Please ensure Javascript is enabled for purposes of website accessibility
Azərbaycan Respublikası Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatı
Veteranların təcrübəsindən biz daim bəhrələnməliyik, istifadə etməliyik
Heydər Əliyev

Bu gün Bakıda Zəfər paradı keçiriləcək

Azadlıq meydanında keçiriləcək hərbi paradda 3 000 nəfərdən çox şəxsi heyət, 150-dək hərbi texnika, o cümlədən silahlanmaya yeni qəbul edilən müasir hərbi texnika, raket və artilleriya qurğuları, hava hücumundan müdafiə sistemləri, eləcə də hərbi gəmi və katerlər nümayiş olunacaq. Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri paradda keçid edəcək. Paradda həmçinin Vətən müharibəsi zamanı Azərbaycan Ordusunun darmadağın etdiyi düşməndən ələ keçirilən hərbi qənimətlərin bir qismi də nümayiş olunacaq. Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyev, Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Qələbə paradında iştirak edəcək. Qeyd edək ki, Azadlıq meydanında keçiriləcək hərbi paradla əlaqəli texnikaların hərəkətində təhlükəsizliyi təmin etmək məqsədilə bəzi küçə və prospektlərdə hərəkətə məhdudiyyət qoyulub. Bakı Şəhər Dövlət Yol Polisi İdarəsinin yaydığı məlumata görə, Rəşid Behbudov - Neftçilər prospektinin kəsişməsindən hərəkət Rəşid Behbudovdan keçməklə Zərifə Əliyeva, Üzeyir Hacıbəyov, Cavanşir körpüsü və Afiyəddin Cəlilov küçələri ilə iki istiqamətli müəyyənləşdirilib. Bu ərazilərdə sıxlığın, süni tıxacın yaranmaması üçün sürücülərdən xahiş olunur ki, hərbi parad bitənədək Azneft dairəsi və Neftçilər prospekti və Azadlıq meydanı istiqamətində şəxsi avtomobillərdən mümkün qədər istifadə edilməsin. Eləcə də Azadlıq meydanı, Dəniz vağzalı istiqamətdə kəsişən bütün küçə və prospektlərdə hərəkət tam məhdudlaşdırılır. Mərkəzdən Nobel prospekti istiqamətində hərəkət etmək istəyənlər yalnız 10-cu zavod dairəsi və Babək prospektindən keçməklə hərəkət etməlidirlər. Həmçinin 20-ci sahə dairəsindən, Bakı-Salyan yolunun 14-cü kilometrliyindən, Bayıl qəsəbəsi Üzgüçülük hovuzunun yanından və Səbail rayonu Yanğından Mühafizə İdarəsinin inzibati binasının yanından istiqamətlərin dəyişdirilməsi nəzərdə tutulub. Afiyəddin Cəlilov küçəsi və Yusif Səfərov küçəsindən hərəkət yalnız sağa müəyyənləşdirilib. Yeni bulvar ərazisində də şəxsi avtomobillərlə hərəkət mümkün olmayacaq. Çünki həmin istiqamətdəki bütün yollara hərbi texnikalar yerləşdirilib. Eyni zamanda, Zəfər paradı və mərasimin təlim-məşqlərinə hazırlıqla əlaqədar olaraq, Lökbatan - Bayıl - 20-ci sahə, Neftçilər prospekti - Azneft dairəsi - “28 May” m/st-sı, Nobel prospekti - Xətai m/st-sı - “28 May” m/st-sı istiqamətində, eləcə də ətraf küçə və prospektlərdən keçən marşrut xətləri üzrə avtobusların hərəkət sxemi müvəqqəti dəyişdirilib.

