentinin təqaüdü verilir.
Bu təqaüd ölümündən sonra verildikdə və ya həmin ad verilmiş şəxs sonradan vəfat etdikdə həmin şəxsin ailə üzvlərinə (təqaüd məbləği onların sayına bərabər məbləğdə bölünməklə) ödənilir.
Sual : Kimlər əmək veteranları sayılırlar, əmək veteranı adı və vəsiqəsi hansı qaydada verilir?
Cavab: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 5-ci maddəsinə əsasən dövlət qarşısında xüsusi xidmətləri olan və ya fəxri adlara layiq görülmüş, yaxud ordenlərlə təltif edilmiş uzun illər ictimai əməklə məşğul olmuş və qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya almaq hüququnu qazanmış şəxslər əmək veteranı sayılırlar.
“Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 7-ci maddəsinə əsasən Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
Veteranların hər bir kateqoriyası üçün müvafiq icra hakimiyyəti orqanı tərəfindən vahid nümunədə vəsiqə təsdiq edilir. Veteranlar üçün nəzərdə tutulmuş güzəştlər veteran vəsiqəsi təqdim edildikdə həyata keçirilir.
Veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindən verilir.
Veteran statusunu təsdiq edən sənədin bu Qanuna uyğun verilmədiyi aşkar edilərsə, həmin sənədi vermiş müvafiq icra hakimiyyəti orqanı onun geri alınmasını təmin edir.
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1995-ci il 22 sentyabr tarixli 216 nömrəli qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 3-cü hissəsində “əmək veteranı” adının verilməsi qaydası göstərilmişdir .
Qeyd edilən Əsasnamənin tələbinə əsasən əmək veteranı adı və veteran vəsiqəsi Azərbaycan Respublikası Prezidentinin Administrasiyası, Azərbaycan Respublikasının Nazirlər Kabineti, nazirliklər, dövlət komitələri, digər mərkəzi icra hakimiyyəti orqanları, dövlət konsernləri, şirkətləri və idarələri, habelə yerli icra hakimiyyəti orqanları (bundan sonra — icra orqanları) tərəfindən qüvvədə olan qanunvericiliyə müvafiq surətdə yaşa görə pensiya hüququ qazanmış aşağıdakı şəxslərə verilir :
iqtisadiyyatın bütün sahələrində: istehsal, elm, mədəniyyət, təhsil sistemində, səhiyyə və digər əmək fəaliyyəti sahələrində xüsusi xidmətlərinə görə keçmiş SSRİ-nin və Sovet respublikalarının fəxri adlarına layiq görülənlər;
keçmiş Sovet respublikaların Ali Sovetlərinin Fəxri Fərmanları ilə təltif olunanlar;
Sosialist Əməyi Qəhrəmanı, Lenin ordeni, Oktyabr İnqlabı ordeni, Qırmızı Əmək Bayrağı ordeni, Xalqlar Dostluğu ordeni, “Şərəf nişanı” ordeni, Şərəf ordeni, I dərəcəli Əmək Şöhrəti ordeni, II dərəcəli Əmək Şöhrəti ordeni, III dərəcəli Əmək Şöhrəti ordeni, “Əmək veteranı” medalı, “Əmək igidliyinə görə” medalı, “Əməkdə fərqlənməyə görə” medalı ilə təltif olunanlar;
Böyük Vətən müharibəsi illərində arxa cəbhədə fədakar əməyinə görə orden və medallarla təltif olunanlar;
Azərbaycan Respublikasının fəxri adlarına layiq görülmüş, əməkdə fərqlənməyə görə orden və medallarla təltif olunanlar;
uzun illər ictimai əməklə məşğul olanlar (kişilər üçün 40 ildən artıq əmək stajı, qadınlar üçün 30 ildən artıq əmək stajı olduqda).
“Əmək veteranı” adını almaq istəyən şəxs, ərizə və həmin adı almaq üçün bu Əsasnamədə nəzərdə tutulan təsdiqedici sənədlərlə öz iş yerinə müraciət edir. Əgər həmin şəxs işləmirsə, sonuncu iş yerinə müraciət edir.
Ərizə və digər zəruri sənədlər baxılmaq üçün aidiyyəti üzrə icra orqanlarında yaradılan komissiyalara təqdim edilir və komissiyanın rəyinə əsasən müvafiq qərar qəbul edilir.
Bu Əsasnamədə nəzərdə tutulmayan başqa hallarda (müəssisə ləğv edilmiş olduqda, iş yeri qeyri-dövlət müəssisəsi olduqda və s.) “Əmək veteranı” adı və vəsiqə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Sosial Xidmətlər Agentliyi tərəfindən verilir.
Vəsiqənin hazırlanması xərcləri həmin vəsiqəni verən icra orqanlarının vəsaiti hesabına ödənilir.
Bu Əsasnamənin 3-cü hissəsində göstərilən sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə müvafiq dövlət orqanından (qurumundan) əldə edilməsi mümkün olduqda, həmin sənədlər və ya məlumatlar müraciət edən şəxsdən tələb edilmir. Belə sənədlərin və ya məlumatların Elektron Hökumət İnformasiya Sistemi vasitəsilə əldə edilməsi mümkün olmadığı hallarda onların təqdim edilməsi müraciət edən şəxsin razılığı ilə sorğu əsasında müvafiq dövlət orqanından (qurumundan) tələb olunur və ya müraciət edən şəxs tərəfindən təmin edilir.