2020-12-10 00:00:00
3459 baxış

Digər xəbərlər

Böyük Vətən müharibəsi veteranlarının gənc nəsil arasında hərbi-vətənpərvərlik tərbiyəsinin güclənməsində əvəzsiz rolu var

Azərbaycan xalqı faşizm üzərindəki tarixi Qələbəyə böyük töhfə verib. Böyük Vətən müharibəsi veteranlarının gənc nəsil arasında hərbi-vətənpərvərlik tərbiyəsinin güclənməsində əvəzsiz rolu var. AZƏRTAC xəbər verir ki, bu fikirlər mayın 2-də Respublika Veteranlar Təşkilatında Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Mayıl Şahverdiyevin İkinci Dünya müharibəsi veteranlarının bir qrupu ilə görüşündə səsləndirilib. Əvvəlcə Böyük Vətən müharibəsində və Azərbaycanın müstəqilliyi, ərazi bütövlüyü uğrunda döyüşlərdə canlarını fəda etmiş qəhrəman Vətən övladlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Təşkilatın sədr müavini, ehtiyatda olan polkovnik Cəlil Xəlilov İkinci Dünya müharibəsində alman faşizmi üzərində Qələbənin 74-cü ildönümü ərəfəsində belə görüşlərin əhəmiyyətini yüksək qiymətləndirib. Qeyd edib ki, dövlət orqanları veteranlarla daim görüşlər keçirir. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti də veteranlara daim diqqət və qayğı göstərir. Respublika Veteranlar Təşkilatının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti ilə əlaqələrinin xüsusi əhəmiyyəti var. C.Xəlilov Böyük Vətən müharibəsində azərbaycanlıların qəhrəmanlıqlarından danışıb. Bildirib ki, Azərbaycan xalqı faşizm üzərində tarixi Qələbəyə sanballı töhfələr verib. İkinci Dünya müharibəsində keçmiş SSRİ-nin qazandığı tarixi Qələbədə çox böyük payı olan Azərbaycan xalqı özünün 700 min oğul və qızını cəbhəyə yola salıb. Onların 300 mindən çoxu döyüşlərdə həlak olub. Həmin müharibə zamanı göstərdikləri igidliyə görə 123 nəfər azərbaycanlı Sovet İttifaqı Qəhrəmanı adına layiq görülüb, 170 mindən çox əsgər və zabitimiz müxtəlif orden və medallarla təltif edilib. Azərbaycan diviziyaları Qafqazdan Berlinədək şanlı döyüş yolu keçib, yüzlərlə həmyerlimiz isə partizan dəstələrinin tərkibində vuruşub. Bu Qələbədə Azərbaycan nefti həlledici rol oynayıb. Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəis müavini, general-mayor Mayıl Şahverdiyev Qələbənin qazanılmasında Azərbaycanın igid oğul və qızlarının layiqli töhfəsini qeyd edib. O, bu müharibədə yüz minlərlə azərbaycanlının canından keçdiyini, milli Azərbaycan diviziyalarının müharibə tarixinə parlaq səhifələr yazdığını, veteranların döyüşlərdə, o cümlədən arxa cəbhədə qəhrəmanlıq və böyük fədakarlıq göstərdiklərini xüsusi vurğulayıb. Alman faşizmi üzərində Qələbənin 74-cü ildönümü münasibətilə veteranları təbrik edən Mayıl Şahverdiyev onlara möhkəm cansağlığı, gənc nəslin azərbaycançılıq, vətənpərvərlik ruhunda tərbiyəsində uğurlar arzulayıb. General-mayor Mayıl Şahverdiyev Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynova xüsusi hədiyyə təqdim edib. Sonra İkinci Dünya müharibəsi veteranlarına Dövlət Xidmətinin hədiyyələri təqdim olunub. Respublika Veteranlar Təşkilatının sədri, istefada olan general-polkovnik Tofiq Ağahüseynov faşizm üzərində Qələbənin 74-cü ildönümü münasibətilə veteranları təbrik edib, Azərbaycan dövlətinin veteranlara göstərdiyi diqqət və qayğıya görə minnətdarlığını bildirib.

Hamısını oxu
İlham Əliyev: “Qarabağımızı ən qısa zamanda əsl cənnətə çevirəcəyik”

“Dekabrın 10-da Bakının Azadlıq meydanında keçirilmiş möhtəşəm Zəfər Paradı Azərbaycan dövlətinin siyasi, iqtisadi və hərbi qüdrətini, xalqımızın iradəsini, ordumuzun qələbə əzmini, əsgər və zabitlərimizin sarsılmaz döyüş ruhunu nümayiş etdirmişdir”. Bunu Prezident İlham Əliyev dünya azərbaycanlılarına müraciətində bildirib. “Xalqımıza milli qürur və şərəf hissini, qələbə sevincini yaşadan, üçrəngli bayrağımızı işğaldan azad olunmuş torpaqlarımızda, Qarabağın tacı olan müqəddəs Şuşada dalğalandıran müzəffər ordumuzun bütün şəxsi heyətinə bir daha dərin minnətdarlığımı bildirirəm. Şəhidlərimizin ölməz ruhu qarşısında baş əyərək onlara Allahdan rəhmət diləyir, yaralı hərbçilərimizin tezliklə şəfa tapmasını arzulayıram. Vətən müharibəsi zamanı Azərbaycan beynəlxalq informasiya məkanında öz sözünü deyərək ölkəmizə qarşı aparılan dezinformasiya kampaniyalarının qarşısını almış, Ermənistanın vandalizmini və mülki insanlara qarşı terror siyasətini beynəlxalq ictimaiyyətin diqqətinə çatdırmışdır. Ermənistanın işğalı və vəhşiliyi nəticəsində başdan-başa dağıdılmış doğma Qarabağımızı əminəm ki, biz ən qısa zamanda əsl cənnətə çevirəcəyik”.

Hamısını oxu
Belarus Respublikasının ölkəmizdəki səfirliyi 13 veteranı təbrik edib

Belarus Respublikasının müstəqillik günü ilə əlaqədar olaraq adıçəkilən ölkənin Azərbaycandakı səfirliyi Belarusun ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak edən 13 azərbaycanlı veteranı təbrik edib. Bu münasibətlə Müharibə, Əmək və Silahlı Qüvvələr Veteranları Təşkilatında olan Belarus səfirliyinin nümayəndələri, veteranlara xoş arzularını çatdırıb, minnətdarlıqlarını ifadə ediblər.   Xatırladaq ki, İkinci Dünya müharibəsində xeyli sayda azərbaycanlı Belarus Respublikasının faşist işğalçılarından müdafiəsində yaxından iştirak edib, bu mübarizədə böyük qəhrəmanlıqlar göstərib.

Hamısını oxu
Tələbə-Sağlamlıq Spartakiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilib

Tədbir Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə baş tutub Veteran.gov.az xəbər verir ki, Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin təşkilatçılığı ilə keçirilən Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 99-cu ildönümünə həsr edilmiş Tələbə-Sağlamlıq Spartakiadasının qaliblərinin mükafatlandırılma mərasimi keçirilmişdir. Gənclər Evində keçirilən mükafatlandırılma mərasimində Gəncə Şəhər Gənclər və İdman Baş İdarəsinin rəisi Həmid Nəsirov çıxış edərək, 3 ay ərzində davam edən yarışda iştirak edən və sonda qalib gələn komandaları təbrik etmiş, onlara tələbə və idman həyatlarında uğurlar arzulamışdır. Sonra mükafatlandırılma mərasimində Universitet və Kolleclər arasında Ümumi kamanda hesabında keçirilən yarışlarda uğurlu nəticə göstərərək Gəncə Dövlət Universitetinin komandası 1-ci yerə layiq görülərək Baş İdarə tərəfindən kubokla təıtif olunmuşdur. Peşə Liseyləri və Peşə Kollecləri arasında isə ümumi komanda hesabında 2 saylı Peşə Liseyinin komandası 1-ci yerə layiq görülərək kuboka sahib olmuşdur. Həmçinin Baş İdarə tərəfindən Universitet, Kollec, Peşə məktəblərinin müəllimləri təşəkkürnamələrlə, idmançılar isə diplomlarla təltif olunmuşdurlar. Sonda kollektiv xatirə şəkli çəkdirilmişdir.  

Hamısını oxu