Sual: Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətləri nədən ibarətdir və həmin mütəxəssislərin əlavə məzuniyyətləri hansı qaydada tənzimlənir?
Cavab: Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin işinin xüsusiyyətləri Azərbaycan Respublikasının Əmək Məcəlləsində öz əksini tapmışdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 21-1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislər aşağıdakı şərtlər birgə mövcud olduğu hallarda bu Məcəllədə və Azərbaycan Respublikasının digər qanunlarında nəzərdə tutulan güzəştlərdən və imtiyazlardan istifadə etmək hüququna malikdirlər:
• mütəxəssislərin əmək müqaviləsi (kontraktı) bağladıqları işəgötürən (o cümlədən, hüquqi şəxs olduqda onun Azərbaycan Respublikası Vergi Məcəlləsinin 33.2-ci maddəsinə uyğun olaraq vergi uçotuna alınmış filialı, nümayəndəliyi) Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində vergi uçotunda olduqda (Əmək Məcəlləsi 21-1.1.1);
• mütəxəssislərin əmək müqaviləsi (kontraktı) üzrə iş yeri Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində yerləşdikdə (21-1.1.2);
• mütəxəssislər Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində məskunlaşdıqda (yaşayış yeri və ya olduğu yer üzrə qeydiyyata alındıqda (Əmək Məcəlləsi 21-1.1.3).
Nəzərə almaq lazımdır ki, bu Məcəllənin 21-1.1.1–21.1.1.3-cü maddələrində nəzərdə tutulan şərtlər pozulduqda güzəştlərin və imtiyazların tətbiqi dayandırılır (Əmək Məcəlləsi 21-1.2).
Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əlavə məzuniyyət ilə bağlı qeyd etmək istəyirəm ki, Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 21-1-ci maddəsi nəzərə alınmaqla əsas və əlavə məzuniyyətlərin müddətindən asılı olmayaraq 5 təqvim günü müddətində əlavə məzuniyyət verilir.
Eyni zamanda qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərin əmək haqqının yüksək məbləğdə ödənilməsini təmin edən artımlar (əmsallar) müəyyən edilir. Əmək haqqına belə artımların (əmsalların) məbləğinin minimum miqdarı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir .
Qanunvericiliyin tələbinə əsasən Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində işləyən mütəxəssislərə əmək münasibətlərində güzəştlərin, imtiyazların və əlavə təminatların müəyyən edilməsi ayrı-seçkilik hesab edilmir.
Sual: Kimlər müharibə veteranları sayılırlar?
Cavab: “Veteranlar haqqında” Azərbaycan Respublikasının Qanununun 3-cü maddəsinə əsasən aşağıdakılar müharibə veteranları sayılırlar:
İkinci dünya müharibəsi illərində döyüşən orduda (donanmada), partizan birləşmələri tərkibində, gizli fəaliyyətdə Vətənin müdafiəsi uğrunda döyüş əməliyyatlarında iştirak etmiş, habelə başqa ölkələrin ərazisində gedən məhəlli müharibələrdə və hərbi münaqişələrdə hərbi birləşmələrin tərkibində və keçmiş SSRİ Silahlı Qüvvələrinin, Dövlət Təhlükəsizliyi Komitəsinin, Daxili İşlər Nazirliyinin mütəxəssisləri və müşavirləri kimi iştirak etmiş şəxslər;
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;
1944-cü il yanvarın 1-dən 1951-ci il dekabrın 31-dək Ukraynanın, Belorusiyanın, Baltikyanı respublikaların ərazisində quldur dəstələrinə qarşı silahlı mübarizədə iştirak etmiş şəxslər;
Azərbaycan Respublikasının ərazisində daimi yaşayan, ikinci dünya müharibəsi illərində xarici ölkələrin ərazisində milli orduların, partizan dəstələrinin tərkibində faşist Almaniyasına, onun müttəfiqlərinə və imperialist Yaponiyaya qarşı döyüş əməliyyatlarında iştirak etmiş şəxslər;
İkinci dünya müharibəsi illərində döyüşən cəbhələrin arxa hüdudları, yaxud döyüşən donanmaların əməliyyat zonaları daxilində ordunun və donanmanın mənafeyi üçün tapşırıqları yerinə yetirmiş xüsusi birləşmələrin işçiləri;
1941 — 1945-ci illərdə keçmiş Sovet ordusunda (donanmasında), daxili işlər və dövlət təhlükəsizliyi orqanlarında hərbi xidmətdə olmuş, lakin döyüş əməliyyatlarında iştirak etməmiş hərbi qulluqçular;
İkinci dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş və “Leninqradın müdafiəsinə görə” medalı, “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslər.
Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
Müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) müharibə veteranlarının vahid informasiya bazasını yaratmaq məqsədilə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) elektron informasiya sistemində müharibə veteranlarının reyestrini elektron formada aparır. Müharibə veteranlarının reyestrinin aparılması qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.
Qeyd: Bu maddənin birinci hissəsinin üçüncü abzası Azərbaycan Respublikası ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyi müəyyən edilmiş şəxslər istisna olmaqla, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər hərbi cinayətlərə görə məhkum edilmiş (2000-ci il sentyabrın 1-dək qüvvədə olmuş Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 42-ci maddəsinin ikinci hissəsinə əsasən cəzadan azad edilmiş şəxslər istisna olmaqla) və ya barələrində cinayət təqibinə bəraətverici əsaslar olmadan xitam verilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə şamil edilmir.